Edebiyyat.az » Musiqi » BEETHOVEN - 250

BEETHOVEN - 250

BEETHOVEN - 250
Musiqi
admin
Müəllif:
20:26, 26 dekabr 2020
3 216
0
BEETHOVEN - 250






 Bitirməkdə olduğumuz bu keşməkeşli il həm də böyük alman bəstəkarı Ludwig van Beethoven’in anadan olmasının 250-ci ildönümü idi. Bunun bütün dünyada layiqincə qeyd olunması üçün böyük-böyük planlar qurulmuşdu, lakin taleyin kinayəsinə bax ki, 9-cu simfoniyasının [indi Avropa Birliyinin himni kimi istifadə edilən] məşhur finalında Schillerin sözləri ilə bəşəriyyəti qardaşlaşmağa, bir-birini bağrına basmağa çağıran böyük bəstəkarın yubileyinin təsadüf etdiyi il boyu beynəlxalq təşkilatlar insanları bir-birindən məsafəli durmağa səslədi və böyük konsert salonlarında təntənəli konsertlər baş tutmadı. İlk baxışdan bu, həyatda da hansısa aspektlərdə bəxti gətirməyən Beethoven’in növbəti şanssızlığı kimi görünə bilər. Amma belə düşünsək yanılmış olarıq: onun şöhrəti artıq sağlığında dövrün bütün sivil dünyasına yayılmış, vəfatından sonra da bütün yubileyləri ən yüksək səviyyədə qeyd olunmuşdur. Yəni o çox şey itirmiş sayılmaz; gələcəkdə də hələ çox yubileyinin qeyd olunacağına şübhə yoxdur.

Düz 250 il əvvəl, 1770-ci ildə alman torpaqlarının qərbində, Bonn şəhərində dünyaya gələn Ludwig van Beethoven yalnız 40 yaşında öz doğum tarixini dəqiq öyrənə bilmişdi. O zamana qədər o, özünü 1772 doğumlu hesab edir, daim özünü 2 yaş gənc hesab edirdi. Məsələ burasındadır ki, kiçik yaşlı oğlunu cəmiyyətə vunderkind kimi göstərməyə çalışan atası hər yerdə onu iki yaş kiçik təqdim edirdi. O dövrlərdə atası ilə Avropada şəhər-şəhər konsertlər verən möcüzə uşaq Mozart’ı hamı yaxşı xatırlayırdı – həmin məşhur turnelərin üstündən təxminən 15 il keçmişdi.
Alkohol sevdalısı ata öz masa yoldaşları – musiqiçi kolleqaları ilə gec saatlarda evə gəlir, yatmış Ludwig’i oyadır və yuxulu-yuxulu onunla məşğələlər keçirirdi. Aydındır ki, bütün bu hadisələr uşağın psixologiyasını zədələməyə bilməzdi. Eyni zamanda, tez-tez dəyişən müəllimlər, sistemsiz dərslər də ola bilərdi ki, onu heç yerə aparıb çıxarmasın – əgər Bonn teatrının dirijoru, bəstəkar Christian Gottlob Neefe ilə rastlaşmasaydı. Kiçik Ludwig’in istedadı ilə tanış olan Neefe onun ilk həqiqi müəllimi olur, onunla sistematik musiqi dərslərinə başlayır. Məsələ tək musiqidə də deyildi; ədəbiyyatı, fəlsəfəni gözəl bilən Neefe teatrın repertuarında oynanılan Shakespeare, Schiller və digər dramaturqların əsərlərini onunla təhlil etmiş, Ludwig’in intellektual inkişafında əvəzsiz rol oynamışdı. Məhz Neefe’nin təqdimatı ilə 14 yaşlı musiqiçi teatra işə qəbul olunur, tamaşaların musiqi məşqlərində klavesinlə aktyorları müşaiyət etməyə başlayır. Artıq 17 yaşına çatanda Bonnda – Köln Kurfürstlüyünün paytaxtında bütün musiqisevərlər onu virtuoz musiqiçi kimi tanıyırdı.
