Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANLI - BİR AMAL, İKİ SÜLEYMAN

VAQİF OSMANLI - BİR AMAL, İKİ SÜLEYMAN

VAQİF OSMANLI - BİR AMAL, İKİ SÜLEYMAN
Ədəbi tənqid
admin
Müəllif:
23:37, 01 mart 2025
355
0
VAQİF OSMANLI - BİR AMAL, İKİ SÜLEYMAN




            (Azad Qaradərəlinin “Bakı-Kiyev qatarının ilk sərnişini” 

hekayəsi üzərinə)

     


     Azad Qaradərəlinin yaradıcılığına tez-tez müraciət etməmin səbəblərindən çox yazmışam. Bu səbəblərdən birincisi yazıçının təxəyyülünün və dilinin zənginliyi, mövzuya özünəxas yanaşmasıdır. Onun yazdıqlarını  çözmək, incələyib ortaya yeni nəsə qoymağa səy göstərmək məndə adət halını alıb. Hər əsərində zamanın ritmini duymaq, nəbzini tutmaq sözə həssas insan üçün həm asandır, həm də çətin. Asandır, ona görə ki, yazıçı fikrini bədii sözün imkanlarından yararlanaraq deyir, çətindir, ona görə ki, hər mətləbin ötürdüyü mənanı anlamaq üçün ayıq düşüncə lazımdır.

     Çağdaş dövrümüzdə - təcavüzkar supergüclərin dünyanı bölüşdürmək uğrunda riyakar, acımasız mübarizəsində söz və qələm silahı ilə Ukraynanın yanında olmaq, haqq işini dəstəkləmək üçün hər yazarda ürək tapılmır. Azad müəllim belə əqidə, məslək və ürək sahiblərindəndir. Bilirəm ki, onun üçün insanlıqdan, demokratiyadan, azadlıqdan, mərhəmətdən ali dəyər yoxdur.

     Elə Zelenski ilə Trampın görüşünün səhərisi Azad Qaradərəli sosial şəbəkədə düşündüklərini paylaşmışdı:    

     “Nə olur, olsun, mən qəlbimlə, ruhumla Zelenskinin yanındayam! Ola bilər ki, Zelenski haçansa məğlub olsun, amma tarix onu bir qəhrəman kimi yaşadacaq! Ukrayna xalqı isə ona qəhrmanlıq şərbətini içirmiş bu cuhud balasını heç vaxt unutmayacaq. Ukrayna üçün Rusiya və rus bitmişdir. Slava Ukraine!”

     Azad müəllim etiraf etdiyi kimi, həmişə “söz libasındadır, ac-acına qalar, ancaq əzmini, qürurunu xərcləməz, ömrünü xərcləsə belə”. Ona görə də dimdik gəzir. 

      Həqiqətə, haqqa söykənənlərin əyilənini görməmişəm. 

     Özünü anlayandan Azad müəllimin anasından ən çox eşitdiyi söz “qorxma!” olub. O da qorxmayıb. Qorxarsa, zalımın, diktatorun, təcavüzə haqq qazandıranın sözünü tutar.

     Yazıçı Rusiyanın Ukraynaya təcavüzündən bəhs edən silsilə hekayəinin müəllifidir. Axtardım, aradım bu mövzuda cəmi bir neçə ədəbi yazıya rast gəldim. Yəqin “müstəqil” yazarlarımızın canından xroniki rus xofu, ağ ayı pəncəsinin, içərimizdəki vəzifəli rus sevdalılardan qorxmaq duyğusu hələ də çıxmayıb.

     Azad Qaradərəli “Bakı-Kiyev qatarının ilk sərnişini” hekayəsini (fevral, 2025) Mincivan və Xarkov dəmiryolçularına sayğı və ehtiramla yazıb. Moskvadan zəng vurub ömrünü-gününü dəmiryol relslərinə, qatar fitinə, maşinistliyə bağlayan Naxçıvana, İrəvana gedən qatarların sürücüsü Kazımı qatarın yola düşməsinə on dəqiqə qalmış qəsəbədə çoxdan yaşayan, Kiyev dəmiryol texnikumunu bitirmiş Kirilovla əvəz edirlər.

