Edebiyyat.az » Proza » Əzizə Əhmədova - Göl əfsanəsi

Əzizə Əhmədova - Göl əfsanəsi

Əzizə Əhmədova - Göl əfsanəsi
Proza
admin
Müəllif:
09:18, 25 mart 2021
3 128
0
Əzizə Əhmədova - Göl əfsanəsi





Onu çiçəklər sevdi-(1977) kitabından
Yenidən işlədi: Amin Namazlı



  Günəşlə göl çoxdan dost idilər. Lap yaranışdan Günəş dostu Gölün dumduru şəffaf suları ilə oynamağı səvərdi!
   Bir səhər Günəş yenə üfüqdə parıldadı.
  -Salam, gözəl Göl, -dedi, - necəsən? Gecəni necə yatmısan?
  -Salam, Günəş, nə yaxşı ki, səni gördüm. Son vaxtlar lap nə isə çox narahatam. Könlüm sıxılır, -deyə Göl gileyləndi.
  Günəş dostunun şikayətini eşidib həyəcanlandı, dedi:
  -Səni narahat edən nədir? Söylə mənə.
  -Heç özüm də bilmirəm. Nəfəsim təngiyir.
  -Ürəyini sıxma, Gölüm, göyün yuxarı qatına qalxıb parlaq şüalarımı yerə yollayıb dərdini taparam.
  Dəqiqələr bir-birini qovdu, saatlar ötdü, Günəş günorta vaxtı taxtına qalxdı. Onun odlu gözləri ətrafda gəzdi, şimşək nəzərləri Gölün dərin qatlarına keçdi. Uzun müddət axtardı, həyəcanla, qayğı ilə axtardı. Nəhayət axtardığını tapdı. Sən demə, Gölün könlünə çoxlu qamış, ot yol tapıbmış.
  -Tapdım, tapdım, Gölüm, səni narahat edəni tapdım, gör bu boz otlar, köklü-köməcli necə də hər tərəfə yayılıblar. Indi bildim ki, ürəyini sıxan nə imiş!
  -Doğrudanmı tapdın, əzizim?- deyib Göl həyəcandan titrəyərək dərindən köks ötürdü. Onun mavi gözlərində qorxu gəzdi. Zərli suları narahat-narahat dalğalandı.
  -Sənin şəffaf sularına sənin üçün qorxu törədən otlar yol tapıb. Sən özünü onlardan qoru, gülüm, bu otlar Göl suları üçün təhlükəlidir. Onları məhv etməsən özün məhv ola bilərsən. Onlardan canını qurtarmağa tələs.
  -Yaxşı, Günəş, mən dalğa oğullarımı, Ləpə nəvələrimi göndərərəm. Onlar bu yad bitkiləri qabaqlarına qatıb, sahilə qədər qovarlar.
  -Unutma ha!..- deyə Günəş axrınca dəfə tapşırıb yoluna davam etdi. Günəşin o qədər qayğısı var idi ki...
  Gölün sinəsi qabarıb qalxdı, o, Dalğa oğullarını, Ləpə nəvələrini səslədi.
  -Oğullarım, bizə bədbəxtlik üz verib,- dedi.
  Dalğaların hamısı- irili-xırdalı kükrədi, şahə qalxdı.
  -Ana Göl, o nə bədbəxlikdir elə, tez söylə. Biz sənin uğrunda ölümə getməyə hazırıq.
  -Övladlarım, Günəş bacımız səmadan baxıb görüb ki, yurdumuza yad otlar daraşıb. Bu çağrılmamış qonaqları qovmaq, kökünü kəsib sahilə atmaq lazımdır.
  Bu sözləri eşidən dalğalar nərildəyə-nərildəyə hücuma keçdilər.
  Bu zaman Günəş artıq öz qızılı saçlarını sımadan yığıb yatmağa hazırlaşırdı. Səmanın göy gözləri xumarlanır, gözəl gölün zümrüd sinəsi boz dumanlar altında həyəcanla qalxıb-enirdi. Dalğa oğulların, Ləpə nəvələrin nərəsi bütün gecəni onu yatmağa qoymadı. Başını sahilin qızılı qumlarına qoyub yuxuya getmək istəyən gözəl Göl sübhə kimi çimir almadı. Gözləri xumarlansa da ürəyi səksəkədə qaldı. Səhərə yaxın Dalğa oğullar, Ləpə nəvələr yad otları, bitkiləri tapdılar, qova-qova sahilə çıxartdılar.
  Göl fərəh dolu gözlərini oğullarının  mərd üzlərində gəzdirib iftixarla söylədi.
  -Belə qoçaq oğulları olan da fikir edərmi?
  Birdən qulağına səs gəldi:
  -Ey həyatın ümidi, gözəl Göl! Biz uzaq ölkələrdən səni deyib gəlmişik. Bizə rəhm elə. Bizim nəslimizi məhv etmə, geniş ağuşunu bizdən əsirgəmə. Biz sənə vurğunuq, sənsiz yaşaya bilmərik.
  Bu sözlərdən Göl xoşallandı, yad otların yalançı sözlərinə inandı. Öz-özünə dedi:
  -Günəşin sığallı əlləri olmasa biz nə edərik. Ancaq bilmirəm, bu cılız otlar onu niyə belə narahat edib: mənim geniş sularıma bu otlar nə edə bilər? Odur sahildəki o qayanı yüz ildir ki, külək yalayır, bundan qayaya nə olur ki? Gedin, gedin yaşayın, mənim sizdən qorxum yoxdur.
  O belə deyərək yad otları, qamışları yenidən qoynuna buraxdı. Yad otlar cəld Gölün dərinliklərində gizləndilər. Onların məkr dolu gözləri hiyləgər-hiyləgər dolanır, qüvvətli kökləri hər tərəfə uzanırdı. Göl əvvəlki kimi sakit-sakit dalğalanırdı.
  Bir müddət keçdi. Bir gün Günəş yenə soruşdu:
 -Gözəl Gölüm, işlərin necədir? Səni narahat edən yoxdur ki?
  -Yox, yox, əzizim Günəş. Nə yaxşı ki, sən varsan. Sənə minnətdaram. Sənsiz mənə həyat yoxdur.
  Gölü belə sakit, arxayın görən Günəş şad oldu. Daha da parıldadı.
  Günlər bir-bir ötüb keçirdi. Göldə yurd salmış yad otlar, qamışlar isə get-gedə artır, hər yeri tuturdu.
  Təngnəfəs olmuş balıqlar Gölə yalvarıb dedilər:
  -Aman, Göl, biz boğuluruq, yad otlar nəfəsimizi kəsir, bizə kömək elə.
  Lakin Göl çox arxayın idi.O, balıqların şikayətinə fikir vermədi. Get-gedə yad otlar çoxalırdı. Artıq Göl tərpənə bilmirdi, otlar Gölün Dalğa oğullarının əl-qoluna sarılmış, Gölü tamam köməksiz qoymuşdular. Gölün son nəfəsi idi. Göl bozarmışdı. Üstündə saysız-hesabsız ağcaqanadlar vızıldaşır, şən-şən oxuyurdular. Gölün bozardığını görən Günəş bir gün təəccüblə soruşdu:
  -Göl, sənə nə olub?
  Göl istədi gülümsəsin, cavab versin. Ancaq səsi xırıldadı, kəsildi. O heç gülümsəyə də bilmirdi.
  Günəş odlu gözlərini geniş açaraq baxdı, yalnız indi gördü ki, dostu Göl tamam bozarıb, onun sularının maviliyi itib, Göl artıq yoxdur, onun erini böyük bir bataqlıq tutub.
  -Vay, vay, bu nə iş idi sənin başına gəldi, axı, mən səni əvvəlcədən xəbərdar etmişdim. Necə oldu ki, sən buna əhəmiyyət vermədin.
  Göl təəssüflə köks ötürdü, sinəsi qabrıb-qalxdı. Onun qəhrəman dalğa oğulları, mərd Ləpə nəvələri məhv olmuşdular.

