Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ — ÖZÜNÜYARADANLAR (romanın dördüncü hissəsi)

AZAD QARADƏRƏLİ — ÖZÜNÜYARADANLAR (romanın dördüncü hissəsi)

AZAD QARADƏRƏLİ — ÖZÜNÜYARADANLAR (romanın dördüncü hissəsi)
Proza
admin
Müəllif:
12:32, 27 aprel 2024
1 030
0
AZAD QARADƏRƏLİ — ÖZÜNÜYARADANLAR ( romanın dördüncü hissəsi)






                                                                     Gələcək gəlmir, gətirilir.

                                         Rahid Ulusel






    YAZIÇI


    Süqut...

    Mənim rayonumun, kəndimin işğalının bircə adı vardı: süqut...

    Ondan ki, bizim alay və onun komandiri qəhrəman idilər. Onlar ermənilərlə sonacan döyüşəcəkdilər. Hətta Qubadlının, Cəbrayıl və Füzulinin bir çox ərazilərinə bizim alay nəzarət edirdi. Bir ümid adası kimi tək qalan Zəngilan rəhbərliyə müraciət edib, Meğri deyilən ərazini - 40 kilometirlik aranı götürmək və Naxçıvanla birləşmək qərarı verəndə o zamankı rəhbərliyi təmsil edənlərdən Rəsul Quliyevin acı tonla polkovnik Şabanovun üstünə qışırdığı yadımdadır: “Meğri Dağlıq Qarabağın ərazisi deyil, ora girmək, beynəlxalq aləmi üstümüzə qaldırmaq demək olar!”

    Soruşan gərəkdi ki, bəs Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın Dağlıq Qarabağın ərazisidir?!

    Nə isə, bizim rayon da beləcə süquta uğrayandan sonra Araza toxuyub keçdik Güney Azərbaycanın ərazisinə, daha doğrusu, İran dövlətinə və ordan da İmişliyə gəlib çıxdıq...

    Yollara tökülə-təkülə, itə-itə, ölə-ölə, qırıla-qırıla...

    Bizimlə bərabər o yollara tökülmüşdü qəhrəmanımızın ailəsi, qohumları da...


    İKİNCİ BEHCƏT


    Kinolarda görmüşdük, qəzetlərdən oxumuşduq qaçqın insanlar barədə...

    Amma bilməzdik ki, bir gün bizim də elimiz-obamız düşmən əlinə keçəcək, namərd qonşular biçarə insanları qışın günündə çöllü-biyabana qovacaq... Ata-analarımız, bacı-qardaşlarımız, qız-gəlinlərimiz, çolum-cocuğumuz ayaqyalın-başıaçıq çöllərə düşəcək...

    ... Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri, Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi.  Tarixi mənbələrə görə, XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi.

    Bu yerlər Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən döyüşlərin sürdüyü yer olub. Zəngəzurda atəşpərəslik məbədləri  olduqca çox idi. Ərəblər Cənubi Azərbaycan-Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək Albaniyanı (Şimali Azərbaycan) zəbt ediblər. Lakin bu zonaya ən böyük zərbəni Əmir Teymurun hücumları vurdu. Belə ki, buradakı döyüşçülərin Əmirin qoşununa inadkarlıqla müqavimət göstərməsi hökmüdarı qəzəbləndirmiş, Zəngəzurdan 10 min ailəni buradan imperiyanın şərqinə — Əfqanıstana köçürmək əmri vermişdi. Teymurun bu yürüşünü canlı görüb yazıya alan Foma Mesoplu "Əfqan tarixi", Yesay Həsən Cəlal "Alban ölkəsinin qısa tarixi" əsərlərində bu köç haqqında məlumat veriblər. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən saldı. Yerli əhali bu köçürülənləri öz ağızları ilə "ağvan" (alban) çağırırdı və bu ad sonra fonetik dəyişimə uğrayaraq bütöv bir xalqın və ölkənin adını, ünvanını dəyişib "əfqan" a çevirdi. Bu günkü Əfqanıstan adlı ölkənin adını, əslində, zəngəzurlular qoymuşlar...

        ...Atam danışırdı ki, 1905-ci ildə qaniçən ermənilər Zəngəzurun kəndlərinə hücum etmiş, Top, Xinzirək, Pəribartaz, Sənəli, Sobu kəndlərini yandırmış, əhalini qaçqına çevirmişlər. Lakin yerli müqavimət dəstələri erməniləri geri oturtmuş, əhali öz yerlərinə qayıtmışdır. Sonra 1918-də yenə bu hal baş vermiş, bu dəfə də Qaçaq Fərzalının, Qaçaq İsrafilin qaçaq dəstələri erməniləri məğlub etmişlər...

    İndi üstündən az qala 70 il keçəndən sonra yenə eyni şey təkrar olunur...

    Anamı, qardaşımgili bağımıza apardım. Gül də dedi ki, onlarçün ən yaxşısı bağdır. Qoy gedib orada əkib-biçsinlər, başları qarışsın. Dərdlərini bir az unutsunlar...

    İnanırsınız, anamı, bacımı, qardaşlarımı, onların ailələrini o vəziyyətdə görəndə qəlbimin başı göynəyir, özümə yer tapa bilmirdim. BMT-nin qəbul etdiyi qərarlar kağız üzərində qalmışdı, üstəlik ermənilər haqlı, biz haqsız çıxmışdıq. Nə edəsən, necə edəsən, əlin ki, heç yana yetmir, ünün heç kimə çatmır. Amerika, Rusiya, bütün Avropa erməniləri müdafiə edir. 

            ...Ən dəhşətlisi isə odur ki, uzun illər gizli qalan, illər sonra üzə çıxan daha dəhşətli bir xəyanət də olacaqdı – guya din qardaşımız olan İran da ermənilərin tərəfini tutacaq, sonralar, yəni az qala otuz il sonra bizim haqq davamız olan 44 günlük savaşımızda ermənilərə qucaq açacaq, bizə dirsək göstərəcəkdir...

    İran deyilən məmləkətdə bizim 30 milyondan çox qan qardaşımız – Azərbaycan türkləri yaşasa da, İran elə bil onların acığına Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, ermənləri farsların qardaşı hesab edirdi...

    Adamın əli üzündə qalır...

    Bu haqsızlar dünyasında sanki dünya sənin üstünə gəlir...

    Belə bir vaxtda ədəbiyyat dadımıza yetdi. Yazıçı dostum pandemiyaya baxmayaraq  44 günlük müharibənin qəhrəmanı Cəbrayıl Dövlətzadəyə həsr olunmuş roman yazdı və biz o əsərin təqdimatında iştirak etdik. Həmin gün insanların axın-axın təqdimata gəldiyini görəndə yazıçı dostumla bərabər, mən də fərəh hissi keçirdim.

    Nəhayət, bizim də haqq səsimizi eşidən oldu. Qardaş Türkiyə, onun prezidenti Ərdoğan başdan sonacan xalqımızın yanında oldu. Dediyim romanda bir millət, iki dövlət olan xalqlarımızın qardaşlığından, dostluğundan da bəhs olunur. 100 il əvvəl Nuru paşanın qoşununun Azərbaycana gəlməsi, erməniləri qovub ölkəmizdən çıxartması, bu işdə Qaçaq Fərzalının, Sultan bəyin, Bəhlul əfəndinin  mövqe ortaya qoyması əsərdə geniş şəkildə verilib...

    Bu romanı fərəh hissi ilə oxudum...


    ***


    Qəzetlər yazır, televiziyalar bağırır, saytlar səs-səsə verirdi ki, Çinin Uhan şəhərindən baş qaldıran korona virus bizə doğru gəlməkdədir. Əvvəllər ciddiyə almadıq. “Əşşi, nə olasıdı, çox eşitmişik belə nağılları... Gah quş qripi dedilər, gah donuz qripi, indi də korona virus. Onlar necə gəlib keçibsə, bunu da elə qarşılayarıq. Bir də biz hara, Çin hara?! Gör aramızda nə qdər məsafə var?! İnşallah, bizə gəlib çatmaz...”