     İnanmıram buna kimsə təəccüblənsin. Moskvanın həmişəki xislətidir - şovinizm, ayrıseçkilik, hökmranlıq, əsarətində saxladığı başqa xalqlara yuxarıdan aşağı - böyük və yaxud ögey “qardaş” gözüylə baxmaq! Mavzoleydəki Leninin cənazəsindən qorxduğu qədər doğma atasından qorxmayan xalqın nümayəndəsi deyilikmi? “Bizə azadlıq verən”in meyiti yolumuzu Lenin yolu etməyə, əqidəmizdən sapmağa da öyrətdi bizi...

     ... Təcrübəli qatar sürücüsü Kazımı da Moskva küsdürür. “Küsənin payını yeyərlər” xəbərdarlığı da bizi oyatmadı, “mentalitet” adlı yad kəlmənin dustağıyıq. Küsdükcə, çəkindikcə, üstümüzə təkcə yadlar yox, həm də özümüzünkülər şığıyır. Küsməyimiz özümüzə qalır.

     Nə yaxşı ki, ağıllı məsləhətlər verən Qəzənfər kişilər var:     

     “Nə olub, a bala?! Niyə fikirlisən? Xəbərim var əhvalatdan. Bir dılqır İvana görə niyə ürəyini sıxırsan? O texnikom qutarmayıb, sən get, instituta gir! Ode ha, Rastov Dəmiryol İnstitutu! Hətta bizdə filialı da açılmaq üzrədir”... 

     Ağsaqqal Qəzənfər kişinin dediklərini təkcə rusa “dılqır” ayaması qoyduğu üçün qabartmadım. Ən ümdəsi “oxu, təhsil al, sənə mız qoyan olmasın”dır.

     Hekayənin qəhrəmanı Rostovdakı ali məktəbə sənəd veməyə geciksə də, Xarkovdakı institutun qiyabiçi tələbəsi olur. Az keçməmiş institutun dəftərxanasında işləyən Olya ilə tanış olmağa da vaxt tapır. Olya “ox Kyazım, can Kyazım” nəvazişi, tumarı ilə türk balasının saqqızını oğurlayıb qəlbini ovsunlayır. Kərbalayı Kazımın nəvəsi Kazımın Olyanın şirin ləhcəli “ox Kyazım, can Kyazım”ına uyub başı necə qarışırsa, Olya ona bir oğlan da hədiyyə edir. İnstitutu bitirəndə, diplom alanda Kazımın atasının adını daşıyan oğlu Süleymanın – “Sulik-mulik”in (“Sulik” deyəndə əsəbləşdiyinə görə Olya Kazımı cırnatmaq üçün oğlunu belə oxşayırdı), Solomonun bir yaşı vardı. Bütün bunlara rəğmən “nə bəlaydısa, Kazım Olyanı rus qızlarını istəyən kimi istəmirdi”. Olyanın “Koç” soyadı, doğma kəndlərinin “Kızlan” olması, kənddə Olyanın qohumlarından birinin yasında gördüyü kənd camaatının bizdəki kimi əllərini açıb dua etməsi sevgilisini əsgərlikdə gördüyü, sevib-sevişdiyi rus qızlarından daha çox doğmalaşdırmışdı Kazıma.                                          

     “Eynən atası kimi əlini əlinə vurub güldü və dedi, ay qız, Olya, məni qınama, vallah sən də, kəndin də mənə o qədər doğmasınız ki, heç olmayan kimi. Ay qız, bir bizim kəndlərin adına bax: Müşlan, Pirçivan, Mincivan və sizin Kızlan! Ay qız, ay Olya, məncə, bu “Xarkov” sözündəki “k” deyil e, “Qumilyov” sözündəki “q”- dır! Yəni, Qızlan! Bax, Olya, qız - bizim dildə devoçkadır. Yəni buradakı qızların, sənin kimi qızıl qızların məkanıdır!”

     Azad müəllimin əsərlərində diqqətimi cəlb edən önəmli cəhətlərdən biri də toponimlərə (coğrafi adlara) yaradıcı yanaşmadır. Roman, hekayə, esse, elmi tənqidi yazılarında coğrafi adların mənşəyinə dilçi-yazıçı kimi müraciəti, qoca Türk tarixinin dərin qatlarına səyahəti onun Turan dünyasına sayğısının göstəricisidir. Coğrafi adlar ərazinin pasportudur, orada yaşayanların milli mənsubiyyətinin ən etibarlı təsdiqidir. Eləcə də tariximiz, totemlərimiz, milli ruhumuz bizə çox vacib informasiya ötürür. Kazım da Olyanın “Koç” soyadında bunu görür və qürur hissi ilə  dil-dil ötür:  

     “Bax, Olya, bu fiqurlar qoç, yəni baran fiqurlarıdır. Bizim dədə-babamız vaxtilə qəbirlərinin üstünə belə qoç fiqurları qoyurdular. Nənəmin kəndi Qaragözdə görmüşəm bunu. Ay qız, sənin familyandakı Koç sözü də, bəlkə Qoçdur, bax həmin bu qoç sözündəndir?.. Vallah, məni qınama, burda nə isə sirli bir iş var ki, mənim, dəmiryolçu Kazımın buna savadı çatmaz... Allah burada yatanların hamısına rəhmət eləsin. Amin...” 

