Edebiyyat.az » Proza » Lətif Şüküroğlu - Zəngilan hekayətləri.

Lətif Şüküroğlu - Zəngilan hekayətləri.

Lətif Şüküroğlu - Zəngilan hekayətləri.
Proza
admin
Müəllif:
03:48, 19 iyun 2021
1 378
0
Lətif Şüküroğlu - Zəngilan hekayətləri.









Uşaqlıq və yeniyetməlik dövrü ilə bağlı xatirələrim arasında Zəngilanla, xüsusi ilə hansısa hərəkətinə, yaxud özünəməxsusluğuna görə yaddaşlarda yaşayan rayon adamları barəsində olanları da az deyil. 

 

Yay kinoteatrı

Rayon mərkəzində Yay kinoteatrı adlandırılan, təqribən 300-350 yerlik bir kinoteatr vardı. Səhv etmirəmsə, 70-ci illərin ortalarında tikilmişdi. Bu kinoteatrda əsasən iyun aynının əvvəlindən sentyabr ayının sonunadək olan aralıq dövrdə filmlər nümayiş etdirilirdi. Kinoteatrın binası bütün ay ərzində az-az hallarda tamaşaçı ilə dolu olurdu. Əksər vaxt yarıboş olan salon elə ki, rayona Hindistan filmi (nədənsə hamı hind filmi deyirdi), gətirildi, dolub-daşır, bəzən skamyaların arasına qoyulan stollar da filmə baxmağa axın-axın gələn tamaşaçılara kifayət etmirdi. Əksəriyyəti ailəlikcə gələn tamaşaçılar filmə nümayiş edildiyi ilk günlər baxmaq istədiklərinə görə birinci 3-4 gün bilet tapmaq daha müşkül olurdu. Çünki nümayişin ilk günləri yaxın kəndlərdən də filmə baxmaq istəyənlər az deyildi. Belə günlərdə Yay kinoteatrının kassasından bilet almaq hər kəsə nəsib olmurdu. Kassir üzgörənlik edib, biletlərin az qala yarısını rayonun vəzifə sahiblərinə və ımkanlı adamlarına, qohum-əqrabası və dost-tanışına satdığına görə növbə gözləyənlərin əksəriyyəti ya ümumiyyətlə bilet ala bilmir, ya da 5-6 biletin əvəzinə biri, ən yaxşı halda ikisi ilə kifayaətlənirdilər. Bu da çox vaxt ailələrdə narazılıq yaradır, Hind filminə qonşu arvadlardan, yaxud rəfiqələrindən sonrakı günlər baxan xanımların heysiyyatına toxunduğundan evin kişiləri bir neçə gün onların tənəli, hətta qəzəbli baxışlarından, giley-güzarlarından qurtula bilmirdilər. İnsafsız qonşular, rəfiqələr də sanki bundan ləzzət alırmış kimi filmin görməli yerlərini (bəzən həmin kadrlar az qala bütün filmi əhatə edirdi) elə heyranlıqla danışırdlar ki. Üzdə maraqla qulaq asan xanımlar ürəklərində qan ağlayır, belə gözəl filmə birincilər sırasında baxmadıqlarına görə bir neçə gün evin kişilərinə az qala nifrət edirdilər. Bəzi ailələrdə apogeyə yüksələn narazılıq dava-dalaş həddinə də çatırdı. 

Əsasən xanımların can atdığı hind filmlərinin nümayişi kinotetrın kassasına yaxşı pul gətirdiyindən kinotetrların rəhbərliyi rayona ayda azı 2 hind filmi gətirməyə çalışırdı. Bu filmləri rayon mərkəzindən sonra da kənd-kənd gəzdirib, 5-10 günə aylıq planı doldururdular. Ancaq camaatı maraqlandıran kimin planı necə yerinə yetirməsi yox, bu filmlərə kimlərin birinci baxması idi.

Bir də hinduların həyatından bəhs edən, ya da Avropa ölkələrinin istehsalı olan filmlər zamanı Yay kinoteatrı, elə o biriləri də tamaşaçı ilə dolub-daşırdı. Bu filmlərin əsas tamaşaçıları cavanlar, uşaqlar, bir də Bakıdan, camaat demiş, şəhərdən rayona gələnlər idi. 

