Edebiyyat.az » Palitra » Cavadova Səkinə-Azərbaycan Milli İncəsənət Muzeyində Çin İncəsənətinə Səyahət

Cavadova Səkinə-Azərbaycan Milli İncəsənət Muzeyində Çin İncəsənətinə Səyahət

Cavadova Səkinə-Azərbaycan Milli İncəsənət Muzeyində Çin İncəsənətinə Səyahət
Palitra / Təqdimat
admin
Müəllif:
00:41, 06 iyun 2025
48
0


Azərbaycan Milli İncəsənət Muzeyi ölkənin aparıcı mədəniyyət ocaqlarından biri hesab olunur. Muzeyin əsası 1920-ci ildə qoyulmuş, 1936-cı ildə təsviri incəsənət şöbəsinin bazasında rəsmi olaraq təsis edilmişdir. Muzey fonduna “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Tikmə”, “Metal”, “Arxeoloji keramika və çini” kolleksiyalarından ibarət olmaqla, 18 mindən çox eksponat daxil edilmişdir.

Muzeydə Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə aid rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri qorunur, eyni zamanda Qərbi Avropa, Rusiya və Şərq ölkələrinin incəsənət nümunələri təqdim edilir. Burada rus avanqardı və XVI–XX əsrlərə aid Qərbi Avropa rəssamlığının maraqlı kolleksiyası da yer alır.

Milli İncəsənət Muzeyində sərgilənən Çin eksponatlarına xüsusi diqqət yetirilmişdir. XVII–XX əsrləri əhatə edən bu eksponatlar arasında Çin xalqının zəngin mədəniyyətini əks etdirən 300-ə yaxın bədii sənət nümunəsi nümayiş etdirilir. Bu kolleksiyada dekorativ-tətbiqi sənətdə qəbul edilmiş bədii üsulların incə zənginliyi ilə təbiilik fəlsəfəsinin vəhdəti öz əksini tapmışdır.

Çin təsviri sənəti XVII–XIX əsrləri əhatə etmiş, Ming və Qing sülalələri dövründə mühüm inkişaf mərhələləri keçmişdir. Çin rəssamlığı simvolik xarakter daşıyır; hər bir element müəllifin ideyasını ifadə edir. Rəsmlərin əsas ideyası insan və təbiət harmoniyası, ağıl və hisslərin vəhdəti olmuşdur. Mövzu olaraq təbiət mənzərələri – dağlar, çaylar, güllər və quşlar – təsvir olunmuş, simvolik məna daşıyan əjdaha, bambuk və digər elementlər işlənmişdir. Əjdaha güc və bərəkəti, bambuk isə Konfutsi və Taoist fəlsəfələrinin dayanıqlılıq ideyalarını simvolizə etmişdir. Portret və məişət janrlarında isə əsasən imperator ailəsi, alimlər və gündəlik həyat səhnələri əks etdirilmişdir. Konfutsi, Dao və Buddist ideyalarının təsiri aydın şəkildə hiss edilmişdir.

Ekspozisiyada  nümayiş olunan Çin sənət nümunələri, o cümlədən zərif Çin porselenləri, pannolar, tikmələr, metalişləmə və ağacişləmə nümunələri, qrafik əsərlər qədim Çin incəsənətinə sanki kiçik bir səyahət yaratmışdır. XVII əsrə aid dekorativ vazalar, boşqablar, güldanlar, fiqurlar zərif texnikası və bəzək elementləri ilə seçilir. Porselen kəşf olunmadan öncə isə çinlilər nefritdən əşyalar hazırlamış və bu sənət nümunələri də ekspozisiyada təqdim edilmişdir. Məsələn, "100 quş" fiquru və nefrit kül qabı Çin sənətkarlarının incə zövq və dəqiqliyini əks etdirən nümunələrdəndir.

Çin dekorativ sənətində mifoloji motivlər, nəbati və heyvani ornamentlər əsas yer tutur. Əjdaha təsvirlərinə xüsusilə tez-tez rast gəlinmişdir. Əjdaha qədim Çin mifologiyasında su ünsürünün hamisi və güc simvolu hesab edilmişdir. Fil sümüyü, ipək və gümüşdən hazırlanmış yelpiklər, aqalmatolitdən külqabılar, fiqurlar və şahmat fiqurları zərif işlənmə texnikası ilə diqqət çəkmişdir.

