AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə)
Əsər olmuş faktlar və hadisələr əsasında yazılıb. 44 günlük müharibənin
qazisi, dinc dövrdə sərhədlərimizi qoruyarkən minaya düşüb ayağını itirən
qəhrəmanımız həyatdadır. Sadəcə, bəzi səbəblərdən onun və digər
obrazların adlarını dəyişməli oldum. Oğlunun və özünün başına gələnlərin
ağır yataq xəstəsinə çevirdiyi ataya da, oğula da da həsrətində olduqları
can sağlığı və az ağrı arzulayıram.
Müəllif
BİRİNCİ HİSSƏ
Bəzi insanlar quyu qazır,
Susayanlar su içsin deyə,
Bir başqaları da quyu qazır,
Gələn-gedən düşsün deyə...
İbn-Xəldun
Hardasa oxumuşam ki, gündəlik yazmaq bir mədəniyyət nümunəsidir. Son vaxtlarda yaddaşımla bağlı bəzi problemlər yaranıb, ona görə bir çox şeylər kimi bu fikrin də mənbəyini xatırlaya bilmirəm. Amma mən də o fikirlə razıyam ki, bizlərdə gündəlik yazmaq çox yayğın deyil. Daha çox avropalılarda bu iş geniş yayılıb. Amma deyim ki, bizdə də bəzi yazıçıların, lap elə sıravi adamların gündalik yazmağı var. Yazıçı İsmayıl Şıxlının müharibə gündəliklərini orta məktəb illərində maraqla oxumuşdum. (Boynuma alım ki, əslində, öz xoşumla oxumamışdım, atam mənim hərbçi olacağımı bildiyi üçün, əlinə keçən hərbi ədəbiyyatların hamısını verirdi ki, oxu, çətin situasiyalarda gərəyin olar. Hətta dostu, bizim zonadan olan yazıçının bir romanını da onun məsləhəti ilə oxuyub başa çıxmışdım. Düşmən olsa da, bir erməni doktorunun gündəliyi* kimi o kitab marağıma səbəb olmuşdu.)
Bütün bunlara görə, qərar verdim ki, yazım...
Bir də düşündüm ki, yaddaşımda problem dərinləşə bilər və bütün bu olub-keçənləri unuda bilərəm. Bunları unutmaq isə mənimçün faciə olardı. Axı bu olub-bitənlər mənim həyatımın ən mühüm parçası idi. Həm də elə parçası ki, mənim gələcək həyatıma birbaşa təsir edə bilər, istəsəm də, istəməsəm də həyatıma yeni yön verərdi...
(Ohanyan səddi uğrunda ölüm-dirim savaşı gedərkən bir gün qısa fasilə zamanı ratsiyadan zəng gəldi ki, briqada komandiri mənim yanıma jurnalist yollayıb, ona qısa, bir az da coşqulu müsahibə verim. Müsahibəni bitirəndən dərhal sonra xanım jurnalist şəkilimi də çəkdi və dedi ki, cənab kapitan, icazə verin, sizinlə daim telefon əlaqəsi saxlayım, sizin haqqınızda bu müsahibə ilə kifayətlənmək istəmirəm. Haqqınızda bir kitab yazacağam...
Mən güldüm və dedim ki, əgər şəhid olsam, yazarsan. O isə hirsləndi, üzünü çevirib getmək istəyəndə dedim: “Bax, xanım qız, bu igid oğlanları görürsən, onların hamısı qəhrəmandır. Mənim həyatımı yazma. Elə bilərlər ki, özümü reklam edirəm. Axı biz bura gələndə and içmişik!.. İncimə, zəng etməyinə sözüm yoxdur, amma həyatımı yazma...”
Minaya düşüb hospitalda yatanda tez-tez o qızı yuxuda görürdüm. Anladım ki, onun mənə zəng etməsini, haqqımda yazmasını istəyirəm. Əlbəttə, özüm də zəng edə bilərdim... Amma zabit qürurum buna yol vermədi...
Görünür, bu sətirləri yazmağımın bir səbəbi də o qıza etiraz etməyimdir...
Müharibənin gedişində ayağımı itirsəydim, indi Milli Qəhrəman idim. Dinc dövrdə minaya düşmək isə... Eh... Mən nə düşünürəm?! Atam bu sətirləri oxusa… inşallah oxumayacaq...)
Yox, müharibəyə görə yox... Müharibədə iştirak etmək özü elə gündəlik kimi bir şeydir. Pafoslu çıxsa da, deyim ki, biz o müharibəni azad olunmuş torpaqlarımızda öz qanımızla yazmışdıq.
İndi hesab elə ki, on min, iyirmi min əsgər-zabit hamısı birdən başlayır gündəlik yazmağa. Məsələn, belə... Ayın filanı, filan gün. Yola düşürük.
Filan gün, filan saat. Artıq cəbhədəyik. Bu gün ilk yaralı gördüm. Az sonra şəhidləri də gətirdilər. Biz onların qanını alacağımıza and içdik.
Ayın filan günü. Artıq ilk döyüşə başlamışıq. Amma daha bu gündəliyi yaza bilməyəcəyəm. Çünki güllələr qulağımın dibindən vıyhavıy ötüşür. Hər an ölə bilərəm. Gündəlik-zad yada düşmür...
Məni qınamayın, müharibə vaxtı gündəlik yazanı ələ salıb gülərdilər.
Yox e, yox... Mən bu gündəliyi, məhz müharibədən qayıtdıqdan sonra başlamışam. Torpaqlarımız azad olub! Papağımızı yan qoyub gəzə bilirik! (Bu papaq məsələsini yadda saxlayın!)
--------------------------------------------------------------------------------------------
*Azad Qaradərəlinin “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanına işarədir.
Elə bir hadisə oldu ki!..
Hamı üçün müharibə bitsə də, mənimçün bitməyibmiş.
Elə bu gündəliyi də ona görə yazmağa başlamışam...
Bir növ, ürəyimi boşaldıram.
Biz hərbçilər axı çoxdanışan deyilik...
(Burada bir məsələyə aydınlıq gətirməliyəm. Mən gündəliyimi dəqiq tarixlər üzrə yazsam da, əvvəlki günlərdə yazılanlar o tarixlərdə yazıla bilməzdi. Çünki o tarixlərdə mən anlaqlı vəziyyətdə olmamışam. Sadəcə, həmin tarixləri sonradan bərpa edib yazmışam ki, gündəliyim baş-ayaq olmasın.)
Hə, neçə ki, gündəliyə başlamamışam, bir məsələyə də aydınlıq gətirim. Özünüz oxuyanda biləcəksiniz ki, əslində, bunları yazmağımın səbəbi bir özümün başıma gələn talesizlikdirsə, ikincisi atamdır. Bu kişi mənim həm qürur mənbəyim, həm güvənc yerim, həm arxam-dayağım olub, həm də...
Bilmirəm, bu həm də dediyim hissəni necə yazım ki, atamın xətrinə dəyməsin (bu yazdıqlarımı oxuyub-oxumamağı mühüm deyil, mühüm olan odur ki, mənim atam haqqında bir mənfi kəlməm də ola bilməz, sadəcə, aramızda fərqliliklər var və bu bir-birinə çox bağlı olan ata-oğulun münasibətidir), onu incitməsin...
İş belədir ki, mən hərdən Birinci Qarabaş Müharibəsi barədə atamla mübahisə edirdim. Atam deyirdi ki, bizim zamanımızda mütəşəkkil ordu yox idi, silahlarımız quş tüfəngi idi və sair. Mən isə deyirdim ki, bu dediklərin doğrudur, fəqət döyüşdə silah və mütəşəkkil ordudan çox hərbi nizam-intizam, bacarıq və bunlardan daha çox qorxmazlıq və şücaət tələb olunur. Sizin zamanınızda qorxmazlıq və çücaət çatışmazlığı olub. (Bu barədə böyük hərbçi, sərkərdə və dövlət başçısı, mənim hərb elmində kumirim olan Napoleon Bonapart görün nə deyir:” Əsgərdən ilk növbədə dözüm və səbr tələb olunur, cəsarət bundan sonra gəlir.” Gördünüzmü? Böyük sərkərdə hələ cəsarətdən əvvəl dözüm və səbr deyir. Bizimkilər isə... Eh... Nə deyim axı? Bəlkə də o dövrü mən atam qədər anlaya bilmirəm? Amma hər halda fikrimdə qalıram...)
Atam onda əsəbləşir, hətta mənə acıqlanırdı da. Sonra başlayırdı kəndlərində və rayonlarının digər kəndlərində qəhrəmancasına vuruşub həlak olan oğullardan danışmağa. Düzdür, mən onda bir qədər geriləyirdim. Çünki şəhid adı gələndə, istər-istəməz, sükut etməli olursan...
