Edebiyyat.az » Proza » Elnur Ramazanlı - Qayada bitən çiçək (hekayə)

Elnur Ramazanlı - Qayada bitən çiçək (hekayə)

Elnur Ramazanlı - Qayada bitən çiçək (hekayə)
Proza
admin
Müəllif:
00:14, 26 dekabr 2020
1 684
0
Elnur Ramazanlı - Qayada bitən çiçək (hekayə)





 Atasız böyümüşdü Əkrəm. Bir qarnı ac, bir qarnı tox. Küçədə həmyaşıdları ilə oynayanda hər kəs uzaqdan gələn atasını görcək oyunu buraxıb, atasının qucağına qaçardı. Əkrəmə isə bu mənzərəni həsrətlə seyr etmək qalardı. Hər il yeni dərs ilində sinif yoldaşları təzə ayaqqabı, şalvar, köynək və pencəklə dərsə gəlsələr də, Əkrəm köhnə illərdən qalmış yamaq-yırtıq paltarlarını geyinərdi. Anası Gülzar xala xadimə idi. Yaşadıqları ərazinin kommunal idarəsində işləyirdi. Silib-süpürmək işlərinə baxırdı. Qədli-qamətli xanım idi Gülzar. Keçirdiyi qanlı-qadalı, iztirablı günlər qara tellərinə ağ dənlər salsa da, çöhrəsini soldursa da, yenə də diqqətlə baxanda Azərbaycan xanımına xas olan lətafət hiss olunurdu Gülzarın simasında. O həyat yoldaşı Yusifi Qarabağ müharibəsində itirmişdi. Torpaqların müdafiəsi zamanı düşmən üzərinə irəliləyən zaman Yusif minaya düşərək qəhrəmancasına şəhid olmuşdu. O gündən iki körpə uşaqla, Əkrəm və kiçik bacısı Gülranla tənha qalmışdı. Əri şəhid olduqdan bir qədər sonra ərinin dərdi bir yana, evdə də günü qara olmuşdu. Qaynata, qaynana bir tərəfdən, qayın-baldız da bir tərəfdən canını boğaza yığmışdı. Beləcə, o, məcburən ər evini tərk edərək kirayədə qalırdı. Aldığı xırda məvaciblə kirayə pulunu, ərzaq pulunu birtəhər ödəyir və beləcə, günü-günə sataraq dolanırdılar. İşlədiyi MİS-in (Mənzil İstismar Sahəsinin) müdirinin də Gülzardan xoşu gəlirdi. Lakin o, ürəyindəkiləri gizli saxlayırdı. Çünki Gülzar iffətli və əzəmətli qadın idi. Ona artıq söz demək mümkün deyildi.

Bir gün Əkrəm həyətdə oynayarkən pul qabı tapmışdı. Tez ora-bura baxıb, heç kəsin görmədiyinə əmin olduqdan sonra evə gətirərək evdə gizlətmişdi. Axşam anası Gülzar xala işdən yorğun gəlmişdi. Uşaqlar da ac idilər. Ayın axırı olduğundan evdə pul da qutarmışdı.

– Anacan, muştuluq bax gör bu gün nə tapmışam – deyərək Əkrəm tapdığı pul qabını anasına verdi.

Gülzar pul qabına baxdıqda içində 75 manat pul və bir neçə sənəd gördü. Sənədlər üç blok o yana məktəbdə dərs deyən Valeh müəllimə məxsus idi. Özlərinin o pula hava-su kimi ehtiyacları olmasına baxmayaraq Gülzar birbaşa Valeh müəllimgilin mənzilinə yollandı. Qapını Valeh müəllim özü açdı.

 – Qonşu buyurun, deyəsən, sizindir, Əkrəm həyətdə oynayarkən tapıb.

Gülzar qonşusu Valehgilə balaca Əkrəm ilə gəlmişdi. Əkrəm bu anda anasının əlindən tutub Valeh müəllimin gözlərinə baxırdı.