Yay kinoteatrı ilə əlaqəli yadımda qalan əsas xatirə isə heç də burada nümayiş etdirilən filmlərlə yox, tamam başqa məsələ ilə bağlıdır. Bu kinoteatr rayon mərkəzində yerləşən çox böyük ərazisi, əsasən hündür şam və akasiya ağaclarından ibarət olan Lenin bağında tikilmişdi. O vaxtlar rayon mərkəzlərinin və şəhərlərin əksər böyük bağları, parkları, meydanları, baş küçələri sovetlərin bolşevik rəhbərinin adını daşıyırdı. Lenin bağını az qala dövrəyə alan bu ağacların əksər budaqları kinoteatrın divarlarından çox yüksəyə qalxdığından, bu budaqlarda oturub filmə rahat baxmaq olurdu. Belə imkanı hansı uşaq əldən buraxardı ki. Biz də buraxmırdıq. Mənim kimi yəqin əksər yaşıdlarım da bu imkandan necə məmnuniyyətlə istifadə etdiyimizi, bir çox filmləri pulsuz izlədiyimizi xatırlayırlar. Bəzən ərgən oğlanlar, hətta yaşı 30-u haqlamış tək-tük həvəskarlar da bizə qoşulurdular. Düzdür, Yay kinoteatrının müdiri Muradxan kişi bizdən daha çox filmləri pulsuz izləmək həvəsinə düşmüş yaşlılara qəzəblənir, onları ağacdan düşürmək üçün hamının eşidəcəyi tərzdə təhqiramiz ifadələr işlədir, bu təsir etmədikdə isə hətta söyüşə keçirdi. Bunlar alınmayanda isə belələrini milislə hədələyirdi. 

Həmin vasitələr biz uşaqlara təsir etmədiyindən kassirin bizi ağacdan düşürmək səyləri çox vaxt nəticəsiz qalırdı. Yalnız hansısa cavan oğlanın nəyinsə qarşılığında məsələyə qarışıb, biz uşaqları ağacdan endirməsinə qədər filmə baxırdıq. Müdirin bizə qışqıra-qışqıra “it uşağı, havayı kino var? Hamınızı tanıyıram, qaçmaqla canınız qurtarmayacaq. Onsuz da pulunu atalarınızdan alacam. Görərsiniz, sabah məktəbə gəlib dərsinizi verdirəcəm” və s. hədə-qorxuları da nəticə vermirdi. Onu xüsusi qeyd edim ki, ağacdan filmi seyr edən uşaqların arasında ataları vəzifə sahibi olanlar, imkanlı ailələrdən çıxanlar da az deyildi. Düzdür, biz o vaxt kimin hansı ailədən olduğuna elə də əhəmiyyət vermirdik, elə əksər ailələr də buna adi hal kimi yanaşırdılar. Bəzi istisnalara gəlincə isə, həmin dostlarımız öz hərəkətləri ilə bizlərdən fərqlənmədiklərini nümayiş etdirməkdən sanki həzz alır, bununla qürrələnirdilər. Yəni “bir baxın, filmə baxmağa kifayət qədər pulumuz olsa da, özümüzü sizlərdən ayırmırıq”. 

Yay kinoteatrının divarlarını əhatə edən ağacların sayı çox olsa da, onların yalnız 5-6-sından filmi rahat izləmək mümkün idi. Hər ağacda da ən çoxu 10-12 uşaq özünə yer eləyə bilirdi. Bu da varlı, yaxud kasıblığından asılı olmayaraq, ən fərasətlilərə və qorxmazlara qismət olurdu. Fərasətli və qorxusuz uşaqlar rayonda ən maraqlı filmlərin birinci izləyiciləri arasında idilər. Bəzən ağaclarda yer tutmaq uğrunda uşaqcasına mübahisələr ciddi davaya çevrilir, hətta söz-söhbət ailələrə qədər gedib çatırdı. Belə davalarda daha çox zərbə alanlar bir neçə həftə gözə dəymir, filmləri pulsuz izləmək həzzindən mərhum olurdular. Ancaq bu davalar heç nədən, ən adi səbəblərdən başladığı kimi tez də unudulur, uşaqlar arasında ağaclarda yer tutmaq yarışları davam edirdi. Rayonun azı 2 nəsil uşaqları Yay kinoteatrında nümayiş etdirilən filmləri beləcə pulsuz izləyə bildilər.

