Edebiyyat.az » Proza » TURAL İLYAS - KARANTİN

TURAL İLYAS - KARANTİN

TURAL İLYAS - KARANTİN
Proza
nemət
Müəllif:
23:36, 19 mart 2020
3 799
0
TURAL İLYAS - KARANTİN








Pərdəli absurd komediya – pyes


OBRAZLAR


Tural İlyas − Təşkilatçı 

Utopiyanın sahibi

Utopiyanın ortağı 

Gənc yazar

Gənc yazarın dostu

8 nəfər oxucu xanım

2 nəfər oxucu bəy

Kafedə əyləşən 13 nəfər

Doktor A         

                       − Karantin həkimləri

Doktor B 

Polis – Cənab Harınqulu bəy − Polis 

Cənab Zəliyev − Prokurorluq işçisi

 

Əhvalat 8 mart 2020-ci ildə Bakı şəhəri “Utopiya” kafesində Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin müzakirəsində təsvir olunur. Dünyanı az qala yerindən oynadan koronavirus (covid19) bu dəfə kitab müzakirəsindəki yoldaşları öz cənginə alır, bəlkə də, almır. Hekayə üçüncü şəxsin dilindən nəql edilir.

 

Tural . Əziz xanımlar və bəylər, bu gün burda iştirak etdiyiniz üçün hər birinizə xüsusi olaraq təşəkkür edirəm və öz bayramlarında 8 martda burda olduğu üçün xanımlara xüsusi təşəkkür edirəm. Qadınlar gününüz mübarək, sizlər dırnaqarası feministlərdən fərqli olaraq kitab oxuyub, beyinə azadlıq vermək istəyirsiz. İfadəmə görə üzr istəyirəm, yoxsa onların dediyi nədir − məmələrə azadlıq, nə mənimdi kimə verərəm özüm bilərəm. Heyif, Məmmədquluzadə,  heyif, Axundov. Belə cəmiyyətin olacağını bilsəydilər, bəlkə də, yazmazdılar heç. Keçək mövzuya, yoxsa kiminsə əlavəsi var?

Birinci oxucu xanım. Çox sağ olun, Tural bəy, təşəkkür edirəm. Əlbəttə ki, kitab oxumaq beyini zənginləşdirir, elə sizin sözünüzə bir əlavə edim ki, C.Məmmədquluzadə də Azərbaycanın ilk feministi olub, o da indi sağ olsaydı, bəlkə də, sizin etdiyinizi edərdi.

İkinci oxucu xanım.  Spasibo bolşoe, Tural bəy, ölülər əsərini oxumasam da, kitab hədiyyə veriləcəyinizi eşidib qaça-qaça gəldim, nə də olsa, oxumaq, oxuyandan sonra instaya şəkil çəkdirib atmaq lazımdı.

Tural. Təşəkkür edirəm, amma Azərbaycan dilində danışsaq, yaxşı olar.

Üçüncü xanım. Mən də təşəkkür və təbriklərə qoşuluram və 8 mart münasibətilə bütün azad qadınları təbrik edirəm.

Tural. Bütün xanımları təbrik etsək, daha uyğun olar.

İki nəfər oxucu bəydən birincisi . Əvvəla, salam aleykum, millət, salam aleykum

Tural.  Bəy, sən Tibu deyilsən, bura da kəllə-kəlləyə deyil, məğzə keç.

Birinci bəy oxucu. Eyvallah, Tural, hörmətli üçüncü xanım, siz bütün azad xanımları təbrik edirəm deyəndə nəyi nəzərdə tutursuz? İçki içən? Zina edən? Örtünməyən əxlaqsız feministləri, ya necə?

Tural. Bəy, lütfən, məsələyə siyasət, din, ideologiya qatmayaq, biz bura kitab oxumağa – müzakirəyə gəlmişik, mübahisəyə yox. Hərçənd mən özüm də bizdəki feministləri bəyənmirəm.