Amma yenə deyirəm, bütün olan-bitənlərə rəğmən, fikrimdə qalırdım... (Belə “rəğmən-filan” kimi məktəbli cümlələrimi döyüş dostlarım oxusa, mənə güləcəklər. Axı bizim öz danışıq tərzimiz var. Sadəcə, yazı yazanda hərbçidən çox bir abituryentə dönürəm. Elə bil orta məktəbdə oxuduğum illərdəyəm. Hətta fikir versəniz, görəcəksiniz ki, durğu işarələrini də yerli-yerində qoymağa çalışıram. Bunlar da hamısı atamdan gəlir. Kişi bizə öyrədirdi ki, hətta adi bazarlıq üçün qeydlər yazanda da çalışın orfoqrafik səhvlərə yol verməyin. Çünki bu sizin şəxsiyyətinizin göstəricisidir... Ah bu şəxsiyyət?! Sən bizim başımıza nə oyunlar açmadın?! Məcburi köçkün kimi çöllərə düşdük, evsiz-eşiksiz qaldıq, nimdaş əyin-başda gəzdik, amma vüqarımızı qoruduq. Nənəmin sözü olmasın, quru bəy kimi qəddimizi şax saxladıq. Günlərlə ac qalsaq da, birindən bir tikə çörək istəmərik. Bu da o kişinin biz törəmələrinə aşıladığı xislət idi. Uşaqlığımda, ilk gəncliyimdə aldığım o tərbiyə, doğrudan da hərbçi kimi formalaşmağımda böyük rol oynadı. Hərbçi şəxsiyyəti, hərbçi qüruru məni həyatda çox şeydən etsə də, bir şeydən aralı sala bilmədi: dədə-babalarımızın türk mənliyi, türk kişiliyi bizi düşmən qarşısında əyilməz etdi. Buna görə, taleyimə və aldığım tərbiyəyə görə allahıma şükürlər etmişəm həmişə.)
Təkrar edirəm, bu hal bizim atamla Vətən, torpaq, müharibə mövzusundakı söhbət zamanı aramızda yaranan fərqlilik idi. Şəxsi söhbətlərimiz, ailə söhbətlərimizdə mən onunla nəinki heç vaxt mübahisə etməmişəm, heç buna cəhd də etməmişəm...
Çünki atam mənim baş tacım olub.
Nə isə, deyəsən, bu giriş yaman uzandı. Axır ki, özümü toplayıb yazmaq istədiyim gündəliyi başlayıram.
HOSPİTAL. 18 APREL 2022-ci il.
Mən sərhədçi idim. Sərhəd qoşunlarının mayoru.
Bilmirəm, on günmü, ya on bir günmü bundan əvvəl (anlaqlı vəziyyətdən qabaq) azad olunmuş torpaqda sevinc içərisində sərhədlərimizi yoxlamağa gedərkən qəfil ayağımın altında minanın açarının basıldığını hiss etdim və bir zabit çevikliyi ilə anladım ki, ölümlə burun-burunayam və o ağır müharibədən sonra çox ucuz bir ölümlə bu dünyaya əlvida deyə bilərəm. Ürəyim titrəsə də, ayağımı heç cürə qaldırmağa tələsmir, acınacaqlı olsa da, ömrümün saniyələrini uzadırdım bununla. Amma daha bundan artıq uzatmaq qeyri-mümkün idi və şaxtada yorğan altda büzüşən adam kimi əsgər çəkməsində taqətdən düşərək üzülüb-büzülən ayağımı qaldırmağımla bu namərd yadigarı bircə anda partladı və onu qənimət bildim ki, özümü yarğandan aşağı atdım.
Əlbəttə, ilk dəqiqələrdə, bəlkə ilk saatlarda (yəni o an mən nə qədər vaxtdan sonra özümə gəldiyimi anlaya bilməzdim) nə baş verdiyini kəsdirə bilmədim. Yalnız dözülməz ağrılar hiss etdim və yadıma salmağa çalışdım ki, nə baş verib və hardayam. Gözümü açanda söyüdlük, qamışlıq gördüm, lam axan çayın həzin səsin və yosunlu, balıqlı qoxusun, quşların nizamsız ötməyin və dodaqlarımın kilidlənməyini duydum. Gözüm görürsə, qulağım eşidirsə, demək sağam və danışa da bilərəm. Var gücümü toplayıb “eheyyyyyy” deyə qışqırmaq istədim, amma ağzımdan zəif bir inilti çıxdı. Bir müddət belə qaldım. Deyəsən, yenə bayılmışdım. Bu arada bir şeiyn sinəmi əzdiyini də anladım və hansısa əlimi tərpədib sinəmi əzən o əşyanı yoxlamağa çalışdım. Altımda qalan əlimi dəhşətli ağrılar səbəbi ilə çıxarda bilməsəm də, o biri əlimi tərpədə bildim və hətta uzadıb sinəmi əzən şeyi yoxlayanda məlum oldu ki, bu döş cibimdəki telefonumdur. Yalnız indi mənə əlavə qüvvə gəldi. “Sağam və ağlım başımdadır. Ölü olsaydım, bu mənzərəni görə bilməz, səsləri eşitməz, qoltuq cibimdəkinin telefon olduğunu anlamazdım. Sağam! Sağam! Ölməmişəm! Bu ucuz ölümdən qurtara bilərəm... Bircə telefonumu götürə bilsəm... Oyyyy...”
Çönmək istəyəndə ölümünə ağrıdan başım dolandı, bu söyüdlük, qamışlıq fırfıra kimi başıma fırlandı, deyəsən, huşumu yenə itirdim. Huşumu itirsəm də, quşların səsini eşidir, o çayın həzin axışını duyurdum... Və bu vaxt qəribə hadisə baş verdi. Kimsə başımın üstündə durub çağırırdı.
“A bala, qalx ayağa, sənin axı zabit qürurun var! Düşmən gülləsindən ölmədin, indi gəlib bu mina partlamasına can verəssən?.. Qalx, ə, qalx!”
Ölsəm, bizim kəndin arvadlarının sözü olmasın, beş qarış torpağa qoyulsam, bu səsi eşitsəm, yenə tanıyaram! Mənə həyat bəxş edən, məni mən edən səsdir bu! Kövrəldim...
Atamın səsi idi. Dava başlayanda gördüm yan otaqda anama deyir ki, yaşım altmışı keçsə də, döyüşə getmək istəyirəm. Qüruruma toxunur evdə oturmaq. Bu uşaq da hərbçidi... Onun işi nə olacaq görəsən? Ailəsi var axı... Bir yandan da hərbçidir, zabitdir... ”
Bax o gecənin səhəri çıxıb getmişdim evdən. Zabit olsam da, biz arxa cəbhədə, sərhəd dəstəsində idik. Heç bizi aparmaq barədə düşünmürdülər də. Amma mən getdim. Özüm getdim...
İndi kişi gəlib durub başımın üstündə.
“Ata... Ay ata... Kömək elə durum ayağa... Yaralıyam deyəsən...”
O məni eşitmirdi elə bil. Elə hey danışır, danışırdı. Qəribədir ki, indi mən onun nə dediyini başa düşmürdüm. Az sonra o susdu. Düşdüyüm bu Araz qırağındakı söyüdlüyün, qamışlığın beş kilometrliyindəki hündür dağ kimi başımın üstündə dayanıb susan atam elə susmağı ilə də mənə dayaq oldu. Bəzən susmaq danışmadan daha yaxşı təsir edir. Necə ki, etdi də. Sanki mənə əlavə güc gəldi. Burada uzandığım müddətdə yadıma Horadiz uğrunda döyüşümüz düşüdü. Axı mən o döyüşdə də minaatan qəlpəsindən yaralanmışdım. Düzdür, minaatanla yerə namədcəsinə basdırılan mina eyni şey deyil, amma qəlpə həmin qəlpədir...
Hə, qəlpələr ətrafa səpələnəndə qolumdan yaralanmışdım. Amma dayanmaq vaxtı deyildi. Elə qan axa-axa irəli getmiş, tankçılara əmrlər vermişdim. Cəbhə yoldaşlarımın çoxu yaralı idi. Hətta döyüş maşınlarımız da sınıq-salxaq gündə idi. Nə dayanıb yaramızı sarımağa, nə də tankları, PDM-ləri təmir etməyə vaxt vardı. Elə qan axa-axa irəli getmişdim. Cəbhə yoldaşlarımın çoxu yaralı idi. Döyüş isə davam edirdi.
Deməyim odur ki, bu hiss mənə tanışdır. İndi atamın da yanımda olması, üstəlik minaatan qəlpəsi ilə tanışlıq gücümə güc qatdı...