Köln Kurfürstlüyü kiçikli-böyüklü çoxsaylı alman dövlətlərinin əksəriyyətini birləşdirən German Xalqlarının Müqəddəs Roma İmperiyası adlı dövlətüstü birliyin üzvü idi. Düzdü, artıq o dövrdə böyük fransız mütəfəkkiri Voltair (Volter) demişkən “Müqəddəs Roma İmperiyasında nə müqəddəslik, nə Roma, nə də İmperiya” qalsa da, hər halda nominal da olsa İmperiya öz mövcudiyyətini sürdürürdü. İmperiyaya artıq neçə əsr idi ki, başçılıq edən Avstriya erzhersoqları – Habsburqların paytaxtı Vyana Avropanın əsas mədəni, o cümlədən musiqi paytaxtlarından biri sayılırdı. Mozart, Haydn, Glück kimi bəstəkarların adı ora ilə bağlı idi. Gənc Ludwig’in də nüfuzu Köln Kurfürstlüyünü fəth edəndən sonra, kurfürst Maximilian Franz və onun musiqi xiridarı olan dostları 1792-ci ildə bəstəkarı təqaüdlə təmin edərək Bonn’un fəxri kimi Vyanaya, böyük Jozef Haydn’dan dərs almağa göndərir. Gənc bonnlu özü ilə Reyn çayı ətrafının əfsanələrini, ora insanın xarakterini götürərək Vyanaya yollanır.
Beethoven sonralar Haydn’dan heç nə öyrənmədiyini iddia edirdi. Heç müəllim də öz tələbəsindən razı sayılmazdı. Onların dərslərində iştirak etmiş bir fleyta ifaçısının şahidlik etdiyinə görə məşğələlərin birində Haydn öz tələbəsinə “siz böyük istedada, tükənməz ilhama sahibsiniz, amma musiqi qanunlarını fantaziyalarınıza qurban edirsiniz. Sizin verdiyiniz təəssürata əsasən adama elə gəlir ki, bir neçə başınız, bir neçə ürəyiniz, bir neçə ruhunuz var. Sizin əsərlərinizdə gözəl şeylərin ətrafında həmişə bir qəribəlik, gözlənilməzlik və tutqunluq olacaq. Çünki özünüz də qaraqabaq, tündməcaz adamsınız”.
Başqa bir xatirəyə görə Haydn’dan bəstəkarlıq sənətini öyrənən tələbəsi barədə soruşanda o, qısaca “Bəli, yaxşı ifaçıdır!” deməklə kifayətlənmək istəyib, həmsöhbətinin daha detallı sualına isə “Bəli, pianoda yaxşı ifa edir!” cavabı verib.
Shekil 1
Gənc Beethoven və Jozef Haydn
Amma Beethovenə Vyanada uğur gətirən də elə musiqisindəki həmin qəribəliklər, gözlənilməzliklər, ümumiyyətlə özünəməxsusluq oldu. Onun özünə xas bu qəribəlikləri qətiyyən süni sayılmazdı; əvvəla o, nəinki vyanalı, heç avstriyalı da deyildi; İmperiyanın qərb ucqarından, demək olar Hollandiya sərhədindən, özü də əslən holland, daha dəqiq desək flamand idi (onun babası indiki Belçika ərazisindən köçmüşdü – soyadı Beethoven isə “çuğundur tarlası” mənasını verir). O, ləhcə ilə danışır, aristokratik maneralara riyaət etmir, xarici görkəminə çox fikir vermir, konsertlərə və yığıncaqlara dres-kodla deyil, gündəlik geyimlə gəlirdi. O, yeni dövrün insanı idi. 1789 Böyük Fransız İnqilabı baş verəndə 19 yaşı vardı, özü də inqilab episentrinə vyanalılardan xeyli yaxın idi; inqilabi ideyalar onun yaşadığı Bonn şəhərinə Vyanadan xeyli əvvəl yayılmışdı. Bütün bu coğrafi, mədəni, individual fərqlər onun musiqisində özünü göstərməyə bilməzdi.