Gənc yazar. Dostlar, bayaqdan baxıram hamı ağlına və ağzına gələni danışır. Danışmaq gözəldir, hələ bu 2 əsr öncə kişidən qorxan, küçəyə çıxmayan azad qadındırsa, amma danışdıqlarımızı bilək, bişirib sonra deyək. Axı bizim qadınlar bişirməyi yaxşı bilir. Amma heç vaxt susmaq qızıldır məsəli ilə razı olmayaq. Təsəvvür edin o vaxt C.Məmmədquluzadə, L.Tolstoy, Məhəmməd peyğəmbər böyüklərin yanında danışmazdı, susardı. Onda bizim günümüz necə olardı? Ona görə susmayaq, danışaq, amma lakonik və mənalı.

Tural. Elə sən də bir az lakonik etsən, yaxşı olardı, abi, çünki vaxtımız azdır, müzakirə mövzusu isə geniş. Bəlkə, keçid edək müzakirəyə?

İşçi xanım.  Nə sifariş edirsiniz?  

Tural (öz özünə ). Oturmuşduq uşaqlarla çay içirdik, bir də gördüm çağırdılar X-i. Dedim pay içini...

Dördüncü xanım oxucu. Tural bəy, nəsə deyirsiz?

Tural. Yox,  öz-özümə zümzümə edirdim yeri olmasa da. Nə isə, sifariş edin, başlayaq.

 

Xanımlar hələ fikirləşir, 2 oxucu sadə çay, cənab yazar N və dostu kəklikotulu, Tural isə darçınlı çay sifariş verir. Xanımlar isə hər zamanki kimi düşünür. Yazıq Freyd 30 il qadın psixologiyası ilə məşğul olub, sonunda deyib ki, 30 il qadınları araşdırdım, amma mən bilmədim ki, qadınlar nə istəyir. Elə bizim xanımlar da hələ bilmirdilər,  2-3 azn pul verəcəkləri şeyi 2 saat düşünürdülər. Nəhayət, sifarişlər verildi.

 

Tural.  Başlayaqmı, dostlar?

Utopiyanın sahibi.  Ouu, məllim, xoş gördük (müəllim yox, məllim. Elə o formada da yazır həmişə )

(Utopiya sahibinin ortağı  Tural və gənc yazar ilə əl ilə görüşüb digərlərinə salam verdi və uzaqlaşdı).

Utopiyanın sahibi. Məllim, müzakirə necə gedir? Nəsə kömək-zad lazım olsa, gənclərə kömək etməyə hazırıq.

Tural.  Eşq olsun, abi, var olasan. İstəsən sən də iştirak edə bilərsən

Utopiyanın sahibi. Sağ ol, məllim, mənim bəzi işlərim var, sizə uğurlar.

Tural. Bəlkə, başlayaq?

Dördüncü xanım.  Masadan qalxaraq lavaboya gedib-gəlirəm, istəsəz başlayın, amma gözləsəz əla olardı

Tural. Tamam, gözləyərik. (Telefonda 8 marş adlı feminist yürüyüşü ilə bağlı xəbər axtarır)

2-3 dəqiqə keçirdi dördüncücü xanım gəlməsə də, kafenin içərisinə son dövrlərdə şəhərdə çox görülən, korona virusa görə dezinfeksiya edən xüsusi geyimli 2 şəxs daxil oldu

Tural. Yəqin, dezinfeksiya edib, gedəcəklər..

Dördüncü oxucu bəy.  Nə dezinfeksiya... Mənim işlədiyim yerə də gəldilər, 1 metr yeri dezinfeksiya etdilər, öz tərəfdarları olan media qurumları da bu fake təmizlik işini guya çəkdi və çıxıb getdilər, yəqin, burda da elə olar.

Tural. Ümid edirəm, burda elə olmaz, dezinfeksiya edərlər.

Doktor A. Buranın sahibi kimdir?

Polis Harınqulu bəy. Əəə, bıranın yiyəsi kimdi? 

Səs küyü eşidən məkan sahibi. Buyurun, buranın sahibi mənəm, nəsə olub, yoxsa sadəcə təmizlik işləri üçün gəlib yoldaşlar?

Polis Harınqulu bəy. Əəə,  burda koronavirusa yoluxan olduğu deyilib, ona görədə məkan karantinə alınacaq və 14 gün burdan kənara çıxmayacaqsız.