    Amma yox. Xəbər verilər ki, İranda, Türkiyədə  yoluxanlar var, hətta ölənlər belə...

    Və bizdə də yoluxmalar olduğu deyildi qəfilcə. Hətta dedilər ki, korona virusdan qorunmaq üçün mütləq maska taxmaq lazımdır. Bir yazıçı dostum var, camaat can hayındaykən o maskanın milli sözlə - ağızlıqla əvəzlənməsini təklif etmişdi. Oxuduğum bir hekayəsində maska yerinə ağızlıq yazmışdı...

    Bir də sabunla hər gün, hər saat, hər dəqiqə əllərin yuyulması, yaxud spirtlə təmizlənməsi gərəkirdi. Başqalarını bilmirəm, amma mən və mənim Gülüm, qızım, nəvələrim həkimlərin göztərişlərinə tam əməl edərdik. Heç kimlə əllə görüşməz, görüşəndə də məsafə saxlayar, qonaq qəbul etməz, qonaq getməzdik. Karantin elan olunanda onun da qadağalarına tam riayət edərdik...

    Heyhat!.. 

    Bütün qadağalara əməl etməyimizə rağmən, mən və mənim Gülüm korona virusa yoluxduq...


                    ***


    YAZIÇI

    

    Sonbeşik qızımın toyu olacaq. Mən yazıçı olsam da, həyatımı ailəmsiz təsəvvür etmirəm. Düzdür, bəzən roman üzərində işləyərkən həyatdan təcrid olunur, qapını bağlayır, telefonu söndürür, balaca iş otağıma çəkilib, yazır, yazıram...

    Amma ailəmdəki narahatlıqlar və xoş ovqatlı hadisələr birbaşa mənim içimdən keçir. Mümkün qədər yazı-pozumda fasilə verib, ailə qayğıları ilə maraqlanır, onların problemlərini həll etməyə çalışıram. Və qızımın toyuna hazırlıqla əlaqədar  yazı-pozuya bir az fasilə vermişəm. Uşaqların anası ilə qızın cer-cehizi üçün ora-bura qaçarkən  qəfil tanış olmayan nömrədən zəng gəlir. Kim olsa yaxşıdır? Bizim qəhrəman. Utana-uatana deyir ki, mənim 70 yaşım tamam olur, ailəmiz və dostlarımızın iştirakı ilə kiçik bir məclis olacaq. Sizin o orada iştirakınızı və həm də masabəyi sifəti ilə iştirakınızı çox arzu edərdim...

    Bir qədər tərəddüd edirəm. “Axı, mən masabəyi deyiləm... Düzdür, gənclik illərində kəndimizdə, rayonumuzda toylarda camaatın xahişi ilə masabəyi olmuşam, fəqət indiki pulla gedən masabəyilər kimi deyil...” Dərhal deyir ki, biz sizi bir ağsaqqal yazıçı kimi, həm də ailə dostu kimi çağırırıq. 

             Həyat yoldaşım da məsələdən hali olub, deyir, onsuz da məclis axşamtərəfi olur, o vaxt sənin mənə elə bir köməyin lazım olmaz, yaxşı düşməz, razılıq ver...

    ...Gözəl bir məclis olur. Mən də məclisi bir mərhəm adam kimi idarə edirəm. Tanış üzlər, tanış simalar və tanımadığım adamlarla ünsiyyət qururam, söz verib danışdırır, məclisə rəng qatıram. Xüsusilə, qəhrəmanın həyat yoldaşını məclisdə görməyim könlümü rahatladır. Onların sevgi ilə ailə qurduqlarından ucundan-qulağından xəbərdaram... Sadə, səmimi və xoşbəxt bir qadının öz sevgilisinin 70 illik yubileyində nə qədər rahat olduğunu seyr edib məmnun oluram... Deyəsən, söz verirəm, danışır, ilk və son eşqini – siftəsini təbrik edir... Unutmuşam bu yeri, amma mənim xəyallarımda bu yer var. Olmayıbsa da, hesab edin ki, ssenari belə qurlub...

    Musiq çalınır. Müğənni şirin səslə oxuyur:

    

    Mehribanlıq səadətdir,

    Səadəti yaşadalım,

    Ömrün şövqü məhəbbətdir,

    Məhəbbəti yaşadalım...


    Qəhrəmanımı ortaya çəkiblər. Şıdırğı rəqs gedir...

    Sərhədərimizin o üzündəsə marığa yatmış bir kor ilan var. Hər an üstümüzə atıla bilər. Təhrini-töhrünü, zəhrini-zəhərini, yolunu-yolağasını tanımasaq da, bu kor ilanın insanları bir-bir udduğunun şahidi olacağıq bir azdan...

    Hələ ki, xoşbəxtlik bizimlədir.

    Bu məclisdən sonra qızımın toyu da olur və...

    

    İKİNCİ BEHCƏT


    Gül, nə yaxşı mən 70 yaşımı qeyd etdim. Nə yaxşı, Gül! Axı orada sən varsan, kasetlərin yaddaşına köçmüsən. Haçan ürəyim səni istəsə, o kasetləri qoyub baxır, sən olan kadrı saxlayır, sənə baxa-baxa ağlayıram...

    Hə, Gül, boynuma alım ki, mənim məclisimi aparan o yazıçı ilə yaxınlığım, onun kitablarının təsiri, onu özünün aurası, kitablarının təqdimatında yeni insanlarla tanışlığım olmasaydı, yəqin ki, mən bu şələni çəkə bilməzim.

    Bilirsən nə oldu? O yazıçı mənə yazı həsr etdi, Gül?! Yadındadır, əmimə həsr etdiyi yazı? Mən o yazını oxuyanda göz yaşlarımı tuta bilməmiş, qəhərlənmişdim. Sən də gülmüşdün ki, sən axı möhkəm adamsan, nə oldu?

    Dedim, Gül, bu adam mənim ürəyimdən keçənləri yazıb. Özü də heç kimin xahişi olmadan, heç kimin tapışırığı ilə deyil, könlünün arzusu ilə... Bilirsən, bizim tərəflərdə yazı-pozu, ədəbiyyat adamı olmayıb. Olub e, şeir, qəzəl yazanlar ki, onları da bu yazıçı tapıb üzə çıxardıb. Amma əməlli-başlı əsər yazan, hekayə, roman yazan olmayıb. Elə bu yazıçı da siftədi, bizim el-obanın siftəsidi... Sağ olsun, əmimə layiq gözəl bir yazı qələmə alıb...

    Gül, bilirsən daha nələr oldu? Dedim axı, o mənə gözəl bir əsər həsr etdi. Amma ondan danışmazdan əvvəl, başqa bir şeydən söz açmaq istəyirəm. Yazıçı dostumun bir romanı var ki, on illərdir yazır. Amma hələ bitməyib. Bir növ sənədli roman, memuar roman olacaq. Həmin romana əmimin haqqında, mənim özüm haqqında yazıları da daxil edib. Amma daha maraqlısı bilirsən nədi, Gül?! O mənim meşəbəyi atama da bir yazı həsr edib o romanda. Hə, hə. Qaçaq Fərazlıya, onun dostu olan babam Məşədi Behbuda yazılar yazan bu yazıçı mənim meşəbəyi atamı da unutmayıb...

    Bilirəm ki, sənin üçün maraqlı olacaq. Ona görə o yazını qoy səninçün oxuyum.