Gözümü açanda o yox idi. Bircə anda dəhşətli ağrılara qalıb gəlib qalxdım. Və onda anladım ki, ayağımın birini mina aparıb...
Telefonumu çətinliklə də olsa döş cibimdən çıxardıb zəng etdim, yerimi bildirdim... Amma uşaqlar artıq mina partlayışından sonra bura doğru hərəktədə imişlər. Əsgərlərdən birinin səsi hələ də qulağımdadır:”Döz komandir, döz. Qəti təslim olma! Beş dəqiqəyə yanınızdayıq!..”
(Və yadıma salmağa çalışıram ki, necə oldu mən dəstədən bu qədər aralı düşdüm?.. Axı... Hə, hə! Düşdü yadıma!.. Məni qonşu zastavaya dəyişmək istəyirdilər. Amma burada bir problem vardı, onu çözmədən getmək istəmirdim. Vejnəli qızıl yatağının lap yaxınlığında bir erməni postu vardı və o postdan bizim mövqelərimizi daim nəzarətdə saxlayırdılar. Müharibə bitsə də, o postun orada qalması komandir kimi daim məni narahat edirdi. Yəqin ki, haçansa bu qızıl mədənlərində qazıntı işlərinə başlanacaq, onda o postdan bizim qazıntı aparan dinc insanları narahat etməzdilərmi? Təbii, edərdilər. Ona görə də, rəhbərliyə məsələni izah edib, həmin postu güllə atmadan ləğv etdikdən sonra qonşu zastavaya dəyişdirilməyimi xahiş etmişdim. Buna görə də, sərhədçiləri irəli buraxıb, özüm həmin postun ətrafında müşahidə aparırdım ki, belə bir bədbəxt hadisə baş verdi...)
...Atamın yerində bir kişi oturub. Eynən atamın fizonomiyasındadır. Eynən. Amma o deyil. Atama oxşasa da, mənə arxasını çevirib. Qırımından bilirəm ki, hirslidir. Amma tanımadığım adam mənə niyə hirsli olsun ki?! Anlamıram.
İstəyirəm soruşam adamdan ki, bura haradır? Sən kimsən? Niyə mənə arxanı çevirmisən?
Soruşa bilmirəm. Ona görə ki, əvvəla nitqim yoxdur. Dodaqlarım kilidlənib. İkincisi də...
Eeeee... Nə ikincisi, üçüncüsü salmışam?! “Ay dayı, sən kimsən?” – qışıqrsam da səsim çıxmır. Qəribədir, səsim çıxmır, amma o, səsimi eşidir. Hirsli-hirsli mənə sarı dönür.
Ay daaa! Bu ki mənim öz babamdır! Bu niyə...??? Necə? Babam? Bəs axı bu ölmüşdü?! Yoxsa... Dayan e!!!........
Yoxsa, mən ölmüşəm?
Yadıma düşdü! Yadıma düşdü! Mən minaya düşmüşəm! Hə, hə! Minaya!..
Sevinirəm...
Qəribədir, nəyə sevinirəm ki? Minaya düşməyimə sevinirəm?
Sən necə hərbiçisən, axmaq?! Əlbəttə, sağ olmağıma sevinirəm...
Yaxşı, bildik, sağam... Bəs bu kişi? Bu mənim ölmüş babam deyl!? O ki ölmüşdü?! Hələ qəbiri, başdaşısı da vardı...
Vay səni...
Bu kişi yaxşı adam idi, amma onun didaktik göstərişləri (lap atam kimi danışdım, müəllimfason) lap məni bezdirmişdi. “Ay uşaq, sənə deməmişəm ki........”
Qəfil kişinin ağzı açılır, nə açılır:
“Ay uşaq, a bala, sən mayorsan, əsgərsən, qəhrəman bir ordunun əsgəri...”
“Mən zabitəm...” – kişinin səhvini düzəltməyə çalışıram. Qəribədir, dodaqlarım bir-birinə bağlansa da, o məni eşidir.
“Olsun zabit... Sənə neçə dəfə demişəm ki...”
“Başlandı də...”
“Yeriyəndə ayağının altına bax...”
Nənəm demişkən, arsız canım, canımla əlləşdiyim vaxtda yadıma nə düşür. Birdə oxuyuram. Babam qolumdan tutub məktəbə aparır. Əlimi dartıb əlindən çıxardıram və özüm yeriməyə başlayıram. Bu vaxt ayağım bir kəpirli qayaya ilişir, üzü üstdə yerə gəlirəm. Kişi tez qolumdan tutub qaldırır və qışqırır üstümə:
“Sənə deməmişəm, ayağının altına bax!”
Tez sağ ayağımı qaldırıb altına baxır və mən də qışqırıram:
“Baba, baxdım!”
Kişin hirsli üzünə təbəssüm qonur və gülümsünür. Mən də ağrıdan ağlamaq istəsəm də çar-naçar gülürəm...
“Baba...”
“Can...”
“Yadındadı?”
“Nə?”
Gözlərim axır. Dilim tutulur. Babam yox olur və yerində atam əyləşir. Nə qədər atama söz demək istəsəm də, dilim dönmür. Uzaqdan babamın silueti görünür və mənə əl edib qeyb olur. Ha can atsam da, kişinin dalınca gedə bilmirəm. Baxıram ki, qolumdan kimsə tutub, babamın dalınca getməyə qoymur... Dartınıb əlindən çıxmaq istəsəm də, gücüm çatmır. Arıq olsa da, çox güclüdür. Həm də güclüdən başqa, nəsə bu əllərə güc göstərə bilmirəm və nəhayət, təslim oluram... Yalnız indi baxıb görürəm ki, bu atamın əlləridir...
Qəribədir, atamın əlləri məni bərk-bərk tutsa da, özünü görə bilmirəm. Hiss edirəm ki, məni qarabasma çuğlayır. Yoxsa, niyə bu kişinin özü yox, əlləri tutub məni?!
Var gücümlə qışqırır, qışqırıram:
“Ataaaaaaa!!!”
...Gözüm yumulu olsa da, ağlım yerindədir. Hiss edirəm ki, artıq ətrafımda səslər eşidilir. Hərbçilər və hərbi həkimlər “Vejnəli”, “Sərhəd dəstəsi”, “Qızıl mədənləri”, “Təcili” kimi sözlər işlədirlər və qəribə də olsa, ən çox yaddaşımda “Qızıl mədənləri” sözü ilişib qalır. Təbəssüm çökür üzümə bu ağır məqamda. “Qızıl mədənlərinin yanında qızıl qanım axdı...”
Sonra daha heç nə hiss etmirəm...
...Yeri gəlib, sizə Vejnəli qızıl mədənləri haqqında söhbət açmaq istəyirəm. Gedib o əski qızıl mədənlərinə çıxmışdıq dostum Talehlə. (Taleh haqqında sizə ayrıca danışacam. O da bir igid oğlandır. Həm də yaxşı dostdur.)
Demək, buralarda Sovet vaxtı 1984-cü ildən kəşfiyyat işləri aparılırmış. Sonradan öyrəndik ki, kəşfiyyat adıyla bu mədənlərdən xeyli qızıl çıxarıblar. Özü də maraqlıdır ki, çıxarılan külçələri emal olunmaq üçün İrəvana daşıyırmışlar.
Hospitalda boş vaxtım çox olduğundan internetdə qurdalanarkən Vejnəli qızıl yataqları haqqında mühüm bir xəbərə rast gəldim. (Yəqin bildiniz, bunları sonralar, özümə gələndən sonra rahat vaxtda yazıram.) Orada deyilirdi:
“Digər torpaqlarımızla yanaşı, Vejnəli də erməni işğalında olanda Ermənistan burada talançılıqla məşqul olub. Genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismarına cəlb edilmişdir. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən olan Vartan Sirmakesdir.
V. Sirmakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V. Simakes “ArmSwissBank” bankının təsisçisidir. O bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. Sirmakes Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu “Franck Muller” şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. O, keçmiş prezident Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.”
İndi bildiniz Fransa və digər Avropa ölkələri niyə bizi deyil, Ermənistanı müdafiə edirlər?!
Əlbəttə, mən hərbçiyəm və hərbçi dostlarımla birgə əmr yerinə yetirərək Vətən torpaqlarını azad etmişik. Amma düşünürəm ki, bizim qələm adamlarımız, diplomatlarımız erməni diasporunun sütunları olan Vartan Sirmakes kimilərinin maskasını sökməli, xalqımıza və dünya ictimaiyyətinə gizli qalan məqamlar üzə çıxmalıdır.
HOSPİTAL. 19 APREL.
