Gülər Natiq İsaq - Səadət Cahangirin "Elegiya"sına ekspersionist baxış.

„Ey sovrulmuş xəyalların susqun çölçüsü,
bir saman çöpü yoxmu tutunasan bu yalnızlığa,
bir toxum düşməzmi torpağın qısırlığına,
bir damcı yağmazmı daşların cansızlığına?..“
Nə mətləbdir, İlahi?
Bütün misraların dərinliyində itmək və yenidən var olmaq...
Nəfəsini kəsən o anı gözlərini bir nöqtədən ayırıb əsən əllərində izləməyə başlayanda zaman da dayanmışdı, elə bil. Ruhən bir işıq sürətinə dönüb cismindən uzaqlaşmış kimiydin... Nə baş verirdisə, anlamırdın. Bildiyin bir şəffaflıq var idi: içindəki təlatüm həqiqət idi...
Səni səndən aparan işıq özünə qaytaranda artıq gec idi. Düşüncəndəki zamanın içindən tərk olmuşdun. Birtəhər nəfəsini dərib acı gerçəkliyinə oyanmışdın.
Gözlərindən damlayacaq nə vardısa, üşüyən ruhunun soyuqluğunda donmuş, axacağını itirib ürəyinə dammışdı.
Cismində bütün əzablarımı süd gölünə batıran zövqlü bir ağrı başlamışdı...
Sözün qanadlı şəkildə rəsmini, xəyali görüntüsünü izləmək necə bir hiss imiş...
Gözünün tutub buraxmadığı nöqtədə əlinin çata bilmədiyi varlığa dönmüş bir mücərrədin ardınca baxmaq və rəsmi gözündən itənədək izləmək...
O xəyalın bir əli olsaydı, toxunsaydı, canlansaydı və getməsəydi deyə, sən də canından can vermiş kimi olmasaydın...
Bu hissin hüznü ilə çırpınarkən bir könül fərahlığı da çəhrayı rəngə boyanmışdı gözündən açılan aynanı...
Nə yaxşı ki, yerində susmayıb, danışıb, dillənə bilmişdi:
- "susmaqsa duyğuların ən gözəl dili,
nədən hamı təkrarlayır özünü boş-boşuna,
hər kəs əlifbası deyilmi uydurduğu sözlərin,
yalanı deyilmi aldanışların?”
yağmur ruhu deyilmi buludların,
günəş kölgəsi deyilmi ağacların,
qanadlar azadlığı deyilmi quşların?
Ən carəsiz çarəsizlik deyilmi?
Görmədiyinin halına yanmaq... Necə bir ürək və ixtiyarsız düşüncə lazımmış özündən getməyə, itməyə... Bu gerçək çarəsizliyi ona şah damarından daha yaxın olan qədər dəqiqliklə hiss etsin və məsum dua kimi bilsin:
„- kim görür yosun yuvalarında
günəşsiz yaşayan dəniz ulduzlarını,
tora düşən dəniz gözlü balıqların ruhunu
daşıyan su pərilərini kim görür?..
nədən gün batımı bu qədər kədərli,
qürub nədən bu qədər hüzünlü,
axşam olsun, uçuşan yarasaların
gözləriylə bax bir də qaranlığa,
bayquşların səsiylə bir qulaq ver gecəyə“...
Bir hüzn var gun doğanacan...
Yaddaşında nələr, nələr öz məhvərindən oynadı. Amma tərk etmədi. Sirr də deyil ki, ruhunun ən sakit anında belə nə vaxtsa düşdüyün burulğandan çıxmaq təngnəfəsliyini unutmazsan. O batinin durğunluğunun ən kədərli anında söz sirdaşın olar. Çəkə biləcəyindən daha çox cəlb edərsən ağrını sinənə. Dünyanda boşalmış yerlərə dəyər nəzərin. Və o sitəmlə də canından sətir-sətir ağrı yonarsan:
- „gün gəldi və
üzləşdim qum saatlarının boşluğundan keçən zamanla,
üzləşdim anamın matəm rəsminə çərçivə yonarkən,
atamın məzarına ölüm tarixi yazarkən...
indi qoparsam içimdəki yaraları,
qanım damar-damar axsa,
doydurarmı qansızları,
buludları endirsəm göy üzündən,
yanğınlara yetərmi yağmurları,
üzsəm ayaqlarımı yer üzündən,
əlim çatarmı Tanrıya?“
Bir səhər mübhəm qaranlıq bitəcək...
Səbr etdiyinin sonu muraddır. Çatmaq istədiyinə, arzuladığına qovuşduğunda onda o zamanadək çəkdiyin ağrının da rəngi də dəyisir. Daha „vüsal hicrandan acıymış“ narahatlığı da qalmır:
_ "bir nağıldımı hər şey?
nə oldu o yellənən süd kimi ağ beşikdən
günahsız gözlərinlə baxılan göy üzünə?
gecəni aydınladan o gözlərə nə oldu,
indi işığı sönmüş kədərli boşluğundan
zamansız itkilərə qorxacaq bir təlaşla
başlar hər yeni günə..."
23.05.2025