Aytən Əliyeva — Anna Karenina. Qəlbin Qadağan Edilmiş Səfəri

Lev Tolstoyun “Anna Karenina” əsəri yalnız bir sevgi dramı deyil, cəmiyyətin mənəvi portretidir. XIX əsr rus aristokratiyasının parıltılı, lakin içi boş dünyasında Anna öz səsinə qulaq asmağa cəhd edən bir qadındır. Onun hekayəsi, hissləri və məğlubiyyəti bizə sual verir: “Sevgi həqiqətən azadlıqmı gətirir, yoxsa onu yaşamaq cəzalandırılacaq qədər böyük bir cəsarətdirmi?”
Tolstoyun yaratdığı mühit-saraylar, at arabaları, aristokratların sakit zərifliyi, ilk baxışda cazibədar görünür. Lakin bu parıltının altında əxlaqi dəyərlərin çürüməsi, riyakarlıq və süni münasibətlər gizlənir. Anna da məhz bu dünyaya məxsusdur – gözəl, zərif, ağıllı və nüfuzlu bir qadın. Lakin Anna dünyanın təqdim etdiyi süni xoşbəxtliyə sığmır. Onun daxilində daha çox şeylər var: ehtiras, sevgi, azadlıq arzusu və daxili mübarizə.
Əsərin əvvəlində Anna səssizcə toplumun qəliblərinə uyğun davranır. O, əri Kareninə qarşı sədaqətli bir həyat yoldaşı, cəmiyyətə uyğun bir qadın obrazını daşıyır. Lakin Vronski ilə tanışlıqdan sonra bu çərçivə sınır və Anna hisslərinin səsinə qulaq asmaq qərarına gəlir. Məhz bu andan etibarən Tolstoy cəmiyyətin “nəyi bağışladığını” və “nəyi əsla bağışlamadığını” sərt şəkildə ifşa edir.
Anna Kareninanı etdiyi bu həyati addıma sürükləyən ən əsas şəxs məhz onun həyat yoldaşı Aleksey Aleksandroviç Karenindir ki, o, əsərin mənəvi-psixoloji sütunlarından biridir. O, yalnız bir insan deyil-bir sistemin, bir anlayışın, bir epoxanın simvoludur. Onun xarakteri ilə Tolstoy rəsmi münasibətlərin, ictimai mövqeyin və ruhsuz ailə həyatının necə insanı və ailəni məhv etdiyini göstərir.
Karenin yüksək rütbəli dövlət məmurudur-soyuqqanlı, ciddi, intizamlı və cəmiyyətin qanunlarına kor-koranə bağlı bir insandır. O, həyatını qaydalarla ölçür, hisslərdən deyil, məntiqdən danışır. Anna ilə münasibətində də sevgi deyil, borc, vəzifə, ictimai forma ön plandadır. O, Annanı sevdiyinə görə deyil, “mənim həyat yoldaşımdır” anlayışı ilə yanında saxlayır. Onun üçün ailə sosial institutdur, qadın nüfuzun bir parçası, sevgi isə lüzumsuz zəiflikdir.
Kareninin ən böyük faciəsi daxili boşluğudur. O, özünü başqalarının necə görəcəyini düşünən bir insandır. Annanın xəyanətini belə, ilk olaraq “digərlərinin bunu necə qarşılayacağını” əsas götürərək qiymətləndirir. Bu, onun xarakterindəki əsas naqislikdir: o, hisslərlə deyil, reputasiya ilə yaşayır.
Karenin həm də riyakarlığın və özünüaldatmanın təcəssümüdür. O, bir neçə dəfə Annanı bağışladığını desə də, əslində onu heç vaxt başa düşmür və qəbul etmir. O, əxlaqdan danışır, lakin bunun altında soyuqluq və sərtlik yatır. O, nə mərhəmətlidir, nə də qəddar – sadəcə ruhsuzdur. Onun insanlarla münasibəti mexanikidir, xüsusilə də oğlu Seryoja ilə münasibətində sevgi yox, qayda və intizam önəmlidir.