    Sən məni eşidirmisən, Gül? Mən bilirəm ki, özün bu dünyada olmasan da, ruhun həmişə mənimlədir. Sən gedəli yanım heç boş olmadı ki, Gül. Həmişə yanımda sandım səni. O yazıçı öyrətdi mənə bunları: dünyadan köçənlər cismən gedirlər, ruhən yanımızdadırlar. Elə əmim də, atam da o dünyadadırlar... Dinlə, Gül, atam haqqında yazılan o sətirləri səninçün oxuyuram...                 “Yeniyetməlik və ilk gənclik illərində adamlar olub ki, onlardan bu və ya digər dərəcədə impuls almışam. Onların içində müəllim də olub, qələm adamı da, kolxozçu da, adi meşəbəyi də...

Meşəbəyi sözünü elə-belə yazmadım. Kəndimizdə Emran adlı meşəbəyi vardı. Bizim kəndə Sobu kəndindən köçüb gəlib yurd salan bu maraqlı adam həm də bizim nəsillə kirvə idi. Qardaşı oğlu Məmməd kişi (o da maraqlı adam idi, haqqında yazım var) az sonra Pirçivana köçsə də, Emran kişi ailəsi ilə bizim kənddə yaşadı ömrünün sonunacan.

           Zarafatçıl, qəribə hərəkətləri ilə biz uşaqları güldürən bu kişi toylarda bir qəribə oynayar, pəstah çıxardardı. "Kuma-Manıç çökəkliyi"ndəki meşəbəyi Qorxmazın prototipi elə Emran kişi özüdür... (Əlbəttə, söhbət zahiri əlamətlərə görə oxşarlıqdan gedir.) 

          İlk ili ali məktəbə girə bilmədiyim üçün Bakıda zavodda işə düzəlmişdim. Təxminən, 20-25 gündən sonra kəndimizi tərk edib şəhərə yollanacaqdım. Amma bir nigarançılığım vardı: yaşlı nənə-babamın, anamın qış üçün odun tədarükü yetərsizdi. Ona görə də xalamgilin atını alıb, hər gün meşədən bir yük odun yığır, gətirib həyətdə sobaboyu doğrayar, çin vurardım.

             Bir gün Emran kişi yolda qabağımı kəsdi. Nə üçün dövlətin meşəsinə ziyan vurduğumu əsəbi halda soruşdu. Mən vəziyyəti ona danışdım. İzah etdim ki, cəmi 15 günüm qalıb, bunu etməsəm, ailəmdən nigaran qalacağam...

            Ağsaqqal məni diqqətlə süzdü, əlini saçıma çəkib dedi:

           -Kirvə, onda bir az tezdən dur, obaşdan gəl meşəyə ki, səni mənnən başqa görən olmasın... Sən ki valideynlərinin yolunu belə gətirirsən, inşallah axırın yaxşı olacax... Get, allah köməyin olsun... 

          Sonralar bu əhvalatı xatırlayıb gülümsünər və bu gözəl insanı məmnuniyyətlə yad edərdim... Ruhu şad, yeri qu tükü olsun...”


    YAZIÇI

    

    Hər dəfə onunla görüşəndə nəsə yeni bir yazı doğulur içimdə. Adam yazıçı üçün təmiz xammaldır. Hər hərəkəti, hər rəftarı sənə nəyi isə xatırladır. Duyumludur. Həssasdır. Bir də incə zövqü var... Əllər ilə qoyduğu zeytun turşusunu özü ilə gətirməyi bir ayrı aləm idi. Restoranda o turşunu kababla başabaş yedik...

    Bir dəfə də söhbət əsnasında vaxtilə işlədiyi metrodan, oranın yeraltı dünya olmasından, cah-cəlallı bir “ölkə” timsalından ağızdolusu danışdı. Həmişə ürəyim sıxılardı bu məkanda, nağıllardakı qaranlıq dünya kimi gələrdi mənə. Amma qəhrəmanım bu yer haqqında bir huş-kuşla danışır ki, oranın qiymətini düz vermədiyimçün az qala utanıram...

    Və hiss edirəm ki, dostum haqqında nəsə yazmaq keçir könlümdən...

    Və evə dönəndə artıq başımda hazır olan yazını kompüterin ekranına tökürəm...

    “Kimin ki, əlində kitab gördüm, az qalıram, yaxınlaşıb salam verim, əl tutum, hal-əhval bilim. Yəni deyəm ki, sən nə yaxşı adamsan, belə axmaq zəmanədə, kitabsızlar içində hələ əlində kitab var.

    Belə əli kitablı adamlardan biri haqqında söz açmaq istəyirəm. Uzun illər yalnız uzaqdan salamlaşmaqla kifayətlənmişik. Və xoş olmayan bir gündə (sonra bilinəcək ki, əslində xoş günmüş), hansısa rəhmətliyin hüzür yerində yaxınlaşıb görüşdü və dedi ki, bu yaxınlarda sizin bir kitabınızı oxudum və...

    Sonra əmisi Qara Məmməd haqqında yazdığım yazı bizi daha da yaxınlaşdırdı.

    Tikinti işçisi olan kiçik qardaşı ilə dost olduğumu biləndə qayıtdı ki, mənə deyirdilər, yazıçıların hər peşədən admla dostluğu olur, inanmırdım. Bu da bir sübut!

    Beləcə, ilk körpü bu şəkildə yarandı. Sonra zəngləşdik, uzun-uzadı danışdıq. Sonra kitablarımın təqdimatlarına gəldi. Sonra bir məclisdə əyləşdik və baxıb gördüm ki, uzun illər bir-birimizdən gen gəzsək də, əslində, çox yaxın adamlar imişik...

    Sonra onun 70 illiyi oldu və bir çox qohum-qardaş, sənət adamları ilə bərabər, mən də dəvət olundum o tədbirə. Hətta xahiş elədi ki, məclisi mən aparım...

    Beləcə, daha da yaxınlaşdırdı bizi o yubiley məclisi. Və orada aktyor Hacı İsmayılovun işlətdiyi bir cümlə həmişəlik qulağımda qaldı: ”O, sənəti qiymətləndirən az adamlardandır ki, sənətdən kənarda olsa da, ondan həzz ala bilir.”

    Görkəmli aktrisa, füsunkar səsi ilə radionun “Bulaq” verilişinə həyat verən (rəhmətlik Səməndərlə birgə) Məhluqə Sadıqovanın yubileyini öz təşəbbüsü ilə keçirtməsi də deyirdi ki, Behcət sənəti duyan adamdır.

    Behcət uzun illər yerin altında – metroda çalışıb. Burada müəyyən vəzifəyəcən də yüksəlib. Amma ən böyük yüksəkliyi kitaba bağlılığıdır.

    Bu yaxınlarda həyat yoldaşı Gülya xanım korona virusdan dünyasını dəyişəndə dostum çox pərişan olmuşdu. Yalnız kitaba bağlılığı onu bu ağrı-acıdan xilas edə bildi. 

    Adı kimi ruhu da yaxşı və sağlam olan dostum, Behcət! Kitab əlinizdən düşməsin!


    S.A.(Söz Ardı)

    Bu yazı saytlarda yayımlanandan bir müddət sonra Behcət bəylə görüşüb-dərdləşmək istəyi meydana gəldi. Mənim üstündə paralel işlədiyim bir neçə yazı və üstəlik çapa hazırladığım əlinizdəki kitab varkən zamanım dar idi. Buna görə də Bakıxanov qəsəbəsində, Bakıxanovun heykəlinin olduğu bağda görüşdük. Dağdan-bağdan söz etdik, kitab-dəftərdən danışdıq. Behcət bəy soruşdu ki, nə yaxşı burada görüşməmizi istədiniz? Dedim ki, ona görə ki, burda biz ikimizdən başqa daha bir önəmli adam da var, ona görə. 

           Kimdir dedi? Əlimi Bakıxanovun heykəlinə uzatdım: ”Tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin görkəmli nümayəndəsi Abasqulu Ağa Bakıxanov!”

