RÖVŞƏN YERFİ - QANUNDA OLMAYAN “DÖVLƏT” (oçerk)
Həbsxanaya hər kəs bir nəzərlə baxır: cəza evi, cinayətkarlar məskəni, islah müəssisəsi... Mən isə bu qapalı yerlərin həyatını yaxından öyrəndikcə deyilənlərlə yanaşı oranın kiçik bir dövlətə də bənzədiyini gördüm.
Elə bu məqsədlə də sizə cəzaçəkmə yerləri, həbsxana həyatı, oralarda baş verənlər, dünya içərisində “dünyanın”, dövlət içərisində “mini dövlətin” özünəməxsus xüsusiyyətləri barədə qısa söhbətlər etmək istəyirəm.
Məcazi mənada adlandırdığımız bu balaca dövlət marionetka sayılan balaca padşahlıqlara da bənzəyir. Burada dövlətin ən vacib elementlərindən hesab edilən üçü: ərazisi, əhalisi və sərhədi var. Ətraf aləmdən onu ayıran güclü mühafizəsi, dövlət sərhəddindən daha sayıq qorunan şumlanmış nəzarət iz zolağı, qala divarları kimi hündür daş hasarları içəridəki hakimiyyətin əzəmətindən xəbər verir.
Bu “dövlətdə” demokratik hakimiyyətdən, ya da konstruktiv müxalifətdən danışmağa dəyməz. İdarə etmə daha çox konstitusiyalı monarxiyaya oxşayır. Əsasən iki növ qanunlardan istifadə edilir. Biri yerləşdiyi ərazinin dövləti tərəfindən qəbul edilən qanunlar, digəri isə içəridə hamı tərəfindən anlaşılan yazılmamış qanunlardır. Hakimiyyətin təkcə bir – icraedici qolu var: rəis – balaca padşah; rəisin müavinləri – padşahın vəzirləri; icra aparatındakı şöbə rəisləri – nazirlər; dəstə rəisləri – icra nümayəndələri və nəzarətçilər – polislər. Təbii ki, “ölkənin” əhalisi məhkumlardır. Onlara xarici mühitlə canlı ünsiyyətə yalnız “sərhəddə” yerləşən görüş otaqlarında icazə verilir. Əhali üçün “olkəyə” gəlib – getmə ancaq məhkəmə qərarı deyilən sənədlə tənzimlənir. ( Bir qeyd: evləri “çöl” dövlətdə olduğundan hakimiyyət nümayəndələri əhaliyə aid edilmirlər. Günün yarıdan çoxunu burada keçirsələr də, gecə saatları öz aralarında növbəli qaydada bölüşdürülür.) Ərazidə fəaliyyət göstərən tbb məntəqəsi – səhiyyə; yeməkxana, dərzi , çəkməçi, telefon rabitəsi, hamam və sair - əhaliyə xidmət; klub, kitabxana – mədəniyyət; sinif otaqları – təhsil; larek (dükan) – ticarət; istehsalat zonasındakı işləmək üçün sexlər – sənaye sahələrini təmsil edir.
Və nəhayət bu “dövlətciyin” qayda-qanunu pozanları cəzalandırmaq üçün “kars” deyilən öz təcridxanası, “türməsi” də var. Cəza alanlar orada bir gündən altı ayadək saxlanıla bilərlər.
Adı çəkilən “obyektdə” işçilərin maaşı ilə rüşvəti düz mütənasib idi. Kimin maaşı çox idisə rüşvəti də bir o qədər yüksək idi.
Hakimiyyətin başlıca məqsədi, vəzifəsi içəridəki sabitliyin qorunması və həyəcan, səksəkə yaradacaq hər bir hadisənin, narazılığın, qiyama yol açan təxribatın qarşısının alınması yönümündə işlərin həyata keçirilməsidir. Eyni zamanda “çöl” dövlətdə yerləşən rəhbərliyin qanuni və ya qeyri-qanuni olub-olmamasından asılı olmayaraq göstərişlərinin yerinə yetirilməsidir.
Burada dəyəri olmayan bir şey varsa, o da zamandır. Bir nömrəli vətəndaşı – “padşahından” başlamış sakinlər arasında ən aşağı zümrə sayılan üzdəniraqlaradək hər kəs zamanın keçməsində maraqlıdır. Zaman keçirsə, demək cəza müddəti azalır, azadlıq yaxınlaşır.
Əməkdaşlar üçün isə bu növbəti maaşın yaxınlaşması, iş stajının artması, pensiyaya doğru addım mənasını daşıyır. Onu necə var yola vermək lazımdır: işlə, ya da asudə vaxtla bağlı tədbirlərlə baş qatmaqla...
“Padşah” və “vəzirlər”
Şahmat oyununda şahın mat olması oyunun sonudur. Bu ”səltənətdə” necə?.. “Padşah” mat ola bilərmi?
“Padşah” nəyəsə mat qala bilər, amma, “mat” ola bilməz. Çünki, o, içəridən seçilmir, arxasındakı böyük güc olan - “çöl” adlandırılan aləmdəki qanuniləşmiş QÜVVƏNİN göstərişi ilə təyin olunur. Belə ki, “çöldəki” dövlətin sərəncamları hakimiyyətini icra etmək üçün ona bütün lazımi səlahiyyətləri verir. Verilən səlahiyyətlərdən və daxili qanunlardan yerindəcə istifadə edə bilən “padşah” daim qalib olaraq qalır.
O, hamını – “vəzirlərindən” başlamış “polslərədək”, giriş qapısından tutmuş ən adi sahə “obyekt”lərinə qədər hər kəsi və hər yeri tam nəzarətdə saxlayaraq vəzifəsini avtoritar rejim üsulu ilə idarə edir. Onun icazəsi və ya razılığı olmasa bu ərazidəki havada quşlar da uçmağa ürək etməzlər. Az qala bütün qərarları. icazələri sonda, o, verir. Gün ərzində işçilərindən, həm də əhalisinin sevimlilərindən aldığı fasiləsiz, davamlı informasiya axınının nəticəsində nəinki kimin nə etdiyindən, hətta kimin nə düşündüyündən də xəbərdar olur. Bununla belə,sərf etməyəndə, özünü elə aparır ki, guya heç nədən məlumatı yoxdur.