Ağır əməliyyatdan sonra qulağıma qadın səsi gəlir. Elə bil kimsə oxuyurdu. Fatma Mehrəliyevanın səsinə yaxın qəmli bir səs... Ya da yox, oxumurdu, mərsiyə deyirdi... Yaxud məşhur ağıçı qadınlardan biri ağı deyirdi... Sözlərini anlamırdım, sadəcə “Eeeeeeeeeee-eheeeeeeeee” kimi səslər gəlirdi qulağıma. Bu əsnada, nədənsə ilk olaraq evimizdəki xanımlar - anam, bibilərim, həyat yoldaşım yadıma düşür. Elə bil dünən idi. Martın 8-i. Şad-şalayın evə görüntülü zəng vurdum. Bu gün hamı sevgilisinə gül-çiçək bağışlayacaq... Mən isə telefon zəngi ilə kifayətlənməli olmuşdum... Adi hərbçi taleyi... İndi isə... Həyatım, gələcəyim naməlumdur. Mənimki çiçəksiz qalacaq. Əşi, çiçək cəhənnəmə e, onun oğlanının bir ayağı artıq yoxdur!.. Görəsən, o məni bu şəkildə necə qəbul edəcək?
Hələ dostlarım?! İş yoldaşlarım?!
Yəqin ki, daha məni sevdiyim peşəmə yaxın buraxmazlar...
Bir ayağı olmayan, hələ üstəlik, yaddaşında da problemləri olan mayor kimə lazımdır axı?..
Bəlkə də artıq mayor yox, keçmiş mayor... Daha doğrusu, istefada olan mayor demək lazımdır...
Qəhərdən boğuluram. Hərbçi qürurum imkan versəydi, doyunca hönkürüb ağlayardım...
Bu vaxt həmişə məni ən çətin məqamlarda ağır vəziyyətlərdən çıxardan səs eşidilir...
“Oğlum, necəsən? Şükür allaha, dünənnən bəri babatlaşmısan. Daha qusman da dayanıb. Gözlərində həyat var. Anangil də yoldadır, bir azdan gələrlər.”
Özümü itirirəm. Mən, axı deyəsən ayılıb eləməmişəm?! Yəqin bir azdan babam da gələcək... Bəs tibb bacısı niyə gülürdü? Hələ dediyi sözlər:”Təbrik edirəm, cənab mayor! Əməliyyat uğurla keçdi!”
Demiyəsən, o dünya ilə bu dünyanın arasında vuruşmam davam edirmiş...
“Şükür allahın kərəminə, oğlum! Allah səni bizə təzədən verdi!” – atam ağlayır, amma tez də üzünü yana tutur ki, mən görməyim ağlamağını. Onun həqiqət olduğunu bilmək üçün əlimi uzadıb atamın əlindən tuturam. Yox, yox! Bu yuxu-filan deyil! Yox, daha bu qarabasma deyil. Atam, həqiqətən yanımdadır neçə günmüş burdaymış...
Atam sanki özünün həqiqətən mövcud olduğunu bildirmək üçün əyilib sarıqlı sifətimdən öpür. (Qəlpə üz-gözümü də yüngül yaralayıbmış, sonra biləcəm bunu.)
Qəhər yenə boğur məni. Atam heç vaxt bizi öpməzdi. Zəhmli, acı baxışlı, qorxunc simalı kişi... İndi isə... Hə, hə! Bu, atamdır. Mənim belə olmağım onun da xasiyyətini dəyişib...
Danışır.... Evimizdən, ailəmizdən... Anama demirmişlər. Axırı televizordan eşidib, bu gün gəlir hospitala...
(Elə bu iki daşın arasında gör nə yadıma düşüb... Bilmirəm, hospitalmı düzdür, qospitalmı? Belə baxanda, nə dəxli var, ya qospital, ya hospital?.. Amma var dəxli. Mən axı müəllim oğluyam. Atam əlifbamızın dəyişməsindən, dilimizin əsil adının türk dili olmasından, Stalinin əmri ilə onun Azərbaycan dili adlandırılmasından dəfələrlə danışırdı yana-yana. Deyirdi ki, biz bir millət kimi o zaman özümüzü tanıyacağıq ki, öz kimliyimizi dərk edəcəyik. Otuzuncu illərəcən babalarımızın pasportunda milliyyəti türk, dili türk yazılırdı... Sonra alçaq ruslar, stalinçi bolşeviklər dəyişdi milliyyəti azərbaycanlı, dili Azərbaycan dili elədi... O vaxtdan üstümüzə ölü torpağı səpilib elə bil. Özümüzə gələ bilmirik... Bax, neçə ildir müstəqilik, yenə o problemlər qalır...
İndi o qospital-hospital da o sıradan bir məsələdir...)
“Ata...”
“Can...”
“Babam hanı bəs?!”
“Baban? Nə baban?”
“Babam da burdaydı axı?”
Kişinin gözlərindəki atəş sönür elə bil. Qəddi bircə anda əyilir. Yıxılmamaq üçün əl atıb mənim çarpayımın dəmirindən yapışır. Bir az aralıda dayanan tib bacısı bunu hiss edib atamı tutur. Kişini yaxındakı stula əyləşdirir...
Təlaşla atama baxıram və yenə danışıram.
“Ata... Babamı deyirəm də... O da burdaydı... Mənə hirsləndi də... Dedi, demənişəm ayağının altına bax...”
Atamın təzyiqini ölçürlər. Sonra palataya həkimlər gəlir. Və atamı hara isə aparırlar...
Mən yerimdən qalxmaq istəsəm də, bacarmıram. Və qışqırıram:
“Ataaaaaa!”
Qəfər yatağından qalxıb yanıma gəlir. Sonra tibb bacısını çağırır. Mənə iynə vururlar. Sonrası yadımda deyil...
HƏMİN GÜNÜN GECƏSİ. SAAT 23.30.
Öyrənirəm ki, Zəngilanın Vejnəli kəndindəki sərhəd zastavasında minaya düşəndən sonra məni Füzuli hərbi qospitalına yerləşdirmək istəyiblər. Amma həm çox qan itirdiyimdən, həm də qanaxmanı durdura bilmədiklərindən məni vertolyotla Bakıya gətiriblər. Hətta onu da öyrəndim ki, həkimlər vertolyotda da əməliyyatı davam etdiriblər ki, qanaxma davam etməsin. Və nəhayət, Bakı hərbi hospitalında uzun sürən əməliyyat başlayıb...
Bunları atam danışırdı və danışdıqca hiss edirdim ki, kişi çox əzab çəkir. İndi o da yoxdur. Tibb bacısından atamı soruşuram, deyir, iki gündü, yorğun, yuxusuz idi. Həkimlər evə göndərdilər ki, özünə gəlsin...
Amma yox, nəsə bir tərslik var. O mənimlə söhbətdən sonra o günə düşdü. Hə. Dəqiq. Amma niyə? Mən nə dedim ki?
Nə qədər fikirləşsəm də dediyimi yadıma sala bilmirəm. Ona görə Qəfərdən soruşmalı oluram.
“Qəfər.”
“Hey.”
“Atamla mənim söhbətim yadındadır? Biz nə barədəsə danışırdıq, birdən kişinin halı pisləşdi...”
“Hə, yadımdadı... Belə... Zaddı... Sən gərək ki, ona dedin ki, bəs babam hara getdi? Axı o da burdaydı? Bax, onnan sonra kişinin halı pisləşdi?.. Babana nə olub? Babanla atanın arasında nəsə var?”
Ay səni... Həəəəə... Atamdı ki, atamdı! O mənim ölmüş babamı görməyimdən qorxub! O elə bilib ki, babam gəlib məni aparmağa!.. Ya da elə bilib ki, mən heç ayılmamışam... Elə bütün bu danışdıqlarım qarabasmaymış...
“Ata, ay ata!” – bağırtıma tibb bacısı gəlir və artıq çarpayıdan qalxmaqda olduğumu görüb məni Qəfərlə birgə tutub saxlayır, sonra da sakitləşdirici vururlar...
Yenə gözlərim axır və daha heç nə xatırlaya bilmirəm...
HƏMİN GECƏ. SAAT 24.00.
Qəribədir, iynə vurublar, amma yata bilmirəm. Özümü pis hiss etsəm də, başımı ayrı bir şeylə qatmaq istəyirəm. Gözümü yumub kəndimizi xatırlamağa çalışıram. Biz oradan çıxanda nə yaşım vardı ki, nə də xatırlaya bilim?..
Amma atamın sayəsində çox şey öyrənmişəm kəndimiz haqqında.
...
