Edebiyyat.az » Proza » Ülviyyə Tahir - Dirilmə (hekayə)

Ülviyyə Tahir - Dirilmə (hekayə)

Ülviyyə Tahir - Dirilmə (hekayə)
Proza
nemət
Müəllif:
17:51, 17 may 2020
1 459
0
Ülviyyə Tahir - Dirilmə (hekayə)




 
   Saqqalı dərəyə kimi uzanmışdı. Altından göyərən otlar, mamırlar çənəsinin altına kimi uzanıb onu qıdıqlayır, bəzən də hirsləndirirdi. Hələ əmr gəlməmişdi. Fikirləri də saqqalı kimi dolaş-dolaş olduqca gözü göylərdə qalırdı. Yox, hələ bir səs-səmir yox idi. Ayağa durmağa cəhd etdi. Yorulmuşdu. Qocaldığını son illərdə özünə etiraf edirdi. Daha asta hərəkət edir, daha asta nəfəs alırdı. Ona gənəşsəydilər, heç yerindən durmaz, elə burada əbədi yuxuya gedər, əriyib otlara, mamırlara qarışardı.

   Üfüq qızarırdı. Günəş, bəlkə də, neçə milyardıncı dəfə doğmağa hazırlaşırdı. Son zamanlar günəşi qibtə ilə süzdüyünü hiss etmişdi. Gedib ondan yorulub-yorulmadığını soruşmaq istəyirdi. Amma bilirdi ki, bu mümkün deyil. Əlini yenə çənəsinin altına verib üfüqün parça-parça alovlanmasına tamaşa etməyə başladı. Ona elə gəlirdi ki, əlini uzatsa, o qızartıdan bir əlçim qoparıb ağ bənizinə sürtsə, ruhuna rəng gələr və yenidən qanadlanıb uça bilərdi. Günəş qalxdıqca ətrafdakı körpə otlar titrəməyə başladılar. Gözucu onları süzüb heç nə anlamadı. Sonra yenə gözlərini sevdiyi mənzərəyə dikdi. Bu gün qəlbində böyük bir aramlıq var idi. Bu aramlıq damarları ilə hərəkət edərək onu şiddətli cazibə ilə sanki yerin tərkinə çəkirdi. Bu duyğunun təhriki ilə xoşbəxt halda ayaqlarını uzadıb daşlarını birini qucaqladı. Yalnız bu zaman daşın da titrədiyini gördü. Tez ağlına gələn fikirlə ətrafı diqqətlə nəzərdən keçirdi. Yox, zəlzələyə bənzəmirdi. Bu titrəyiş yerdən qaynaqlamırdı. Başını qaldıranda Günəşlə birlikdə üfüqdən qopub yüksələn tozanağı gördü. Gözlərini ovuşdurub baxdı. "Aha... Yox, bu, ola bilməz. Bunu mənə rəva görməzlər. Bunu qocalan çağımda mənə etməzlər", - deyə həyəcanla donquldandı. "Yox yox, yoxxxxx!" - deyə qışqırdı. Tozanaq yanına çata-çatda onu da qucağına alıb fırlatdı. Az qala torpağa kök atmış ayaqları ağrı ilə yerdən ayrıldı. Saqqalı dərədən otu, qanqalı, mamırları da qoparıb havaya qaldırdı. Başı dönənə kimi fırlandılar. Onu həminki yerinə buraxıb gülümsəyərək qabağında təzim edən dəliqanlını əyri-əyri süzdü.
- Çıx get! - ixtiyarsız çımxırdı. Kökündən qopmuş otlar, mamırlar da onunla birlikdə üsyan etdilər. Gənc gözlərini geniş açıb onu süzdü:
- Niyə?... Ay buralar nə gözəldir! - Sualı unutmuş kimi dağı zirvəsindən ətrafa boylandı. - Mənə deməmişdilər, buralar belədir. Desəydilər, daha tez gələrdim. Otlar, ağaclar, dağlar, buludlar. Buna bax eyy, zirvədə qar, yamacda lalə! Bu füsunkarlığı yuxuda da görə bilməzdim. Qalx, baba, mənə dedilər, sən harada əsməyi, harada kəsməyi mənə öyrədəcəksən. Qalx! Niyə oturub qalmısan burda?
- Çıx get! Səni bura göndərənlərə de ki, gecikiblər, day məndə o hal, o hövsələ yoxdur ki, qoşulam uşaq-muşağa, cəhənnəm ol! – Arxasını dəliqanlıya çevirib oturdu.
