Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - VƏTƏNİN YETİMİ (hekayə)

AZAD QARADƏRƏLİ - VƏTƏNİN YETİMİ (hekayə)

AZAD QARADƏRƏLİ - VƏTƏNİN YETİMİ (hekayə)
Proza
admin
Müəllif:
20:27, 23 dekabr 2020
1 556
0
AZAD QARADƏRƏLİ - VƏTƏNİN YETİMİ ( hekayə)

                     



 

 

                                                      

 

                                             (Vətən müharibəsi şəhidi  Əmrah Rəcəbovun xatirəsinə)

 

 

 

                                                                                  Aç qanlı gözün, ey şəhidi-dövran, bacın ölsün,

                                                                                  Dur, Şama gedir Zeynəbi-nalan, bacın ölsün...

                                                                                                                                    Hacı Şıxəli Tuti

 

 

 

 

 

            MÜƏLLİF

 

            Mənə çox çətindi bu hekayəni yazmaq. Elə bil əlim bağlıdır. Dartınıb açmaq istəyirəm, iplər kəsir, əlimi-qolumu yaralayır. Ağrıdan qışqırmaq istəyirəm, amma utanıram. Savaşda yaralanan, ürəyindən vurulan şəhidlərimizdən utanıram. 

            Sonra əllərimə baxıram və görürəm ki, açıqdır, amma kompüterin qapağını aça bilmirəm. Niyə axı? Buracan neçə şəhid, qazi haqqında hekayə yazmışam. Belə şey heç olmamışdı. Bəs bu yazını niyə yaza bilmirəm?.. Nədi mənə mane olan?..

            Yoxsa onun yazısı yoxdur? Allah ona yazı yazmamışmı? Nə iş idi mən düşdüm, xudaya?

            .................................................................................................................................................

 

            MƏN

 

            Mən heç ailə nədir bilməzdim. İnternat? Ora ailə deyil ki... Ora da bir dərddir. Ailəsizliyin başqa üzü. İnteranatdasansa, adam deyilsən. Hə. Sənə kənardakılar əşya kimi, əski kimi baxacaq. İstisnalar vardı e... Vardı hə... (Bir müəllimimiz vardı, bizə riyaziyyatdan dərs deyirdi... Yaxşı müəllim idi. Həm də yaxşı insan. O bizə riyaziyyatı necə keçirdisə, o saat yaddaşıma yazılırdı. Hətta həftədə bir dəfə gecələr nəzarətçi kimi internatda qalanda məni yanına çağırıb fərdi məşqul olardı. Bir dəfə dedim ki, müəllim, siz də repititorluq edirsiniz? Dedi hə, maaş azdır, ona görə evdə uşaq hazırlayıram. Dedim hər uşaqdan nə qədər alırsan? Gülüb dedi, neynirsən, indi mənə pul verəcəksən? Dedim yox, indi deyil, amma sağlıq olsun, böyüyüb riyaziyyat müəllimi olanda sizin borcunuzu qaytaracam...) Amma yox, sən internat uşağısan... Hətta lap təhqiramizi də var: detdom uşağı!.. Bu sözdən zəhləm gedirdi. İnternat yenə hə də, bizim evimiz kimiydi. Amma nədənsə bu detdom sözü məni internatımızın daim soyuq olan divarları kimi üşüdürdü... O sözü işlədəndə elə bil anama söyürdülər...

