Edebiyyat.az » Palitra » Mətanət Teymurlu - Sehr və qanla yazılmış taleyin sahibi: "Medeya"

Mətanət Teymurlu - Sehr və qanla yazılmış taleyin sahibi: "Medeya"

Mətanət Teymurlu - Sehr və qanla yazılmış taleyin sahibi: "Medeya"
Palitra
admin
Müəllif:
00:04, 04 dekabr 2024
120
0
Mətanət Teymurlu - Sehr və qanla yazılmış taleyin sahibi: "Medeya"




 Valentin Kameron Prinsep tərəfindən 1880-ci ildə çəkilən "Sehrbaz Medeya" tablosu, Medeyanın daxili mübarizəsini, həm də onun güclü və təhlükəli təbiətini əks etdirir. Prinsepin əsəri, Pre-Rafaelitlər hərəkatının estetik təsiri altında, zəngin detallar və simvolizmlə doludur. Rəssamın  “Ledi Simpson”, “Liza”, “İncəsənət mükafatlarının dağıdılması”, “Oyunçu qızı”, “Şimal tanrısı”, ”Karmen”, “Leonora do Mantua”, “Kraliça Viktoriya” və s. kimi əsərləri gözəlliyi incəliyi simvolizə edən əsərləri vardır. 

 Tablodakı qadın, qədim yunan tragediyasının ən güclü və dərindən təsir edən nümunələrindən biri Evripidin Medeya əsəridir. Bu əsər yalnız bir qadının intiqam hekayəsini deyil, həm də insan ruhunun ən qarışıq, ən qaranlıq tərəflərini üzə çıxarır. Medeya, sevgi, xəyanət, qəzəb, intiqam və ana sevgisi kimi dərin və təzadlı hisslərlə mübarizə aparır.

Sevgi və fədakarlıqdan nifrətə və intiqama keçid…

 Medeya, eşqi üçün atasına qarşı çıxır, doğma qardaşını öldürür, öz xalqını tərk edir, ən böyük fədakarlığı edərək Yazona qızıl yunu əldə etməsində ona köməklik edir.  Lakin, Yazon bu sevginin, fədakarlığın qarşısında Korinf çarı Kreonun qızı ilə evlənmək qərarına gəlir. O, bu xəyanəti sanki, onu və uşaqlarını düşündüyü üçün edirmiş kimi Medeyaya  danışır. Yazonun xəyanəti, Medeyanın emosional dünyasını alt-üst edir. Sevgi bir zamanlar onu ayaqda tutan, həyatını məna ilə dolduran güc idisə, indi bu sevgi ona faciə gətirəcək bir qəzəb və nifrət hissinə çevrilir. 

 Medeyanın öz sözləri ilə desək, “Taleyə bir bax! Yazıq uşaqlarımla qürbət ellərə sürgünə gedəcəyəm. Bir ər üçün nə böyük şərafət: arvadı uşaqları bütün Elladanı sərgərdan gəzib dilənçilik edir. Ax ey Zevs, qızılların safını-saxtasını tanımaq üçün sən insanlara meyar, məhək vermisən, ancaq gərək insanlar üçün də bir meyarın olardı ki, onların da bədənlərinə damğa vurulaydı, rəzil və xain adamları hamı tanıya bilərdi”

 Nəticədə  Yazonun evlənəcəyi qızı və çarı Medeyanın göndərdiyi paltarlarla zəhərlənərək işgəncələrlə həlak olurlar. Bundan sonrası isə Medeyanın verə biləcəyi ən ağır qərar olur : “Yox, əsla yox! And içirəm cəhənnəmin kölgələrinə, and içirəm yer altındakı Evmenidlərin intiqam, intiqam deyən nərələrinə ki, əl çəkən deyiləm, balalarımın düşmən əlində istehza əyləncəsi olmasına yol verməyəcəm. Onlar üçün bu ölümdən də betərdir! Yox, onlar ölümdən qurtara bilməyəcəklər, onları özüm doğmuşam, özüm də öldürəcəyəm”