- Nə?
Səssizlik çökdü. Bir az gözlədi. Sonra ehtiyatla qoltuğunun altında geri boylandı. Gənc yox idi. Sevindi, deyəsən, etirazını eşitdilər. Elə bunu düşünmüşdü ki, toz-duman qopdu. Yenə torpağa sərilmiş saqqalını, ağırlaşmış ayaqlarını qopardıb göyün yeddinci qatına qaldırdılar. Başı gicəllənirdi, bu vəhşəti görməmək üçün gözlərini bərk-bərk yummuşdu. Nəhayət, birtəhər özündə cəsarət tapıb gözlərini azca araladı. Dəliqanlı yanında dörd dövrə vururdu.
- Qaytar məni yerimə! – qışqırdı. Səsi buludlara dəyib cingildədi.
- Yox bir…. Başqa nə arzun var? – Gənc onun qulağının dibində rişxəndlə səslənib tez də uzaqlaşdı. Necə qəzəbləndisə, onun dalınca cumdu. Səmada qaçdı-qovdu başladı. Gənc arada sürətini azaldıb onun burnunun dibində peyda olur, arada da uzaqlaşıb az qalırdı, üfüqdə yox olsun. Qoca qəzəbdən od tutub yanırdı. İlahi, onu ahıl çağında məsxərəyə qoymuşdular, onu bu cavana yem etmişdilər. Düşündükcə dəli olur, içindən coşub qaynamağa başlamış ehtirasla uçur, uçur, gəncə yetişmək istəyirdi.
 - Nədir ey, qoca baba? Öz elmindən şübhə etdiyinə görə məni qovursan? Mənə öyrədəcək heç nəyin yoxdur? – Gənc bu dəfə arxadan yaxınlaşdı, nəfəsi
az qala çiynini yandırdı.  Bu sözlər qulağından süzülüb zehninə çatanda dayandı. Özünü yerin cazibəsinə təslim edib yağış damlası sürəti ilə torpağa doğru uçdu. Yerə çatan kimi qayalıqlara çırpılıb dərəyə yuvarlandı. Gənc də heyrətlə onun dalınca uçurdu. Qocanın niyə belə etdiyini çözə bilmirdi. Dərəyə çöküb üzünə tökülən saçı-saqqalı kənara çəkib gəncin enməyini gözlədi. Qaşlarını çatıb sərt görkəm aldı. Əli ilə işarə edib onu yanına çağırdı. Gənc qorxa-qorxa yaxınlaşdı.
- Səni niyə göndərdilər, başqası yox idi? – onun sakit səsli sualını eşidəndə gənc ürəkləndi.
- Bilmirəm, eləcə dedilər, get oraya, sən lazımsan.
- Nəyi bilmək istəyirsən?
- Nəyi bilməyi və nəyi bilməməyi…
- Yox bir… Başqa nə arzun var? - O gəncin rişxəndini özünə qaytardı. Gəncin üzünün kədərdən kölgələndiyini görüb:
- Hmm... - Fikirli halda saqqalını qaşıdı. - Get, mənə qayçı tap gətir! – söz ağzından qurtarmamış gənc qanadlandı. Gözlərini açıb-yuman kimi yenidən yanında peyda oldu. Qayçını dinməzcə ona uzatdı.
- Kimdən çırpışdırdın? – qoca gülümsədi.
- Qaytaracağam.
- Korşalacaq, qaytarıb özünü biabır eləmə! – O, qayçının o tərəf-bu tərəfinə baxıb arıq, qırışmış barmaqlarına keçirdi, saqqalının altına apardı. Az sonra qayçıladığı tüklər zərcirotunun ləçəkləri kimi havaya səpələndi. Sırıqlısını da əynindən çıxarandan sonra əməlli-başlı yüngülləşdiyini hiss etdi. Gənc artıq havalanıb buludun üstündə onu gözləyirdi. Əvvəl o qədər yüksəkliyə qalxmağa çəkindi. Sonra qüruru qorxusunu üstələdi. Təkan verib qalxdı, amma özünü saxlaya bilməyib buluddan da yuxarı getdi. Özünü sındırmayıb dövrə vurub geri qayıtdı. Buludun kənarında qərar tutub ətrafı süzdü. "Yox, o qədər də pis deyilmiş, - özü-özünə pıçıldadı, - hələ təpərim var imiş", – mızıldanıb yenə qanadlandı. Gənc də onun ardınca qoparaqlandı. Havanı yarıb dalğa kimi irəliyəyən bu cütlüyü ağaclar, qayalıqlar heyrətlə qarşılayırdılar.
