Cəlil Məmmədquluzadə - Qondarma bəylər
Ədəbi tənqid
Cəlil Məmmədquluzadə - Qondarma bəylər
Bir balaca müqəddəmə
Qabaqca hələ onu ərz edim ki, hər bir şeyin qondarması bir qəpiyə dəyməz.
Götürək, məsələn, bəyliyi. Axır bir var əsil bəy, yəni birisinin atası, babası bəy imişlər, - söz yox, bu da bəy olacaq. İndi bəylik özü yaxşımı, yamanmı, o bir özgə məsələdir; ancaq dəxi bu kişinin bəyliyinə ki, sözün nədir? Amma bir də var qondarma bəy; məsələn, mənim nə atam bəy imiş, nə babam bəy imiş, nə də ki, mənə bir yandan bəylik çatıb. Baxıb görürəm ki, bəylik bir təşəxxüslü şeydir; mən də dinməz-söyləməz adımın axırına götürürəm bir bəy qondarıram. Dəxi kimə nə borcdur? Bunun nə bir xərci var, nə ştrafı var. Bəyəm ki, bəyəm!
Bəli, indi keçək əsil mətləbdən danışaq.
Mən, doğrusu, yəni əslində əl aparsan, a kişi, bəy-zad deyiləm. Vallah, billah, atam şəhərli də deyil idi ki, bəylərə bazarlıq eləyə-eləyə axırda bir yalançı bəylik qazana idi. Amma mən elə ki, ərsəyə gəldim və rus şkolasında da azdan-çoxdan dərs oxudum, - baxıb gördüm ki, balam, indiki bizim əsrimizdə bəylik özü gör nə dərəcədə hörmətli bir rütbədir ki, hər bir kəs (istəyir bəy oldu, bəy olmadı) elə onu axtarır ki, ona bəy desinlər. Hətta yazıçılarımız da ki, (heç ataları bəyliyin qoxusunu da eşitməyibdir) bu evi xarablar da bir baş məqalə yazanda, görürsən ki, götürüb adının quyruğuna bir “bəy” ləfzi də yapışdırdı.
Xülasə, artıq baş ağrısı olmasın, mən özüm də həqiqətdə bəy olmaya-olmaya özümü bəy adlandırırdım və işim pis də getmirdi. Xalqın qulağı elə qızmışdı ki, dəxi ağına-bozuna baxan yox idi.
Amma axırda bir az çətinə düşdüm. Elə ki, bu hürriyyət söhbəti başlandı, mən doğrusu, bir az fikrə getdim; axır mən ki, özümü camaat içində bəy adlandırıram, ya gərək axıra kimi bəylikdə qallam və dəxi “sosial-demokratlıqdan” - zaddan əl çəkəm; bu da olan iş deyil, çünki nə tövr ola bilər ki, mən məsləkimi satım bir qondarma bəyliyə? Onda mənim təzə cavanlar içində dəxi hörmətim olmaz. Elə bu xəyalat ilə bir tövr keçinirdim, axırda da gördüm ki, a gədə, hələ adımı da məclisi-müəssisan seçkisində çəkirlər. Gedib siyahilərə baxıb gördüm ki, yazıblar: “Sosial-demokrat Molla Nəsrəddin bəy”.
A gədə, biabır oldum! Amandır o “bəy” ləfzini pozun ki, millətlər arasında lap biabır olarıq; yoxsa qeyri tayfaların içində söhbət düşəndə onsuz da, gülə-gülə deyirlər ki, “müsəlman milləti hamısı bəydi; heç onların içində bir şəxs yoxdu ki, bəy olmasın”.
İndi baxıb görsünlər ki, hələ nəinki yazıçılarımız və millətçilərimiz yalandan özlərini bəy adlandırmaq ilə fəxr eləyirlər, hələ bəlkə bəyləri bəyənməyən və kəndliləri bəylərin üstünə küşkürən sosial-demokratlar da özlərini yalandan, ya doğrudan bəy adlandırıb, hələ xoruzlanırlar da.
Ay biçarələr!
İmza: acıqnan mən də “Molla Nəsrəddin bəy”
“Molla Nəsrəddin”, 20 noyabr 1917, №23
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Seyid Hüseyn - Həzin bir xatirə