Edebiyyat.az » Poeziya » Şarl Pyer Bodler

Şarl Pyer Bodler

Şarl Pyer Bodler
Poeziya
Necef Esgerzade
Müəllif:
12:38, 19 sentyabr 2019
1 925
0
1857-ci ildə Parisdə şəhərin ən səs-küylü məhkəmə proseslərindən biri baş tutur. Bu məhkəmədə klassik fransız və dünya ədəbiyyatının ən istedadlı şairlərindən və tənqidçilərindən, simvolizmin banilərindən biri – ilk “lənətli şair” hesab edilən Şarl Pyer Bodler (Charles Pierre Baudelaire) “Şər çiçəkləri” (Les Fleurs du mal) adlı kitabındakı şeirlərə görə mühakimə olunurdu. Hakimin kitabdakı şeirləri vulqar və realist (pornoqrafik) adlandırmasına baxmayaraq, Bodler özünü müdafiəetmə zərurəti görmür. Bu şeirlərin belə sərt qarşılanmasının səbəbi isə iddia edildiyi kimi dinə qarşı hörmətsizlik deyil, məhz ictimai dəyərləri təhqir etməsi idi.
Şarl Bodler dünyaya gələndə atası Fransua Bodlerin 62, anasının isə 27 yaşı vardı. F.Bodler rəssamlıqla məşğul olduğu üçün oğlunu muzey və qaleriyalara aparır, rəssam dostları ilə tanış edərək onda da incəsənətə, rəssamlığa qarşı həvəs yaradır. Altı yaşında atasını itirən Şarlın bütün həyatına və yaradıcılığına təsir edən hadisə isə anasının ona “xəyanəti” – ərinin vəfatından bir il sonra general Osiplə ailə qurması olur. Bu evlilik onun bütün həyatında və yaradıcılığında öz mənfi təsirini göstərir.  

Atalığının işi ilə əlaqədar bir neçə dəfə şəhər dəyişməkləri və Şarlın pansionda anasından uzaqda yaşaması onda atalığına qarşı olan nifrəti, anasına inciklik və hirsini bir az da artırır. Kolleci bitirməsinə bir il qalmış oranı tərk edir və təhsilini davam etdirməyəcəyini ailəsinə bildirir. Onun şair olmaq istəyini öyrənən valideynləri Şarlı bu qərarından daşındırmaq, ətrafındakı insanların pis təsirindən, bohemia mühitindən uzaqlaşdırmaq və ən əsası cəzalandırmaq üçün Hindistana göndərməyə qərar verirlər. Lakin yarı yoldan geri qayıdan 20 yaşlı Şarl Parisdə atasından qalan mirasla istər geyimləri, istərsə də həyat tərzi ilə cəmiyyətdə dendi imici yaratmağa nail olur.

Şeirləri ilk dəfə 22 yaşında çap olununan şairin dünya şöhrəti qazanmasında, ədəbi orientasiyasında mühüm dövr 1840-cı illərin əvvəlləri və 1850-ci illər olur. Bodler bu ərəfədə dövrünün siyasi-ictimai hadisələrində yaxından iştirak edir. Ədəbi fəaliyyətə isə fransız rəssamları J.L.David və F.V.E.Delakurun əsərləri haqqında tənqidi məqalələrlə başlayır.

Onun ən məşhur əsəri 1857-ci ildə çap olunmuş qalmaqallı “Şər çiçəkləri” toplusudur. Bu kitab Avropa modernizminin başlanğıcı hesab edilir. Bodlerin şeirlərində həyat–ölüm, şər, yoxsulluq, xəstəlik, aclıq və cinayətlərin hökmranlıq etdiyi əsl xaosdur. Dünya belə qurulub və onu dəyişmək mümkün deyil. Şər insanda yaşayır. Bodlerin qəhrəmanı bunu özündə hiss edir. Əsas məsələ isə Bodlerin buna münasibətinin necə olmasıdır. Şairin dünyadakı və özündəki şəri tənqid etdiyi şeirləri çoxdur. Bu şeirlərdə o şərdən əziyyət çəkir. Bəzən sevgi və gözəlliyi qurtuluş kimi qəbul edir, qəlbin azad olması üçün yeganə şərt olduğunu deyir.

Lakin o, “əsl Bodler şeirləri” sayılan əsərlərində şərə fərqli yanaşır. F.R.Şatobrianın fikrincə şər dünyanın “xəstəliyidir” və bu xəstəlikdən əbədiyyat yaratmaq olmaz. Bodler isə şərdən də gözəllik yaratmaq mümkün olduğunu düşünür. Bu “xəstəlik” onda xroniki və sağalmaz hala gəlir, yaradıcılığının yeganə mövzusuna çevrilir. 