 

Niyə əziyyət çəkirdin

1950-60-cı illərdə rayon mərkəzində cəmi bir foto emalatxana varmış və orada da Mehdiqulu adlı bir fotoqraf işləyirmiş. Mehdiqulu, əslində, foto çəkməyi əsgəri xidmətdə öyrənmiş həvəskar fotoqraf imiş. Deyilənə görə, sona qədər də belə qalmış, bu peşəni yaxşı mənimsəmiş xələflərindən nəsə öyrənməyə cəhd göstərməmişdi. Necə deyərlər, qabında olanla kifayətlənmişdi. 

Foto çəkdirmək üçün yaxın rayonlara getməyə vaxtları, həvəsləri, bir çoxunun həm də imkanları olmadığından rayonun əksər adamları Mehdiqulunun xidmətindən istifadə etmək məcburiyyətində qalıblarmış. Təcili sənəd şəkli çəkdirmək lazım olanda isə Mehdiqulunun yeri xüsusi görünürmüş. Bunu yaxşı başa düşən, necə çəkməsindən, ümumiyyətlə, keyfiyyətindən asılı olmayaraq, işinin qəbul ediləcəyinə əmin olan bu həvəskar fotoqrafda arxayınçılıq yaranıbmış. 

Mehdiqulu onun işindən narazı qalan sifarişçilərin deyinməyinə, giley-güzarına alışdığından belə şeylərə artıq əhəmiyyət vermir, hətta şəklini götürməyə gələnlərdən kimsə heç nə demədən, nəyəsə mız qoymadan gedəndə təəccüblənirmiş. Yaxşı yumor hissi olan Mehdiqulu belə vaxtlarda: “görünür özünü tanımadı, yoxsa şəkli dinməz-söyləməz cibinə qoyub getməzdi”, deyərmiş. 

Camaat Mehdiqulunun çəkdiyi şəkillərin keyfiyətinə, Mehdiqulu da onların giley-güzarına alışa-alışa artıq vərdişkar olublarmış. Bunu, camaat arasında indi də xatırlanan bir deyim də təsdiqləyir. Mehdiqulu onun yanına uzaq kəndlərdən gələnlərə, xəstəlikdən əziyyət çəkənlərə, bir də vaxtın azlığından şikayət edənlərə “Niyə özünü əziyyətə salırdın, sifariş yollayaydın şəklini çəkib, göndərədim” deyirmiş. 

Əvvəl-əvvəl bunu bir zarafat sayan adamlar sonralar Mehdiqulunun zarafat eləmədiyi, dediyi kimi də fikirləşdiyinə əmin olmuşdular. Ancaq onların qənaəti nəyisə dəyişmədiyindən çəkdiyi şəkillərin keyfiyyətinə özü də şübhə edən bu şəxsin yanına gəlməkdə davam etmişdilər. 

Mehdiqulunun fikirində yumorla yanaşı, bir həqiqət payı da yox deyildi. Çünki Mehdiqulu rayon adamlarının hamısını yaxşı tanıyırdı və illərlə həmin insanların özlərinin, oğul-uşaqlarının şəklini çəkmişdi. Onun arxivindən rayon sakinlərindən yaşı 16-dan yuxarı kimin şəklini desən tapmaq mümkün idi. Tam olmasa da, özlərinə oxşayan bu şəkillər isə həmin adamlar üçün indi daha əzizdir. Çünki, artıq nə həmin fotoqraf var, nə də onun rayon mərkəzindəki məşhur bağda yerləşən fotoemalatxanası. Mehdiqulunun arxivi də hələ rayonun işğalından illər əvvəl dağılıb getmişdi. Yaşayan isə yalnız onun barəsindəki təkəmseyrək, yumor dolu xatirələrdir. İndi bu xatirələrə rayon sakinlərinin şəxsi albomlarında saxlanan şəkillər şahidlik edirlər. Əksəriyyəti xatirəyə çevrilmiş saralmış şəkillər. Bu gün həmin şəkillərdəki doğmalarının əksinə maraqla baxanların çoxu bu saralmış şəkilləri kimin çəkdiyini yəqin ki, bilmirlər. O şəkillər onlara yalnız sahibləri olan doğmaları barəsində nəsə deyir. Yarımçıq hekayələr kimi. 