Mən Zəngilanın Məmmədbəyli kəndində doğulmuşam. Əvvəlki adı Tərəkəmə olmuşdur. 20 oktyabr 2020-ci ildə ordumuz buranı işğaldan azad edəndə sevincimdən göyə bir daraq patron buraxmış, atəşfəşanlıq etmişdim! Sonra atama zəng etdim. Onu ilk mən muştuluqladım. Bir müddət səsi çıxmadı. Bildim ki, ağlayır...
Kəndimizin adı 19-cu əsrin görkəmli şairi Məhəmməd bəy Aşiq Zəngilaninin adı ilə Məmmədbəyli adlanıb. Mən orta məktəbdə oxuyanda atam evimizə bir kitab gətirdi. Oxudum, üstündə “Aşiqlər”* yazılmışdı. Elə bildim ki, hansısa məhəbbət dastanıdır. Amma atam kitaba baxıb yerə qoyduğumu görəndə acıqlandı mənə:
“O kitabı bütün qarabağlılar, zəngilanlılar, məmmədbəylilər oxumalıdır. Birinci, elə sən oxuyacaqsan...”
Atam elə-belə söz deməz. Demək, biz qaçqın-köçkünlərə aid nəsə var burada. Ona görə kitabı aparıb dərs kitablarımın arasına qoydum. Boş vaxtım olan kimi açıb oxumağa başladım.
Elmi kitabda üç şairdən bəhs olunurdu: Məhəmməd Bəy Aşiq Zəngilani (ata), Əbdüssəməd bəy Aşiq Zəngilani (oğul) və Xosrov Cavanşir (nəvə). Üçü də şair, ziyalı olublar.
----------------------------------------------------------------------------
*Azad Qaradərəlinin “Aşiqlər” (Bakı, Şirvannəşr, 2008, 128 səhifə.) kitabına işarədir.
Bizim kəndə adı verilən Məhəmməd bəy Aşiq təxminən 1790-cı ildə Şuşada doğulub. Orada olan bir hadisəyə* görə ailələri Zəngilana sürgün olunub. (Adını çəkdiyim kitabdan oxuduqlarım yaddaşımda yaxşı qalsa da, üstündən xeyli vaxt keçmişdi və mən bu sətirləri yazanda internetdən həmin kitabın PDF-ini axtarıb tapdım və yaddaşımı təzələdim.)
Məhəmməd bəy Aşiq sonralar Zəngilanda məşhur bir mülk sahibi kimi tanınır. Yazdığı qəzəllər və qoşmalar Məhəmməd bəyi Qarabağda sevilən şairə çevirir. Lakin Kəngərlilərdən olan xanımının qohumları ilə qovğalar, yerli mülk sahibləri ilə münasibətlər çarın gözündə Məhəmməd bəyi şübhəli şəxsə döndərir və onu Çariçsına (gərək ki, indiki Saratov şəhərinı) çürgün edirlər. Mirzə Fətəli Axundovun, Qasım bəy Zakirin işə qarışması nəticəsində sürgün Ordubadla əvəz olunur.
Tanınmış şair və mülk sahibi olan Məhəmməd bəy Aşiq Zəngilani gözəl şeirlər müəllifi idi.
Onun bu qoşmasını 44 günlük müharibə zamanı uca səslə muğam üstdə oxumağı sevərdim:
Təzədən bir eşqə düşmüşəm yenə,
Ala gözlü bir şux gəlin sevmişəm.
Mina gərdənini, tər sinəsini,
Rəna qəddin, qulac qolun sevmişəm.
Qədrü qiymət bilən bir əsilzadə,
Namü nişanını demərəm yadə,
Sərasər əndamı oxşar şümşadə,
Nazik ayaqların, əlin sevmişəm.
Bəyənmişəm onun məcmui-karın,
Şövqündə var idim bir belə yarın.
Xoş ədasın, xoş rəftarü gövtarın,
Danışanda şirin dilin sevmişəm.
Görməmişəm belə zülfü dəhan tək,
Yüz min əsiri var, əlbəttə, mən tək,
Gülüstana düşmüş zağü zəğən tək,
Ay qabaqda siyah telin sevmişəm.
Mişki-kakilinin sərgəştəsiyəm,
Növgi-müjganının dil xəstəsiyəm,
Aşiqəm, zülfünün pabəstəsiyəm,
Uzun saçın, incə belin sevmişəm.
(Qoşmanı telefonumun yaddaşına yazmışdım deyə bura da ordan köçürürəm.)
-------------------------------------------------------------------------------------------------
*Bu barədə bütün “Qarabağnamələr”də, o cümlədən müəllifin sözügedən “Aşiqlər kitabında məlumat var. 1895-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə alarkən üç nəfəri Qarabağ xanı İbrahim xandan girov qismində istəmişdi: Məhəmməd bəy Cavanşir (xanlığın ordu başçısı və xanın əmisi oğlu), Əbdüssəməd bəy (Qarabağın sayılan ağsaqqallarından biri, xanın yaxın qohumu) və saray vəziri Mirzə Vəli Baharlı. Təbii, Məhəmməd bəy Cavanşiri xan vermir, qalan iki nəfəri isə şah girov qismində özü ilə İrana apararaq şəhərin mühasirəsini ləğv edir. Bir müddət sonra İbrahim xanın Rusiya ilə münasibətlərinin isinməsi şahı qəzəbləndirir və girovları edam etmək qərarına gəlir. Mirzə Vəli edam edilir, Əbdüssəməd bəy isə dəstəsi ilə qaçarkən öldürülür. Hər iki məşhur adamın qohumlarının ona qarşı müxalif olacağından ehtiyat edən İbrahim xan, Əbdüssəməd bəyin qardaşı uşaqlarını (bəyin öz övladı yox idi) və Mirzə Vəli Baharlının ailəsini Zəngilana sürgün edir. Bu sürgün olsa da, burada onlarçün torpaq sahələri ayrılır, yaşamaqları üçün şərait yaradılır. Əbdüssəməd bəyin qardaşı uşaqları Zəngilan kəndində, Mirzə Vəli Baharlının övladları isə Baharlı kəndində (Muğadəm Baharlısı) məskunlaşırlar. Sonralar Məhəmməd bəy öz oğluna əmisi Əbdüssəməd bəyin adını vermişdi. Zəngilanın Baharlı kəndindəki Mirzə Haşım qəbiristanlığı isə Mirzə Vəli Baharlının oğlu Mirzə Haşım Zərrinqələmin adı ilə bağlıdır.
Məhəmməd bəyin oğlu Əbdüssəməd bəy də şair təbiətli adam idi. Dediyim kitabda onun da gözəl şeirləri vardı. Ancaq kitabın yazarı göstərirdi ki, Əbdüssəməd bəyin də təxəllüsü Aşiq olduğundan yazdıqları atasınınkı ilə qarışıq düşmüşdür. Bir az sonra onun sevdiyim bir qəzəlini yadıma salmağa çalışacağam. (Nədənsə PDF-də elə bil rast gəlmədim o qəzələ.) İndi isə Əbdüssəməd bəylə bağlı bir əhvaltı gündəliyimdə qeyd etmək istəyirəm.
Bizim kəndimiz Məmmədbəylini atası Məhəmməd bəyin əlindən aldıqları üçün o, Tiflisə getmiş, general-qubernatora şikayət etmişdi. Lakin Tiflisdəki qələm adamları, atasının və özünün yaradıcılığına, şəxsiyyətinə hörmət bəsləyən ziyalılar onun başına yığışırlar. Məclisin şirin yerində xəbər gəlir ki, general-qubernator bəyi iqamətgahında gözləyir. Onda bəy qubernatora belə bir sifariş göndərir:”Tiflisin ən üzdə olan ziyalıları bu gün mənim başıma yığışmışlar. Qoy qubernator özü buraya gəlsin. Yoxsa, mənə kənd-zad lazım deyil.”
Bəyin belə sərrast sözləri, vüqarlı danışığı o vaxt mənə çox ləzzət etmişdi. İndi isə Əbdüssəməd bəyin vəd etdiyim ən məşhur qəzəlini yadımda necə qalıbsa, elə də bura köçürdəcəyəm. İnanıram ki, bu gündəliyi oxuyan olsa, şairə əhsən deyəcək:
Qara gözlülərə möhtac olur könlüm qocaldıqca,
Bəli, əfsun olur nabi-hərarət od aldıqca.
Gəzər tərlan xəyalım kuhi səhranı, bir məsəldir bu,
Tülək tərlan şikarın artırar hər il dolandıqca.
Baxanda şaxi-lumiyə, əzizim, heç məlahət yox,
Lətafət görsənir şaxində lumilər saraldıqca.
Könül, gülzarə meyl etmə, vəli biar olarsan sən,
Gülü əldən gedən bülbül olur rahət usanlıqca.
Sənubər qəddinə mail olan Aşiq, nə mailsən,
Düşüb sərkərdan gəzər sən hər ucaldıqca.