 Şükür Allaha – deyə Valeh müəllim dilləndi. – "Mən də səhərdən dilxor olmuşam ki, banknotum  hanı görəsən?! Pullar bir yana, bəs bu qədər sənəd itsə necə olacaqdı?! Afərin sənə balaca – deyərək, Valeh əmi Əkrəmin yanağından öpdü. 

– Bax, bu sənin halalındır - dedi və Əkrəmin cibinə Gülzarın bütün etirazına rəğmən 10 manat pul qoydu.

Uşaqlarını kasıbçılıqla da olsa, halallıqla böyütmüşdü Gülzar. Beləcə, aylar-illər keçdi. Əkrəm və Gülran böyüyüb, boya-başa çatdılar.

Ali məktəbə qəbul imtahan günləri yavaş-yavaş yaxınlaşırdı. Əkrəmi polis, Gülranı isə həkim görmək idi Gülzarın arzusu. Elə Əkrəm özü də polis olub asayişin keşiyində durmaq istəyirdi. İstəyirdi ki, insanların dinc yaşamasına maneçilik törətmək istəyən qara qüvvələri zərərsizləşdirsin. Bu yolda canını da fəda  verməyə hazır idi. Təki xalqı, milləti əmin-amanlıq içərisində olsun. 

Arzusu çin çıxdı  Gülzar xalanın. Əkrəm Polis Akademiyasına, Gülran isə Tibb Universitetinə daxil oldu. Gülzar balalarını başına yığıb dedi: "Övladlarım, özünüz bilirsiniz, sizi atasız böyütmüşəm, sizə həm ata, həm də ana olmuşam. Sizi halal zəhmətlə böyüdüb vətənə yararlı övladlar etmişəm. Bunun qarşılığında sizdən cəmi bir istəyim var. O da budur ki, ixtisasınızı bitirib öz sahənizdə fəaliyyətə başlayanda vicdanı, halallığı, namusu unutmayın. Əllərinizi üzümə qoyaraq “anacan unutmayacayıq” – deyin"

Onlar əllərini analarının üzünə qoyaraq analarına sarıldılar və analarına vədə verdilər.

Əkrəm artıq Polis Akademiyasını yüksək fərqlənmə ilə bitirib cinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili olmuşdu. Gülran isə artıq tanınmış həkim-cərrah idi.

Son günlər kriminal vəziyyət aktivləşmişdi. Oğurluqlar, quldurluqlar baş qaldırmışdı. İnsanlar əndişəli idilər. Hər kəs evinin yarılmasından və ya nəqliyyatda cibinin soyulmasından narahat idi.

Cinəyatkarlıqla mübarizə baş idarəsində bu barədə əməliyyat planı hazırlanırdı. Daxil olan əməliyyat məlumatına əsasən, bu quldur dəstəsinin başımda "Tiqr Timur" ləqəbli bir cinayətkar dururdu. Tiqr Timur sanki yeri yarıb altına girmişdi. Onun harada olmasından heç kəs xəbərdar deyildi. İdarədə olduqca ağıllı və şücaətli Əkrəmin fikrinə əsasən plan quruldu. Onlar ərazidə yaşayan imkanlı ailənin evindəki bütün bahalı əşyaların içinə xüsusi çip yerləşdirdilər. Plana əsasən, tətil günləri olduğundan ailəni evdən çıxararaq tətilə yolladılar. Həmin ev uzaq məsafədən iyirmi dörd saat nəzarət altında idi. Tiqr Timurun əlaltıları belə bir ev barədə Timura məlumat verdilər. Onlar evi müşahidə etdiklərini və yarılmasında heç bir problem olmayacağını bildirdilər. Beləcə, Timurun "icazəsini" aldılar. Oğurluq gecə saat 3-də başladı. Oğrular bahalı zinət əşyaları, divar rəsmləri, televizor və kompyuter kimi qiymətdə ağır, çəkidə yüngül şeyləri qısa vaxtda götürərək, maşına minib aradan çıxdılar. Plana əsasən, Timur onları gətirdikləri qənimətlərlə birlikdə, yerini yalnız onun əlaltılarının bildiyi evinin zirzəmisində gözləyirdi.