Eşşək Qəmbər

Bizmlə qonşuluqda Nəzər adlı bir kişi yaşayırdı. Boy-buxunlu, yekəpər, görünüşündən kobudluq yağan, qarayanız bir adam idi. İnsafən Qəmbər ona nəyə görəsə verilmiş bu təhqiramiz adı haqq edəcək qədər mərifətsiz deyildi. Ətrafla, xüsusi ilə qonşularla davranışı pis deyildi. Onun davranışları əksərən başqalarının münsibətindən asılı olaraq dəyişirdi desəm daha doğru olar. Sonrakı müşahidələrimə əsasən deyə bilərəm ki, Qəmbər özünü yuxarı tutan, lovğa adamları bəyənmir, əksinə sadələrə qarşı ürəyiyumşaq olduğunu gizlətmirdi. Onun kobudluğunun əsas hədəfləri ailəsi, daha dəqiq 6-7 ildən bir alıb-boşadığı arvadları idi. Bəlkə də Qəmbər ona qoyulan adı cavanlıqdakı davranışlarına görə qazanmışdı. Mən bu barədə məlumatsız olduğumdan, ya onun hansısa qeyri-adi kobudluğu barədə nəsə eşitmədiyimdən bir söz deyə bilmərəm. Ancaq onu əlavə edim ki, Qəmbər ünsiyyətə az meylli adam olduğundan məhəllədə, bəlkə bütün rayonda onun kiminləsə dostluq etdiyini eşidən olmamışdı. Adamlar üzünə deməsələr də öz aralarında onu Eşşək Qəmbər adlandırırdılar. Onun haqqında söhbət düşəndə bu adı hətta uşaqlar da çəkirdilər. Ancaq biz də böyüklər kimi Qəmbərin uşaqlarının yanında onun adını aşağılayıcı əlavəsiz çəkirdik. 

Ancaq günlərin birində bu qayda pozuldu. Məzəli bir hadisə baş verdi. Əslində həmin hadisə məzəli olduğu qədər də qorxunc idi. Məhəllə uşaqlarından biri atasının tapşırığı ilə Qəmbərgilə gedibmiş. Darvaza bağlı olduğundan uşaq hasarın bu üzündən tapşırığı çatdırmaq üçün var gücü ilə çağırmağa başlayır:

Eşşək Qəmbər dayı, eşşək Qəmbər dayı. Dədəm deyir səhər mal-heyvanı nobata aparanda...

Uşağın hay-küyünü eşidib çölə çıxan Qəmbər adına qoşulan ayamanı eşidəndə az qala dəli olmuşdu. Hirslə darvazaya tərəf cummuşdu ki, uşağı tutub döysün. Belə qəzəbli vəziyyətdə qollarında div gücü olan Qəmbərin uşağı nə hala salacağını bir Allah bilərdi. Yaxşı ki, uşaq qaçıb aradan çıxa bilmişdi. Qəmbərin əlacı isə onun dalınca qəzəbindən boğula-boğula:

Eşşək dədəndir. Eşşək oğlu, eşşək... deməyə qalmışdı.

Qəmbərin onu daha hansı söyüşlərə qonaq etdiyini eşidənlər az olsa da, bu hadisə az qala bütün rayona yayılmışdı. Sonralar onun oğlanları ilə yaxın olanlar hərdən zarafatla bu hadisəni yada salıb gülürdülər. Əvvəllər buna qəzəblənən oğlanları sonralar vərdiş etmişdilər, hətta keflərinin kök vaxtları onların da dodaqları qaçırdı. 