(Bu qəzəli ilk dəfə Zəngilanın xanəndəsi Aşurun ağzından eşitmişdim. Sonralar atam gətirdiyi kitabda görüb, köhnə dostla görüşürmüş kimi sevindim. Elə o vaxtdan əzbərləmişəm.)
Əbdüssəməd bəyin oğlu Xosrov Cavanşir də babası və atası kimi təbli adam olub. Kitabda da var bu haqda, babam da deyirdi ki, Xosrov müəllim Pirçivan bazarına çıxanda hamı bu yaraşıqlı kişiyə tərəf boylanar, heyranlıqla ona tamaşa edərdi. Çar höküməti kimi Sovet höküməti də bu nəsilə qarşı düşmənçilik edib. Xosrov müəllimi 1944-cü ildə antisovet təbliğatı aparmaq adı ilə həbs edib Rustaviyə sürgün ediblər...
Gündəliyimdə, bəlkə də, kimlər üçünsə bir hərbçinin bu yazdıqları qəribə görünə bilər. Buna cavab olaraq bildirim ki, bunları xatırlamaq və elə bura yazmaq, elə birincisi mənim özümə lazım idi. Çünki mən bu gözəl qələmə və gözəl qəlbə malik insanların taleyini xatırladıqca mənsub olduğum xalqa təzədən vuruluram. Baxın, yüz illər boyu rus və fars işğalçıları təkcə torpaqlarımızı işğal etməklə kifayətlənməyiblər, həm də mənəviyyatımıza zərbə vurublar. Elə bu nəslin timsalında hər şeyi görmək olar: Şuşadan İrana girov aparılmaq, Şuşadan Zəngilana sürgün olunmaq, Zəngilandan Çaritsına, Ordubada sürgün olunmaq və xalq düşməni adı ilə Rustaviyə sürülmək...
(Dedim axı, bəlkə kimlərəsə mənim bədii ədəbiyyata, şeirə belə isti münasibətim qəribə gələ bilər. Amma unutmayaq ki, bizim bir çox görkəmli hərbçilərimiz hərbçi olmaqla yanaşı, həm də gözəl ədəbiyyat bilicisi, şeir-sənət aşiqi olublar. Baxın, general İsmayıl bəy Qutqaşınlı hərbi qulluqçu ola-ola özünün məşhur “Rəşid bəy və Səadət xanım” əsərini qələmə almadımı? Fransız dilində yazdığı bu hekayə Varşavada nəşr olunmadımı? Hələ Abasqulu Ağa Bakıxanov! Onun saysız sayda əsərləri var. Mirzə Fətəli Axundovu isə heç demirəm... O bir dahi idi... Yəqin ki, mənim də ədəbiyyata belə hədsiz marağımın kökündə belə böyük hərbçilərimizin təsiri olmamış deyil. Allah onlara qəni-qəni rəhmət etsin... Düzdür, mənim ədəbiyyata marağım, xüsusən bir zamanlar şeir yazmağım başıma iş açsa da, boynuma alım ki, ədəbiyyta, sənətə heç zaman biganə olmamışam.)
Yazıçının haqqında bəhs etdiyim kitabında bu şairlərin hansınasa aid olan iki misra yadımda qalıb ki, bir hərbçi kimi bütün həyatımı o misralar müşayət edib:
Gülə aşiq olan bülbül, düşməzmi gülşənin yadə,
Bülbül, sənə haram olsun əbəs cəh-cəh bu dünyadə...
Hə, kəndimiz Məmmədbəylidən danışırdım axı, söhbət kəndin adı ilə bağlı olduğu üçün bu qədər uazandı. Kəndimizdə məşhur bir türbə də var ki, tarixdə elə Məmmədbəyli türbəsi kimi tanınan bu abidəni Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilmişdir. (Bu məlumatı hospitalda yatarkən vikipediyadan götürmüşəm.) Binanın memarı və bənnası XIV əsrdə İpək yolu üzərindəki bütün abidələri yaratmış Əli Məcdəddindir. Kitabədə göstərilən "Əl-Hac" ləqəbi bütün orta əsrlər dövründə dövlət xadimlərinə verilərmiş.
Göründüyü kimi, Zəngilanın üçüncü böyük yaşayış məntəqəsi olan Məmmədbəylinin zəngin tarixi və mədəniyyəti olmuşdur.
20 APREL. SÜBH ÇAĞI
Həmidi gətiriblər hospitala. Maşınları postdan qayıdarkən qəzaya uğrayıb. Onsuz da bədənlərində sağ yer olmayan iki əskərlə yanaşı, baş leytenant Həmid də yaralanıb. Həm qolu sınıb, həm də kantuziya alıb. Üç gün imiş buradaymış. Ötən gecə özünə gələn kimi məni xatırlayıb. Süb çağı gəlib çıxıb bizim palataya.
İkimiz də qucaqlaşası halda olmasaq da, birtəhər üzümüzü üzümüzə sürtə bilirik. Elə bu vəziyyətdəcə Həmid zarafatından qalmır:
-Ermənilər eşidiblər ki, sən bir ayağını itirmisən, qədeş canı, Yerevandan da qaçmağa başdıyıblar ki, alə, bı hindi birayaq gələcey üstümüzə!
Uğunub gedir gülməkdən. Gülməyə çalışıram, amma hər yerim ağrıdığından gülmək əvəzinə, iniltiyəbənzər səs çıxardıram.
Mən də söz altında qalmıram:
-Bilsələr ki, sən kantuziya almısan, day qanları getdi, deyəcəklər ki, hələm ağıllı idilər bizə belə divan tutmuşdular, gör dəli-dülülər üstümüzə gəlsə, nə olacaq!
Gülüşürük.
Səs-küyümüzə qonşu palatalardan da yığışıb bizim palataya gələnlər var. Hamısı qəşş edib gülürlər. Çoxdandı bu divarlar belə gülüş, şənlik səsi eşitməmişdi. Sağ olsun Həmidi. Müharibənin qızğın vaxtında elə gülməli lətifələr düzüb-qoşurdu ki, qırılırdıq gülməkdən. Dava-zad eynimizə deyildi.
Bir dəfə Həmid yaralanıb, qanını saxlaya bilmirik. Nəhayət, rezinlə çəkib bir təhər qanını saxlamışıq, indi hərbi hissədən gələsi maşını gözləyirik ki, onu arxaya göndərək. Rezini sıxan əsgərin sir-sifəti təmiz qandır. Qan quruyub, üzü gülməli hala düşüb. Su da yoxdur ki, üzünü yusun. Birdən Həmid zarıya-zarıya həmin əsgərə nə desə yaxşıdı? “Alə, ged üzüvü yu də... Əbezyana oxşayırsan lap...”
Özü də gülür, elə o vəziyyətdəcə biz də soyuq-soyuq gülüşürük. Buna bəndmiş kimi başlayır təzə aneqdot quraşdırmağa... “Deyir, bir gün bir rusnan bir ərməni uzax səfərə çıxurlar, qabaxları qarannıxleyir, meşede qalası olurlar. Bir də görürlər ki, bir heyvan ağacda o yan-bı yana atdanır, qışqırır. Ərməni qorxur, rusdan soruşur ki, ala, qedeş, bu nedür? Rus qeyidir ki, Əbezyan... Ərməni o sahat sevincek başdıyır atdanıb qışqırmaya ki: ala, buralar da bizimdür ki!”
Eynən indiki kimi qəşş eləyib gülüşürük. Bu vaxt mediklər gəlib çıxır və qalırlar məəttəl ki, bayaqdan ratsiyada yalvarırdılar, yaralımız var, onu qan aparır, indi gülüşürlər...
Həmid belədir. Heç nədən bir yumor qoşan, bəzəyib-düzəldəndir. Ölür şəbədə qoşmağa.
Gipsdəki qolunu göstərir:-Alə, bir kino varıydıye, “İtalyanların Urusiyətdə qəribə sərgüzəştləri”, bax oradakı italyan var, ayağını gipsə salıblar ha, mən ölüm onun vəziyyətindəyəm... Bəlkə biz də gedey Vejnəlidəki qızıl medenlerində qızıl axtarey...
-Yavaş, boğazında qalar!- bunu mən deyirəm və yenə gülüş səsləri palatanı bürüyür.
-Olmadı, cənab hərbçilər, olmadı! Siz axı qayda-qanunu sevən adamlarsınız! Səhərin gözü açılmamış bu nə hırhahırdır?! – növbətçi həkim hirslə qışıqırır.
Həmid yenə söz altında qalmır:
-Doktor, bu adam bizim komandirimizdür, Vejnəli qızıl yatağından xeyli qızıl çıxardıb, bizim payımızı vermür... Nöş belənçik edir, deyin bizim qızıllarımızı versün, yoxsa şikayət eliyəceyiy...
