Edebiyyat.az » Xədicə Həmidova — Gözdə İlkin: yaddaşın parçada əksi

Xədicə Həmidova — Gözdə İlkin: yaddaşın parçada əksi

Xədicə Həmidova — Gözdə İlkin: yaddaşın parçada əksi
---
admin
Müəllif:
08:44, 01 aprel 2026
138
0
Xədicə Həmidova — Gözdə İlkin: yaddaşın parçada əksi

 


 (AZRA-nın  “Təsviri sənət və sənətşünaslıq”               Fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə IV kurs tələbəsi)



Müasir rəssam Gözdə İlkin 1981-ci ildə Kütahya şəhərində

anadan olmuşdur və hazırda İstanbul şəhərində yaşayır və fəaliyyət göstərir. O,

bakalavr təhsilini Mimar Sinan Gözəl Sənətlər Universitetində almış, daha sonra

isə magistr təhsilini Marmara Universitetində tamamlamışdır.



Gözdə İlkin uşaqlıq dövründən etibarən ailəsi ilə

birlikdə müxtəlif şəhərlərdə yaşamış, tez-tez köç etmişdir. Bu davamlı hərəkətlilik

onun dünyagörüşünə və yaradıcılığına mühüm təsir göstərmişdir. 2004-cü ildən

etibarən isə o, artıq ailəsindən müstəqil şəkildə səyahət etməyə başlamışdır.

Bu səyahətlər əsasən təhsil və incəsənət çərçivəsində baş tutmuş, o, Avropanın

müxtəlif incəsənət mərkəzlərini ziyarət etmişdir.



2009-cu ildə rəssam bir qrup sənətçi ilə birlikdə

Gürcüstan, Azərbaycan və İran ərazilərinə səyahət etmişdir. Bu səfərlər onun

yaradıcılığında dönüş nöqtəsi olmuş və nəticədə miqrasiya, sərhədlər kimi

mövzular onun işlərində ön plana çıxmışdır.



2004-cü ildən başlayaraq Gözdə İlkin ev şəraitində

tikmə ilə məşğul olmağa başlamışdır. Nənəsinin vəfatından sonra ona məxsus

parçalar rəssam üçün xüsusi əhəmiyyət kəsb etmişdir. İlkin bu parçalar üzərində

müxtəlif formalar tikərək onları bədii ifadə vasitəsinə çevirmişdir. Bu fəaliyyət

ilkin mərhələdə incəsənət məqsədi daşımırdı; əksinə, nənəsindən qalan xatirələri

yaşatmaq və şəxsi yaddaşı qorumaq niyyəti ilə bağlı idi.



Zaman keçdikcə bu şəxsi təcrübə bədii praktikaya

çevrilmiş, istifadə olunan parçalar yaddaşın daşıyıcısı, onların üzərindəki

tikmələr isə itkinin vizual ifadəsi kimi çıxış etmişdir. Beləliklə, rəssam öz fərdi

və şəxsi hisslərini kollektiv yaddaşa yönəldərək onları ictimaiyyətə təqdim etməyə

başlamışdır.



Yaradıcılıq texnikasına nəzər saldıqda, Gözdə İlkin əsasən

tikmə, rəngləmə, təsviri sənət və akril boya ilə işləmə kimi müxtəlif

üsullardan istifadə edir. Onun aldığı ali təhsil bu prosesə mühüm təsir göstərmişdir.

Belə ki, rəssam əsərlərini birbaşa material üzərində yaratmır; əvvəlcə eskizlər

hazırlayır, daha sonra bu eskizləri parçanın üzərinə köçürərək əl ilə tikmə

vasitəsilə təsvirləri formalaşdırır və kompozisiyanı sabitləşdirir.



Material seçimi də onun yaradıcılığında xüsusi yer

tutur. Gözdə İlkin tez-tez yastıq üzlükləri, pərdələr və müxtəlif parça

qalıqlarından istifadə edir. Bundan əlavə, onun çoxsaylı səyahətləri material

seçimində də öz əksini tapır. Rəssam tez-tez bit bazarlarından və ikinci əl

mağazalardan əldə etdiyi parçalara üstünlük verir.



Onun fikrincə, bu cür materiallar artıq öz daxilində

müəyyən bir tarix və yaddaş daşıyır. Məhz bu “keçmişi olan” parçalar üzərində

işləmək həm bədii baxımdan daha maraqlı, həm də konseptual olaraq daha zəngin nəticə

verir. Beləliklə, materialın əvvəlki həyatı ilə rəssamın müdaxiləsi arasında

dialoq yaranır və əsər yalnız vizual deyil, həm də yaddaş və zaman qatlarını

özündə birləşdirən bir ifadəyə çevrilir.