            

           RİYAZİYYAT MÜƏLLİMİ

 

            Mən onu bilirsiniz necə kəşf etdim? Bir dəfə axşam növbəsinə qalmışdım (biz internatda həm müəllim, həm də tərbiyəçi idik, ona görə həftədə bir dəfə gecə növbəsinə qalır, uşaqlara nəzarət edərdik), gördüm bir uşaq divara qısılıb ağlayır. Yanıma çağırdım. Gördüm həmin bu Oğlan. Altıncı sinifdə oxuyurdu. Dedim niyə ağlayırsan? İstədi deməsin, əl çəkmədim. Axırı dedi ki, səkkizdə oxuyan Z. adlı oğlan mənə ana söyüşü söyüd. Düzü, gözləmirdim bu sözü. Əksər internat uşaqları kimi onun da anası yoxdur, yaxud varsa da, onu bura gətirib atıb, o gedən də gedib... Düzü, çox pis oldum. Onu çağırıb otağıma apardım. Danışdıranda məlum oldu ki, riyaziyyatı yaxşı bilirmiş... Hətta keçdiyimiz dərsləri, düsturları, qaydaları əzbərdən söylədi. Və qərara gəldim ki, vaxt olan kimi onunla fərdi məşqul olum.

 

            MƏN

 

            Elə deməyimə baxmayın, internat, nə də olmasa, başımızın üstündə “krış”mızdı, üstümüzə yağmırdı, doymasaq da, ac da qalnırdıq. Mən burada həm də həyatı öyrəndim. Və bir şeyə də əmin oldum: mənim anam, atam olmasa da, onları əvəz edən Vətənim vardı... Yox, bu, gəlişigözəl söz deyildi. Həqiqətdi. Axı mən küçədə gecələmirdim, cibgirlik etmirdim, hətta burada məktəbdə oxuyurdum... Pis-yaxşı geyməyə paltarımız, yeməyə yağlı-yavan da olsa çörəyimiz vardı... Bir də müəllimlərimizin içində yaxşı insanlar da olurdu...

            Məndən yaşda böyük olan bir oğlan mənə ana söyüşü verəndə ağlamışdım. Sonradan başa düşdüm ki, mənə o söz niyə dəyib...

 

            O

 

            O, yaxşı oğlan idi. Qızlar qalan korpusa bircə dəfə də pis gözlə baxmazdı. Hətta bir dəfə söhbətləşəndə mən ona söz atdım: “Heç biz tərəfə baxmırsan? Xeyir ola? Yəqin sən də böyüyəndə o biri oğlanlar kimi internat qızı ilə evlənməzsən, hə?”

            Pərt halda başını buladı. 

            “Elə demə. Mən neçə dəfə bizim oğlanlarla sizə görə dalaşmışam. Hamınız mənim bacılarımsınız. Hərdən axşamlar atalı-analı oğlanlar internatın həyətinə gəlir, sizə sataşmaq istəyirlər. Hətta neçə dəfə bunun üstündə onlarla da dalaşmışam. Yığışıb döyüblər məni... Sadəcə, sizə oğlanların pis gözlə baxmasını götürə bilmirəm...”

 

            MƏN

 

            Düşünürdüm ki, bəlkə mənim də bacım olub?.. Anam məni onunla birgə bura verib? Məndən üç yaş balaca Nəzrin var e, mənə necə də oxşayır?! Bəlkə onu da mənim anam doğub? Hə də, neynəsin yazıq, saxlaya bilməyib, gətirib verib bura. Deyib sonra gəlib apararam öz yanıma... Amma gedib ərə, uşaqları olub, qorxub ərinə deməyə... Hə də, neynəsin yazıq arvad.......... eeee, yox e yox, bəlkə heç Nəzrinlə məni bura qoyub gedəndə yolu keçmək istəyən zaman maşın vurub, ölüb?.. Yox, əşşi, allah eləməsin, ölməyib. Sağdır anam. Gəlib ikimizi də aparacaq inşallah...

            Hətta bir dəfə Nəzrinə demişdim ki, sən mənim bacımsan. O da ümidlə mənə baxmış və “Sənin də ananın adı Mətanətdir?” deyib cavab gözləmişdi. Mən yenicə tapdığım bacımı itirəcəyimdən qorxaraq “Nə Mətanət?” deyib mat-mat qıza baxmışdım.