Bir qayda olaraq “padşah” tələbkar olmaqdan yorulmur. Hiss etdirmək istəyir ki, hamıdan narazıdır, heç kim işini layiqincə apara bilmir, sadəcə onun sayəsində başlarını girləyirlər. Qəlbən acgöz olsa da, gözü tox kimi görsənməyə çalışır. Hər ayın sonunda isə xidmət sahələrindəki “toçkalardan” “töycünü” ilk növbədə özü üçün yığdırır. Büdcədən yeyintinin, hədiyyələrin, “hörmətlərin” ən çoxu, ən yaxşısı onun olmalıdır. Kimsə bu qaydalara qarşı çıxmaq istəsə, ləngimədən “torbasını tikib”, “dövlətindən” kənarlaşdırır.
O, ürəyi yumşaq, səmimi ola bilməzdi. Mümkün deyildi. Elə olarsa, ondan çəkinib qorxmazdılar. Mütləq yuxarıda sadaladığım keyfiyyətlərə malik olmalıdı ki, hamı onu əsl “padşah” kimi qəbul edərək hörmət etsin.
“Padşah” özü seçilmədiyi kimi, “vəzirlərini” də seçə bilmir. Onlar da təyin olunurlar. Üç “vəzirdən” birincisi əmniyyət və təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyır. Belə ki, üç “nazir”: daxili işlər (rejim), təhlükəsizlik (əməliyyat), ədliyyə (qeydiyyat) ona tabedir. İkinci “vəzir” humanitar məsələlərlə məşğul olur. Bir nazirə – mədəniyyət və təhsil (tərbiyə işinin təşkili) və icra nümayəndələrinə (dəstə rəisləri), o, kuratorluq (qismən isə “səhiyyə nazirinə” (tibb hissəsinə) nəzarət) edir. Əhalinin yenidən tərbiyələnməsi, mədəni-kütləvi tədbirlərin təşkili və sakinlərin vaxtından əvvəl azad edilməsi məsələlərinin “düzülüb qoşulması”... və sair humanist işlər onluqdur.
Üçüncü “vəzir” təsərrüfat məsələlərinə baxır. Maaliyyə naziri (mühasibat), sənaye naziri (direktor və ya istehsalat müdiri) və bir-neçə “sexovşik” (sex rəisi) onun göstərişlərinə qulaq asır. “Dövlətin” idxal-ixrac proseslərini həyata keçirmək əsasən bu “vəzirin” öhdəsinə düşür.
“Vəzirlər” arasında ən hörmətlisi, (“bərk gedəni”) əmniyyət və təhlükəsizlik vəziri sayılır. “Padşah” istirahət edəndə onu əvəz edir. Çox vaxt “padşahın” sevimlisi olur. Odur ki, “padşah” yığdırdığı “töycü”dən “vəzirləri” arasında ən çoxunu da ona verir. Əks halda, yəni aralarında anlaşılmazlıq olarsa, hakimiyyətdə böhran vəziyyəti yaranır. Bu iki nəfərin yola getməməsindən hamı əziyyət çəkir. Şəxsi ambisiyanın sonu onlardan birinin “dövlətdən” uzaqlaşdırılması ilə başa çatır. Baxır “çöl” dövlətdə kimin “arxası” güclü olur.
Yeri gəlmişkən, qanunda olmayan “dövlətdə” “arxa” məsələsi ən önəmli şərtdir. Güclü “arxa” burada rəğbətdi, vüqardı, uğura, müvəffəqiyyətə yaşıl işıqdı. Yoxdusa, susmaq məsləhətdi, sal başını aşağı işlə, xidmət etmək borcundu, vəssalam... Eynilə “çöl” dövlətində olduğu kimi...
Ümumiyyətlə “çöl” dövləti ilə bu “dövlət” arasında bir xeyli xüsusiyyətlər baxımından eyniyyət və oxşarlıqlar çox idi...
“Nazirlər”, “icra nümayəndələri” və “polislər”
Qərbdən gələn demokratiya, insan hüquqları küləkləri son illər qanunda olmayan “dövlətin padşahını” lap girinc edib. Avropa Şurası adından saysız-hesabsız hüquq təşkilatlarının gediş- gəlişi padşahlığını gözündən gətirib. Gələn-gedənin əziyyətinə birtəhər dözsə də, korrupsiya söhbəti başlayandan isə tamam qanı qaralmışdı. “Belə də iş olar, - düşünürdü, - deyirlər çayı keç, amma ayağın islanmasın.” Odur ki, məcbur idi, su içəndə də üfürə-üfürə içsin.
Günlərin birində “padşahın” telefonuna zəng gəlir ki, sizi korrupsiya idarəsindən narahat edirlər. Sizdən şikayət var, filankəs azad edilərkən filan qədər rüşvət almısız. “Padşah” faktı etiraf etməkdən vaz keçib daş atıb başını tutur ki, yalandı, böhtandı. Telefondan cavab gəlir ki, hörmət edib faktı böyütmək istəmirik, ona görə də etirazınızı izahat şəklində yazıb ləngimədən çatdırın, nömrəsini də verir. “Padşah” əsəbindən bilmir nə etsin, özünü müdafiə etmək üçün tələsik izahat yazıb bir işçisinə tapşırır ki, aparıb həmin “mötəbər”ə əlbəəl çatdırsın. Korrupsiya idarəsinin qarşısında verilən nömrəyə zəng vurulur. Cavab alınır ki, “indi şəhərdə deyiləm, atın idarənin poçt qutusuna gəlib götürərəm”. Bir-neçə gün keçir, izahatın sorağı ən yuxarılardan gəlir. Aləm qarışır bir-birinə, məlum olur ki, o idarədə nə elə adam işləmir, nə də elə telefon nömrəsi mövcud deyilmiş... Güman edilir ki, bu sadəcə “padşahın” dostlarından birinin “reanimasiya” zarafatı imiş. Bəs faktlar “çölə” necə sızıb? Hə, bunun üçün söhbətimizin ardına – “dövlətdəki” hakimiyyət səlahiyyətlilərinin vəzifə bölgüsünə qayıdaq.