Məkanın sahibi və ortağı kitab müzakirəsinə gələnlər və kafedəki müştərilər hamı nə gəldi danışırdı, ətrafda tamamilə xaos mühiti yaranmışdı. Ta ki prokurorluq işçisi Cənab Zəliyev polisə baxanda bir az mədəni danışıb kütləni ələ alana qədər. 

Cənab Zəliyev. Hər şey nəzarətimizdədir, tezliklə hər biriniz yoxlanacaqsız və qızdırması olmayanlar qorxmasın, bu virusdan Azərbaycanda ölən yoxdur hələ, səhiyyəmiz güclü olduğu üçün bunun da öhtəsindən gələcəyik.

Müzakirəyə gələn bəylərdən biri qəh-qəhə çəkib güldü.

Birinci oxucu bəy. Həə, səhiyyəmiz çox güclüdür, ona görə xəstə olan ayağı yox, sağlam ayağı kəsirik, ona görə uşağı sünnət edəndə kökündən kəsirik, ona görə xəstənin qarnında nəsə unuduruq. Çox inkişaf etmişik, gərək o vaxtı həkimlərimiz imtahandan kəsiləydilər və həkim olmaq xəyallarını unudaydılar.

Polis Harınqulu.  Əə donqili, sənin, deyəsən, dilin çox uzanıb haaa, tutub basardım içəri qısalardı, dua et ki koronavirus var, yoxsa sən bu danışıqla artıq uçurdun.

Tural. Yaxşı, məsələni mübahisəyə çevirməyək, necə lazımdırsa, elə edək.

Utopiyanın sahibi.  Həə, məllim, necə lazımdır elə edək.

Doktor A və B aralarında nəsə danışdılar. 

Doktor B. Biz indi çıxırıq, 1 saata tədarüklü formada bura gələcəyik, hələlik heç kim buranı tərk etməsin. Polis və prokurorluq işçiləri küçədə dayanıb nəzarət edəcək, onsuz da, nəsə olsa, mütləq müdaxilə olacaq.  Amma bir saat səbr edin, hər şeyə dözün, nə də olsa, Azərbaycan xalqı dözümlü xalqdır axı. (Məkanı tərk etdilər)

Utopiyanın sahibi və ortağı məni çağırıb 5-10 dəqiqə buranı ələ almağı, sonra özləri gələcəklərini qeyd edib mətbəxə doğru getdilər.

Tural. Bəlkə, müzakirəyə davam edək, xaos müsbət nəticə vermir çox vaxt.

Dördüncü xanım.  Niyə sakit olaq, ee? Ölüb gedəcəyik burda, siz də deyirsiniz sakit olun. Elə bura gələndə hər şeyin tərs gətirməsi buna işarə idi −  müzakirədə ümumi 13 nəfərin olması, müzakirənin 13 dəqiqə gecikməsi, kafedə bizdən başqa 13 nəfərin olması. Nəs rəqəm, nəslik gətirdi. 

Tural. Yazıq Freyd düz deyir də o 30 ilə anlamayıbsa, mən 30 dəqiqəyə necə başa düşüm məsələni?

İkinci oxucu bəy. Xanım, siz Okaberin fanatısız?

Dördüncü xanım.   Nə ber? 

İkinci oxucu bəy. Nə isə, başını buraxın, tanrı türkü qorusun. Türklər heç vaxt sınmır, türklər heç vaxt ölmür. 

Beşinci xanım.  Tanrı yox, allah. Dinimiz də belə buyurur. O ki, qaldı ölməmək, hər kəs ölür, türklər də. Mən özüm talışam, amma niyə mən ölüm, türk yox? Absurd deyilmi? Xahiş edirəm, separatçılıq yaratmayaq.

 

Altıncı xanım.  Aaa, bu nə söhbətlərdi, ee. Gərək anama qulaq asardım, heç gəlməzdim. Nadir Qafarzadə düz deyir də: “Get kitab oxuyanın da soyuducusuna bax,  yazarın da. Gör hansı yaxşı dolanır?”

