Edebiyyat.az » Musiqi » Türkan Nağıyeva - Rəqslərin milli təfəkkürdə izləri

Türkan Nağıyeva - Rəqslərin milli təfəkkürdə izləri

Türkan Nağıyeva - Rəqslərin milli təfəkkürdə izləri
Musiqi
admin
Müəllif:
11:48, 21 sentyabr 2024
1 120
0
Türkan Nağıyeva - Rəqslərin milli təfəkkürdə izləri




 Canım məmləkətimin həm türk dövləti olması, həm Qafqaz sıra dağlarının ətəyində yerləşməsi millətimin mərdlik, qorxmazlıq, cəngavərlik kimi xüsusiyyətlərə sahib olmasını iki coğrafi tərəfindən təmin edir.  Şəxsən öz adımdan deyə bilərəm ki, mən həm türk qızı olmağımla, həm qafqazlı olmağımla qürur duyuram. Bəli, bunu fərəhlənəcək bir xüsus olaraq görürəm. 

Mən Qafqaz millətlərini ən çox onların  rəqsləri vasitəsilə tanımışam: çeçen rəqsi, avar rəqsi, ləzginka və s. Yanlış anlaşılmasın, əlbəttə ki, bu millətlərin (dağıstanlının da, erməninin də, gürcünün də, avarın da, ləzginin də) kimlikləri barədə xəbərdaram, sadəcə onların rəqs hərəkətləri əslində elə millətlərin xarakterik bəzi xüsusiyyətlərini də göz önünə sərir. 

Bir neçə gün öncə iştirak etdiyim toy məclisində “ləzginka” oynayan gənclərə tamaşa edirdim. Necə çevik, cəld hərəkətlər edirlər, izlədikcə təngnəfəs olurdum, başım fırlanırdı. Amma mənim başımı döndürən hərəkət cəldliyi deyildi, sanıram ki. Həmin hərəkətlərə heyran olmamaq əldə deyil. Qadınlar o qədər nəzih, əsalətli şəkildə bəylərin qarşısında qollarını bir quş lələyitək xəfif havada süzdürürlər ki, izləmək adama ləzzət verir. Hələ bəyləri demirəm. O vüqarlı duruş, hərəkətlərdəki sərtlik, qartal qanadlarıtək açılan qollar, gözlərdəki alov “qadınıma yan gözlə baxanı bir baxışımla məhv edərəm” deyir. Avar rəqsi, qumuq rəqsi, çeçen ləzginkası da bu tip rəqslərə daxildir. Rəqqas hərəkətlərilə əsl qafqaz kişisinin, qadınının prototipini yarada bilir. Sanki, əsl kişi, əsl qadın belə olmalıdır deyir rəqslər bizə. Zərafət, incəlik, gözəllik, eyni zamanda güc, mərdlik, şücaət hərəkətlərdə əks olunur. Mən Qafqaz rəqslərini bu məqamda sevirəm və düşünürəm ki, əsl qafqazlı məhz rəqslərin bizə diqtə etdiyi xarakterləri özündə əks etdirməlidir. 

Söhbət çevrəmizi bir az daraldıb lokallığa yer verəsi olsaq, Azərbaycanımızın milli rəqslərinə də bu məqamda söz gəlməlidir. Bizim rəqs ənənələrimiz ən qədim zamanlara – daş dövrünə qədər gedib çıxır, Qobustan qayaüstü rəsmləri bunun bariz nümunəsidir.  Əlbət ki, qafqazlı olduğumuz üçün qafqaz milləti  rəqslərinin ortaq elementlərinin rəqslərimizdə özünü göstərməsi təbiidir. Lakin biz həm də Asiya dövlətiyik, Mərkəzi Asiya türkləriylə qohum ölkəyik. Bu coğrafiyada yaşayan türk millətləri ilə rəqslərimizin də ortaq bir sıra xüsusiyyətləri var. 

Mərkəzi Asiya türklərinin rəqslərində, eləcə də öz milli rəqslərimizdəki hərəkətləri diqqətlə izləsəniz, təbiəti təqlid edən hərəkətlər görəcəksiniz: bəzi hərəkətlər sanki, sudan, rüzgardan, quşlardan, heyvanlardan danışır. Hərdən rəqs elə məqama gəlir ki, sanırsan, bir hekayə nəql edir. Ardında duran hekayəni bilmədən rəqsin insanda yaratdığı dərin duyğular bütün bədənini sarır, ovqatını dəyişir. Bəsit bir əl hərəkətləri ilə duyğular oyanır.  Mən milli rəqslərdən parçaları gözümün önündə canlandırarkən düşüncələrimi haçalayıb əsas mövzudan bir az kənarlaşmış ola bilərəm, amma sizi dolanbaca salmadan əsas xətlə davam etmək istəyirəm. 

Bizim “Uzundərə”, “Şalaxo”, “Tərəkəmə”, “Qaytağı”, “Qazağı” və s. Kimi məşhur rəqslərimiz var. Elə yuxarıda Qafqaz rəqsləri ilə bağlı qeyd etdiyim bəzi xüsusiyyətləri öz rəqslərimizdə də müəyyən dərəcədə görmək olar. “Uzundərə” mənim ən sevdiyim Azərbaycan milli rəqsidir. Bu rəqs əsnasında da kişilərin hərəkətləri güclü, qətiyyətli və dinamikdir. Bu, onların cəsarətini və özünəinamını simvollaşdırır. Qadınların hərəkətləri isə daha nazik və zərifdir. Bu da onların gözəlliyini və feminin enerjisini ifadə edir. Sizcə də, əsl qadın və kişi münasibəti elə bu rəqslərin ifadə etdiyi tərzdə olmalı deyilmi? 

Yaşadığımız zaman dilimi bizə kişi və qadın münasibətlərini tamam fərqli kontektstdən nümayiş etdirir. Hazırda başqa coğrafiyaların təsirinə məruz qalıb qafqazlı və türk kökənlərimizdən uzaqlaşıb münasibətlərimizə də müəyyən qədər xətər yetirdiyimizin fərqində deyilik. Mərdlik və qətiyyət kişinin sahib olduğu, zərafət və incəlik qadının sahib olduğu ən gözəl xüsusiyyətlərdir, hansı ki, bu xüsusiyyətlər 10 illər keçdikcə gözəçarpan dərəcədə zəifləməyə davam edir. Övladlarımızı milli rəqslərdən uzaqlaşdırıb adını və mənşəyini bilmədiyimiz rəqslərə yazdıranda da bunun haqqında düşünməliyik. Rəqs uşağa nə öyrədəcək? Hansı xüsusiyyətləri aşılayacaq? Davranışlarına necə təsir edəcək? Bu suallar ətrafında düşünmədən addım atmaq öncəliklə kökdən bağlı olduğumuz kimliyimizə, kültürümüzə, coğrafiyamıza ağır sayğısızlıqdır. 

Rəqs ənənəvi mirası yaşatmağın bir yoludur, onu qorumaq da hər gələn yeni nəslin öhdəliyində olmalıdır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)