Bu şeirlərdə şair mənfidə müsbət, ölümdə gözəllik, günahda həzz olduğunu deyir və bunu çox gözəl şəkildə təsvir edir. Bodler şərdə insanı cəlb edən gözəlliyi göstərir. Toplunun adı da məhz bu ideyadan yaranıb – şərin çiçəkləri – yəni, gözəlliyi. Günahın və şərin verdiyi zövq çox qəribədir. Onda sevinc və dəhşət, həzz və nifrət kimi bir çox hiss qarışıb və bu, insanı hər zaman cəlb edir.
   
“Şər çiçəkləri” cəmiyyətdə böyük narazılığa səbəb olur. Kitabdakı şeirlərə görə məhkəməyə cəlb olunduqda isə Bodler “şairi şeirinə görə mühakimə etmək aktyoru oynadığı rolda törətdiyi cinayətə görə cəzalandırmağa bərabərdir” deyərək cavab verir. O, məktublarında bu şeirlərə bütün ürəyini, sevgisini, nifrətini, inancını qoyduğunu yazır. Səmimiyyət və dürüstlük, hər şeyin olduğu kimi – mübaliğəsiz təsviri təkcə “Şər çiçəkləri”ndəki şeirlər üçün yox, Bodlerin bütün yaradıcılığı üçün xarakterikdir.

Kitab “Kədər və ideal”, “Paris lövhələri”, “Şərab”, “Şər çiçəkləri”, “Etiraz” və “Ölüm” adlı 6 fəsildən ibarətdir. Bu bəlkə də yeganə poetik topludur ki, şeirlərin birinin belə yerini dəyişmək toplunun strukturuna zərər vura bilər. Kitabdakı ardıcıllıq insan düşüncəsinin inkişafını, axtarışda olan ruhun səyahətini və gəldiyi son dayanacağı göstərir. Şeirlərin əsas mövzusu kədər, melanxoliya, ümidsizliklə bağlıdır. Toplu fransız şairi və tənqidçisi Teofil Qotyeyə həsr olunub.

Bu kitabla eyni vaxtda və ondan sonra da Bodler bir neçə əsər dərc etdirir, lakin heç biri “Şər çiçəkləri” qədər diqqət cəlb etmir.* Bodler üçün mühüm hadisələrdən biri də mənəvi qardaşı hesab etdiyi E.A.Ponun yaradıcılığı ilə tanışlıq olur. Bütün həyatı boyu Ponun yaradıcılığına olan marağını itirmir, onun əsərlərini fransızcaya tərcümə edir və tənqidi məqalələr yazır.

Psixotrop maddələrdən yazanlar arasında həşişin insan orqanizminə təsirini ən düzgün təsvir edənlərdən biri də Bodlerdir. O, 1844-1848-ci illərdə “Həşişçilər klubu”na mütəmadi olaraq baş çəkir. Teofil Qotye klubda aktiv iştirak edən Bodlerin həşişdən yalnız bir və ya iki dəfə ekspriment məqsədi ilə istifadə etdiyini, “aptekdən alına bilən və cibdə gəzdirilə bilən xoşbəxtlik” onda nifrət oyatdığını qeyd edir. Bodler bir müddət tiryəkdən istifadə edir, lakin qısa vaxtdan sonra bu vərdişini tərgidir və təcrübələrini yazdığı üç məqalədən ibarət “Süni cənnət” toplusunu çap etdirir.

Bodler məqalələrində həşişdən bəhs edərkən onun təsirini maraqlı, lakin yaradıcı insan üçün qəbuledilməz hesab etdiyni bildirir. Onun fikrincə “şərab insanı xoşbəxt və ünsiyyətcil edir, həşiş isə onu insanlardan uzaqlaşdırır. Şərab hünər yaradır, həşiş isə onu məhv edir”. Onun obyektiv müşahidəçi kimi çıxış etməsi, həşişin psixotrop təsirini olduğundan artıq böyütməməsi və öyüd-nəsihət verməyə cəhd etməməsi bu məqalələrin oxucular tərəfindən inamla qarşılanmasına səbəb olur.

Pol Varlenin onun ünvanına təriflər oxumasına, onunla tanışlığa can atmasına baxmayaraq, bu gənclərin (“Lənətli şairlər”in) onda dəhşət yaratdığını, heç nəyi tənhalıq qədər çox sevmədiyini deyərək tənhalığı heç kimlə bölüşmək istəmədiyini bildirib uzadılan bütün əlləri geri çevirir.

Bodler bir müddət Brüsseldə yaşayır və burada olarkən ağır xəsətələnir. Kilsədə yıxılması vəziyyətinin pisləşməsinə səbəb olur. O, xəstəliyi geniş şəkildə təsvir edərək iflicin bütün əlamətlərini və keçirdiyi hissləri yazsa da, sifilis (zöhrəvi xəstəlik) olduğu barəsində heç nə demir. Anası onu Parisə aparıb müalicəsini orada davam etdirir. Lakin şair 1867-ci ilin avqustunda 46 yaşında vəfat edir. Bodler bütün həyatı boyu nifrət etdiyi, onu anasından ayırdığına inadığı insanla – atalığı Osiplə yanaşı dəfn olunur.

Hazırladı: Şölə Şamıyeva 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)