Yaradıcılığın ilkin dövrlərinə baxdıqda, Gözdə İlkin əsasən

şəxsi hisslərini və həyatından götürülmüş motivləri istifadə etmişdir. Erkən

işlərində o, tez-tez fotolarda təsvir olunan ev əşyalarını öz əsərlərinə daxil

edirdi. Eyni zamanda avtoportretləri də işlərinə daxil edərək, bu şəxsi təsvirləri

ev əşyaları ilə bir vəhdət halında təqdim edirdi; məqsəd, fərdi xatirələri və

keçmişi vizual şəkildə ifadə etmək idi.



Onun ilkin yaradıcılığına Françesko Vudman, Klod Kaxun

və digər fotoqraflar təsir göstərmişdir. Bu dövrdə Gözdə İlkin ailə fotolarını əsərlərində

istifadə edərək, oradakı formaları bir qədər abstrakt şəkildə təqdim edirdi.

Lakin illər keçdikcə, onun yaradıcılığında formaların abstraktlaşdırılması daha

da güclənmiş, bəzi işlərdə hətta absurd səviyyəyə çatmışdır.



Son illərdə Gözdə İlkin yaradıcılığında parçalar üzərində

kiçik səhnələrin təsvirini görmək mümkündür. O, artıq yalnız formalarla işləməkdən

kənara çıxaraq, parçalar üzərində mini səhnəciklər yaratmağa çalışır. Bu

prosesdə əsas ilham mənbəyi təbiətdir; təbiətdən götürülən motivlər onun tikmə

texnikası vasitəsilə transformasiya və şəfa proseslərini vizual şəkildə ifadə

edir. Belə ki, təsvirlərdə bitki, heyvan və insan aləmi bir-biri ilə əlaqəli şəkildə

birləşir, nəticədə harmoniya və həyatın dövriyyəsi bədii dil vasitəsilə təqdim

olunur.



Gözdə İlkin yaradıcılığında əsas mövzular arasında

gender məsələləri, ictimai və siyasi hadisələr, şəhər həyatında baş verən

proseslər və miqrasiya mövzuları xüsusi yer tutur. Miqrasiya mövzusuna keçməzdən

əvvəl qeyd etmək lazımdır ki, onun əsərlərində gender məsələləri geniş şəkildə

işlənmişdir və bu mövzu onun çoxsaylı işlərinin mərkəzində dayanır.



Bundan əlavə, Gözdə İlkinin yaradıcılığında təbiətə

münasibət də mühüm rol oynayır. Son illərdə təbiət motivlərinin əsərlərində

daha çox görünməsi onun təbiətlə əlaqəsini və təbiətdən ilham almasını tam şəkildə

əks etdirir. Onun işlərində bitki və heyvan aləmi, insan figurları ilə birlikdə

harmonik şəkildə təqdim olunur və bununla da həyat və təbiətin dövriyyəsi

vizual dildə ifadə edilir.



Miqrasiya mövzusunun onun yaradıcılığında əhəmiyyətli

yer tutmasının əsas səbəbi ailəsinin tez-tez şəhərdən şəhərə köç etməsi

olmuşdur. 1984–1998-ci illər arasında bu davamlı hərəkətlilik Gözdə İlkinin

kiçik yaşlarından yeni məkanlara adaptasiya olmasına imkan yaratmış, onu fərqli

mədəniyyətlərlə tanış etmiş və yeni biliklər əldə etməyə təşviq etmişdir. Nəticədə

bu şəxsi təcrübə onun yaradıcılığına miqrasiya mövzulu əsərlər yaratmaq üçün

ilham vermişdir.



Gözdə İlkin yaradıcılığında bitki motivləri xüsusilə

önəmli yer tutur. Bu təsirin əsas mənbələrindən biri onun 2016-cı ildə Bluklində

keçirdiyi rezidensiya olmuşdur. Bu dövrdə rəssam təbii boyalardan istifadə etməyə

başlayaraq formaları daha sərbəst və ifadəli şəkildə təqdim edə bilmişdir.



Bruklində o, yerli bitkilərlə tanış olmuş, onların

formalarını yaxından öyrənmiş və əsərlərində bu təsirləri vizual şəkildə əks

etdirmişdir. Bitkiləri artıq sadəcə təbii obyekt kimi deyil, bir həyat prosesi

və şəfa verici varlıqlar kimi qəbul etmiş, onları abstrakt, bəzən isə

antropomorf – yəni insanlaşdırılmış – formada təsvir etməyə başlamışdır. Beləliklə,

Gözdə İlkinin son dövr işlərində bitkilər həm təbiət motivi, həm də bədii ifadənin

mərkəzi elementinə çevrilmişdir.



Gözdə İlkin yaradıcılığında istifadə olunan

personajlar əsasən ailə fotolarından götürülür. Lakin bu personajlar, həmçinin

bitki formaları da olsa, əsərlərdə ilkin formalarını itirərək abstraktlaşır və

daha universal bir görünüş qazanırlar. Bu proses nəticəsində onların vizual

dili yalnız şəxsi xatirələrə bağlı qalmır, həm də abstrakt incəsənətin prinsiplərini

tam şəkildə əks etdirir.