Beləliklə onun musiqi təfəkkürü Vyanadakı ehkamlardan xeyli fərqlənirdi; bu fərqlilik ilk dövrlər vyanalılara qəribə təəssürat bağışlasa da, çox keçmədən yəqin həm də bəstəkar-ifaçının özünəinamı sayəsində auditoriya ona təslim oldu. Tənqidçiləri o qədər razı qalmasa da, Beethoven Vyananın yeni ulduzuna çevrildi. 1796-cı ildə, mətbuatda çıxış edən musiqi tənqidçilərindən biri yazırdı: “publikanın xüsusi növ kumiri, fövqəladə pərəstiş edilən Beethoven öz ifasında məlahətə, hamarlığa, incəliyə və aydınlığa qətiyyən riayət etmir, yalnız orijinallığı ilə təəccübləndirir. O, bizim qəlbimizi deyil, qulağımızı fəth edir.”
O dövrdə ictimai konsert anlayışı hələ yeni-yeni yaranır, konsertlər daha çox aristokrat saraylarında keçirilirdi. Amma öz sələflərindən fərqli olaraq Beethoven bu konsertlərdə aristokratiyanın intellektual əyləncə xidmətçisi ampluasında deyil, yaradıcılığı qarşısında baş əyilən böyük sənətkar kimi görünürdü. Onu istənilən saraya çağırmaq, istənilən publikanın qarşısında çıxış etdirmək, ümumiyyətlə, əmr etmək mümkün deyildi; ondan yalnız xahiş etmək olardı. İfa zamanı auditoriyadan pıçıltı eşidən sənətkar hirslənib pianonun qapağını çırparaq salonu tərk edə bilərdi. Beethovenin musiqisi fon kimi səslənə bilməzdi – o musiqini diqqətlə dinləməli, izləməliydin. Çox keçmədən onun şöhrəti Vyanadan da kənara çıxır; Praqa, Drezden, Leipzig, Berlin kimi şəhərlərə turnesi başlayır. Bir neçə həftə planlanan turne demək olar yarım il çəkir.
Amma elə həmin dövrlərdə onun tale ilə məşhur mübarizəsi başlayır: bir musiqiçi üçün ən vacib hiss – eşitməyində problemlər yaranır. Deyilənlərə görə bunun səbəbi onun bir dəfə başını soyuq suyla yuyub çöldə gəzintiyə çıxması olub. Hər halda, o dövrdən başlayaraq tədricən artan bu problem onun üçün gözlənilməz və böyük zərbə olur. Onsuz da bir qədər adamayovuşmazlığı olan Beethoven get-gedə daha da asosiallaşır. Bəzən eşitmədiyini gizlətmək üçün onunla danışanlara laqeyd reaksiya, ya da əlaqəsiz cavablar verməsi onu ətrafa mizantrop (insansevməz) kimi tanıdır. Bir müddət o, bu problemi hamıdan gizlədir, hətta bir neçə dəfə intihar etmək qərarına belə gəlir. 1802-ci ildə Vyananın yaxınlığında – Heiligenstadt qəsəbəsində yazdığı, amma uzun illərdən – ölümündən sonra sənədləri arasından tapılan məşhur vəsiyyətində “bir zamanlar ən mükəmməl səviyyədə sahib olduğum hissimin zəifləməsini qəbul etməyi necə ağlıma sığışdıra bilərəm?” yazır. Hər halda, çox keçmədən özündə güc taparaq intihar fikrini kənara qoyub tale ilə döyüşmək qərarına gəlir və artıq məlum olduğu kimi, bu döyüşdə qələbə çalır: get-gedə artan, həyatının sonunda ümumiyyətlə heç nə eşitməməyə qədər irəliləyən karlıq ona bəşəriyyətin tanıdığı ən böyük musiqi yaradıcılarından biri olmağa mane olmur.