    Və ikimiz də gülüşdük. Bakıxanov isə kədərli və fikirli idi. Dedim ki, Behcət bəy, bu adam böyük tarixi şəxsiyyətdir. Amma xalqının ikiyə parçalanmasında iştirak edib və bu iştirakı özünə bağışlaya bilmir, ona görə də hüznlüdür. Hələ bu beytinə fikir verin:


    Ağılla dərk edirik nöqsan cəhətləri biz,

    Nöqsanı dərk edən ağıllıdır, şübhəsiz.


    Sonra Bakıxanovun çar sarayındakı sərgüzəştlərindən, onun Puşkinlə, M.F.Axundovla dostluğundan söz açıram. Behcət bəy də Bakıxanova biganə deyilmiş. “Gülüstani-İrəm”dən danışır və söhbətimizin səmti gəlib onun əmisi Qara Məmmədin üstünə çıxır. Bu zaman Behcət bəy iri torbasından bir portret çıxardır və deyir:”Bu, əmimin portretidir. Mərhum  rəssam Hafiz Məmmədov* çəkib.”

    Həqiqətən, gözəl bir işdir. Əsl sənət əsəri.

    Bu zaman o, torbadan qıraqları haşiyəli daha bir şəkil çıxardır. Orada bu sözlər yazılıb:”Baba, səni çox sevirəm.  Nəvən Sənan.”

    Bir görəydiniz o, bu sözlərə necə sevinirdi: “Sənan bunları balaca olanda yazıb. İndi Musiqi Akademiyasında oxuyur.”

    Onu da deyim ki, Sənan Qaçaq Fərzalının kötücəsidir.

    Sonra mərhum atasından, indi yanından gəldiyi 90 yaşlı anasından söz açır. Bu zaman o elə kövrəlir ki... 

    Və Bilgəh qəsəbəsindəki bağından söz düşür. Bağ adı gələn kimi onun rəngi açılır:”Mənim ən böyük əsərim o bağımdır. Orada özümü daha rahat hiss edirəm... İnşallah, yollar açılsın, bağımda çoxlu şitillər əkmişəm ki, Zəngilana, Qaradərəyə aparaq... Dədə yurdum Sobuya da... Anamın yurdu Babaylıya da.”

    Ayrılanda deyir ki, vaxt tapın bir yaxşı-yaxşı görüşək. Mən isə fikrə qərq olmuş Bakıxanova baxıram... Axı biz üç nəfər idik...


-------------------------------------------------------------------------------------------------------------------------

*Hafiz Məmmədov (1921-1995 ) – rəssam, əməkdar incəsənət xadimi.



                

    İKİNCİ BEHCƏT


    Mən allahdan həyatımın mənası olan o qadını mənə bağışlamasını yalvarar, dua edərdim. Mən onun gecələr necə əzab çəkdiyini görər, içim içimi yeyərdi. Həkim, dava-dərman qalmadı. Mənim Gülüm, çiçəyim isə get-gedə solurdu... Əlimdənsə bir şey gəlmirdi...


                    ***


    Onu dəfn edəndən sonra dəli kimi gəzir, özümə yer tapa bilmirdim. Yaxşı ki, kitablar vardı. Əgər oxuduğum bədii kitablar olmasaydı, yəqin ki, havalanacaqdım. Yalnız o kitablar, o kitablardakı hikmətlər məni xilas etdi. Bir də qohumlarla bərabər, dostlarımın Gülümün yasına gəlməyi yanan ürəyimə az da olsa, su səpdi...

    Bir də bu ağır günlardə ordumuzun erməni daşnaklarını sürətlə işğal edilmiş torpaqlarımızdan çıxartması, haqq davamızda qələbə sevinci...

    Yaşı doxsanı haqlamış nənəmin yanına getdim. Başımı dizlərinə qoyub hönkürdüm.

    “Nənə, ay nənə, mən Gülümü itirdim! Sən onda niyə mənim əllərimin üstünə oxlovla yaxşı-yaxşı çırpmadın, ay nənə?! Bəlkə, mən onda o təndirin siftə çörəyini sənin gözündən yayındırıb yemişdim?! Niyə qoyurdun, ay nənə?!

    Yazıq arvad üzümə baxır, nə baş verdiyini anlaya bilmirdi...

    O nə bilsin ki, siftə balasının siftə məhəbbəti qəhr olub...

    Və belə bir hüznlü vaxtımda yazıçı dostdan voçsapıma mesaj gəlir ki, şəhid qəhrəman Cəbrayıl Dövlətzadəyə həsr etdiyim kitabımın təqdimatı olacaq. 

    O təqdimata getməyim, oradakı aura, şəhid anasının vüqarlı baxışları, yazıçı dostumla, onun yaxınları ilə birgə şəkil çəkdirməyimiz, tədbirdən sonra birgə əyləşib bir qismət çörək yeməyimiz...

    Hiss edirəm ki, yavaş-yavaş həyata qayıdıram. 

    Yazıçının bundan qabaq nəşr olunan “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanı da mənə eyni əhval-ruhiyyə aşılamışdı. O kitabın təqdimatında əsərin qəhrəmanlarından birinin oğlu ilə tanışlıq, bir sıra qələm adamları ilə söhbətlər, rəssam Sehran Allahverdi ilə görüşümüz mənə xüsusi təsir göstərmişdi...

    Ölən hüceyrələrimin yavaş-yavaş dirildiyini hiss edirdim...

    Mən həyata qayıdırdım...


                ***

    Və bu günlərdə daha bir önəmli hadisə oldu, Gül!

    İnanmayacaqsan... Yazıçı dostum xəbər verdi ki, bizim həyatımızdan bir roman yazır. Bu, elə-belə iş deyil, Gül. O bizim kimi adi insanların yaşadığı həyatı qələmi ilə əbədiləşdirir...

    Onun bizim Məhluqə xanıma haçansa həsr etdiyi yazı o romanda da yer alacaqmış. Mənim xahişimlə oxudu mənə o yazını. Ağlaya-ağlaya dinləmişəm... İnan, sənin də xoşuna gələcək...


                

    YAZIÇI


            Radioda işləmək mənə bir çox sənət adamları ilə görüşmək imkanı verdi. Xüsusilə, işçisi olduğum uşaq verilişləri redaksiyasında “Bəbə” radio teatrının radio tamaşalarını hazırlayarkən bir çox aktyorlarla, akrtisalarla tanış oldum. Bunlardan biri də görkəmli aktrisa  MƏHLUQƏ SADIQOVA idi.

    Eldar Baxışın güneyli yazıçı, şah cəlladlarının əli ilə Arazın sularına qərq edilən Səməd Behrənginin həyatından bəhs edən “Balıq ölümü” poeması əsasında qələmə aldığı  radiopyesini tamaşaya hazırlamalıydım. Yaşlı bir aktrisa lazım oldu. Rejissor Sədrəddin İsrafilov dedi ki, öyrənmişəm, bu gün “Bulaq” verilişi* yazılacaq. Bəlkə, mənimlə gedəsən studiyaya, Məhluqə xanımdan xahiş edək, bizim tamaşada həmin rolu ifa etsin. Onu da əlavə etdi ki, bir az nasazdır, “Bulaq”dan başqa heç bir verilişə gəlmir. Sən burda yeni adamsan, xahiş etsən, bəlkə razılaşar. Baxma e, Məhluqə xanım o rolu götürsə, tamaşanın da çəkisinə təsir edər...

           Razılaşıb  lazım olan vaxtda studiyaya yollandıq. Aktyor dostum İlham Əsgərovla mərum Əhməd Oğuz dəhlizdə söhbət edirdilər. Mən onlarla görüşüb, fikrimizi İlhama dedim və xahiş etdim ki, Məhluqə xanımı yola gətirməkdə bizə yardımçı olsun.