Yeddinci oxucu xanım. Həə, bacı, düz deyirsən, amma orasını səhv deyirsən. Nadir yazar yox, alim demişdi. Amma bir şey də var ki, mənim atam 30 ildir elmlər akademiyasında işləyir. Keçən il alim dostları ilə birgə yeni növ xiyar kəşf etdilər, həmin il bizim soyuducu boş olmadı, hara baxsan xiyar idi evdə.

Gənc yazar. Bura çox emosianal ortamdı. Görəsən, Tolstoy burda olsa, necə olardı? Qafqaz xatirələrinin adı dəyişib ölülərin xatirələri olardımı?

Kənarda olan 13 müştəridən 4 nəfər bizim söhbətə qoşuldu.

Birinci qaqa.  Tolstoy nə edər yalan deyərəm, amma kaş bayaqki xanımın atası xiyar yox, nəsə yeni bir elmi kəşf edərdi. Çünki Azərbaycan kimi ölkələrdə xiyar onsuz da çoxdur, hətta “Bozun 50  çaları” bizdə çəkilsə, xiyarın 50 çaları olardı.

İkinci qaqa. Mans, sənə dedim də bu gün puba gedək, sən də tutdun yox, bukkafeyə. Ala bu da bukkafe... Kitabdan adama nə vaxt xeyir gəlib, e... Hələ bunların müzakirəsinə bir bax: ölülər... Ölülərin sizə xeyri dəydi.. Ölülərə verdiyiniz pulu və vaxtı verərsiz 2 butulka pivəyə birini səhərdən axşama, birini də axşamdan səhərə kimi içərsiz.

Üçüncu qaqa.   Ala, bəs deyirdiz bukkafedən qız tutmaq olur.  2 saatdı qabağımda kitab, qulağımda nauşnik bir şey-mir şey yoxdur.  Pay içini...

Dördüncü qaqa. Ala, bir dəyqə diyanın da, axşama topazda babat oyun var. 10 manata 300 tutmaq olur. Kim pul sıxır?  Fifti-fifti edərik.

      Kənardakı masada əyləşən cütlük bir-biri ilə söhbət edirdi hələ də.

İkinci qaqa.  Ala, öləcəksiz, ee. Nə deyirsiz bir-birinizə, bir az tez edin. Lazım olsa, arxada otaqda var, təşkil edərik.

Cütlükdən bəy. Biz yeni tanış olmuşuq facebookdan. Mən şairəm, o da oxucum, amma, deyəsən, bu görüşlə bizimdə kitabımız bağlanacaq.

Cütlükdən xanım.  Ay daa, mən universiteti bu il bitirmişəm, həmişə şair və ya rəssamla sevgili olmaq, evlənmək istəyəcəm, amma indi heç sevgili belə ola bilməyəcəyik, öləcəm.

Cütlükdən bəy. Deməli, sən də məni sevirsən?

Dördüncü qaqa. Qaqaş, sən canın gedin, o yanda sevişin.

Elə bu məsələlər az deyilmiş kimi qarşı masada oturan biri uzun saç, digəri isə balacaboy (kompüter ilə deyəsən montaj işi görən) bəylərdən biri canlı yayım açıb danışmağa başladı

Jurnalist.  Bəli, əziz kanal 14 izləyiciləri, Azərbaycan hakimiyyəti daha bir rezonansa səbəb oldu, biz karantinə alındıq. 14 gün burda qalacağıq, heç bizə su-çörək belə verən yoxdu. 14 gün biz necə yaşayacağıq bu şərtlərlə? Videonu like edib, kanalımıza abunə olmağı unutmayın.

Yanındakı digər jurnalist. (Masanın üstündəki 2 ədəd tostu və kolanı kameraya tərəf tutub) əə, sən nətər şüvən adamsan, bəs bunlar nədir? Qoy heç olmasa bunlar bitsin, elə bildir də

Yan masadakı 30-35 yaşalarındakı xanım. Çəkmə, ərim bilmir burdayam. (Jurnalistin kamerasına əl atmağa cəhd etdi)

Birinci jurnalist.  Jurnalistə təzyiq göstərmə! (qışqırdı və yalandan özünü yerə yıxıb şüvənlik etdi)

Yan masada 40-45 yaşlarındakı xanım. Az, burdakı qızlara yaxşı bax, bəlkə, qardaşın Vüsala birini gözaltı edərsən. 14 gün sonra elə aparıb üzük taxarıq.  Kakraz da novruz vaxtına düşür, bayramı da yola vermiş olarıq.