            Nəzrin cibindən bir balaca qadın şəkli çıxartmış, mənə göstərmişdi:”Bax, bu, mənim anamdır. Adı da Mətanətdir... Özü də rayonda yaşayır... Məni bura gətirəndə dörd yaşım vardı. Şəkili də o vaxt özü balaca çantama qoymuşdu... Gəlib məni aparacaq...”

            Sonra hıçqırıb ağlamışdı. “Amma gəlmədi. Gəlmir. Niyə gəlmir bəs? Axı heç mənə səndən bəhs etməyib?.. Doğrudan, sən mənim qardaşımsan?..”

            Mən də boğula-boğula ağladım. Başa düşdüm ki, bu qız mənim bacım deyil. Amma o, hələ də maraqla mənnən cavab gözləyirdi. Daha buracan uydurmuşdum, niyə davam etməyim ki?

            “Hə, - dedim. – Mənim də anamın adı Mətanət idi. Məni sənnən qabaq vermişdi internata. Demişdi gəlib ikinizi də aparacam, amma gələ bilmədi...”

            “Niyə axı? Gəlsin də, nə olar, gedib ona su daşıyarıq, həyəti təmizləyərik... Heç nə istəmirəm, başımı sabunla yusun ki, bit düşməsin...” – almasla dibindən qırxılmış başını qaşıyıb ağladı.

            “Mən də istəyirəm, saçım olsun... Amma qoymurlar, dibindən qırxırlar ki, bit düşməsin... Bu dəfə istədim qoymayam, tərbiyəçi vurdu məni. Sonra da əllərimi tutdu, dəllək də ülgüclə qırxdı...”

            Hönkürüb ağladı. Mən də ağladım...

                                                            

            NƏZRİN

 

            Qardaşım internatdan  gedəndən sonra demişdi ki, ev alım, gəlib səni də özümlə aparacam... Gəlməyinə gəldi... Gəlib dedi ki, müharibə başlayıb, könüllü yazılmışam orduya... Qucaqladım onu... Buraxmırdım... Tərbiyəçi üstümə qışqırdı ki, o sənin qardaşın deyil... Siz ayrı-ayrı rayonlardan gəlmisiniz... Mən qışqırdım ki, düz deyil, o mənim qardaşımdır!..

            Getdi... Bir aydır müharibə gedir, onnan hələ xəbər-ətər yoxdur...

 

            MƏN

            

            Mən heç indiyə qədər adam döyməmişəm. Məndən güclülər həmişə məni döyüblər. Özümdən zəifləri isə qəti vurmamışam... Amma müharibə başqadır. Burda sənin-mənim yoxdur, ümumi Vətən var. O ağır vəziyyətdədir və biz oğlanlar Vətən üçün vuruşmalıyıq... Mən burada ilk dəfə əlimə silah aldım, düşmən öldürdüm, özümü kişi kimi hiss etdim. Başa düşdüm ki, daha burada kasıb-varlı, atalı-atasız yoxdur... Buradakı döyüşçülər hamısı qardaşdır... Mən burada qardaşlarımı tapdım!..

            ...Yaralansam da, yanımda ağır yaralı olan iki əsgəri güllə altından çıxartdım. Yolda Arəstə bacı onlara ilk yardım göstərdi. Sonra mənə baxıb dedi ki, hara, sən də yaralısan?! Dedim, bacı, hələ iki yaralı da var, qoy gedim onları da çıxardım, sonra sarıyarsan. Qoymadı. Yaramı sarıyıb dedi, tez qayıt. Yaran ciddidir... 

            Yol boyu gördüm ki, sarığın üstündən qan sızır... Amma dayana bilməzdim. Hələ iki nəfər qalmışdı orda. Biri yaralansa da, hələ atışırdı. O birinin isə huşu özündə deyildi... Geciksəm, düşmən oranı alar, yaralılarımızı əsir götürər... Getməliyəm...

 

           BACI

 

            Güclə saxladım. İki yaralını bir-bir arxasına alıb gətirib verdi mənə, döndü ki, gedə. Baxdım çiynindən qan axır. Qışqırdım, hara, yaralanmısan?!. Dedi, bacı, boş şeydir, getməliyəm. Hələ səngərdə neçə yaralımız var. Götürməsəm, əsir düşərlər. 