    İlham gülə-gülə dedi ki, mənə də bir rol yazın, Məhluqə xanımı razı salım.  İlhamın zarafatına  gülüşdük və Sədrəddin dedi ki, ay İlham, zarafat öz yerində, onsuz da sənə deyəcəkdik, səninçün də yaşlı kişi obraz var, elə onu da sən səsləndirərsən.

             Və az sonra Məhluqə xanım gəlib çıxdı. Hamı ilə salamlaşıb studuyaya keçmək istəyəndə İlham onu saxladı:

    -Məhluqə xanım, Sədrəddini tanıyırsan, yanındakı da gənc yazıçıdır, radioda təzədir deyə, bəlkə tanımazsan... Uşaq verilişlərində radio tamaşa hazırlayırlar... Bir yaşlı qadın rolu var, sizdən xahiş etməyə gəliblər... Özü də Eldar Baxışın arzusudur ki, o rolu siz oynayasınız...

    Məhluqə xanım bir Sədrəddinə, bir mənə baxdı və özünəməxsus şirin tərzdə gülüb, day gəlmisiz də, söylədi, sonra İlhamı göstərib, “yəqin İlham da var orda, ona vaxtını deyin, birgə gələrik” dedi və  studuyaya girdi. Biz rahat nəfəs aldıq...

-----------------------------------------------------------

*Azərbaycan radiosunun ən uzunömürlü və ən çox dinlənilən verilişlərindən biri. 

 


    ...Yazılış prosesinin bir az çətin olacağını düşünürdük. Əsər şeirlə olduğundan və hazırlaşmağa vaxt qalmadığından narahat idik. Amma Məhluqə xanım cəmi iyirmi dəqiqəyə makina vərəqlərini gözdən keçirib, “getdik” dedi və inanın ki, çox rahat şəkildə işi başa vurduq. 

    Məhluqə xanım rolunu ifa etdikcə düşünürdüm ki, bu təcrübəli xanım sözlə necə səliqəli davranırdı. Hətta Eldar Baxış poeziyasının qatlarından gələn bəzi sözlərin deyilişini elə rahatlıqla səsləndirirdi ki, təəccüblənməyə bilmirdin. Xüsusilə Səmədlə Ölüm arasındakı dialoqda Ölümün sözlərini elə canlandırırdı ki, adamın əti ürpəşirdi:


    De ki, qabaqda Ölüm var,

    Dur, durduğun yerdə, Səməd.

    Ömür bir dəfə verilir,

    Verilmir ki, bir də Səməd.


    Düşüb fikir, söz düyünə,

    Yüz ilgəyə, yüz düyünə,

    Bilirəm, sən dözdüyünə,

    Dözməz şir də, nər də, Səməd...


         Yazılışdan sonra bizim redaksiyadakı otağa gəlib, bir fincan çay içdik, söhbət etdik. Mən indi unutduğum söz və ifadələri onun necə rahatlıqla səsləndirdiyinə heyrət etdiyimi bildirəndə "mən də qarabağlıyam” dedi və gözləri yol çəkdi. “Mənim şəhərim, Eldarın Qubadlısı, sizin Zəngilanınız indi iğaldadır. Amma sözlərimiz ki, işğal olunmayıb. Eldar sağ olsun, belə tamaşalar yazır, radionun fondunu zənginləşdirir...”

    Sonra nəsə fikirləşib, gülümsündü: “Dayan e, biz zəngilanlılarla qohumuq axı!.. Hə, sizin kəndin adı Qaradərəmi oldu? İşə bax, onlar da Qaradərədəndirlər...”

    Bu vaxt Eldar Baxış da gəlib çıxdı və Məhluqə xanımla, İlhamla səmimi görüşdü. Heyf ki, bu xanım-xatın aktrisanın başladığı söhbət yarımçıq qaldı. Eldar ona təşəkkür etdi ki, xəstə olsanız da, tamaşanı ifa etmisiniz. Onda Məhluqə xanımın şux bir tərzdə “canım, gərək biz sizə təşəkkür edək ki, belə əsər yazmısınız, hələ üstəlik, oynamağa dəvət etmisiniz, hələ buna görə pul da yazacaqsınız” deyib güldü və hamımız gülüşdük...

    ...O gündən sonra hər dəfə radionun dəhlizlərində Məhluqə xanımı görəndə ayaq saxlayıb salamlaşar, hal-əhval tutardım. O da öz növbəsində mənə təskinlik verərdi:

    “Görürəm, çox kədərlisən. Üstəlik, yazıçısan... Heç narahat olma, inşallah bir gün gələr, o torpaqlar işğaldan azad olar... Mən o günü görməyə bilərəm, amma siz hökmən görəcəksiniz...”

    Hər dəfə ayaqüstü görüşəndə istəyirdim soruşam ki, ay Məhluqə xanım, deyirdiniz ki, zəngilanlılarla qohumsunuz, kim idi o qohumlarınız, bəlkə mənə bir ipucu verəsiniz? 

         Amma mən ağzımı doldurub o sualı vermək istəyəndə hansısa rejissor, yaxud aktyor bir böyürdən çıxıb, onu ərklə söhbətə tuturdu və mənim kimi utancaq bir kənd adamının sözü ağzında qalırdı. Belə-belə, bir gün eşitdim ki, çox bərk xəstədir və nə yazıqlar ki, o böyük insan bir daha ayağa qalxmadı. “Bulaq” verilişi də, bizim radionun dəhlizləri də, onun radio teatrında, digər teatrlarda oynadığı rollar da, mənim ona verəcəyim sual da yetim qaldı...

    Qarabağ, o cümlədən Şuşa, Zəngilan, Qubadlı işğaldan azad olunanda Məhluqə xanımı xatırladım... Bir də bizim qəhrəmanımızı – Behcət bəyi xatırladım... 

    Yəqin təəccübləndiniz, eləmi?

    Elə mən də eşidəndə təəccüblənmişdim...

    ...İllər sonra biləcəm o sualın cavabını. Demə, Məhluqə xanımın  qohumları bizim qəhrəmanımızın ailəsi imiş. O qəhrəmanımız ki, Məhluqə xanımın yubileyinin özünə yaraşan şəkildə qeyd edilməsində yardımçı olmuşdu – bax Qarabağın işğaldan azad edildiyi o gözəl günlərdə Behcət bəyi də xatırladım... Və təbii ki, Məhluqə xanımın qardaşı qızı Gülya xanımı xatırladım... Hər ikisinin ruhu şad olsun...

    (Burada bir məsələni ayrıca qeyd etməliyəm. Behcət bəyin yubileyində yaxından tanış olduğum xalq artisti Hacı İsmayılov onun haqqında danışarkən demişdi: “Məhluqə xanımın yubileyinin qeyd edilməsində dostumuzun  xidməti əvəzsizdir. Bir oğul kimi sinəsini qabağa verib, nə gərəkirsə, etmişdi.”)

    Sonralar, artıq dostlaşdığımız Behcət bəydən bu barədə soruşanda “o gözəl sənətçi  xanım özü buna layiq idi, biz də layiq olanı etdik” demişdi.

    Layiq olanı etmək... 

             Budur insan oğlunu min illərdir bu dünyaya bağlayan, həyatını mənalı edən, gözəl dünyamızı yaşamalı edən... 

      S.A. (Söz Ardı.)

    Mən mistikaya inanan adamam. Bəlkə elə buna görə də başıma həmişə mistik hadisələr gəlir.

    Biz Sədrəddinlə o verilişi hazırlayıb efirə verə bilmədik. İkinci lentin tam ortasından təxminən on beş dəqiqə yararsız idi. Həmin hissəni təkrar yazdırmaq imkanımız olmadı, çünki Məhluqə xanım xəstə olduğu üçün, radioya gələ bilmirdi. Məcbur olub, başqa aktyorların ifasında yenidən yazdırdıq tamaşanı. Tamaşa efirə gedəndən az sonra Eldarı zəhərlədilər. Neçə ay xəstəliklə mübarizə aparsa da, şair vəfat etdi...