Qanunda olmayan “dövlətin” hakimiyyət piramidasında “padşah” və “vəzirlərdən” sonra “nazirlər” (şöbə rəisləri) gəlir: təhlükəsizlik (əməliyyat), daxili işlər (rejim), ədliyyə (qeydiyyat), mədəniyyət və təhsil (tərbiyə işinin təşkili), səhiyyə (tibb hissəsi), maliyyə (mühasibat) və sənaye (istehsalat).
Təbii ki, “nazirlər” arasında imic yüksəkliyi təhlükəsizliyindir. Bu sahənin əməkdaşları hamıdan ayıq-sayıq olmalıdırlar. Belə ki, “əhali” içərisindəki qurduqları agentura şəbəkəsi vasitəsilə hamıdan əvvəl ən dəqiq, ən geniş məlumatlara onlar malik olurlar. Əldə edilən həmin məlumatlar və dindirilmələr əsasında rejim pozuntularındakı günahkarlar tapılır, zərərsizləşdirilir, baş verə biləcəklərin qarşısı alınır. Bunun üçün situasiyaya uyğun mümkün olan bütün lazımi (əxlaqa zidd olsa, hətta) üsullardan istifadə olunur. Belə işdə psixolji istedadın əvəzi yoxdur. Geniş duyum qabiliyyəti olanlar nəinki qarşısındakı insanın daxilini, hətta qarşısındakı divarın əks tərəfini də fəhm ilə müəyyənləşdirə bilirlər.
Başqa əməkdaşlardan fərqli olaraq onlara daha bir əlavə səlahiyyət verilir: zəruri hallarda öz iş yoldaşlarını da gizli nəzarətə götürmək, müşahidədə saxlamaq. Bəlkə də ona görədir ki, “dövlətin” digər əməkdaşları daha çox ürəklərində onlardan çəkinib ehtiyatlanır, üzdə bildirməsələr də, münasibətlərdə məsafə saxlamağa üstünlük verirlər.
Təhlükəsizliklə ən sıx qarşılıqlı əməkdaşlığa ehtiyacı olanlar daxili işlər (rejim) qurumunda çalışanlardır. Daxili işlər mənsubları rejim şəraitinin stabil qalmasına birbaşa məsuliyyət daşıyırlar. Rejim dedikdə, ilk növbədə nə nəzərdə tutulur? Rejim - hüquqi aktlarla müəyyən olunmuş cəzanın icrası və çəkilməsi qaydasıdır. “Dövlət əhalisi” bütün sutkanı təsdiq edilmiş qaydalara uyğün yaşayır: səhər yuxusundan ayılmaqdan başlamış - gecə yuxusunadək. Bundan əlavə geyim, saç, yataq şəraiti, istifadəsi zəruri sayılan əşyalar, qadağan edilən əşyalar, görüş vaxtı icazə verilən ərzaqlar və sair qaydalara da onlar nəzarət edir. Bu qaydaların hər hansı birisinin icra edilməməsi, qaydalardan kənara çıxılması rejim pozuntusu adlanır və təxirə salınmadan müvafiq cəza ilə cəzalandırılır.
Rejimin varlığı, fəaliyyəti – elə, “dövlətin” varlığı deməkdir. Buna görə də daxili işlər əməkdaşları əksərən görülən işlərin böyük ağırlığının onların çiyinlərinə düşdüyünü iddia edib, özlərini “dövlətin” bel sütunu hesab edirlər. Bəzən də açıqdan-açığa təhlükəsizliklə nüfuz mübarizəsinin kəskinləşməsindən qorxmurlar.
Ədliyyə (qeydiyyat) qrupundakılar da həmişə olduğu kimi, fəallıqdan kənar olsalar da, əsasən qanunun tətbiqi və müdafiəsini həyata keçirirlər. Gün ərzində onlar “əhalidən” çox sənədlərlə təmasda olurlar.
Hüquq mühafizə “orqanlarından” sonra səlahiyyət bölgüsündə “dövlətin” humanitar vəzifələrini yerinə yetirən mədəniyyət və təhsil (tərbiyə işinin təşkili) “nazirliyi” gəlir. “Nazirliyin” əməkdaşları olan “icra nümayəndələri” (dəstə rəisləri) “əhali” ilə münasibətdə humanistlik sərgilədiklərindən, sakinlər hakimiyyət məmurları arasında daha çox onlara qarşı mehribanlıq edirlər. Çünki, başqa əməkdaşlardan fərqli olaraq onların kabinetləri yataqxanaların içərisində yerləşir. Məsafə baxımından ən yaxını, son anda arxalandığı işçilər onlardır.