    

Müəllif haqqında:
Əzizə Əhmədova- Azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq,ədəbiyyatşünas, filologiya elmləri doktoru. (26 yanvar 1932- ...)
1932-ci il yanvarın 26-da Bakıda dünyaya göz açdı. İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirdi. Amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil almağa vadar etdi. Buranı bitirdikdən sonra "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başladı. Elə ədəbi yaradıcılığı da o illərdə çiçəkləndi. İlk hekayəsi "Qorxmazın səhvi" adlanırdı. 1957-ci ildə "Pioner" jurnalında dərc edilən bu bədii yazının qədəmi düşərli oldu. Əzizə son dərəcə məhsuldar işləyirdi. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılırdı.
Azərbaycan ensiklopediyasından çalışmağa başlayan Əzizə Əhmədova bir qədər də burada böyük redaktor vəzifəsində çalışdı.1967-ci ildə isə "Gənclik" nəşriyyatına direktor təyin edildi. Əzizə xanımın əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilirdi. Bir müəllif kimi onlarla kitabı dərc olunmuşdu.Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilirdi bunlardan "Xınalı qayalar", "Yaz qarı", "Onu çiçəklər sevdi", "Bu ellərə vurulmuşam", "Bir ürək sındırmışam", "Çiçəklərim" və digərlərinin adlarını sadalamaq olar.ərcümə kitabları daha çoxdur.
Əzizə Əhmədova tərçüməçi kimidə böyük işlər görmüşdür V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, S.Magilevskaya, C.Barri, M.Prilejayeva, A.Rıbakov, A.Lindqren və onlarla başqalarının əsərləri məhz azərbaycan dilinə tərcümə etmişdir.
1985-ci ildə Əzizə xanımın yeni kitabı olan "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-səda doğurdu. Əzizə Əhmədovanın mətbuatda dərc edilmiş son hekayələrindən biri "Ümid yaşadır bizi" adlanırdı. Ötən əsrin sonlarında baş verən ziddiyyətli məqamlar, quruluşun dəyişməsi, bədnam qonşularımızın torpaq iddiaları yazıçının da ovqatında bir kədər və bədbinlik yaratmışdı...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)