Mona Lizanın portretinə diqqətlə baxan bəy rəssama bənzəyirdi. Bayaqdan hamıya söz atan, ilişən dördüncü qaqa rəssama da ilişdi.

Dördüncü qaqa. Ə, qaqa, olmaya ölümün rəsmini çəkirsən? Rəsm çəkmə, siqaret çək. (ha ha ha ha, sosial mesaj, sosial mesaj deyə hırıldadı)

Rəssam. Aaa, necə də möhtəşəm səslənir − ölümün rəsmi. Təsəvvür et ki, onu çəkirəm, təsvir edirəm. Bütün dünya məndən təsvir edir, heykəlim qoyulur.

Üçüncü qaqa. Əə, qaqa, 2 ildir Babək prospektinə Babəkin heykəlini qoya bilmirlər heç, qaldı ki sənin heykəlini. Gör o boyda adamın adından nə qədər yeyiblər, indi sənin heykəlin qoyulsa, nələr yeyilər?

Dördüncü qaqa. Ha ha ha, əə, heykəlini qoymaq üçün gərək o kvnşiklər kimi nəvən ola, sən öləndən sonra tələb edə, heç olmasa 

Gənc yazar.   İncəsənət, ədəbiyyat həyat qurban tələb edir. Biz burda ölsək, ondan sonra ədəbiyyata gənclərin marağı artar. Sizcə, bizdə o cəsarət varmı? Ölülər − 2 reallaşa bilərmi?

  Məkanda bu qədər gəncin içində bir nəfər yaşlı kişi var idi.

Yaşlı kişi.  Bayaqdan baxıram sizə. Bu gənclik hara gedir?

Birinci qaqa.  Nəriman Nərimanova.

Yaşlı kişi.  Ə,  gədə,  səsini at içinə, yoxsa gəlib şapalağımın altına salacam səni. Bizim dövrümüzdə belə deyildi, kişinin kişilik  kişi geyimi, kişi danışığı vardı. Yazıçının iti qələmi, qadının abır-həyası, sevginin belə öz həddi vardı. Biz ata-anamızın yanında arvada “səni sevirəm” deməzdik, ümumən, “səni sevirəm” deməzdik, gərək kişiylə qadının arasında bir pərdə ola. Biz ata-anamızın yanında heç öz uşağımızı qucağımıza almazdıq, indikilərdə abır-həya yoxdur, gül ilə, buket ilə uşağı xəstəxanadan çıxarırlar. Hələ bu siqaret çəkən, şalvar geyən qızları demirəm. Qadının üstündən gül iyi gələr, başında şalı, yaşmağı olar...  Tüü,  sizin kimi gəncliyə... Qabağındakı kirilcə kitabı göstərib bizim  vaxtımızda tonlarla kitab oxuyardıq, indi siz nə edirsiz ancaq telefon, vatsap, çap-çap − hamısı şeytan əməlidir.

Kənarda tək oturan saçı mavi rəngli kare tərzdə kəsilmiş kitab oxuyan xanım başını qaldırıb. 

Kare saçlı qız. Ağsaqqal, bir az sakit ol da, görmürsən kitab oxuyuram?

Ağsaqqal. Bərəkallah, bax bu da böyük-kiçik yeri bilməyənin biri. Nə oxuyursan, az?

Kare saçlı qız. Az yox, Fidan. Arda Erel – Arayış. 

Ağsaqqal.  Bizim vaxtımızda arayışı sovetlikdən alardılar, indi kitabdan. Pay dədənin evi tikilsin, Hitler, gərək o vaxtı sənə uduzardıq, heyif deyildi sovet rejimi...