Bütün bunlarla yanaşı, Karenin təkcə mənfi obraz deyil. Tolstoy onu tamamilə qəddar və zalım kimi təqdim etmir. Əksinə, Kareninin daxili çöküşü, özünü itirməsi, təklik içində sıxılması da oxucuya acıqlı gəlir. O, öz hisslərini ifadə etməyi bacarmayan, sevgini anlayıb yaşamaq gücünə malik olmayan bir insandır. Onun faciəsi Anna qədər dərin olmasa da, səssiz və soyuq bir iz buraxır. Ümumi olaraq yanaşsaq, Karenin cəmiyyətin kişi idealıdır: sabit, səliqəli, nüfuzlu. Amma Tolstoy bu idealın arxasında ruhsuzluğu, hissizliyi və mənəvi boşluğu göstərir. Karenin bir insan kimi yox, sistemin məhsulu kimi yaşayır. Anna hisslərinin səsinə qulaq asdığı üçün məhv olur, Karenin isə bu səsi heç vaxt eşitmədiyi üçün heç vaxt yaşamır.
Anna Kareninanın faciəsi Karenin düşüncəsində olan yüzlərlə insanın ona geyindirdiyi donun nəticəsi idi. Kişilər üçün sevgi macərası sadəcə həyatın bir hissəsi hesab olunurdu. Vronski cəmiyyət içində yerini, nüfuzunu itirmir. Amma Anna – sevən qadın bu sevgiyə görə hər şeyini itirir: ailəsini, övladını, cəmiyyətin rəğbətini, özünü. Cəmiyyət onun “günahını” bağışlamır, hətta eşitmək belə istəmir.
Tolstoy bu məqamda ictimai əxlaqın nə qədər seçici və zalım olduğunu göstərir. Qadın üçün sevgi sadəcə bir hiss deyil, eyni zamanda cəza, xaric olunma və sonu uçurum olan bir yol olur. Anna Kareninanın həyatdakı yeganə “səhvi” – qəlbinin səsini dinləməkdir. Lakin bu səs onu yaşaya-yaşaya öldürür.
Anna obrazı təkcə sevən qadını deyil, eyni zamanda hisslərini qorumağa çalışan, amma tənha qalan insanın simvoludur. O, nə Kareninin soyumuş, rəsmi münasibətlərinə tab gətirə bilir, nə də Vronski ilə münasibətində istədiyi daxili harmoniyanı tapa bilir. Vronskinin diqqəti və sevgisi zamanla soyuyur, Anna isə bu laqeydlik qarşısında uçuruma sürüklənir, getdikcə yalnızlaşır, psixoloji sarsıntılar yaşayır. Əslində Anna cəmiyyətin boğduğu qadın obrazıdır – sevgi istəyən, amma bu istəyə görə cəzalandırılan qadın. Onun faciəsi əxlaqdan deyil, əxlaqsız münasibətlərdən doğur. O, qadın olaraq nə sevgi yaşamaq, nə də bu sevgini cəmiyyət qarşısında müdafiə etmək haqqına sahibdir.
Əsərdə qəlbinin səsini dinləyən sevgi kimi bir hiss ilə qəlbini bəsləyən digər obrazın yazıçı tərəfindən ustalıqla yaradıldığını görürük. Bu Levin obrazıdır. Bu əsər yalnız Annanın faciəsini danışmır. Paralel süjet xəttində yer alan Levin obrazı isə Tolstoyun həyat fəlsəfəsini, mənəvi axtarışlarını təmsil edir. Levin daim həyatın mənasını axtarır, kəndə, torpağa, sadəliyə sığınır. O, cəmiyyətin riyakarlığından uzaq, sağ və məsum hisslərlə yaşamaq istəyir. Levinin həyat yolu ilə Anna arasında kəskin kontrast var: biri daxili harmoniya axtarışındadır, digəri isə bu harmoniyanı itirdikcə daha dərin boşluğa düşür. Levin yaşamaq üçün yol tapır, Anna isə yaşamaqla ölüm arasında sıxışıb qalır. Bu ikili yanaşma Tolstoyun dərin müşahidə gücünü və insan ruhunun müxtəlif qatlarını təsvir etmək bacarığını nümayiş etdirir.