“Əhali” “padşahın” əmri ilə bir qayda olaraq yüz nəfərdən az olmamaqla, bərabər dəstələrə bölünür. Hər dəstə məqsədyönlü, birbaşa nəzarət üçün bir “icra nümayəndəsinə” həvalə edilir. “İcra nümayəndəsinin” vəzifəsi gün boyu dəstədəki sakinlərlə ünsiyyətdə olmalı, onlar arasında baş vermiş hadisələrdən, dava -dalaşdan, mübahisələrdən, narazılıqlardan, məişət çatışmamazlıqlarından, qısası hər şeydən xəbərdar olmalı, çətinlikləri həll edib yoluna qoymalıdır. Sakinlərin hər biri ilə, onları yaxından tanımaqdan ötrü ayrılıqda qəbul edib tərbiyəvi mövzuda söhbətlər aparmaq, asudə vaxtın səmərəli keçməsi üçün əyləncəli idman yarışları, mədəni-kütləvi tədbirlər təşkil etmək “icra nümayəndəsinin” gündəlik qayğılarındandır. Sadalanan işlərin həyata keçirilməsində məqsəd – cinayətkarın cinayət aləminə deyil, islah yoluna qədəm qoyması üçündür. Elə “icra nümayəndəsinin” ən böyük səlahiyyəti də bu məsələdən yararlanır. Cəzanı yüngülləşdirmə və vaxtından əvvəl azdlığa buraxılma vaxtı sakinin islah olunub, ya olunmamasına məhz onun yazdığı xasiyyətnamə haqq verir.
Qalan üç “nazirlik – səhiyyə (tibb hissəsi, maliyyə (mühasibat), sənaye (istehsalat) “padşahın” hakimiyyətinin bərqərar olmasında yardımçı rol oynayırlar. Belə ki, son dövrlər istehsalatın adı var, özü yoxdur. Mühasibat yalnız ayrılan büdcə vəsaitini “əritməklə” məşğuldur. Tibb hissəsindəki həkimlər isə tibbdən kimsənin başı çıxmadığı üçün özlərini tam olmasalar da, yarımmüstəqil hesab edirlər. İstənilən an hər hansı sakini xəstə kimi qeydə almağa görə “padşahla” məsləhətləşməyə ehtiyac görmürlər...
“Polislər “ (nəzarətçilər) hakimiyyətin ən aşağı pilləsində dururlar. Onların vəzifəsi asayişi qorumaq, təyin olunmuş postlarda əhaliyə nəzarət etmək və yuxarı rəislərin göstərişlərini yerinə yetirməkdir. Gün ərzində onlara dinclik yoxdur, daim ayaqüstə, daim hərəkətdədirlər. “Padşah” lazım gələndə onları fəhlə kimi də işlədir. Özləri demişkən: “necə deyərlər, adam yerinə də işləyirlər,..pardon, “qanun keşikçisi” yerinə də...
Indi oğul istəyər tapsın ki, bu qədər səlahiyyətlinin içərisindən “faktlar” çölə necə və kim tərəfindən sızır..?
“Obşaklar”
Hakimiyyət nümayəndələri ilə tanışlıqdan sonra, nəhayət sıra növbəsi gəlr “əhaliyə”. Qanunda olmayan “dövlətin əhalisi” cinsi azlıqları nəzərə almasaq, bir qayda olaraq tək bir cinsdən ibarət olurlar. Belə ərazi - yaşayış sahələrində əhalinin sayı əksərən min nəfərdən çox olmur. Yaş etibari ilə on səkkiz yaşdan başlayaraq ahıl yaşlaradək hər yaşdan sakin tapa bilərsiz burada. Eləcə də ağıl, xasiyyət baxımından da, insan psixologiyasının təsnifatı üzrə istənilən növü ilə rastlaşmaq mümkündür.
Onları toplayanda əsasən törətdikləri əməllərə uyğun və oxşar olanları bir yerə yığırlar. Birgə yaşayış zamanı xaosun, uyğunsuzluğun yaranmaması üçün. Çünki, eyni “bəlaya” mübtəla olan, bərabər kateqoriyalı adamlar bir-birləri ilə daha rahat yola gedirlər. Analiz edilərkən belə nəticəyə gəlmək olar ki, onların doxsan səkkiz faizi günahlı, təqribən iki faizi “sifarişli”, haqsız həbs edilənlərdir.
Təhsil cəhətdən “əhalinin” ədatən on faizi ali təhsilli, on faizi də tamam savadsız olur. Qalan səksən faizi isə yazıb oxumağı bacarsalar da dünyaya baxışları ilə savadsız səviyyəsindədirlər. Bununla belə aralarında əl işi ilə yaradılan sənətkarlığa güclü meyil, bacarıq duyulur.
Yaş hesabından yeniyetmə, cavan, qocalara bölünən əhali yaşayış nöqtəyi nəzərindən də üç təbəqəyə ayrılır: sayı çox olan kasıblar, az miqdarda ortabablar və hamı tərəfindən tanınan, sayılacaq qədər imkanlılar – oğru dünyasının dili ilə desək “burjuylar”.
Bu yerdə daha çox əvvəllər mövcud olan, son illər qarşısı alınan, indi demək olar ki, tamamilə aradan götürülən, cinayətkar aləmə aid olan “obşak” adlı qurumun strukturu və xüsusiyyətləri barədə danışmaq istəyirəm. Məhkumların mənafeyinin müdafiəsi ideyası ilə yaradılan bu qurum əslində müəssisə rəisinin və əməliyyat şöbəsinin gizli iştirakı ilə idarə etməni asanlaşdırmaq üçün təşkil olunurdu. Bir baxım “çöl” dövlətdə olan bələdiyyə sədrliyinə də bənzərliyi vardı. Cinayətkar aləmdə nüfuz qazanmış avtoritetlərin və rəisin gizli razılığı ilə onlardan biri obşak seçıilırdi. Obşak məhkumların böyüyü sayılırdı. Onun göstərişləri, az qala rəisin əmrlərinə bərabər olurdu. Sanki, o, rəisin ştatsız məhkum müavininə çevrilirdi. Əlbəttə, klassik oğrular belə oyunlara girmirdilər və onlara olan münasibətlər başqa müstəvidə qurulurdu. Obşak başına “bratva” adlandırılan dostlarını yığırdı ki, onların da obşakın nəzarətini müəssisə ərazisində əhatə etmək üçün hərənin öz işi olurdu. Kimi “proqon”a (vergi), kimisi “qrev” (ianə) məsələlərinə baxırdı. Proqon – can vergisi funksiyasını daşıyırdı. Hər bir məhkum görüşdən çıxdıqda üzvülük haqqına bənzər müəyyən olunmuş miqdarda “katyol” deyilən fonda pul ödəməli idi. Yığılan pulun təyinatı üç yerə ayrılırdı: bir hissəsi rəisə, bir hissəsi obşak və ətrafının dolanışığına, sonuncu bir hissəsi də karsda, sançastda olan, evdən uzunmüddət yanına gəlinməyən “bedalaqa” sayılan kasıblar üçün siqaret və çay-qənd alınmasına xərclənirdi. “Bratva”lardan sonra obşakın “icra aparatına” dəstələrdə nəzarət vəzifəsini yerinə yetirən “korpusnoy”lar daxil idi.