- Bunların gözləri niyə bərəlib? Külək görməyiblər? – Gənc onun qarşısında yuvarlanaraq soruşdu.
- Ehh, neçə vaxtdır, yerimdən tərpənmirdim.
- Bəs külək olmasa, nə olar? Niyə vacibik ki?
- Biz yerindən tərpənə bilməyənlərin körpüsüyük. Biz olmasaq, qovuşmazlar. Bax zəncirotuna, biz olmasaq, bir də dünyaya gələ bilməz! – qoca əl atıb, zəncirotunu qoparıb havaya üfürdü. Gənc necə həvəsidisə, tarlanın o başından var gücü ilə üfürüb, bu başında üfürdüklərini qucaqladı, qaldırıb düzəngaha səpələdi. Səmanın dərinliyinə baş vurdu, yenə qocanın yanına qayıdıb bu dəfə lalələri qucaqladı.
- Ay, nə gözəl! Mən buraları çox sevdim, – gənc atılıb-düşdükcə qoca çiçəkləri, düzənlikləri, dağları ilk dəfə görürmüş heyranlıqla süzür, canlanırdı. Gəncə qoşulub nəfəsi qaralana kimi rəqs etdi.
- Qışda xoşun gəlməyəcək amma… - Qoca mənalı tərzdə qımışdı.
- Niyə?
- Hamı hirslənir, elə bilirlər, caynaqlarımızı çıxarmışıq.
- Amma bizlik deyil ki…
- Hə də. Gəl bunu insanlara başa sal.
- Onlar üçün nə edə bilərik? - gənc nəfəsi ilə əlində saxladığı zəncirotunun ləçəklərini oxşayıb havalandırdı.
- İnsanlar bəzən nə istədiklərini özləri də bilmirlər. Bir də görürsən, qanadlanmışam, öz eşqimin fəzasında qərq olduğum yerdə bir mızıltı gəlir qulağıma ki, zəhərə qalasan, niyə əsirsən, xarabaya qalasan, niyə gəlirsən? Amma on addım o tərəfdə qollarını yana açıb mənə toxunmağa can atanları, saçını mənə daratmaq istəyənləri, havalanan çərpələnglərlə xoşbəxt olanları görəndə özün də o qədər xoşbəxt olursan ki…
- Onda insanlara fikir verməyim?
- Sən sadəcə əs, izin verildiyi yerə qədər qaç, qovuşdur, xoşbəxt ol! Düstur budur. Onda hamı xoşbəxt olacaq.
- Qoca, bu qədər eşqlə o dağda niyə yatmışdın? – gənc yunan ilahələrinə bənzər şümal bədəni ilə onun qarşısında qıvrıldı.
- Xoşbəxtliyin düsturunu unutmuşdum, deyəsən! – qoca başını qovzayıb təəssüflə dilləndi.
- Bəlkə, çox şeyə şahid olmusan, onlar səni yorub? – gənc yenə nəsə öyrənmək istəyi ilə qıvrıldı.
- Hə, sözə də gücün çatmır bəzən. Qocaldır, belini bükür. Onun da ən pisi özünə dediyin və dediyinə inandığındır. Təlqin var, buludları qovar, səmada büsat qurar, təlqin də var, torpağa gömər, dərələrə məhkum edər. Mənim kimi...
- Onda gedək, gözəliiklərə şahidlik edək, hə, nə deyirsən? – Gənc şövqlə ətrafında dövrə vurub onu yenə havaya çəkmək istədi.
 -
Hə, hər şey gözəllikdir. Seçməyək, hər şeyə şahidlik edək. Mən hər şey üçün darıxmışam. – Qoca qolunu açıb gəncin boynunu qucaqladı. O isə sivişib qocanın qolunun altından çıxdı, gülərək dik yuxarı milləndi. Səmada qaçdı-qovdu başladı. Sənəm qarı çəmənliyə sərdiyi əlçim yunların otluqda dığırlandığını görəndə əlini dizinə çırpıb vaysındı. Zərif ləçəkləri bir-birinə toxunan lalələr isə yaşadıqları vüsaldan xoşbəxt idilər.

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)