Çay içmə ənənəsi və bu mərasimlə bağlı sənət nümunələri – çaydanlar, fincanlar və stəkanlar – müstəsna zövqlə hazırlanmışdır. Bu da çay mədəniyyətinin Çin xalqının həyatındakı mühüm yerini göstərmişdir. Çin dünyada kağız, barıt, kompas, çini və ipək kimi ixtiraları ilə tanınmışdır. Muzeydə nümayiş olunan ipək üzərində tikilmiş pannolar "Müdriklik" və "Uzunömürlülük" kimi simvolları əks etdirmiş, XVII əsrə aid dəyərli sənət nümunələri sırasında yer almışdır.

XVII–XIX Əsrlərə Aid Çin Panoları və Keramikaları 

 Əl ilə ipək üzərində tikilmiş Çin panoları dekorativ sənətin gözəl nümunəsi olaraq təqdim olunmuşdur. Klassik Çin bağları və zadəganların təsvir olunduğu panolarda memarlıq elementləri, şam ağacı, bambuk, alim fiqurları və saray əhli yer almışdır. Bu panolar həm dekorativ məqsədlə, həm də status simvolu kimi istifadə olunmuşdur. "Müdrik kişi" obrazı ilə işlənmiş digər bir panoda isə uzun qaşlar uzunömürlülüyü simvolizə etmişdir.

Keramika nümunələri arasında bağ kətili formasında hazırlanmış əsərlər xüsusi diqqət çəkmişdir. Qədim saray həyatının təsvir olunduğu birinci kətil və qədim sikkələrə bənzəyən simvollarla bəzədilmiş ikinci kətil Qing dövrünün sənət xüsusiyyətlərini əks etdirmişdir. Bu cür keramik əşyalar dekorativliklə yanaşı funksional məqsədlər üçün dəistifadə edilmişdir.

XIX əsrə aid digər keramik vaza üzərində əjdaha, gül və bitki təsvirləri yer almış, bu simvollar imperatorluq, güc və bərəkət anlayışlarını ifadə etmişdir. Sarı rəng isə imperator ailəsinə məxsus status göstəricisi olmuşdur. Atlı fiqurlar, dağ mənzərələri və yürüş səhnələri ilə bəzədilmiş ikinci vaza da o dövr Çin cəmiyyətinə dair sosial və mədəni məlumatları əks etdirmişdir.

Altıbucaqlı dekorativ vaza da bu kontekstdə diqqətəlayiq hesab olunmuşdur. Mifoloji və ya klassik ədəbiyyatdan götürülmüş obraz, çiçək motivləri və heroqliflər bu vazanın yalnız bədii deyil, həm də fəlsəfi və rəmzi mənalar daşıdığını göstərmişdir.

Çin Təsviri Sənətində Simvolizm və Fəlsəfi Yanaşma

Çin təsviri sənətində müharibə, ölüm, şiddət və çılpaqlıq kimi real mövzulardan qaçınılmış, əsas diqqət mənəvi aləmin əksinə yönəlmişdir. Formadan çox məzmun, xarici görünüşdən çox daxili mahiyyət ön planda tutulmuşdur. Çin rəssamları üçün məqsəd təbiətin maddi yox, mənəvi xüsusiyyətlərini ifadə etmək olmuşdur. Qayalar və çaylar kosmik qüvvələrin təzahürü kimi təsvir edilmişdir.

Simvolizmlə zəngin bu sənətdə bambuk uzunömürlülüyü və dözümlülüyü, jade daşı saflığı, əjdaha gücü simvollaşdırmışdır. Orkide sədaqət, şam ağacı möhkəmlik, xrizantem ruh yüksəkliyi, lotus isə saflıq və məhsuldarlıq simvolu kimi təqdim olunmuşdur.Çin sənət nümunələri yalnız vizual gözəlliyi ilə deyil, eyni zamanda mədəni, fəlsəfi və emosional dərinliyi ilə yadda qalmışdır. Hər bir eksponat vasitəsilə qədim Çin mədəniyyətinin ruhuna toxunmaq, onun dünyagörüşünü və estetik zövqünü anlamaq mümkün olmuşdur.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)