Nəzrin Abbas - "Xocalı. Son toy"

Film? Yoxsa daha artığı? fikrimcə, bunu sadəcə "film"adlandırmaq olmaz. Çünki, film başlayır, müəyyən süjet xətti üzrə davam edir və bitir. Axı, filmlər yarımçıq qalmır. Xocalıda baş tutan son toy kimi. O toy ki, yarıda kəsilən sadəcə vağzalısı yox, bir elin, bir nəslin ümidi idi. O toy ki, davam edərkən ürəkləri tir-tir əsdirən güllə səsi yox, bu el-obada bir daha toy-büsat görməmək qorxsusu idi. Hə, hə, ən böyük qorxu bu idi. Bir daha səhər yuxudan durarkən Xocalının dağlarının qoynundan boylanan günəşi görə bilməmək, yağışından sonra doğma vətən torpağının qoxusunu ciyərlərinə çəkə bilməmək, yurdun hər qarışında yetişən xarıbülbülü şehli-şehli dərib, hər rəngini bir ayrı heyranlıqla seyr edə bilməmək. Məgər bundan ötə qorxu ola bilər mi? Vətən həsrəti. Bu iki sözü yanaşı gəldi mi bir nisgil düşür cümlələrin üzərinə. Elə ağır gəlir ki, ardını gətirmək. İstəyirsən lap bir ipi salıb, boynundan dartasan hərfləri. İlahi, ən böyük qorxunun özünü yaşamaq necə ağır hissdir? Özü də nə az, nə çox, düz 30 il. Məgər asandır mı hər qayasını, daşını əzbər bildiyin yerləri birdə görməmək? Ayağnın izlərindən cığır açmış, o yollardan daha keçməmək? Təbiətin möcüzəsi sayılan Buz kimi "Daşbulaqdan" axan sudan içməmək? Olmadı, heç asan olmadı. 30 illik ömrün hər vərəqlənən səhifəsində o yaraya duz basıldı, dərindən bir ah çəkildi, gözlər bəzən yol çəkdi, bəzən ürək dərd. Amma bitdi. Dərdimiz, qubarımız, həsrətimiz, nisgilimiz-hamısı bitdi. Ali Baş Komandanın əmri ilə, xalqımızın ölməyən iradə əzmi ilə, şəhidlərimizin qanı ilə bitdi. O qan ki, uşaqlıqdan qulağımıza aşılanan "qanı qan ilə yox, su ilə yuyarlar" fikrini darmadağın etdi.Biz qanı qan ilə yuduq. Özü də elə belə qanla yox, hər damlası müqəddəs sayılan şəhid qanı ilə-əsl nər qanı ilə, kişi qanı ilə. Qan qarışmış torpağımıza sancdığımız 3 rəngli bayrağımız da sadəcə torpağa yox, düşmənin sinəsinə sancılmış bir ox idi. Torpaqda basdırılmış igid oğullarımızın nəşi, bizim üçün qürur mənbəyi olarkən, düşmənə can qorxusu idi. Bəli, bizim igidlərin ölü bədəni, onların diri bədəninin canına salınmış bir qorxu idi. Bu bir daha onun sübutudur ki, bizim düşmənimiz heç vaxt güclü olmayıb, biz doğru zamanı gözləmişik. Adımıza layiq bir qələbə ilə düşmənin ağzında məğlubiyyətin 100 əsrlik dadını qoymaq üçün. Biz bunu bacardıq. İllər sonra yarım qalan vağzalımızı da çaldırdıq, torpağımızı da qazdırdıq, qazıb dağıtdığımız yerdən yeni göydələn də ucaltdıq.
Bir ölüb, yüz dirildik. Vaxtıykən geri çəkilməyimiz də oldu. bəli, biz də geri çəkilə bilirik, amma qorxduğumuz üçün yox, daha irəli gedə bilmək üçün. Axı, ox geri çəkildikcə, daha güclü irəli atılar. Biz bunu sadəcə sözdə demədik, tarixin yaddaşına əbədi həkk etdik.