Hamı gülüşür və həkim şübhəli halda mənə baxıb hirslə palatadan çıxır.
Həmid belə oğlandır. Bakılı balasıdır və müharibə vaxtı şirin ləhcəli söhbətləri ilə daim bizi güldürərdi.
Həmid gedərkən qapıdan qəfil geri dönür və əlindəki qəzeti mənə uzadaraq qəhərlənir. Onun bu halı məni çaşdırsa da, bilirəm ki, nə isə ciddi bir şey baş verib. O, bir qədər toxtayaraq hələ də mənə uzatdığı qəzeti qarşıdakı kiçik kamodun üstünə qoyub göz yaşını silə-silə deyir:
-Əmrah yadındadur? Rəcəbov? Uşaq evündən olan kimsəsüz oğlan?..
-Hə, nolub ona? Niyə ağlayırsan?
-Alə, şəhid olub!.. Ən pisi bilirsən nədür? Onun nəşünü morqda test elemekçün birce adamı olmuyub e, olmuyub!.. Ba, bu qezetdə hamısını yazıblar... Hekayədür, nədür, onnandur... Özünə gələndə oxursan...
Həmid göz yaşlarını silə-silə çıxıb getdi. Və mən hələ tam özümə gəlməsəm də qəzeti götürüb oxumağa başladım...
...Yazını yarıya qədər oxusam da, göz yaşlarım ardını oxumağa imkan vermir. Bu vaxt tibb bacısı içəri girir və mənim ağladığımı görüb əsəbləşir.
“Cənab mayor, olmaz axı sizə belə şeylər oxumaq!.. Həikm gəlib görsə, məni danlayacaq... Xahiş edirəm, verin o qəzeti... Nə yazılıb orda belə? Nədir sizi üzən?”
Qəhərdən boğula-boğula deyirəm:
“Bizim bölükdə bir oğlan vardı, yetim idi, kimsəsi yox idi, internatda böyümüşdü... Şəhid olub... Bu da haqqında yazılan hekayədir... Xahiş edirəm, qəzeti aparmayın, söz verirəm, həkim xəbər tutmayacaq...”
“Yaxşı, hazır olun, iynənizin vaxtıdır.”
O iynəni vurub gedir və mən dərhal hekayənin ardını oxumağa hazırlaşıram.
Amma bu dəfə də mənə xidmət edən xadimə içəri girir və gətirdiyi təkərli masanı düz kamodumun qabağına sürür.
“Sabahınız xeyir. Səhər yeməyi vaxtıdır. Əvvəlcə, əlinizi vannaya tutun, su töküm, yuyunun, sonra səhər yeməyinə başlayaq...”
Bu da bir əzablı işdir. O məni çarpayıda oturdur, sonra su töküb əl-üzümü yuyur və uşaq kimi mənə südlü sıyıq yedizdirir. Hələ uşaqlıqdan bu sıyığa nifrət etmişəm. İndi də ağzımda böyüyür.
“Siz kaşanızı yeməsəniz, bağarsaqlarınız yaxşı işləməz, qardaş. Hərəkət etmirsiniz axı. Allah köməyiniz olsun. Mütləq yeməlisiniz...”
Bu əzabdan qutrulan kimi başlayıram Əmrah haqqında yazının davamını oxumağa.
Beləcə, hekayənin davamı məni lap sarsıdır. Uşaq evində Nəzrin adlı qız elə bilirmiş ki, Əmrah onun qardaşıdır. Əmrah da özünü buna inandırıb. Amma Əmrahın nəşini test etməyə bir adam tapmırlar, uzun müddət morqda qalır... Sonda müəllifin yazdıqları da içimi göynətdi:
“...Demişdim axı... Bu yazını yazmaq zülümdü. Buracan gəlmişəm, burdan beləsi də bir dərddir...
Mən şəhidlər haqqında yazdığım hekayələrin saytlarda yayımlanan linkini yaxınlarının xahişi ilə onların votçapına göndərirdim... Bəs bu yazının linkini kimə, hara göndərim?”*
Yazı bitir və məni qan tutur. Bədənimdə qan dövranı dayanan kimi olur. Hiss edirəm ki, ürəyim daha döyünmür. Və gözlərim qapanır...
-----------------------------------------------------------------------------------------------------------------
*A.Qaradərəlinin “Vətənin yetimi” hekayəsindən parça.
...Atamın səsi eşidilir. Ağlayır, hönkürür və bağırır. Həmişə olduğu kimi bu azdanışan adamın zəhmli səsi sanki məni həyata qaytarır.
“Kim verib bu qəzeti ona?! Kim?! Axı onun yaraları hələ uyuşmayıb?! Niyə belə iş tutursunuz?! Mənim balam! Oğlum! Aç gözlərini!..”
Var qüvvəmi toplayıb gözlərimi açıram və palatada çoxlu ağ xalatlı adam və başımın üstündə durub ağlayan atamı görürəm...
“Ata...”
“Can bala!”
“Mən yaxşıyam, ata...”
O əlimi tutsa da, həkimin xahişi ilə kişini palatadan çıxardırlar.
Baş həkim palatada ciddi rejim tətbiq edib. Daha yanıma adam-zad buraxmırlar.
Özümə gələndə atamı soruşuram. Tibb bacısı başını bulayır.
“Doğrudan a, atam evə getmişdi axı? Bəs bayaq palatada qışqıran kim idi?!”
HƏMİN GÜN. AXŞAMÜSTÜ.
Anam gəlib. Ooooooo! Bir biləsiniz nə nalə təpdi anam! Səsini dəhlizdən eşidirəm. Bütün hospital onun naləsinə ayaq üstə idi. Təbii, ayağı olanlar. Mənim kimi bir ayaqlılar, ya heç ayağı olmayanlar xaric.
Nəhayət onu içəri buraxırlar.
Qucaqlayıb məni. Yaralarımdan öpmək istəyir. Zarıyıram.
“Ana, eləmə. Olmaz. İncidirsən məni. Sağam, də sağam. Hə... Hə... Sağam... İndi bir ayağım yoxdu, yoxdu də, ay ana... Elə bilərəm ki, məni tək ayaqlı doğmusan...”
Anam bu sözü eşitməyə bəndmiş. Huşunu itirib, özündən gedir...
Həkimlərə yalvarıram ki, anamı ayıldın...
Mən axmaq anamın ayağımın amputasiya olunmasından xəbərsiz olduğunu bilməmişəm. Ona görə, kəndçilərimiz demişkən, şappadənxeyir söylədim, qadının halı pisləşdi...
HƏMİN GÜNÜN GECƏSİ.
Anam həkimlərdən icazə alıb palatada yanımda qalıb. Gətirdiyi yeməklərdən mənə və palata yoldaşım leytenant Qəfərə yedirdir. Qəfərin bir gözü və bir qolu yoxdur. Onu da minaatan qəlpələri bu hala salıb. Müharibə bitsə də, yaraları qurtarmaq bilmir.
Hiss edirəm ki, anam Qəfərin bu halını görəndən sonra bir az toxtayıb. Elə bil daha böyük dərdi görüb, öz dərdinə şükür edir.
Biləndə ki, Qəfərin anası yoxdur, anam ona daha çox diqqət edir. İkimizə də bir gözlə baxır.
Ah, ana, ana! Sən bura gələndən sonra anladım niyə Vətənə Ana Vətən deyirmişlər. Sən Qəfərlə mənə bir neçə saatlığa Vətən oldun. Ağrı-acımızı azaltdın. Xəfif söhbətlərinlə, qanlı göz yaşınla, bizi həyata çağıran məlhəm səsinlə Anamız, Vətənimiz oldun... (“Qanlı göz yaşı” sözünü elə-belə kitab sözü kimi yazmadım. Bir dəfə davada qolumdan yüngül yara almışdım. Sarıq qoymağa, sadəcə imkan yox idi. Çünki döyüşə-döyüşə irəliləyirdik. Qanımın durması üçün biləyimi siyirmiş güllə yerini dilimlə tutur, qanını bu yolla qurutmaq istəyirdim. Bax onda qan ağzıma doldu və mən qanın da göz yaşı kimi duzlutəhər tam verdiyini bildim... Füzulidə də var bu yer:”Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım...” Hə, mən axı ədəbiyyatı sevirdim orta məktəbdə oxuyanda. Gizlicə şeir-zad da yazırdım... Sonra atamın söhbətləri məni zabit olmağa köklədi... Elə əmimin zabit olmağı da... Üstəlik, qaçqın-köçkün ailəsindən çıxmağım... O torpaqları, biz qaçqın-köçkün uşaqları qurtarmayıb da, kim qurtaracaqdı ki...)