Yeddinci xanım. Bayaqdan fikir verirəm biri azərbaycanda ilk feminizmdən, biri ancaq azad qadınları təbrikdən, biri ala-yarımçıq rus dilindəki təbrikindən, başqası dindən, kimi siyasətdən, kimisi qız tutmaqdan, kimisi içkidən-qumardan, kimisi Tolstoydan, kimi Nadir Qafarzadədən, kimisi rəsm və ya heykəldən, kimi faciə çəkib qazanmaqdan, kimisi qadına mal kimi baxıb gözaltı etməkdən, kimisi məmələrə azadlıqdan, kimisi sovet rejimi, öz dövrünü əla təsvir edib, bizi yıxıb sürüməkdən, kimi qeyri ciddi ədəbiyyatı təbliğ etməkdən, kimisi səhiyyədən, kimisi xiyardan danışır − bir sözlə, kimdə nə yoxdursa, ondan danışır. Nə vaxta kimi bu belə olacaq? Cəlil Məmmədquluzadə “Ölülər”də nə edir? O da sizin kimi tənqid edir, hətta deyərdim təhqir edir. Biz nə vaxt düzələcəyik, nə vaxt alternativ çıxış yolu tapacayıq? Axı nə vaxta qədər problemlərimizi Zaur, itənlərimizi Xoşqədəm, evlilik işlərini isə Elgizlə analar həll edəcək? Biz ciddi olacayıqmı? Bu sualı verək,nunun cavabını eşidək.

Gənc yazarın heç danışmayan dostu.  Siz bayaqdan müzakirə olunan bütün mövzuları dediz, amma mən heç nə deməmişəm axı, mən də siz deyənləri bilirəm, amma hələ danışa bilməmişəm − vaxt edə bilməmişəm.

Yeddinci xanım. Sən tək deyilsən, sənin kimi milyonlarla adam var ki, bilir, amma səsini çıxarmır. Dostlar, söyləyin biz ciddi ola biləcəyikmi?

Telefona gələn zəng.

Yeddinci xanım.  Alo, həə,  aşkım, başqa yerdəyəm... Hə, başqa yerdəyəm. Mən də səni, balam... Mən də... Öpürəm.. Hə, öpürəm.

Hər kəs bayaqdan olanlara və 30 saniyəlik danışıqda olanlara baxırdı. Bu o idimi? Bayaqdan gurlayan parlayan o idimi? Bəs nə üçün belə edirdi?

İkinci telefon zəngi təşkilatçı Turala.

Tural. Alo, həə, ana... yaxşıyam... hə... həə... Yemişəm... Yanımda adam var, öskürmürəm. Yox, yox... Öhö, öhö, öhö... (bir anlıq öskürəkdən boğuldu və yerə yıxıldı)

Elə bu an Doktor A və Doktor B içəri daxil oldular... yerdə qıvranan Turalı əhatəyə aldılar, müxtəlif tibbi vasitələr ilə nəsə edirdilər... VƏ BU ANDAN ETİBARƏN BURANIN KARANTİN olduğunu dedilər. Görəsən, yoluxan təkcə Tural idi mi? Görəsən xalq cəmiyyət sağlam, təkcə xəstə Tural idimi?

 

Düüüdd, düüüd, düüüd, düüüd...

Turalın anası. Tural, ay Tural, oyan, harasa gedəcəkdin.  

        Həm saat, həm anamın səsi, həm də bayaqdan gördüklərim məni oyatdı. Saata baxdım, 8.30 idi. Müzakirəyə 3 saat var idi. Quru öskürək, baş ağrısı, halsızlıq nəyin əlamətləri idi, görəsən.  Cavidin dediyi Covid19 məni də tutmuşdumu? Öləcəkdimmi? Cəlil Məmmədquluzadənin “Ölülər”ini real olaraq yaşayan bir cəmiyyət ölməkdən qorxmalıdırmı? Yoluxmuş olsam, karantin necə olacaq? Məgər böyük karantindən çıxıb balacaya düşmək təhlükəlidirmi? Belə bir cəmiyyət üçün koronavirusdan daha təhlükəli viruslar yoxdurmu? Suallar dayanmırdı və sonuncu sual: görəsən, “Ölülər”in müzakirəsinə getməyə dəyərdimi?

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)