Gözdə İlkinin əsərlərinin adları da xüsusi diqqət çəkir.

Rəssamın öz sözlərinə görə, bu adlar çox vaxt ədəbiyyat, performans və ya film əsərlərindən

ilhamlanaraq seçilir. Onun üçün söz bir forma rolunu oynayır; adlar nə qədər

poetik səslənsə də, onların mənası müasir dövrün problemlərini və məsələlərini əks

etdirir.



Bu adlar tez-tez şəhər həyatını, gender məsələlərini,

ictimai və sosial prosesləri əhatə edir və beləliklə, əsərlərin konseptual məzmununa

əlavə qat verir. Rəssamın yaratdığı adlar həm vizual, həm də semantik baxımdan əsərlərin

müasir sosial kontekstdə oxunmasına imkan yaradır.



Gözdə İlkinin yaradıcılığına ilham verən qadın rəssamlardan

biri Gülsün Karamustafadır. Gülsün Karamustafanın əsərləri yalnız Gözdə İlkinin

deyil, digər müasir türk rəssamlarının yaradıcılığına da əhəmiyyətli təsir göstərmişdir.



Gülsün Karamustafanın yaradıcılığı üç əsas tematik

istiqamətdə inkişaf etmişdir: miqrasiya, şəxsi hisslər və gender məsələləri.

Onun əsərlərində Türkiyənin modernləşmə və modernizasiya prosesləri əks olunur;

həmçinin tarixdə görünməyən və ya unudulmuş hadisələrin görünən tərəfi

vurğulanır və bu hadisələr əsərlərin mərkəzi mövzusuna çevrilir. Gülsün

Karamustafanın siyasi və iqtisadi mövzulara yönəlmiş işləri müasir türk incəsənətində

önəmli bir zaman yaratmışdır.



Bütün bu mövzulara baxaraq görmək olar ki, onların təsiri

Gözdə İlkinin yaradıcılığında da açıq şəkildə hiss olunur. Miqrasiya, gender və

şəxsi hisslər kimi tematiklər onun işlərində bariz şəkildə öz əksini tapmışdır.



Gözdə İlkinin yaradıcılığına təsir göstərən digər rəssamlardan

biri də Güneş Terkoldur. Güneş Terkol, Gözdə İlkin kimi, tikmə işləri vasitəsilə

fikirlərini parçalar üzərində ifadə etmişdir. Onun əsərlərində əsas ilham mənbəyi

ətrafında baş verən hadisələr olmuş və bu hadisələr parçalar və kumaşlar üzərində

vizual şəkildə əks olunmuşdur.



Güneş Terkolun əsərlərində personajlar əsasən

qadınlardır və onlar çox vaxt yumorlu şəkildə təsvir olunurlar. Bu qadınlar ya

Türkiyədə baş verən mədəni dəyişikliklərə uyğunlaşır, ya da kəskin şəkildə buna

qarşı çıxaraq adaptasiya olmaqdan imtina edirlər. Tikmə prosesi və istifadə

olunan parçalar özü müstəqil bir incəsənət forması kimi çıxış edir və müasir

incəsənətdə yeni ifadə imkanları yaradır.



Xüsusilə, Güneş Tirkolun tikmə texnikası və gender

tematikası, müasir dövrün mədəni dəyişikliklərini əks etdirən yanaşması, Gözdə

İlkinin yaradıcılığına əhəmiyyətli təsir göstərmişdir. Bu təsir Gözdə İlkinin həm

texnika seçimində, həm də mövzu yönümlü işlərində açıq şəkildə görünür.



Gözdə İlkinin yaradıcılığında antropomorf bitki aləmindən

başqa, miniatür sənətinin təsirini də aydın şəkildə görmək mümkündür. Rəssamın

öz sözlərinə görə, miniatür sənətinin incəliklərini dərindən bilməsinə

baxmayaraq, onun məqsədi miniatür təsvirlərini parçaya sadəcə surət kimi köçürmək

deyil. Əksinə, o, miniatür formalarının vizual və struktur anlayışını, onların

forma hissini tikmə texnikası vasitəsilə öz əsərlərində əks etdirməyə çalışır.



Xüsusilə, Gözdə İlkin Osmanlı və Təbriz miniatürlərindən

ilhamlanaraq bu sənətlərin forma anlayışını öz əsərlərinə daxil edir. Digər tərəfdən,

onun tikmələrində istifadə olunan parlaq və zəngin koloritlər də miniatür sənətinə

olan yönəlməsini göstərir. Beləliklə, Gözdə İlkinin işlərində miniatür sənəti

yalnız dekorativ element kimi deyil, həm də formaların və rəngin konseptual

ifadəsi kimi önəmli rol oynayır.



 




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)