    Bir neçə il sonra Məhluqə xanım, ardınca da İlham vəfat etdilər...

    Sonra dünyamızın başının üstünü alan daha qorxunc ölüm təhlükəsi – korona virus kabusu...

    Sonra qəhrəmanımızın sevgilisinin ölümü – ömrü boyu barışmayacağı hadisə baş verdi...

    Səmədi, Eldar Baxışı öldürən Ölüm sanki bizi qarabaqara izləyirdi...


                ***


    YAZIÇI


    Bura Küllücə kəndidir. Bərdədən üzü o tərəfə, Gəncədən üzü bəridə. Burda bir dostum var, daha doğrusu, tələbə yoldaşım, ata-ana adı Posu idi. Şeir yazırdı. Bəlkə də yaxşı yazırdı, düzü, bunu bilmirəm. Bir onu bilirəm ki, Posu Küllücəli imzası ilə bir dəftərlik şeir gətirmişdi radioaya, özü də birbaş mənim yanıma. Heç dəftəri açmadım da. Saymazyana tulladım üstünə:

    -Ata-ananın sənə qoyduğu bu bivec adı dəyişməyə cürətin çatmayıbsa, səndən nə şair olacaq?! Dəqiqi bilirəm ki, işlədiyin məktəbdə şagirdlərin səni ələ salıb gülürlər bu ada görə. Get, əvvəl özünə bir isbatlı ad tap, ya da heç olmasa şeirlərini təxəllüslə yaz...

    Qayıtdı ki, bu Posu mənim ulu babamın adı olub. Boylu-poslu kişi olub, bizim tərəflərdə biləyini qatlayan olmayıb...

    Nə isə, adam incik çıxıb getdi. Amma üstündən beş il keçəndən sonra bir də gəldi.

    Öpüşdük, görüşdük. Dedim, ayə ay, Posu, sən xoş gəlmisən! Vallah ürəyimdə qalmışdı ki, mən bu kişinin qəlbinə toxundum... Sən canın, bağışla məni... Bəs şeir dəftərin hanı? 

            -Nə dəftər, nə şeir?! Atdım şeiri. İndi nə Posu var, nə də onun şeir dəftəri... Adım da Poladdır, şəxsiyyət vəsiqəmi də dəyişmişəm. İnanmırsan, al bax...

    Utana-utana gözucu baxdım ki, düz deyir. Adını Polad yazdırmışdı. 

    -Ay Posu... Polad, indi nə yaxşı gəlmisən, sənə nə kömək eləyə billəm? – dedim.

    -Rayonda böyük dava-qırğınnan sonra bir lisey açmışam, kimya və ədəbiyyat liseyi... Nazirlik icazə vermirdi ki, kimya hara, ədəbiyyat hara?!. Mən də yazdığım layihəni ingilis, alman və türk dillərinə tərcümə etdirib İngiltərə, Almaniya və Türkiyə təhsil nazirliklərinə göndərdim və əlavə etdim ki, bu lisey böyük Nizaminin adını daşıyacaq, kimya ilə ədəbiyyatın birgə tədrisini həyata keçirəcək ki, məqsəd gələcəkdə kimya və fizika, eləcə də praqrama daxil etdiyimiz metafizika, bionika elmlərinin qeyri-standart kəşflərini şagirdlərimizə öyrətmək, kosmologiya, süni intellekt və yeni insan məsələləri üzrə ali məktəblərimizə hazır tələbələr yetişdirməkdir. Hər üç ölkənin nazirliklərindən müsbət cavab aldım, hətta Almaniyadan müraciət gəldi ki, istəsən, biz sənə burda şərait yaradarıq, gəlib belə bir lisey açasan... Yalnız bu xarici ölkələrdən aldığım məktubları bizim təhsil nazirliyinə təqdim edəndən sonra məktəbin açılmasına icazə verdilər... Düzdür, yenə incidirlər, amma elə bilirəm ki, daha cin şüşədən çıxıb, indi mənə gücləri çatmaz... Sən isə çox sağ ol ki, məni şeirin əlindən aldın və ata-anasının bir biədəb adına qarşı çıxa bilməyən bədbəxt Posudan sivil dünya adamına çevirdin... Amma xəbərin olsun ki, ata-anam mənnən imtina ediblər... Gəlmişəm ki, bu danışdıqlarım əsasında bir radio verilişi hazırlayasan...

    -Bəs ay Posu, sən canın, şeirdən niyə imtina etdin? – deyə israrla soruşdum.

    -Bilirsən, əslində, mən orta səviyyəli şair ola bilərdim... Amma istəmədim. Üstəlik də, şeir məni rasional düşüncədən, kreativ yanaşmadan məhrum edirdi. Şeir, ədəbiyyat belədir: ya oradasan, özünü tamam ora verib ədəbiyyat cəbhəsində böyük uğur qazanacaqsan, ya da minlərlə Azərbaycanın orta səviyyəli şair və yazıçısı kimi tuği-lənət olub keçəcəksən bu xalqın ədəbiyyatının, sonra da ədəbiyyat tarixinin boğazına... Bax, əzizim, sənə yüzlərlə ad saya bilərəm ki, titulları da var, müəyyən vəzifə də tutublar. Amma elə ki, özləri öldülər, bitdi hər şey. Adları ancaq ədəbiyyat tarixinin guşələrində ilişib qala, qalmaya... Əbülhəsən, Əli Vəliyev, Məmməd Rahim, Süleyman Rüstəm... Bir az bərilərdən baxsaq Ağacavad Əlizadə, Cavad Cavadlı, Davud Nəsib, Şəkər Aslan... Əşşi, ay qardaş, kimə lazımdır axı bunların yazdıqları?!. Hələ Süleyman Rüstəmlə Məmməd Rahimin 37-də böyük ədiblərimizə böhtan atmaları... Adam onların övladlarının yerinə utanır vallah...

    -Ay Posu, bir sualıma da cavab ver, sonra səninlə studiyaya girib, verilişi yazaq: bəs belə bir modern məktəbdə dərs demək üçün kadrları haradan tapmısan? Axı bildiyim qədəri ilə əyalətdə..?

    O sualımı tamamlamağa imkan vermədi:

    -Əslində, bu ideyanın müəllifi tək özüm deyiləm. Həyat yoldaşım kimyaçıdır. Özü də Moskvada Lomonosov adına Dövlət Universitetini bitirib... Biz bir təsadüf nəticəsində tanış olduq və fikirlərimiz üst-üstə düşdü. Sonra rayonun ən yaxşı ingilis dili müəllimini də liseyə gətirdik... Bir sözlə, mən bütün müqavimətlərə baxmayaraq bu layihəni gerçəkləşdirə bildim...

    Posu-Poladla əla bir veriliş hazırladıq. Canlı gedən verilişə Türkiyədən oxşar bir liseyin müdiri də telefonla qatıldı və dedi ki, Polad bəyin bu projesi bizdə də böyük rezonansa səbəb oldu və mən də bu yaxınlarda bir fizika-ədəbiyyat təmayüllü lisey qurmuşam, Polad bəyin məktəbi ilə bizim məktəb qardaş məktəblərdir və qarşılıqlı öhdəliklərimiz də var. Gələcəkdə onun şagirdləri bizim liseydə, bizimkilər də onun liseyində təcrübə keçəcəklər...

    Veriliş yaxşı mənada səs-küyə səbəb oldu. Hətta sədrimiz Nizami müəllim mənə şəxsən təşəkkür etdi. Televiziyaya tapşırıq verdi ki, gedib bu liseydən bir yaxşı reportaj hazırlasınlar...