Anna obrazı ilə müqayisədə tamamilə fərqli bir həyat əqidəsinə malik digər bir qadın obrazı Levinin həyat yoldaşı Kitty obrazıdır. Anandan fərqli olaraq Kitty fərqli bir yoldan keçir. Əvvəlcə o da Vronskiyə aşiq olur, lakin bu münasibətin uğursuz sonluğundan sonra daxili dəyişiklik keçirir. Qəlbində yaranan boşluq onu daha dərin və düşüncəli olmağa vadar edir. Levinin səmimi və təvazökar sevgisini qəbul etdikdən sonra Kitty ailə həyatına tam sadiq qalır. O, Levinin kənd həyatına, sadə yaşam tərzinə uyğunlaşır, ana olur, həyat yoldaşı olur, cəmiyyət içində öz yerini sülh və harmoniya ilə tapır. Kitty özünü fədakar və anlayışlı həyat yoldaşı kimi göstərir, Levinin qaranlıq, narahat düşüncələrinə işıq salan, ona mənəvi dayaq olan bir qadındır. Anna isə əksinə, getdikcə öz içində itir, dəstək görmür, ruhi tənəzzül yaşayır. Bu iki qadın obrazı Tolstoyun qadına, ailəyə və cəmiyyətə baxışını simvolik şəkildə əks etdirir. Anna təbii və səmimi olan hisslərini yaşamaq istəyir, amma sosial qəliblərin, əxlaqi kodekslərin divarına çırpılır. Kitty isə bu qəliblərin içində öz mənəvi harmoniyasını və daxili azadlığını tapır. Beləliklə, Anna Karenina cəmiyyətin sərt və ikili standartlarla davranışının qurbanı olan qadındırsa, Kitty bu cəmiyyətin içində öz yerini və mənasını tapa bilən qadındır. Tolstoy bir obrazla faciəni, digər obrazla isə qurtuluşu göstərir. Bu qarşılaşdırma təkcə iki qadının deyil, iki həyat fəlsəfəsinin toqquşmasıdır: biri ehtirasla başlayan, ancaq uçurumda bitən yol: digəri səbir, anlayış və qarşılıqlı hörmət üzərində qurulan səadət yolu.
Əsərin digər bir maraqlı ailə tablosunu Kittynin böyük bacısı Darya Aleksandrovna Oblonskaya (qısaca Dolly) və onun həyat yoldaşı Knyaz Stepan Arkadyeviç Oblonskiyin formalaşdırdığı ailədə görürük. Onların ailəsi sevgi və sadiqlik üzərində deyil, vərdiş, məcburiyyət və ictimai norma çərçivəsində bir arada qalan münasibətlər silsiləsidir. Bu obrazların təhlili əsərdə ailə, mənəviyyat, əxlaq və qadın mövqeyi kimi mərkəzi məsələləri dərindən açmağa imkan verir. Dolly əsərdə səbirli, ailəsinə bağlı, övladlarını sevən və həyatını onların rifahına həsr etmiş bir qadın kimi təqdim olunur. Onun xarakterində daxili mübarizə, səssiz təəssüf və az qala ömürlük tənhalıq gizlənir. Stepan Arkadyeviçin daimi xəyanətləri, məsuliyyətsiz davranışı və səthi həyat tərzi Dollyni ruhən sarsıdır, lakin o, cəmiyyətin “qadın gərək ailəsini qorusun” anlayışına tabe olur. O, hisslərinin, qürurunun və acısının fövqündə dayanaraq övladları naminə ailəsini qoruyur.