Obşak ayrıca otaqda, ona qulluq edən bir yavəri ilə qalırdı. Onun otağı həm də kabinetə oxşayırdı. Televizoru, videosu, soyuducusu, bahalı sərinkeşləri, qızdırıcıları – bu sayaq elektrik avadanlıqlarından korluq çəkməzdi. O, heç vaxt səhər-axşam yoxlamalarında iştirak etməzdi. Zona içərisində qəzintiyə də rəis sayağı tək çıxmazdı, mütləq ətrafında “aparatından” bir-neçə nəfər olmalı idi. Rəisin dostlaşdığı qanuni oğrulara və sevimli “burjuylar” üçün də buna bənzər şərait yaradılırdı. Belə ünvanlarda rəisin birbaşa şəxsi göstərişi olmadan heç vaxt “şmon” (axtarış) aparılmırdı.
Bəzən obşaklar rəislərin pula olan hədsiz nəfslərindən istifadə edib ağlagəlməz, qanuna zidd hərəkətlər etməkdən də çəkinmirdilər. Nəinki uyuşdurucu maddələr, hətta alkoqollu içkilərdən istifadə olunmasına, əxlaqca düşük “xanımlarla” qanunsuz uzunmüddətli (bir gündən üç günədək) görüşlərin alınmasına cəhdlər olunurdu. Belə faktların yaxın keçmiş illərdə mətbuata sızması hallarını yəqin ki, xatırlayarsınız. Uyuşdurucu məsələsinə gələrkən öz müşahidələrimə əsasən deyə bilərəm ki, nəzarət nə qədər güclü olsa da yüzlərlə narkotika aludəçisinin onu əldə etməyə həftələrlə, aylarla yol tapa bilməməsi mümkünsüzdür. Hökmən istisna hesab edilən bir vasitə, imkan, şəxs tapılır. Rəislər də çalışırlar ki, o istisnalar da onların icazəsi olmadan, “haqqını” almadan ötməsin.
Diqqətlə nəzər etdikdə obşak qurumu bir qədər sovet quruluşuna bənzəyirdi. Sözdə bərabərlik, məzlumlara dayaq olmaq iddia edilsə də, ən çox faydanı heç vaxt məhkum yeməkxanasına gəlməyən, proqon hesabına normal yeyib-içən obşak və onun ətrafı görürdü. Məhkumlar içərisində bu həqiqəti dərk edənlər tüfeyli dustaq yoldaşlarını ürəklərində xoşlamasalar da, qorxularından düşündüklərini dillərinə gətirə bilmirdilər. Çünki, obşakın cəza qərarları çox zaman amansız, alçaldıcı olurdu.
Obşak və onun ətrafının qəribə qayda qanunlarından biri də “paqonun” qəbuluna tək gedilməməsi idi. Hətta obşak belə rəisin qəbuluna çağırılanda da görüntü üçün yavərlərindən birini kabinetə qədər aparıb özü içəridə tək söhbət edirdi.
Beləliklə rəis obşak vasitəsilə məhkumları idarə edir və həm də rahatca “haqqını” alırdı. Amma, çox vaxt rəislər qurduqları oyunun bəlasına düşürdülər. Ona görə ki, bir müddət sonra, obşak və ətrafındakılar topladıqları pullardan elə harınlaşırdılar ki, rəisi saymamağa başlayırdılar. Narazılığın dalısıyca da onu “bunt”la, qiyamla hədələyirdilər. Başlanan soyuq müharıbənin sonu, şübhəsiz, “voyska”nın, yəni əsgərlərin nizam-intizam yaratmaq məqsədi ilə müəssisəyə gətirilməsi, həddini aşanların “kars”lara salınması və rəisin işdən azad olunması – “padşahın” istefası ilə başa çatırdı.
Son dövrlərdədə rüşvətin cəmiyyətdə aparıcı rol oynaması, qol-budaq ataraq çiçəklənməsi öz təsirini cinayət aləminə də göstərdi. Əsl qanuni oğrular arasında dolayısıyla, pul gücünə oğru adı alanlar da peyda olmağa başladı. Xüsusilə məhkumlar içərisində cinayət aləmindəki kastaların qaydaları üzrə cəzalanmalılara puluna görə göz yumulması, “sındırılmışdan” rüşvət alınıb təmizə çıxarılması hallarının artması obşak qurumunun nüfuzdan düşməsinə səbəb oldu. Misal olaraq bir nümunə danışım: on-on iki il əvvəl islah əmək müəssisəsilərinin birində tanınmış bir inqilabçının narkoman nəvəsi (hələ o zaman babasının adı bəzi yerlərdə qalmışdı) aludə olduğu “xəstəliyi” üzündən cəza çəkirdi. Məhkumlar arasında onun cinsi azlıq kimi passiv olması qənaəti yaranmışdı. Ancaq, obşak müəyyən məbləğ qarşılığında ehtimalları rədd edib, onu təntənəl şəkildə “təmiz oğlan” elan etmişdi. Bu sayaq obşaklar azadlığa çıxandan sonra çox vaxt təxirə salınmadan klassik oğrular tərəfindən ağır cəzalara məruz qalırdılar.