Taleyin oyunları bununla bitmir – pərəstiş etdiyi inqilabi ideyalar artıq real silahlı qüvvələr şəklində Fransa sərhədini aşır, onun doğulduğu Köln Kurfürstlüyünü da ağuşuna alır. Kurfürst Maximilian Franz – Beethoven’in hamisi şəhəri tərk edir; necə deyərlər sistem çökür, beləliklə bəstəkarın təqüdü də kəsilir. Hər halda, bu onun maddi vəziyyətinə elə də böyük təsir etmir; Vyana aristokratiyasının, konkret olaraq Erzhersoq Rudolph, Qraf Waldstein, Baron Swieten, Knyaz Lichnowsky, Knyaz Lobkowitz və başqalarının dəstəyi onun azad sənətkar kimi yaşamasına kifayət edirdi.
Shekil 2
18-ci əsr Vyanası
Həmin illərdə – XVIII və XIX əsrin kəsişməsində bir nəfərin adı Avropada günbəgün məşhurlaşmağa başladı – Napoleon Bonapart. Əvvəl Fransa inqilabi ordusunun heç bir döyüşdə yenilməyən komandiri, sonra isə Fransanın 1-ci konsulu titulu ilə ölkə rəhbəri. O, qarşısına bütün Avropa xalqlarını monarxların və dinin əsarətindən azad etmək məqsədi qoymuşdu. Artıq azad etdiyi vilayətlərdə [indiyə qədər bu və ya digər şəkildə Avropadakı qanunvericliyin əsasında duran] hüquq məcəlləsini tətbiq edir, beləliklə ədalət simvoluna çevrilən qəhrəman obrazında görünürdü. Şair Göte öz kabinetinə onun büstünü qoyur, filosof Hegel onu “dünyanın ruhu” adlandırırdı. İdealları gerçəkləşdirən, kütlələri azad edən bu qəhrəman Beethoven’in də diqqətini cəlb eləmişdi. Nəinki cəlb eləmişdi, bəstəkar 3-cü simfoniyasını onun şərəfinə yazırdı. Amma əsər üzəridə iş gedərkən Napoleonun özünü imperator elan etməsi xəbəri gəlir. Bundan qəzəblənən Beethoven əlyazmasının ithaf səhifəsini cırır: “O da adi insan çıxdı! Artıq o da insanların haqqını tapdalaycaq, nəfsinə uyacaq, özünü hamıdan üstün tutacaq və tiran olacaq!” Bəstəkar simfoniyanın adını “Eroica” (Qəhrəmanlıq) qoyur.
Diqqətlə fikir versək, Beethoven’in Napoleon barədə dediklərinin necə böyük mənaya gəldiyini başa düşmək olar. Deməli, böyük bəstəkarın fikrincə imperator olmağı arzulamaq, yəni başqalarının haqqını tapdalamaq və tiranlığa meylli olmaq əslində “adi insan”a xas xüsusiyyətlərdir. Bu istəklər bizi nəinki xüsusi edir, əksinə “adi insanlar”dan fərqləndirmir.
Deyilənlərə görə hətta bir dəfə söhbət zamanı Beethoven “mən öz sənətimdə Napoleondan daha güclü sərkərdəyəm” deyibmiş. Haqsız da sayılmaz. Haradasa bir əsr Avropa bəstəkarlıq məktəbi onun nəhəngliyinin birbaşa təsirindən çıxa bilmədi. Elə XX əsr boyunca da bütövlükdə dünya musiqi həyatına, hətta bunun sənaye tərəfinə təsirini izləmək mümkündür: ilk uzunifalı valda (LP) onun 5-ci simfoniyası yazılmış, CD texnologiyası çıxarkən onun 9-cu simfoniyası tam sığışa bilməsi üçün 74 dəqiqəlik müddət qərara alınmışdır.