Stepan Arkadyeviçin xarakteri isə cəmiyyətin kişi cinsinə bəslədiyi dözümlü yanaşmanın təcəssümüdür. O, gözəl danışan, sevimli, ünsiyyətcil, lakin məsuliyyətsiz və zəif iradəli bir insandır. O, ailəsini sevdiyini deyir, amma bu sevgi heç vaxt fədakarlığa çevrilmir. Stepan üçün qadının əziyyəti və kişinin zövq azadlığı “normal həyat”ın bir hissəsi kimi görünür. Onun Dollyə etdiyi xəyanət üzərində uzun düşünmür; əksinə, onu bağışlamağa məcbur etməyi sanki özünə haqq bilir.
Dolly isə yalnız ailə üçün yaşayan bir qadındır. Onun qadın olaraq arzuları, hissləri, şəxsiyyət kimi istəkləri əridilmiş, gündəlik həyatın qayğıları və ərinin xəyanətləri içində itib batmışdır. Lakin Dolly Anna ilə müqayisədə cəmiyyətdən kənara çıxmır. O, sosial rola sadiq qalaraq içindəki təlatümləri susdurur. Bu, Tolstoyun qadın mövqeyinə dair dərin müşahidəsinin bir nümunəsidir: Dolly azad deyil, amma faciədən də uzaqdır. O, cəmiyyətin rəhm etdiyi, lakin heç vaxt xoşbəxt edə bilmədiyi qadındır.
Dolly və Stepanın münasibəti əslində Anna və Vronski, Levin və Kitty münasibətləri arasında bir keçid rolunu oynayır. Burada nə Anna kimi üsyan, nə də Kitty kimi harmonik birlik var. Burada yalnız vərdiş, qınaq qorxusu və uşaqların naminə davam edən səssiz bir razılaşma var. Bu cütlük vasitəsilə Tolstoy ailənin həm saxta sabitliyini, həm də qadının susaraq yaşadığı daxili ağrıları ustalıqla göstərir.
Nəticə etibarilə, Dolly obrazı səbirli və fədakar qadınlığın, Stepan isə cəmiyyətin kişiyə verdiyi imtiyazların simvoludur. Onların münasibəti ailə daxilində qadın-kişi rollarının ədalətsiz bölgüsünü ifşa edir. Dolly ailə dəyərlərinin daşıyıcısıdır, amma bu dəyərlərin altında əzilən və özünü unudan bir qadın obrazı kimi yadda qalır. Məhz yazıçının nə demək istədiyini bu ailə əsasında da müəyyənləşdirmək olar. Ananın etdiyi hərəkətləri qınayan onun haqqında mənfi rəylər verən şəxslərə yazıçı bu ailə əsasında çatdırmaq istəyir ki, Anna həyat yoldaşına sadiq, öz hisslərinin əsiri olmayan, mühitin biçdiyi donu asanlıqla qəbul edən bir qadın olsa idi, Dolly obrazından heç də fərqli bir həyata sahib olmayacaqdır. Məhz yazıçının bəzən Ananı qınamağa haqq verən, bəzən də cəmiyyətin muti şəraiti ilə mübarizə aparan bir qadın kimi göstərməsi onun qələminin qüdrətindən xəbər verir.
Lev Tolstoy “Anna Karenina” romanında bir qadının şəxsi faciəsini yazmaqla kifayətlənmir. O, bütöv bir dövrün, bir ideologiyanın, bir cəmiyyətin portretini çəkir. Anna-hisslərinin qurbanı yox, içində yaşadığı riyakar sistemin qurbanıdır. O, təkcə öz sevgisini deyil, qadının azad yaşamaq haqqını müdafiə edirdi. Amma bu cəhd onu cəmiyyətin “sürgünü”nə çevirdi. Bu əsər zamanlar üstü bir hayqırışdır: insanı-xüsusilə qadını-qəliblərə salan, hisslərini görməzdən gələn, onu yalnız bioloji və sosial rol kimi qiymətləndirən hər cəmiyyət, Annanı yenidən və yenidən relslərin üstünə itələyir.
“Anna Karenina” oxucuya bir sual verir: “Sevgi və azadlıq nəyə dəyər və cəmiyyət bunun qarşılığını ödəməyə hazırdırmı?”
Naxçıvan Dövlət Universitetinin
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası III kurs tələbəsi