    Bax, dostlar, mən iyirmi ildir Poladdan xəbərsizəm. Düzdür, azdan-çoxdan məlumatım var, amma onu bilirəm ki, son illərdə yenə onun liseyinə qarşı kompaniyaya başlamış, hansısa dini qruplar anti-islam təmayülünə görə onun bağlanmasını tələb edən çağrışlar etmişdilər...

    

    FİLOSOF


    Belə başa düşdüm ki, Polad müəllimin məqsədi burada koqnitivlik prinsipinə əsaslanan idrak nəzəriyyəsinin müəyyən etdiyi süni insan və süni canlı modelinə uyğun bir yerli məktəbin əsasını qoymaqdır. Amma bir qorxum var ki, onun müdavimləri sonra bizim ölkədə təhsillərini davam etdirə bilməyəcəklər?


    BEHCƏT


    Ay qadan alım, onsuz da bizim uşaqlar daha yaxşı təhsil almaq üçün həmişə xaricə üz tutublar də... Elə mənim nəvəm keçən il Türkiyəyə getmədimi?


    YAZIÇI


    Gərək ki, bu qapalaq onlarındır. Bir dəfə olmuşam evlərində. Qaranlıq düşməmiş Poladı tapaq ki, gecələmək üçün yer axtarası olmayaq...

    (Qapını döyürük. Polad özü bizi qarşılamağa çıxır. Qucaqlaşıb görüşürük. Filosofu, Behcəti ona təqdim edirəm. Filosofu tanıyır. Məqalələrini oxuduğunu deyir. Sonra içəri keçirik. Əl-ayağımızı yuyub, çay süfrəsində əyləşirik.)


    FİLOSOF


    Yazıçı dostumuz sizin haqqınızda, liseyiniz barədə danışdı... Düzü, böyük iş bacarmısınız... Sizi təbrik edirəm...



    YAZIÇI



    Polad başını tərpədib razılığını bildirsə də, üzünün rəng-rufundan məmnun olmadığını hiss edirəm. Mən nəsə demək istəyirəm, imkan vermir və deyir ki, bu gün çərşənbə axşamıdır, xanım plov dəmləyib. Bir tikə çörək yeyək, sonra danışarıq. 

    Poladın həyat yoldaşı da müəllimdir, kimyaçıdır. Liseyi birlikdə qurublar. Bizə xoşgəldin etdikdən sonra balkonda açılmış şam süfrəsinə dəvət edir. Muxəşərli* plovun ətri adamı uzaqdan vurur. Poladın özünün çəkdiyi tut arağından adama yüz qram içib plovdan dadırıq. 

    Yeməkdən sonra kəndin küçə-bacasında patrhapart səsləri eşidilir. Məlum olur ki, ilaxır çərşənbə olduğundan hər yerdə tonqal qalayıblar, partladan atırlar...

    Poladgilin həyətində də nəvələri ocaq qalayıb. Bizi də dəvət edirlər. Qalxıb tonqalın ətrafına gedirik. Mən tonqaldan atdanıb deyirəm:

    -Ağırlığım, mağırlığım burda qalsın...

    Filosof da, Behcət də tonqaldan atdanırlar. Sonra evə tərəf dönürük. Bu vaxt Poladgilin qapısı döyülür. Polad gülə-gülə “yəqin papaq atanlardır” deyib kimisə qapını açmağa göndərir. Əllərində çamadan olan beş gənc içəri girirlər. Bizimlə də görüşəndən sonra Polada üz tuturlar:

    -Müəllim, sizinlə sağollaşmağa gəldik...

    Polad onlarla görüşür. Bir-bir qucaqlayıb öpür və qəhərli-qəhəri deyir:

    -Ölkənizi, rayonunuzu, kəndinizi unutmayın... Mən də daha qocalmışam... İndi təqaüddəyəm... Liseyimiz sizlərsiz nə olacaq?!

    Gənclər gedirlər. Polad bizi içəri dəvət etsə də, heç evə girmək istəmirik. Bu xoş bahar havasından udmaq istəyirik. Amma gənclərin belə gedişi, Poladın qəhərlənməsi məni üzür.

    -Anladığım qədəri ilə sizin liseyin uşaqlarıdır?

    -Hə... Hərəsi dünyanın bir ölkəsində təhsil alır... Hələ neçəsi o ölkələrdə təhsilini başa vurub, orada qalıb işləyirlər... Mən də, xanımım da təqaüdə göndərilmişik... Əslində, bu zorən təqaüddür. Hətta təklif etdik ki, maaş almadan da işləməyə hazırıq, imkan vermədilər... Bizə qarşı kampaniya çoxdan başlayıb. İki rayonun ən layiqli uşaqlarını yığmışdıq bu liseyə. Və gecə-gündüz çalışır, yüz faizlik nəticə almaqdaydıq... Bilirsiniz nə oldu? Ətrafdakı bütün məktəblərin 9-10-11-ci sinif şagirdləri məktəbə getmir, yalnız hazırlıq üçün müəllim yanına üz tuturdular. Və məktəb rəhbərliyi buna göz yumurdu. Yəqin ki, ortada maddi maraq da vardı... Nə isə... Başladılar bizə qara yaxmağa ki, yuxarı sinifləri məktəbə zorla gətiririk, o biri məktəbləri gözdən salırıq və sair. Hətta təhsil şöbəsində danışırmışlar ki, bu lisey tezliklə bağlanmasa, təkcə regionun deyil, respublikanın rəhsil sistemi təhlükə qarşısında qalacaq. Və beləcə, yaşımız 63 olan kimi bizi təqaüdə göndərdilər...



--------------------------------------------------------------

*Muxəşər – tumu çıxarılmış axta zoğal qurusuna bölgədə verilən ad. 



             İndi liseyimiz qalıb avara-uvara adamların əlində. Özümüzün yetirmələrimiz vardı, dedim, onların birini müdir qoyun, işləsin, eşitmədilər. Bu liseyin mahiyyətindən xəbəri olmayan bir xanımı gətirib direktor qoyublar... Xanımın atası qonşu kənddə məktəb direktorudur, əmisi də başqa bir məktəbin başçısıdır... Bizim liseyi də öz məktəblərinə oxşatmağa çalışırlar... Belə getsə, əməyimiz zay olacaq, lisey bağlanacaq... Gördüyünüz gənclər bayrama görə iki günlüyə gəlmişdilər. İndi geri dönürlər. Dəhşətdir, ölkəmizin intellektualları xaricə axır... Beyin axını... Bəs bizim bu yetim məmləkət kimin ümidinə qalacaq?!.



    FİLOSOF


    Bu da sənə süni intellekt, koqnitivlik... Adi intellekti olmayanın süni intellektdən nə xəbəri olacaq ki?! Momento mori*!.. 


    YAZIÇI


    Mülkün ikinci mərtəbəsindəki kəllayı otağa daxil oluruq. Masada çay süfrəsi olsa da, Polad müəllimin bu otağındakı zəngin kitabxanası bizə hər şeyi unutdurur. Hər kəs kitab rəflərindəki kitablara baxır. Və mənim gözüm ilk olaraq “Kuma-Manıç çökəkliyi”nin ilk və son nüsxəsini alır. Əlimi övladımın çiyninə qoyurmuş kimi sevdiyim əsərimin üstünə qoyub sığallayıram. Sonra rəflərin yuxarısından ulu Nizaminin xalçada toxunmuş portreti bizi salamlayır. Bu vaxt Behcət qışqırır.


    BEHCƏT


    Bura baxın, bura baxın! Bu, mənim evimdəki şəkilin eynisidir! Bunu haradan tapmısınız?!