Yadıma hardansa eşitdiyim bir kəlam düşür:”Daş yumurtanın üstünə düşsə də, yumurta daşın üstünə düşsə də, yenə olan yumurtaya olur.” Olan anama olub. Yüz faiz bilirəm ki, anam ayağımın ağrısını çəkir. Hə, vallah! Mənə gülməyin, bir söz deyəcəm: arvad bura gələndən, elə bil ayağımın ağrısı azalıb... Hətta durub yerimək istəyirəm. Ona görə, xahiş eləmişəm ki, mənə qoltuq ağacı gətirsinlər...
...Rahat yatsam da, gecənin bir aləmi oyanıram. Hiss edirəm ki, ürəyim narahatdır. Niyə axı? Nə olub mənə? Anam gələli rahatlamışdım axı?..
Boylanıb Qəfər səmtə baxıram. O mışıl-mışıl yatıb. Anamın oturduğu stula baxıram. Baş tibb bacısının xahişindən sonra anam oturduğu stuldan qalxıb bibimgilin yanına gedib. Anlayıram ki, ürəyimə söz yığılıb. Axı mən gəncliyimdə şeir yazardım. Hərbçi olmaq istəyim şeiri sıxışdırıb qəlbimdən çıxartdı.
Telefonu komodun üstündən götürüb sinəmdə düyünlənən sözləri ora tökürəm:
Vətən bizim odamızdır,
Qanımızdır, qadamızdır,
Ana Vətən adamızdır,
O adaya yad girəmməz!
Əmrahların anası yox,
Sinəsinə saplandı ox,
Vətən onlara daha çox
Anadır ki, yad görəmməz!
Ürəyimdə ağrı gəzər,
Tək ayağım - təkcə məzar,
Qanım çağlayan Xəzər,
Orda yağı-yad görünməz!
21 APREL. HOSPİTAL. GÜNDÜZ SAAT 15.00.
Şeir içimi bir az rahatladıb elə bil. Amma bu, üzdə belədir. Dərində isə... Eeeeeee.... Siz nə bilirsiniz axı?! Mənim şeirlə böyük qovğam olub!..
Qəribədir, eləmi? Şeirlə necə qovğa ola bilər axı?
İndi yazacağım, məhz o qovğadandır. Bunu oxusanız, dərindəki dərdimi duyacaqsınız...
Dərindədi, çox dərində. İnilti saçan yaralarım kimi dərin...
...Hərbi məktəbdə oxuyanda bir axmaq situasiya ilə üzləşdim. Ədəbiyyat dərsnidə parta yoldaşım müəllimə şeir dəftərimi göstərib dedi ki, Müşfiq şeir yazır. Yeganə xanım müəllimimiz olan bu mehriban qadın bunu eşidəndə fərəhləndi və gülümsünərək əlini başıma çəkdi:
-Mənim də həyat yoldaşım hərbçidir. Ədəbiyyatdan, şeirdən, romandan zəhləsi gedir. Səbəbini hələ indiyəcən anlaya bilməmişəm. Amma biləsiniz ki, dünyanı mənəviyyat xilas edəcək. Əgər bir gün sonuncu insanın mənəvi hissləri yox olsa, demək bəşəriyyətin sonudur. Bəs mənəviyyat hardadır? Ədəbiyyatda, incəsənətdə...
Üç gün sonra hərb təlimi dərsində hamının qəddar bir adam kimi tanıdığı polkovnik Mirtağıyev məni ayağa qaldırıb hədəqədən çıxmış gözləri ilə təpədən-dırnağa süzdü və qışqırdı:
-Eşitmişəm şeir-meir yazırsan?!
Bütün sinfi gülüş səsi bürüdü. Qoca polkovnik onların üstünə bağırdı:
-Sakit! Bu nə səs-küydür?! Bazardasız?!
Ən axmaq bir iş tutmuş adam kimi pörtüb qızardım.
-Əgər qəbul zamanı sənnən imtahanı mən götürsəydim, təkcə adına görə sənə iki yazar, bu məktəbə girməyinə imkan verməzdim!..
Yenə gülüş, yenə uğultu.
Bilirdim ki, bu polkovnikin gizli ləqəbi var – hamı ona daldada Mirbağırov deyir. Hələ indiyəcən bu qəddar adamın bir nəfərə güzəştə getdiyini görən olmamışdı. Bizi saatlarla yağışda, qarda dizi-dizi süründürürdü. Mahnını, musiqini, kinonu, teatrı, bədii əsərləri qəti sevməz, yalnız həyatda hərb elminin varlığını tanıyar, qalan hər şeyi əfsanə sayardı. Bu qoca polkovnikə hamı daldada “Əfqanşik” də deyərdi. Həqiqətən, Sovetin Əfqanıstan, Macarıstan kimi əməliyyatlarında iştirak edən bu cəllad hərb elminin fədaisi idi.
-Dəftərin hardadır?- deyə üstümə bağırdı.
Onunla mübahisənin mənasız olduğunu bilirdim. Üstəlik, bizə öyrətmişdilər ki, hərbçi özündən yüksək rütbəli biri qarşısında həmişə “baş üstə” deməlidir, hətta o səhv etsə də.
Ona görə də, dəftəri çıxardıb ona uzatdım. (Deyim ki, dəftərdə cəmi bir neçə şeir özümünkü idi. Qalanlarını atamın və ədəbiyyat müəllimimizin dərsdə adını çəkdiyi şairlərin kitablarından tapıb köçürmüşdüm. Təbii, adım Müşfiq olduğu üçün ən çox Mikayıl Müşfiqin, Səməd Vurğunun, sonra da Bəxtiyar Vahabzadənin, Şəhriyarın, Məmməd Arazın və başqa şairlərin şeirlərini seçib yazmışdım. Ən çox sevdiyim şair isə Məmməd Araz idi. Düşünürdüm ki, Mirtağıyev “Nə yatmısan qoca vulkan, səniləyəm” misrası ilə başlayan şeiri oxusa, məni nəinki danlamayacaq, hətta tərifləyəcək...)
Amma o heç dəftəri açmadı da. Hamımızı bayıra çıxardaraq məktəbin həyətində dəftərimi cırıq-cırıq etdi, bununla kifayətlənməyərək cibindən alışqan çıxardıb, cırdığı vərəqlərə od vurdu və dedi:
-Biz hərbçilər hər cür əxlaqın, hər cür mənəviyyatın, hər cür ədəbiyyatın, hər cür etika-estetikanın əleyhinəyik! Bizim sənətimizin adı hərb sənətidir! Bunun ikinci adı ölüm sətətidir! Bəli, biləsiniz ki, biz adam öldürmək sənəti öyrənirik! Əgər sabah müharibə başlasa, sənin birinci vəzifən düşməni məhv etmək olmalıdır! Özü də bacardıqca çox məhv etmək... Sən məğlub ölkənin hərbçisi adını üstümüzdən silməyi bacarmalısan. O saz səsinə, tar səinə, zırna-balaban səsinə aldanmayın! Bizim işimiz adam öldürməkdir. Xeyir, xeyir, adam deyil, düşmən öldürməkdir! Baxın, düşmən Xocalıda bizə qarşı necə rəftar etmişdi?! Hərbçilərimizi qırmışdı? Qırmışdı. Bəs dinc əhalini necə, qırmışdı? Qırmışdı! Qocaları, uşaqları, qadınları qırmışdı! Gənc qızlarımızı aparıb əsgərlərinə paylamış, onları zorlamış, aşağılamış, təhqir etmişdilər!!! Bəs siz bunlara qarşı nə etməlisiniz?! Soruşuram nə etməlisiniz?!
Hamı bir yerdə bağırdıq:
-Düşmənə qarşı düşmən kimi rəftar etməliyik!
Yalnız bundan sonra o telefonunu çıxardaraq dedi:
-Xeyir, xeyir, bizim də musiqimiz var! Niyə, biz adam deyilik?! Əlbəttə, adamıq. Amma bizim musiqimiz bax, budur!
Sonra telefonundan “Əsgər marşı”nı tapıb səsləndirdi və biz bağıra-bağıra oxumağa başladıq:
Vətən məni yetişdirib, bu ellərə yolladı…
O gündən nəinki şeir yazmağı tərgitdim, hətta şeir oxumağı, bədii ədəbiyyatı həyatımdan sildim. Çünki mən özümü gələcək müharibəyə - namusumuzu, qeyrətimizi təmizləyəcək o müdhiş müharibəyə hazırlamalı idim... O müharibənin olduğu yerdə isə, Mirtağıyev demişkən, şeirə-meirə yer yoxdur. Gərək düşmənə qalxan əlim titrəməsin...
(davamı olacaq)