Digər bir tərəfdən qanunların yenilənməsi ilə başlanan tədbirlər sayəsində ölkədə cəza siyasətinin yumşaldılması, aparılan geniş islahatlar, yaşayış şəraitinin əvvəlki dövrlərlə müqayisədə xeyli yaxşılaşdırılması məhkumların özlərini də obşak strukturunun mənasız olduğu anlamına gətirib çıxartdı.
Və “padşahlara” da tapşırıldı ki, zəhmət çəkib özləri işləsinlər, başqasının əli ilə “iş” görüb başlarına bəla yaratmasınlar.
“Burjuylar”
Fərqi yoxdur, istəyir azadlıq, istəyir qanunda olmayan “dövlət” olsun - hər ikisində insan və insanın pula olan tükənməyən, sonsuz nəfsi var. Çöldə ləyaqətini qoruyan adam həbsdə də öz qürurunu saxlaya bilir. Müxtəlif vasitələr hesabına eyiblərini gizlədənlər isə, içəridəki kəskin nəzarət altında manevr darlığından, imkanların məhdudluğundan qısa zamanda malik olduqları sima və səviyyələri ilə çox keçmədən aşkarlanır, qüsurlarını ört-basdır edə bilmirlər. Burada iblislər mələk donu geyinməyi bacarmırlar. Azadlıqla türmənin ən böyük fərqi də burasındadır: kimsənsə, nəsənsə, osan... Daha çöldəki kimi maskalana bilməzsən, mütləq daxilin üzə çıxacaq. Ləkəlisənsə, o ləkə daim səni qarabaqara izləyəcək. Ləkəsizsənsə, ləkəlilər arasında gərək həmişə mənliyini saxlayasan, itirməyəsən. Onu itirməmək üçün isə yüksək mənəvi keyfiyyətlərinlə yanaşı pulun da öz müstəsna rolu olur. Doğrudur, pul hər şey demək deyil. Amma pulun hər yerdə, o cümlədən cinayət aləmində də mövcudluğu insan üçün rəğbətdi, ehtiramdı. Hələ bir əsr bundan əvvəl dahi şairimiz Mirzə Ələkbər Sabir demişkən:
Adəmi adəm eyləyən paradır,
Parasız adamın üzü qaradır...
Rəğbət haradan başlayır? Əlbəttə, gətirilən “peredaçaların” (bağlama, sovqat) sayından. “Peradaça”nın miqdarı şəxsin çöldəki qiymətinin əsas göstəricisi hesab edilir. Əgər adama illərlə “peredaça” gəlmirsə və ya bayramdan bayrama gəlirsə, demək, o adam çöldə ya çox kasıbdır, ya da onu yaxınları, qohum - əqrəbası adam siyahısından siliblər. Belələrinə “bedalaqa” deyirlər. Hər ay “peredaça” alanlar - ortabablar sayılır. Onlara hamı hörmət edir: “paqon” da, məhkum da. Çünki, onlar ümidli adamlardı, ümidsiz deyillər.
Hər həftə “peredaça” alan adamsa artıq “burjuy” sayılır. “Burjuylar” isə adətən keçmiş vəzifəlilər, biznesmenlər, sahibkarlar və ya onların övladları, yaxın qohumları olur. “Burjuylar” malik olduqları pula arxalanıb özləri ilə başqaları arasında fərqli distansiya yaratmağa çalışırlar. Onlar əsasən rəis və onun müavinləri ilə yaxın, mehriban münasibət qururlar, qalan əməkdaşlara bir o qədər önəm vermirlər. Cinayət aləmindən də təkcə obşaka diqqət yetirirlər. Neytral olmağa, kimsəyə qarışmamağa, hamıdan təcrid olunmuş şəraitdə yaşamağa daha çox üstünlük verirlər. Hamıdan kənar olmaq arzusu özünü yüksəktutma, xudbinlik hissindən savayı, sərfəli olmayan hər kəsə pulundan istifadə etməyə imkan verməmək qayğısından irəli gəlir. Aylıq rəisə ödədikləri “haqqın” qarşılığında onlara obşakın şəraitinə bənzər rahatlıq yaradılır. Ayrıca otaq, ya da barakın baş küncü onlara verilir. Elektrik məişət cihazlarından gen-bol istifadə etməyə icazə verilir. Kasıb məhkumların içərisindən gündəlik normal qidalanmaq xatirinə “burjuyun” yemək - içməyini, yaşadığı yerin səliqə - sahmanını, təmizliyini görməyə bir ya iki nəfər könüllülər tapılır.
“Burjuylar” da səhər və axşam ad yoxlamalarında istisna hallarda iştirak edirlər. Eyni zamanda onların yatağına, əşyalarına, ərzaq ehtiyatına nəzarət məqsədli baxışlar yalnız rəisin göstərişi ilə icra oluna bilər. Qaydalardan artıq görüşə çıxmaq da onlar üçün problem deyil. Hər həftə “peradaça” aldıqları səbəbindən qidalanma sarıdan heç bir narahatlığı olmayan “burjuylar” boş vaxtlarını yeyib yatmaqdan başqa gündəlk qəzetləri, rus dilində dedektiv kitabları oxumaqla, televizora baxmaqla, radioya qulaq asmaqla keçirirlər. Xüsusilə, qadın müğənnilərin mahnılarını dinləyəndə dərin xəyallara dalırlar. İstər – istəməz hərə azadlıqda sponsorluq etdiyi “ciyərpara” xanım müğənnisini xatırlamalı olur.