YAZIÇI


    Yalnız indi divardan asılmış məşhur şəkil diqqətimizi cəlb edir. Bu, məşhur fransız rəssamı Jak Lui Davidin iri planda verilmiş “Sokratın edamı” tablosudur. Zərli çərçivəyə salınan əsər o qədər yaxşı hazırlanıb ki, orjinal təsiri bağışlayır. Üçümüz də gəlib tablonun qarşısında dayanırıq. Elə baxırıq ki, sanki birinci dəfədir görürük. Behcəti ağlamaq tutur.


    BEHCƏT


    Mən bu şəkili ilk dəfə aldığım evin divarında görəndə elə bilmişdim ki, bir ilahi əl onu gətirib o divardan asıb. Gülya demişdi ki, mənim xoşuma gəlmədi, bunu niyə bura asmısan? Deyəndə ki, bu böyük Sokratın şəklidir, divarımızda qalmağına razı olmuşdu... Mən indi anladım ki, burda bir hikmət varmış...

    

    FİLOSOF


    Sokrat bizi qarabaqara izləyir. O deyirdi ki, müdriklik heyrətdən başlayır... Polad müəllim özü də elə bir müdrikdir... Sokratı sevən, elə Sokratın özü kimidir...


--------------------------------------------------------------------------------------------

*Latıncadır. Mənası “ölümünü xatırla”, yaxud “fani olduğunu unutma” anlamına gəlir. Roma inperatorluğu zamanında döyüşlərdə qalib gəlmiş generallara Roma küçələrində rəmzi zəfər tacı taxaraq rəsmi keçid etmələrinə icazə verilirdi. Bu rəsmi keçid zamanı o tacı qoruyan (küləyin və ya hər hansı bir tərs işin nəticəsində başdan düşməsinə inkan verməyən) şəxsin digər vəzifəsi dayanmadan generalın qulağına bu sözləri pıçıldamaq idi:”Ölümünü xatırla!”


 


    YAZIÇI


    Hə, razıyam. Polad yaxşı şair olmayacağını bilib, yaxşı bir məktəbdar oldu... Xanımı Gülsabah xanımla Qori müəllimlər seminarıyasının Azərbaycan bölməsinin materiallarını daşıyıb Qazağa gətirən, orada seminariyanı yaşadan o böyük Firudin bəy Köçərli kimi!.. Amma bir şeyi də unutmayaq: 800 il əvvəl xaricdən bura ulu Nizamidən dərs almağa, hikmət öyrənməyə gələrdilər... Bərdəyə, Gəncəyə üz tutardılar... İndi buradan gedirlər... Və ən dəhşəti odur ki, Poladın açdığı bu liseyi indi qapatmaq istəyirlər... İş burasındadır ki, ona qarşı ilk çıxanlar elə öz doğmaları olmuşdu... Nə var, nə var, onların qoyduğu Posu adını dəyişib, Polad yazdırmışdı... Nizami necə demişdi?


    Öz qəbiləsinə asi olan kəs, 

    Onunla bir yerdə yaşaya bilməz...

    

    Nizamini xatırlamağım yeni sual doğurur:

    -Polad, məktəbə Nizaminin adını vermək hardan ağlına gəlmişdi?

    -Bilirsən, Nizami elə dühadır ki, 900 ilə yaxındır bütün Şərqi və az qala tamam dünyanı fəth etsə də, bizim Azərbaycanı fəth edə bilməyib... Bax, qonşuda termometr sınıb, sivə tökülüb yerə, başlayıb ev boyu ora-bura qaçmağa. Evin kişisi, onun arvadı qışqıra-qışqıra qaçıblar çölə. Yalnız bizim liseydə oxuyan oğlanları gülə-gülə deyib ki, ay ata, ay ana, bu civədi, onun xarakteri belədi, q qorxmayın, gəlin içəri... Bəs Nizami nə deyirdi bu haqda?


    Civə tək parlayan polad qılıncdan,

    Civə tək qaçardı hər yerə insan...


    Yaxud “İqbalnamə”də “Sokratın cavabı” parçası var. Orada da civədən danışır:


    Sokrat verdi ona gümüş tək cavab,

    Dedi ki, qulağa tökülməz simab...


    “Simab” da civə deməkdir... Hələ bu misralara baxın, ustad şair burada kükürddən bəhs edir:


    Başqa imiş torpağın tərkibi yəqin,

    İçində kükürd də varmış o yerin...


    Bilirsiniz, bizdə bir kafedra vardı, Nizami adına kafedra. Burada kimyaçılarla ədəbiyyatçılar saatlarla mübahisə edərdilər. Hələ mən məktəbə bir fars dilli mütəxəssis də dəvət etmişdim, o şagirdlərə fars dilini öyrədirdi – təbii könüllü surətdə - ki, ən azı Nizamini orjinaldan oxuya bilsinlər... O kişini də perikdirib yeni rəhbərlik, çıxıb gedib liseydən...

    Mən xanımımla birlikdə Nizamini orjinaldan tərcümə etməyə başlamışam.

    Az sonra hardansa əzan səsi eşidilir və pəncərədən baxıb görürəm ki, bayaq bizə qulluq edən Poladın oğlu elə həyətdəcə salınmış xalçanın üstündə namaz qılır. Bayaq fikir vermişdim ki, o biz yemək yediyimiz masaya yaxınlaşmamışdı. Demək, masada içki olduğuna görə gəlməyibmiş... Ürəyimdə ata ilə oğulun fərqli dünyabaxışlara malik olduğunu düşünüb ah çəkdim... Bir də baxdım ki, Filosof da mən baxan yerə baxır. Qulağıma sarı əyildi və pıçıldadı:

    -Bu tablonun bu divarda qalma ömrü Poladın dünyadan köçdüyü gündə bitəcək...


                ***


    Həmişəki kimi səhər erkən oyanmışıq. Səhər yeməyini bitirib, ev sahibləri ilə vidalaşıb yola çıxdıq. Kəndin küçə-bacasında böyük kül yığınları vardı. Od sönmüş, yerində kül qalmışdı...

    Az sonra ulaqlar bu küllükdə ağnaşaraq kəndi toz-duman bürüdülər... Bir az aralıda bu küllüyün tozanağında güclə sezilən Nizami Gəncəvi adına liseyin binasının qaraltısı görünməz olur...

    Bu toz-dumanı seyr edən Behcət qəfil hönkürür. Mən onun qoluna girib sakitləşdirməyə çalışıram. O isə qəhərli-qəhərli deyir:

    -Sokrat bizi təqib edir...


                ***


    BEHCƏT


    Nəvəm Türkiyədə ali məktəbə qəbul olunub. Sevincimin həddi-hüdudu yoxdur!

    Dünən zəng edib Yazıçıya xəbər vermişəm. O da sevindi. Hələ gülə-gülə dedi ki, yaxanı kənara çəkmə, qonaqlıq borclusan!

    Mən də xoşbəxtcəsinə gülüb dedim ki, qurbandı, haçan desəniz, mən hazıram...

    Və feysbukda Yazıçının bəyənib layk elədiyi bir şeiri oxuyuram. Əvvəl-əvvəl mənə çatmır, sonra bir də oxuyuram. Səttar Timuçin adlı bir gənc yazıb. Bir də oxuyası oluram:

    Yaşamağı şəkillərdən öyrənəsən,

    Azadlığı yabanı atlardan,

    Saatlardan öyrənəsən axıb-keçməyi,

    Sevməyi arılardan.

    Ayrılıqlardan dərs çıxarasan

    Və sinifdə qalasan bir riyazi məsələdə,

    A nöqtəsindən B nöqtəsinə

    Yavaş-yavaş gedəsən,

    Zamanı sürətlə vuranda

    Görəsən ki, əbədisən...


    Və şeirin duyumu içimə axanda yadıma Posu – Polad müəllimin şeiri atması düşür. Nə yaxşı ki, atmış. Qoy şeirimiz həmişə gözəl olsun. Ədəbiyyatçılar demişkən, boz şeirdənsə, olmasa yaxşıdır...            


                                             (davamı var)        

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)