Qəmbərin ikitəkərli motoskleti var idi. Bir dəfə nə baş vermişdisə, motoskleti xarab olmuşdu. Bir xeyli əlləşib motoskleti düzəldə bilməyən Qəmbər onu çiyninə alıb yaxınlıqdakı hündür təpəyə çıxarmış, oradan üzüaşağı dərəyə yuvarlamışdı. Xarab olmuş motoskletdən canını qurtarmaq üçün başqa çarə tapmaq mümkün deyildimi? Daha motoskleti o qədər əziyyətlə hündürlüyü 200 metrdən az olmayan bir təpəyə qaldırmağın nə mənası vardı? Bunu yalnız Qəmbər özü izah edə bilərdi və kimsə bunu ondan soruşmağa cəsarət etmədiyindən həmin hərəkətin izahı indiyədək də sirr olaraq qalır. Bu hadisədən sonra Qəmbər özünə təzə üçtəkərli motosklet almışdı. 

 

Cəfərov tapşırıb

1980-ci illərin ortalarında bir sıra ərzaq məhsullarının, xüsusi ilə yağın, ətin, şəkərin, o zamanlar daha çox dəbdə olan hind çayının qıtlığının yaşandığı vaxtlar idi. Kənd cammatı bu məhsulların bəzilərini özləri istehsal etsələr də, rayon mərkəzində yaşayanlar, əsasən də təsərrüfatla məşğul olmağa imkanı tapmayanlar bir qədər korluq çkirdilər. Kooperativ mağazalarda və dövlət təminatına bağlı ət dükanlarında ətin 1 kiloqramının qiyməti o vaxtın pulu ilə 2 rubl, bazarda və fərdi satış məntəqələrində 5 rubl idi. Bu qiymətə ət almağa isə hamının imkanı çatmadığından, adamlar 2 rublluq ət üçün bəzən saatlarla növbəyə dayanmalı olurdular. 

Rayon mərkəzində ucuz ət mağazası işlədən ağsaqqal qəssab da bunu yaxşı bildiyindən mövcud vəziyyətdən mümkün qədər yararlanır, rayonun əsas vəzifə sahiblərinin “yaxşı ət” sifarişini yerinə yetirməklə yanaşı, özünə yaxın bidiyi şəxsləri də razı yola salmağa çalışırdı. Qəssabın xasiyyətinə bələd olduqlarından çığır-bağır salıb piştaxta altında saxladığı ətdən 1-2 kiloqram qoparanlar da olurdu. 

Bir dəfə rayon İstehlak Cəmiyyətində sürücü işləyən Cəfərov soyadlı bir nəfər isə tamam yeni üsulla qəssabdan nə az, nə çox 5 kiloqramdan artıq “yaxşı ət” qopara bimişdi. Rayon prokurorunun da soyadı Cəfərov olduğundan, sürücü Cəfərov bundan istifadə edərək, qəssaba:

  • Yoldaş Cəfərov tapşırıb, evə 5-6 kilo yaxşı ət göndərsin.

Qəssab da prokurorun sifarişini dərhal yürinə yetirmiş, ətin ən yaxşı yerindən deyilən qədər çəkib sürücü Cəfərovu yola salmışdı. 

Sürücü dükandan uzaqlaşandan 10-15 dəqiqə sonra prokuror da təzə ət dalınca öz adamını göndərmişdi. Onun:

  • Yoldaş Cəfərov deyir, bizə filan qədər ət versin sözlərini eşidəndə ağsaqqal qəssabın az qala nitqi qurumuş, güc-bəla:
  • Axı, mən yoldaş Cəfərovun istədiyi əti filankəsdən göndərdim, deyə bilmişdi. 

Sonra məsələ aydınlaşanda, sürücünün əti özü üçün aldığı bilinəndə əhvalını heç zərrə qədər də pozmayan sürücü:

  • Mən də Cəfərovam, nədir, maa yoldaş demək olmaz? Yoxsa, bizim uşaqlar ət yeməməlidir?

Bu sözlərn qabağında nəsə deməyin təsirsiz olacağını görən qəssab, sadəcə, başını bulamış, dodağının altında nəsə söylənmişdi. Ancaq şahidlərin dediyinə görə sürücü dükandan çıxandan sonra əsəbini güclə boğan ağsaqqal onun arxasınca xeyli azaylanmışdı.

Bu hadisə tezliklə bütün rayona yayılmış, hətta onu eşidən prokurorun da dodağı qaçmışdı. Sürücü Cəfərovun bu yumoru rayona yeni prokuror gələnə qədər camaatın dilindən düşmədi. 

 

 

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)