İkisinin xatirəsi yadımdadır. Bir keçmiş şirkət sədri öz müğənni xanımını düşünəndə çox vaxt dözə bilməyib kövrəlirdi. Böyük təəssüf hissi ilə danışırdı: “Məllim (o, mənə “məllim” deməyi xoşlayırdı), bilirsiz biz necə bir birimizi sevirdik. Onun üçün nələr etmirdim. Konsert turları təşkil edirdim, klip çəkdirirdim, albom yazdırırdım. Artist olanda nə olar, çox mərd xanım idi. Günah məndə oldu, acgözlüyümdən qalmadım. Bir müddətdən sonra gizlicə bir başqası ilə də tanış oldum. Güman elədim ki, xəbər tutsa da xərclədiyim pulların xatirinə özünü qoyar görməməzliyə. Gəl ki, elə olmadı. Bilən kimi kabinetimə gəlib, mənə bir dənə yağlı sillə çəkdi. Dedi, sən kişi deyilsən. Qapını çırpıb o gedən getdi, heyif ondan... Eh, kim bilir, bəlkə də, onun qarğışına düşdüm, az keçmədi tutuldum.”
Bir keçmiş nazirin qardaşı oğlu isə əksinə, xanım “müğənniciyinin” səsini eşidəndə acığından radionun dalğasını dəyişirdi. Həbs olunmasında o xanımın da rolunun olduğunu güman etdiyinə görə, həm də təzəliklə başqası ilə adı çəkildiyi üçün onunla bağlı xatirələrini birdəfəlik unutmaq istəyirdi. Digər “burjuy” dostları bir vaxtlar şou ulduzuyla olan macərası ilə bağlı zarafatla söz atanda acizanə etiraz edirdi: “Siz canınız, mən o “gözəlçəni” çoxdan xəyalımdan çıxarmışam, gəlin başqa mövzudan danışaq...”
Türmədə onlar sanki, yeni bir həyat “universitetində” dünyaya baxışlarını zənginləşdirirlər. Düşünüb-daşınmağa uzun müddət vaxtları yaranır. Bu vaxt ərzində həbsdən əvvəlki yaşadıqlarını özləri üçün “xəlbirdən” keçirib pisi, yaxşını ayırdlayırlar. Azadlıqda yüzlərlə dostları olduqları halda, belə gündə onlarla ailələrindən əlavə çox az adamlar maraqlanır, yada salırlar. Ona görə ki, bağda ərik qurtaranda salaməleyküm də qurtarmışdı...
“Burjuylar türmə padşahlarının çörək ağaclarıdır” desək yanılmarıq . İl boyu onların pulu ilə müəssisədə abadlıq tədbirləri adı altında görülən təmir və kiçik tikinti işlərini sonradan sənədləşdirib büdcədən yemək rəislərin sevimli şakərləridir. “Burjuysuz” cəza yerləri rəngli olmayan, ağ-qara fotoşəkillərə bənzəyirlər.
Onlar türmədə çox qalmağı sevmirlər. Cəzalarının yarısını çəkdikdən sonra, ya əfvlə cəzadan tamam azad olmağa, yaxud da məhkəmə yolu ilə “düz-qoş” etdirib şərti azadlığa çıxmağa can atırlar. Türmə onlarlıq deyil...
“Burjuy”lardan üzdəniraqlaradək
“Burjuy”lardan sonra qanunda olmayan “dövlətin əhalisi” içərisində ikinci, həm də orta təbəqə - ortabablardır. Ortabablar barəsində ətraflı bəhs etməməzdən əvvəl bir əhvalat danışmaq istəyirəm. Bir gün yaşlı, köhnə məhkumlardan birisi cəza çəkdiyi müəssisə rəisinin qəbuluna şikayətə gəlir:
-Ay rəis, xahiş edirəm işçilərinə deyəsən inəyimi özümə qaytarsınlar.
Rəis təəccüblənir:
-Sən nə danışırsan? İnək nədi? “Türmədə” inək olar? Kişi, neçə ildi yatırsan?
-Səkkiz il...
-Hə, deyəsən çəkdiyin “srok” yavaş-yavaş ağlını başından çıxarır...
-Rəis, elə deyil. Bilirsiz ki, mən ömrümdə nə içən olmamışam, nə də çəkən, heç kimin işinə də qarışan deyiləm. Başımı qatmaq üçün kalona gələndə çöldən gizlin, əl boyda radio gətirtmişdim. O vaxt alanda qiyməti qırx manata olub. Gətirtməyimin üstündən üç gün keçmədi rejimniklər gəlib qulaq asan yerdə tutdular ki, radioya icazə yoxdur. İyirmi manat verib geri aldım. Nə başını ağrıdım, bu qaydada radionu ildə azı on dəfə alıblar əlimdən, mən də pul verib qaytartmışam. Səkkiz ildə verdiyim pulları bu gün maraq xatirinə üst-üstə gəlib hesablamışam. Azadlıqdan gələnlərdən də soruşub öyrənmişəm çöldə o qədər pula bir inək düşür. İndi yenə təzəliklə alıblar əlimdən. Xahiş edirəm deyin, daha bəsdi “sağdılar”, inəyimi özümə qaytarsınlar...
Ortabablardan hamıdan artıq “faydalanmaq” həvəsinə düşənlər rejim qaydalarına nəzarət edən əməkdaşlar olur. Rejiim qaydalarından kənara çıxan hər bir hərəkət onlara “yükləmək” fürsəti verir. Hər ay və ya ay yarımdan bir məhkum heyətinə tətbiq edilən saç qırxımı da bu baxımdan mühüm rejim tədbirlərindən biridir. Saçının bir az çox olmasını istəyirsənsə mütləq rejim əməkdaşını “görməlisən”. Bu işə baxanları digər əməkdaş yoldaşları öz aralarında “kəkil ölçən” çağırırlar.
Rəisin “obyekləri” hesab edilən “əhaliyə” xidmət yerlərində – dərzi, çəkməçi, hamamçı, bərbər, kitabxanaçı, kluba baxan və sair belə işlərdə “burjuya” təsadüfi hallarda rast gəlmək olar. Ən çox orta təbəqənin məhkumlarıdır bu cür “toçkalarda” işləyənlər. O yerlərə təyin olunmaq elə də asan deyil. Qabiliyyətdən öncə, ilkin “ödəniş” edilməlidir, sonra da hər ayın sonunda “haqq” çatmalıdır.