***
Məsələ burasındadır ki, bəstəkarlıq özü də ayrıca bir peşə kimi məhz Beethoven’dən başlayaraq qəbul olundu. O zamana qədər, indi bəstəkar kimi tanıdığmız bütün böyük sənətkarlar əslində ya ifaçı, ya da haranınsa (konkret kilsənin, konkret sarayın) musiqi rəhbəri idi. Onlar müqavilələrində dəqiq göstərilmiş qaydada hansısa tədbirlərin – kilsə bayramının və ya aristokratın sarayında baş verəcək məclisin – musiqi təşkilatçıları idi. Onlar istədikləri zaman istədikləri musiqini cəmiyyətə təqdim edə bilməzdilər.
Zatən bizim indi cəmiyyət kimi tanımladığımız burjua-kapitalist anlayışı da o zaman yeni yaranır və bu ideyanın oturuşması da məhz Beethoven zamanında başlayırdı. Bu o dövr idi ki, aristokratlar kimi atadan-babadan varlı olmayan, amma sənaye və ya ticarətlə böyük sərmayə qazanaraq yuxarı təbəqələrin məclisinə düşməyi bacaran burjua sinfi bəzi ictimai normaları dəyişdirməyə başlayırdı: əvvəllər monarxın saray kompleksinin bir binası olan Opera teatrı qapılarını bütün şəhər camaatının – bürgerlərin üzünə açır; kral, ya da aristokrat xəzinəsindəki qiymətli əşyalar və ya rəsm əsərləri ilə tanış olmaları üçün muzey/qalareya formasında (əlbəttə ki, biletlə!) ictimaiyyətə icazə verilirdi.
Beethoven’in sələfləri ümumi qəbul olunmuş üslub, qaydalar çərçivəsində musiqi yazırdı. Beethoven isə o zamana qədər görünməmiş subyektiv musiqi baxışı təqdim etdi: məhz buna görə müəllimi Haydn, eləcə də ilk dövrlərdə Vyana auditoriyası onunla bağlı şübhəli idi. Amma dövr elə idi ki, qədim qayda-qanunlar cəmiyyətin bütün sahələrində laxlamağa başlayır, yeniliklər bütün sahələrdə qaçılmaz görünürdü. Öz dövrünün insanı olan, daha doğrusu yeni dövrün insanı, yeni dövrün sənətkarı olan Beethoven yəqin məhz buna görə qısa müddət sonra auditoriyanın böyük rəğbətini qazandı.
XXI əsr insanının artıq hər cür səs eşitmiş qulağı ola bilər Beethoven musiqisini onun yaxın sələfləri və xələflərindən fərqləndirə bilməsin, amma əslində fərq – xüsusilə də sələfləri ilə arasındakı fərq çox böyükdür.
Məsələn, 5-ci simfoniyanı götürək. Məşhur heybətli “Ta-ta-ta taaam!” girişi ilə başlayan simfoniya demək olar bütünlükdə 4 notdan ibarət həmin ritmik motivdən hörülüb. Əsər boyu həmin motivin not yüksəklikləri nə qədər dəyişsə, müxtəlif variantlarından istifadə olunsa da mahiyyət dəyişmədən qalır. Mantra kimi təkrarlanan bu ritmik motiv dinləyicini hansısa mənada transa salır, musiqidən ayrılmağa qoymur. Bu cür minimalistik konsept Beethoven’ə qədər heç kimin ağlına gəlməmişdi. Ondan sonra da əsasən 1960-larda amerikan minimalist bəstəkarların yaradıcılığında rast gəlinməyə başladı. Ümumiyyətlə, musiqi əsərinin yazılışına arxitektura, konstruksiya kimi münasibət göstərmək Beethoven’dən başladı və çox güman həm də məhz bu səbəbdən bəstəkarlıq peşəsinin ifaçı-bəstəkarlıqdan ayrılıb müstəqil peşə kimi anlaşılmasına gətirib çıxardı.