     Diplomunu alandan sonra Olya ilə evlənib ailəsi ilə Vətənə qayıtmaq istəyən Kazım Olyanın təpkili şərti ilə qarşılaşır:

     “Olya evlənməyə razı idi, amma  Xarkovda qalacaqlar.

     Kazımın isə ürəyi Azərbaycanda, Bakıda, işlədiyi və yaşadığı dəmiryolçular qəsəbəsi Mincivanda idi... Onu bu qəsəbə adam eləmiş, tanınan maşinist, nəhayət ali təhsilli dəmiryolçuya çevirmişdi.

     Vətən, yurd sevgisi bütün sevgilərdən ucaymış. Ayrılıq sürət qatarı kimi bu sevənlərin arasından ildırım kimi keçdi.

     Onlar ağlaşa-ağlaşa Xarkov dəmiryol vağzalında ayrıldılar...

     Düzdür, sonrakı illərdə Kazım hər dəfə növbəti məzuniyyət vaxtı Xarkova gedir, Olyaya, Suleymana baş çəkirdi. Amma bir dəfə gedəndə gördü ki, Olya ailə qurub...

     Süleymanla - Sulik-muliklə görüşüb, elə həmin axşam qatarla geri qayıtdı...”

     Buna nə deyək? Taleyin ironiyasımı, Tanrının bəxşişimi? Kazım Azərbaycanda ailə qurur, bir oğlu dünyaya gəlir, atası adını Süleyman qoyur, Kazım da içində qıvrıla-qıvrıla qalır, Süleyman adına “yox” deməyə cəsarəti çatmır. Sonra da qaçqınlıq həyatı yaşamağa məcbur olan ailənin oğlu müəllim, direktor, daha sonra 44 gün davam edən Vətən Müharibəsində könüllü döyüşçü kimi şərəfli yol keçir, mənfur düşmənlərə qarşı döyüşdə bir qolunu itirir. Müharibədən qayıdandan sonra ailə Süleymanın evlənmək məsələsini  müzakirə edəndə Xarkovdan - Olyadan gələn zəng “Kazım kişinin kefini qaçırdı: - Süleyman könüllü müharibəyə getdi”.

     Kazım kişi oğlanlarını yaşa görə sıralamışdı, birinci Süleyman, yəni Sulik-mulik və ikinci Süleyman...

     ...Kazım kişi oğlanlarının vətənsevərliyi ilə necə qürur duyur, hansı hissləri keçirir, “əlməşik-çəlməşik dövrdə” necə Bakı-Kiyev qatarının ilk sərnişini olur, orada necə qarşılanır, hansı xoş sürprizlərlərlə rastlaşır,  Olyanı, “PUA-ları idarə edən tanınmış kompüter mühəndisi” Süleymanı görə bildimi? Bu suallar silsiləsini cavabsız, oxucuları intizarda qoyub Azad Qaradərəlinin bir hekayəsindən aldığım halbahal duyğuların qoyununda xəyal yelkənimi açıb düşünə-düşünə qaldım. Siz də düşünün, hekayədə cərəyan edən hadisələrin axarının mənsəbinə çatmaq istəsəniz “Bakı-Kiyev qatarının ilk sərnişini”inin sonrakı ömür yolunun davamını hekayəni oxumaqla öyrənin. (Hekayə yazıçının şəxsi bloqu  qaradereli.blogspot.com ünvanında yayımlanıb.)

     Kazım kişinin anası İpək qarının sözləri ilə desək, “şükür, çox şükür! Deyirdilər “Süleymana qalmayan dünya  indi Kazımın oğlanlarına - bizim Süleymannara qalajax, inşallah!” 

     Bəli, Süleymanlara qaldı, Azərbaycanda, Şuşada da. 

     Ukraynada, Kiyevdə də Süleymana – Solomona qalacaq. O gün uzaqda deyil!

     

                                                            01.03.2025  



 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)