Əməliyyata Əkrəm özü rəhbərlik edirdi. Oğrular getdikcə əməliyyatçılar da xüsusi texnika vasitəsi ilə onların apardıqları şeylərin içindəki çiplərin izi ilə gəlirdilər.

Timur darvazanın qapılarını açaraq adamalarını gətirdikləri ilə birlikdə yeraltı qaraja saldı. Onların başı əldə etdikləri malların bölüşdürülməsinə qarışmışdı. 

Vaxt itirmək olmazdı. Əkrəmin göstərişinə əsasən, ev mühasirəyə alındı. Əməliyyatçılar hasardan aşaraq cinayətkarlara yaxınlaşmağa başladılar.

Timur – "Ay sizi, satqınlar!” deyərək silahını çıxarıb öz adamlarını güllələdi. “Xain xoflu olar” deyiblər. Ona görə də Timur zənn etdi ki, adamları da onun kimi xaindirlər və onu satıblar.

Əkrəm Timuru səslədi:

– Qaçacaq yerin yoxdur. Nə qədər salamatsan, gəl təslim ol.

Timur buradan sağ çıxa bilməyəcəyini anlayıb guya "təslim" olmaq üçün bayıra çıxdı. Polislər ondan silahı yavaşca yerə qoymağı tələb etdilər. Polislərin düz qarşısında kapitan Əkrəm Eyvazov durmuşdu. Timur aşağı əyilə-əyilə silahı yerə qoymaq istəyərkən, eyni zamanda xain gözlərlə Əkrəmi süzürdü. O, silahı yerə qoyan anda birdən namərdcəsinə Əkrəmə güllə atdı. Dərhal əli silahlı polislər cavab atəşi atdılar. Hər ikisi yerdə idi. Yeri al-qırmızı qan götürmüşdü. Onları təcili yardımla xəstəxanaya gətirdilər – Əkrəmin bacısı Gülranın işlədiyi xəstəxanaya. 

Timurun bir böyrəyini illər əvvəl aldığı bışaq zərbəsindən kəsib götürmüşdülər. Ona görə də tək böyrək idi. Güllə Timurun yerdə qalan o biri, aman-zaman böyrəyinə dəymişdi. Əkrəmin vəziyyəti isə nisbətən yaxşı idi. Güllə onun qarın boşluğundan girərək heç bir orqanını zədələməmişdi.

Timur cinayətkar olsa da, bir insan idi. Ona təcili böyrək köçürülməli idi. Aparılan təhlillər onu göstərdi ki, ona yalnız Əkrəmin böyrəyi düşür. Əkrəm tərəddüd etmədən böyrəyini vermək istəsə də, bacısı Gülran bununla razılaşa bilmirdi. Heç cürə qardaşının böyrəyini götürüb, tanımadığı, üstəlik cinayətkar biri olan şəxsə köçürmək istəmirdi. Əkrəm bacısının qollarından tutaraq, düz gözlərinin içinə baxdı.

– Bacı, yadındamı, anamız bizə demişdi ki, öz sahəmizdə, öz işimizdə vicdanı əldən verməyək?! Elə isə vicdanının səsinə səs ver və bir həyat qurtar. Unutma ki, "kim bir insana həyat bəxş etsə, sanki bütün insanları diriltmişdir.(Quran, 5/32)"

Timur gözünü reanimasiyada açdıqda yanındakı çarpayıda kapitan Əkrəm Eyvazovu gördü. Xırıltılı səslərlə tibb bacısından soruşdu:

– Mənə nə olub?

Cavabında tibb bacısı bildirdi ki, siz polis kapitanı Əkrəm Eyvazovun öz böyrəyini sizə verməsinə görə həyatdasınız, yaşayırsınız.

Aradan uzun illər keçmişdi. Timur artıq ona kəsilən cəzanı çəkib qutarmışdı. Hələ evlənmişdi də. Körpə oğlu da var idi.

Bir gün oğlu ondan soruşdu:

– Ata, mənim adım niyə Əkrəmdir?

– Bala, ona görə ki, Əkrəmin biri məni dirilər içində ölüykən diriltdi, mənə can verdi, həyat verdi, sən isə indi o həyatımı yaşadan nəfəsimsən.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)