  Uşaqları, ona ən yaxın, ən müqəddəs varlıqlar kimi görünür, amma eyni zamanda, onları ən güclü intiqam vasitəsi olaraq görməyə başlayır. Medeya, qisasının onu haqlı çıxaracağını düşünür və uşaqlarını öldürmək qərarını verir. Bu, yalnız onun şəxsi intiqamını həyata keçirmək üçün deyil, həm də özünün və onun xəyanətə uğramış həyatının "ədalətini" bərpa etmək üçün bir yol kimi qəbul edilir. Bu qərar, onun içindəki ən dərin ziddiyyətləri üzə çıxarır. Medeya, bir tərəfdən analıq sevgisini, digər tərəfdən isə qisas hissini yaşamaqla, böyük bir psixoloji mübarizə içindədir. O, öz analıq instinktini bir tərəfə qoyaraq, bu qorxulu və faciəli addımı atmağa qərar verir.

 Medeya, intiqamını alaraq, özü və övladları ilə son bir üzüntü yaşayıb, dünyaya qapalı, qəzəb dolu bir şəxsiyyət olaraq qalır. Bu, onun analıq kimliyi ilə bağlı böyük bir təhrif və qarşıdurmadır.  Qisas, onun gözündə ədalət olsa da, nəticədə yalnız məhvə aparan bir yoldur. Medeya'nın içindəki böyük psixoloji təhrif və təzadlar, oxucunu yalnız onun faciəsi ilə deyil, həm də insan təbiətinin nə qədər mürəkkəb və dəyişkən olduğunu düşünməyə vadar edir.

Evripid Medeya obrazı sayəsində antik dövrdəki qadının cəmiyyətdəki rolunu, onlara biçilən  həyatı, dövrün əxlaqi normalarına münasibət bildirir. 

"Medea the Sorceress" tablosu dərin simvolik məna daşıyır və bir çox detal diqqətlə seçilib. 

Medeyanın təbiətin bir hissəsi kimi təsvir edilməsi onun həm təbii güclərlə, həm də insanlardan uzaq bir dünyayla bağlılığını göstərir. Təbiət, eyni zamanda onun vəhşi, idarə olunmaz, xarakterini də simvollaşdırır. Mərkəzdə qırmızı paltarla təsviri onun ehtiraslı, güclü və intiqam dolu təbiətini əks etdirir.  O, həm sevilən bir qadın, həm də qorxulu bir sehrbazdır. Sağ əlində tutduğu xəncər Medeyanın ölüm və şiddətlə olan əlaqəsini, amansız qisasını xatırladır.  Xəncər, həm də Medeyanın öz taleyinə qərar verməkdə nə qədər qətiyyətli olduğunu göstərir.

 Ağacdakı ilan çoxqatlı bir simvoldur. O, bilik, güc, sehr və həm də təhlükənin təcəssümüdür. Medeyanın sehrli təbiətini və onun potensial təhlükəsini vurğulayır.

 Medeyanın əlindəki qab, onun sehrli fəaliyyətini simvolizə edir. O, qurbanları üçün sehrli içkilər hazırlayan bir sehrbaz kimi təsvir edilir. 

Medeya obrazının interpretasiyası  yalnız güc və qisasla deyil, həm də dərin psixoloji ziddiyyətlərlə dolu bir obrazdır. Bu tablo onu həm qurban, həm də qisasçı kimi təqdim edir. Bir tərəfdən o, sevgi uğrunda hər şeyini itirmiş, xəyanətə uğramış bir qadındır. Digər tərəfdən isə o, gücünü və taleyini öz əllərinə alan, şiddətli və qətiyyətli bir fiqurdur. Prinsep, bu əsərdə Medeyanın insan təbiətinin mürəkkəbliyini əks etdirməyi bacarır.

 Bu rəsm, viktoria dövründə mifoloji və ədəbi mövzuların bədii ifadəsini əks etdirir. Pre-Rafaelitlərdən təsirlənmiş Prinsep, əsərində çox təbii detallarla zənginləşdirilmiş bir dünyanı təsvir edir. Viktoria cəmiyyəti üçün Medeyanı bir etalon kimi təqdim edir.  O, qadın qəzəbinin və gücünün simvolu olaraq qalır, eyni zamanda sevgidən doğan xəyanətin faciəvi nəticələrini xatırladır. Bu əsər  güclü bir qadın obrazının, patriarxal qaydalara qarşı çıxmağın və daxili mübarizənin əhəmiyyətini vurğulayır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)