Rövşən Yerfi - Qadın həbsxanasından azadlığa baxış
(kiçik esse)
Azadlıq – insan varlığının ən ali ehtiyacı, həyatın ən şirin nemətlərindən biridir. Lakin, azadlığın dəyərini onun daxilində olanlardan daha çox, ondan məhrum edilənlər, onu itirənlər bilir. Qadın
həbsxanasından azadlığa baxış isə təkcə dəmir barmaqlıqlar arasından görünən göy üzü deyil; bu, eyni zamanda peşmanlığın, acı təəssüfün, ümidin və cəmiyyətin qınaqları ilə baş-başa qalmış zərif bir ruhun pəncərəsidir.
Tarixən qadın və kişi məhkumlar eyni cəzaçəkmə müəssisələrində, sadəcə fərqli kameralarda saxlanılıb. Qadınların tamamilə ayrı müəssisələrdə cəza çəkməsi ideyası XIX əsrdə formalaşıb. Dünyada qadınlar üçün xüsusi olaraq tikilmiş ilk islah evi 1645-ci ildə Niderlandın Amsterdam şəhərində açılıb. Burada məhkum qadınlar toxuculuq və tikişlə məşğul olublar. Azərbaycanda isə ilk qadın həbsxanası 1948-ci ildə Bakıda inşa edilmişdir.
Məhbəs divarları hər kəs üçün azadlığın sərhədləri deməkdir, lakin qadın həbsxanasında bu anlayış daha dərin, daha ağrılı və çoxtərəfli bir mahiyyət kəsb edir. Bir qadın üçün dəmir barmaqlıqlar arasında olmaq yalnız fiziki məkanın daralması deyil: bu həm də cəmiyyətin gözündə daşıdığı mənəvi yükün, anlıq səhvlərin və ya fələyin oyununun ağır bədəlidir.
Qadın məhbəsində azadlıq anlayışı bir neçə əsas mənəvi müstəvidə təcəssüm edir, özünü göstərir. Onlardan birincisi olan ana qucağının və ailənin həsrəti qəlblərindəki ən həssas, yaralı yerləridir. Qadın üçün azadlıq ilk növbədə anasını, ailəsini görmək, övladına toxuna bilmək, onların nəfəsini duymaqdır. Məhbəsdəki qadının azadlığa baxışı çox vaxt şəxsi rahatlıqdan ziyadə, yarımçıq qalmış analıq hissinin bərpasına yönəlir. Divarlar arasından baxan gözlər azadlığı bir küçədə rahat gəzmək deyil, övladının əlini tutub gələcəyə addımlamaqda görür.
Mənəvi qurtuluş və bağışlanma hissinin sıxıntısı məhbəs ərzində ürəklərindən çəkilmir. Qadın psixologiyası təcrid olunmanı kişilərdən fərqli yaşayır. Cəmiyyət günahkar qadını bağışlamaq istəmir, daha çətin bağışlayır. Bu səbəbdən qadın həbsxanasından azadlığa baxış həm də cəmiyyətin mühakiməsindən, vicdan əzabından və “damğalanmaq” qorxusundan azad olmaq arzusudur. Buradakı azadlıq arzusunun təməlində özünün yenidən kəşf etmək və hər şeyi yenidən başlamaq, təmiz bir səhifə açmaq istəyi dayanır.
O, ən çətin şəraitdə belə ümidini itirməməyi, yenidən başlamaq cəsarətini toplamağı öyrənir. Amma daxilində böyük bir qorxu və nigaranlıq da gizlənir. Çünki, qadın məhkum üçün azadlıq təkcə dustaqlıq müddətinin bitməsi deyil, həm də, cəmiyyətin görünməz divarları ilə mübarizənin başlanğıcıdır. Təəssüf ki, müasir dünyada belə, azadlığa çıxan qadınlar çox vaxt kişilərə nisbətən daha ağır sosial təzyiqlərə məruz qalırlar. Ailənin onu qəbul edib-etməyəcəyi, övladlarının ona baxışı və iş tapmaq çətinlikləri azadlıq üfüqünü bəzən dumanlı edir. Buna görə də, qadın həbsxanasından azadlığa baxış həm böyük bir sevinc, həm də naməlum bir gələcəyin gətirdiyi həyəcandır.
Xırda detallardakı böyük xoşbəxtlik üçün burunları göynəyir. Azadlıqda olan insanın diqqət etmədiyi, gerçək dəyərini bilmədiyi adi hallar – pəncərədən görünən bir ağacın yarpaqlanması, yağışın səsi, istədiyi vaxt bir stəkan çay içmək və ya qapını arxadan bağlayıb yatmaq – məhbəsdəki qadın üçün azadlığın ən ali rəmzinə çevrilir. Azadlıq orada xəyalların içində qalan bir əsrarəngiz mənzərədir.
Onları ümid və gələcək gözləntisi heç bir vaxt tərk etmir. İnsan ruhu heç bir qılafa, məhdudiyyətə sığmır. Qadın həbsxanasından azadlığa baxış – məhrumiyyətlər, qadağalar içində belə insanlığını, incəliyini və ümidini itirməyən ruhun mənəvi çırpıntılarla zülmətdən işığa tərəf boylanmasıdır…
10.2026