Ya da başqa populyar əsəri – 14-cü (“Ay”) sonatanın birinci hissəsi. Qaydaya görə əsərin bədii-fəlsəfi ağırlığını 1-ci hissə daşımalıykən, bəstəkar həmin ağırlığı sonuncu – 3-cü hissəyə köçürmüş, 1-ci hissə üçün isə lirik fantaziya düşünmüşdür. Elə əsərin əsl adı “Sonata quasi una fantasia” (Fantaziyasayağı Sonata) da bu konsepti bildirir. Ona “Ay sonatası” adını Beethoven’in vəfatından xeyli sonra bir alman şairi qoymuş və görünür dinləyicilər tərəfindən qəbul olunduğundan indiyədək bu ad yaşamışdır.
Beethoven simfonik orkestrə yeni alətlər əlavə edərək onların sayını və tembrini genişləndirmiş, 9-cu simfoniyasının finalında ilk dəfə olaraq bu janrda xordan istifadə etmiş və ümumiyyətlə yaradıcılığı boyu saysız-hesabsız bədii, texniki yeniliklərə imza atmışdır. Güman ki, həm də məhz bir fərdin, sənətkarın öz sənətinə bu qədər “müdaxilə” etməsi, öz subyektiv baxışı ilə özündən əvvəlki bəstəkarların musiqi dilindən kəskin fərqlənməsi bəstəkarlıq peşəsinə artıq müstəqil peşə kimi baxılmasına gətirib çıxarmışdı.
Ən diqqətəlayiq, paradoksa yaxın hal isə ondan ibarətdir ki, məhz Beethoven’dən sonra, onun qaydalarını sındırdığı sələflərinin musiqisi yenidən qiymətləndirilməyə başladı. Məlum oldu ki, onların da arasında bəziləri təkcə öz dövrlərinin musiqi xidmətçiləri yox, əslində elə Beethoven kimi böyük bəstəkarlar imiş və klassik Yunan-Roma irsi kimi daim aktual olacaq nümunəvi potensialları varmış. Elə bu səbəbdən də – təbii Beethoven daxil olmaqla – o dövrə qədərki bir çox bəstəkarlar (Bach, Haydn, Mozart, sonralar kəşf olunduqca Vivaldi və b.) klassik “elan olundu” və özlərindən sonra gələn xələfləri üçün etalon bilindi. Müasir tənqidçilərin haqlı olaraq göstərdiyi kimi əvvəllər sırf əyləncə məkanı kimi bilinən konsert salonları məhz Beethovendən sonra əzəmətli, yüksək sənətlə assosiasiya olunmağa başladı.
Shekil 3
Beethoven 1810-lar və 1820-lərdə
Görünür musiqisindəki “subyektivliyə” yaş artıqca şiddətlənən karlığı da təsir göstərirdi. Bəstəkar xaricdən gələn səsləri get-gedə daha az eşidir, beləliklə də öz daxilindəki səsləri daha çox duya bilirdi. Həyatının sonlarına yaxın isə artıq o tamamilə heç nə eşitmir, insanlarla yalnız yazılı surətdə təmas qurur. Belə də demək olar ki, onu artıq kənardan gələn səs-küy, o cümlədən ifaçıların xaric notları narahat etmir, yalnız daxilindəki ideal səslənməni eşidərək nota köçürürdü. Eyni zamanda son illərdə yazdığı əsərləri də kifayət qədər mürəkkəb və həddən artıq “subyektiv”ləşmişdi. Son sonataları, son simli kvartetləri buna bariz nümunədir. Xüsusi qeyd edilməlidir ki, son əsərləri yalnız bədii-estetik mənada deyil, həm də ifa texnikası baxımından da çox qəlizləşmişdi. Kvartetlərinin birinin məşqi zamanı violin ifaçısının texniki çətinlikdən etdiyi şikayətə “doğrudan elə fikirləşirsən ki, mən bu musiqini yazarkən sənin bu mənasız alətini düşünürdüm?” şəklində cavab verir. 29-cu sonatanı (Hammerklavier) isə onun sağlığında heç kim ifa edə bilmir. Yalnız yazılışının üstündən 18 il keçəndən sonra dövrün böyük virtuoz pianisti, bəstəkar F.Liszt bu əsəri ilk dəfə ifa edir.