Qalan başqa “toçkalar” – qazançı (koçeqar), elektrik, santexnik, rəssam – bu kimi işlər aşağı təbəqənin, kasıblarındır. Kasıbların içərisindən bəzən imkansızlıqdan, bəzən də işsizlikdən başının qarışması üçün hörməti olan zabitlərə “dnevalnilik” edirlər. “Dnevalni” işinin mənası nədir?
Müəssisə rəisindən başlamış bütün əməkdaşların gün ərzində çayını qaynatmaq, yeməyini hazırlamaq işlərinə “dnevalnilər” baxırlar. “Dnevalni” işləmək könüllü olur, kimsəyə məcbur edilmir. Cinayət aləmində belələrini bir qədər kobud səslənən – “şusturyak” adlandırırlar. Onların əməliyyat şöbəsinin agentura şəbəkəsinə gizli cəlb olunmasından ehtiyatlanan, sərbəst işləmək istəyən bəzi əməkdaşlar “dnevalni”siz keçinirlər.
Qanunda olmayan “dövlətin” – bütün müəssisənin təmizlik işləri kasıbların ən aşağı, üzdəniraqlar deyilən bədbəxt zümrəsinin boynundadır. Üzdəniraqlar kimlərdir?
Üzdəniraqlar - əsasən cinayət aləmində “sxodka” adlandırılan məşvərətin “fətvası” ilə “sındırılmış” məhkumlardır. Onların içərisində törətdikləri cinayətin ağırlığına uyğun haqlı əvəz olaraq alçaldıcı cəza çəkənlər (xüsusilə, azyaşlıların zorlanması ilə bağlı cinayətlər üzündən) də var, ağılsızlıqdan özləri demışkən “zibilə düşənlər” də var. Oğru dünyasının qanunlarına görə onlarla əl ilə görüşmək, oturduğları yerdə əyləşmək, bir yerdə çörək yemək, yoldaşlıq, dostluq etmək olmaz. Kimsə bilərəkdən və ya bilməyərəkdən bu qadağalardan birinə əməl etməzsə, o da onların sırasında - üzdəniraq sayılmış olar. Bundan əlavə, cinsi azlıq kimi fərqlənən və passivliyi açıqlanan məhkumlar da üzdəniraqlara aid edilirlər. Müəyyən müəssisələrdə “petuxlar” çağırılsalar da, bu heç də onların hamısının cinsəl baxımdan passiv olması demək deyil. Bir çox yerlərdə isə onları daha mədəni, daha münasib adla – “sanitarlar” adlandırırlar.
Onlar istər “paqon”, istər məhkum – hamı tərəfindən incidilir və hədd qoyulmadan təhqir olunur. Gün boyu ən ağır (ərzaqdan qeyri bütün materialları daşımaq, yükləmək, boşaltmaq) və çirkli, natəmiz (süpürmək, silmək, yumaq, kanalizasiya, ayaqyolu təmizləmək) işlər üzdəniraqlara gördürülür. Belə təsəvvür yaranır ki, onlar olmasa müəssisə anisanitariya və tullantı içində batar.
Üzdəniraqlıq bu insanları müəssisənin hər tərəfində ağır yük kimi əzir. Səhər və axşam yoxlamalarında onlar sonuncu cərgələrdə dururlar, yataqxanalarda ancaq qapının yaxınlığındakı yatacaqlarda yata bilərlər. Ümumi yeməkxanaya buraxılmadıqları üçün yeməklərini müəyyən edilmiş yerlərdə yeyirlər. Hər yerdə olduğu kimi hamamda, karsda da onların yerləri fərqləndirilir. Bu məhdudiyyətlər, alçaldılmalar onların xarakterlərini də sarsıdıcı zədələyir.
Məsələnin pis tərəfi odur ki. əgər məhkum üzdəniraq elan olunubsa, həmin qərarın geri götürülməsi mümkün iş deyil. Az qala tam hüquqsuz bir vəziyyətə düşdükləri üçün heç yerə şikayət edə bilməyən, bu utanc ada görə hamının nəzərindən düşmələrinə dözməyənlər çox vaxt yaşamaq istəməyib intihara cəhd edirlər.
Gördükləri işin qarşılığında papiros və yemək “qrev”inə möhtac olan belələrinə “peredaça” demək olar ki, gəlmir. Çünki, üzdəniraq olduqlarını biləndən sonra, əksərən yaxınları, hətta ailələri də, olan hər bir ünsiyyəti dayandırır və onlardan həmişəlik imtina edirlər.
Əksər üzdəniraqların bədbəxtliyini yaradan başlıca şəbəblərindən biri də hədsiz kasıb olmalarıdır. Cinayət aləminin ən böyük ədalətsizliyi pula, vara qarşı duruş gətirə bilməməsindədir. Bəzən burjuyların da içərisində homoseksual olanlar olur. Amma nə vaxtsa, kimsə görübmü ki, burjuy üzdənirağa çevrilsin, çarpayısı barakın girəcəyinə qoyulsun? Məgər oğru qanunlarının sərt üzü yalnız kasıblar üçünmüdür..?
Qanunda olmayan “dövlət” - “türmə” dünyası, həsxana həyatı nə qədər “əsrarəngiz” sirrlərlə və mənalarla dolu olsa da, heç vaxt azadlığı əvəz edə bilməz: onlar gecə-gündüz, qaranlıq-işıq kimi bir-birinin əksi və davamıdırlar. Biri qurtaranda, digəri başlayır. Nahaq deyilməyib ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Ona görə də sözümün sonunda hamıya gecəsi, qaranlığı (“türməsi”) olmayan, qütb gündüzləri sayaq azadlığı bitib tükənməyən, daim yolları açıq, səması işıqlı ömür arzulayıram.
08.2012