            Güclə yarasını sarıdım. Sonra dəftərimə qeyd etmək üçün hansı rayondan olduğunu, soyadını, atasının adını soruşdum. Boynunu büküb “Bacı, heç biri yoxdur” dedi. “Necə yəni?” Gözləri doldu: “Mən internatda böyümüşəm. Heş kimim yoxdur... İnternatda bir qız var, Nəzrin adında. O məni qardaşı bilir... Amma o da heç kimimdir. Sadəcə, qoy elə bilsin ki, qardaşıyam...”

            Yarasının üstündən qan izi görünəndə “dayan, yarana qoy bir də baxım” desəm də, qaçıb getdi...

 

             MƏN

 

            Yolda çiynimin keyidiyini hiss etdim. Güllənin yeri zoqquldayırdı. Avtomatımı çıxardıb sağa-sola baxdım ki, düşmən olsa, heç olmasa atəş açım. Elə səngərə təzəcə girmişdim, top mərmmiləri dalbadal səngərə töküldü. Bədənim para-pırtıq oldu... Ətimiz, sümüyümüz yaralı qardaşlarımla bir-birinə qarışdı. Kimin qolu, kimin qıçı olduğu bəlli deyildi...Yaxınım da yoxdu ki, DNT ilə bilələr kiməm...

            Sonrakı yaralarım o yana dursun, amma nə bəladısa, çiynimdən dəyən, bax Arəstə bacı sarıyan yaram bir zoqquldayır, bir zoqquldayır... Bax. o sarıqdanca tanıyacaq məni...

            Bir də... Day sirr-zad qalmadı ki... Saki bunu saxlayırdım, haçansa bəlkə lazımım olar... Yekələndə, əlimiz ağac tutanda qaçırdıq Dayənin yanına. Dayə də ki, deyilənə görə, elə doğulannan burdadı. O da internat uşağıdı... Hamının dərdini-çorunu o bilirdi. 18 yaşım tamam oldu, əsgərə gedənə macal qaçdım  yanına ki, bəs mənnən nə bilirsən? Kimim, kimsənəm varmı, yoxmu? 

            Üstünün qızıl suyu tökülmüş bir boyunbağı çıxardıb uzatdı mənə ki, səni internatın qapısına qoyub getmişdilər, boynunda təkcə bu həmayil vardı... Əvvəl elə bildim ki, qızıldı, sonra baxdım ki, adicə qızıl suyuna tutulmuş dəmirmiş...

            İlahi, o qızıl suyuna salınan zəncirdən asılan kirilcə Л hərfinnən ibarət medalyon mənə dünyanı bağışladı. Neçə vaxtdır onu anam kimi öpürəm, sinəmə sıxıb yatıram... Elə bilirdim ki, bu, bir əlamətdir. Medalyonun arxasınca anam özü gələcək... 

            İndi hiss edə bilmirəm ki, medalyon boynumdadı, ya yox. Bilmirəm ki, boynum özü yerindədi?..

Müharibə başlayannan bir həftə sonra internetdə bir şəkil görmüşdük: ana şəhid oğlunun tabutunu çiynində aparırdı!.. Mən də istərdim... İstərdim ki, anam, adı Lətifəmi, Laləmi, Leylamı, Luizamı... - yox, Luizanı ermənilər də qoyur, o adı istəmirəm – olan anam çıxsın gəlsin, o medalyonnan tanısın nəşimi, tabutumu çiynində aparsın... Bir də mənə layla çala bilmədi, heç olmasa ağı desin...

 

            NƏZRİN

 

            Yalvardım ki, mən onun bacısıyam, məni aparın, mənim qanımnan test götürün... Apardılar... Kaş aparmayaydılar. Dedilər ki, sənin qardaşın deyilmiş o nəş... İndi qardaşımın nəşi qalıb morqda... Yaxını da yoxdur ki, gedib analiz versin... Anamızın şəklini kimə göstərirəm, tanıyan yoxdur...