Maraqlıdır, uşaqlığında atasının möcüzə-uşaq kimi təqdim etməyə çalışdığı, amma bunda o qədər də uğurlu olmadığı Ludwig van Beethoven yaşlılığında möcüzə-qoca kimi tanındı. Qulaqları eşitməyən, amma bununla belə möhtəşəm musiqi yazan kaprizli qoca hər kəs üçün heyrətamiz fenomen idi. Düzdür, ömrünün sonunda o, vyanalılar üçün cavanlığındakı olduğu kimi populyar bəstəkar sayılmırdı – zatən kütlənin sevgisinin etibarlılığına inanmaq aqil insanlara yaraşmaz, həm də artıq qeyd olunduğu kimi onun musiqi dili hədsiz mürəkkəbləşmişdi – amma bununla belə hər kəs onu artıq sağlığında dahi bəstəkar, görkəmli fiqur kimi qəbul edirdi. Hələ 1809-cu ildə, Napoleon’un Vestfaliyaya kral təyin etdiyi (!) qardaşı Jerome Bonaparte onu öz sarayına bəstəkar kimi dəvət edəndə, bundan xəbər tutan Avstriya imperatoru narahat olmuş və onun məsləhəti ilə Vyana aristokratiyası Beethoven’ə ömrünün sonunadək iri həcmli təqaüd təyin etmişdi. Əlbəttə, onlardan icazəsiz Avstriyadan kənarda çıxış etməmək şərti ilə. Zatən eşitməsi gün-gündən zəifləyən Beethoven auditoriya qarşısında demək olar nadir hallarda çıxış edirdi.
Shekil 4
Beethoven’in dəfni. Franz Xaver Stöber (1795-1858) 
Beləliklə, 1827-ci ilin martında Beethoven vəfat edəndə vyanalılar kimi itirdiklərini çox yaxşı başa düşürdü. Onun dəfni tarixi hadisəyə çevrilmişdi. İlk dəfə idi ki, peşəsi yalnız musiqi yazmaqdan ibarət olan birini son mənzilə təxminən 20 000-ə yaxın adam yola salırdı. Nəzərə alsaq ki, o zaman Vyananın əhalisi 200 000-dən bir qədər çox idi, hadisənin miqyasını təsəvvür edə bilərik…
P.S. Uzun illərdir latın qrafikasından istifadə etməyimizə baxmayaraq, təəssüf ki, orijinalı latın qrafikasında olan şəxs adlarını hələ də sanki kiril qrafikası istifadə edirikmiş kimi, səsləndiyi kimi yazırıq. Bir çox, o cümlədən “Beethoven” nümunəsində isə, ümumiyyətlə, heç səsləndiyi kimi də deyil, məhz rus dilində yazılışını sadəcə latın qrafikasına çevirməklə kifayətlənirik. Əgər həqiqətən də səsləndiyi kimi yazmaq prinsipini götürsək biz bu soyadı gərək Béethofın şəklində yazaq. Bu səbəbdən qərara aldım ki, yazı boyu bütün şəxs adlarını olduğu kimi saxlayım.

Müəllif: Firudin Allahverdi
Mənbə: Azlogos.eu
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)