 

            RİYAZİYYAT MÜƏLLİMİ

 

            Eşidib çox pərişan olmuşam. Getdim morqa, dedim ki, onun heç kimi yoxdur, burda saxlamağın mənası nədir?.. Sağ olsunlar... Anlayış göstərdilər... Hətta komandiri kövrəldi...

            Söz verdilər ki, gətirib rayonun şəhidlər xiyabanında dəfn edəcəklər...

            Müəllimlər və şagirdlərlə danışmışıq ki, dəfndə hamımız iştirak edək...

            Axı o bu internatın oğlu idi... Bir də Nəzrinin qardaşı... (Hönkürür)

 

            BACI

 

            Heç bircə gün keçmədi, xəbər gəldi ki, vurulub. Dözmədim, qoşulub əsgərlərə getdim o səngərə... Kaş getməyəydim... Təkcə təzə qoyduğum sarıqdan bildim ki, odur... Doğru-dürüst sarıq qoymağa da imkan vermədi... Ölümünə yüyürdü... Yaxşı ki, getmişəm, yoxsa necə tanıyardılar? Çiyninə qoyduğum sarıq olmasaydı... (Ağlayır.)

 

            O

 

            Mənə demişdi ki, müharibə bitsin, gəlib sənə nişan taxacam. Dedim, nə olar, getməmiş nişan ver, bilim ki, kiminsə nişanlısıyam... Dedi yox, düşər-düşməzi olar... Ürəyinə damıbmış... Bir də dedi ki, Nəzrinnən muğayat ola... Nəzrini də qarabaxt olmasın... Yazığı diri-diri ağlayırdı pisniyət qızı... Axırı da... Nə ona qardaş ola bildi, nə də mənə yar... Bəxtimin içinə... Bəxtim olsaydı niyə internat qızı olardım ki?!. Hərdən fikirləşirəm ki, bəlkə heç ürəyini mənə açmasaydı, şəhid olmazdı... Mən qarabaxtam axı... (Hönkürüb ağlayır.) Sonra da             fikirləşirəm ki, yəqin qismət beləymiş... 

 

            DAYƏ

 

            Nəzrini bacısı kimi üstünə yazdırmaq üçün şox əziyyət çəkdik. Amma eləyə bildik. Heç olmasa şəhidin adına olacaq təqaüdü-zadı bu qıza verərlər. Özünə bir gün ağlaya bilmədi, barı bir yetimə xeyri dəysin... Can ay bala... Yetim bala... Yox anan, yox xalan ölsün... yox bacın saçın yolsun... yetim bala, nakam bala... heş demədin gözü yolda qalan o qız nolsun?.. Yetim bala, heyyyyyyyyyyyyyyyyyyy...

 

            MƏN

 

            Vallah çox sevinirəm. Dəhşət sevinirəm. Nəzrini üstümə yazıblar bacım kimi... o qızın isə adını ağzınıza almayın, siz allah... Qoy gedib xoşbəxt olsun... Mən burda rahatam... General Polad Həşimov da burdadı, dostlarım da... hələ Arəstə bacımız da... Mən sağlığımda heç kimin oğlu ola bilmədim... Amma öləndə Vətənin balası oldum... Hə də, deyirlər şəhdlər Vətənin övladlarıdır axı... Axır ki, yiyəm tapıldı...

 

             MÜƏLLİF

 

            Demişdim axı... Bu yazını yazmaq zülümdü. Buracan gəlmişəm, burdan beləsi də bir dərddir...

            Mən şəhidlər haqqında yazdığım hekayələrin saytlarda yayımlanan linkini yaxınlarının xahişi ilə onların votçapına göndərirdim... Bəs bu yazının linkini kimə, hara göndərim?

                        

                                                                                                      12.12.2020

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)