Edebiyyat.az » Proza » Vidadi Məmmədov - Vağzalda

Vidadi Məmmədov - Vağzalda

Vidadi Məmmədov  - Vağzalda
Proza
Necef Esgerzade
Müəllif:
20:50, 26 mart 2019
1 685
0
Mən vağzalları xoşlayıram. Ancaq gur olanda yox. Basabas, qarışıq vağzal bazara oxşayır. Ayrılıq əhval-ruhiyyəsini, sifətlərdəki zərif təbəssümü tələsiklik, qaçaqaç, çaşqınlıq örtür. Adam az olanda gecə qatarlarında vəziyyət dəyişir. Onda vağzal da, kiminsə ayrılığı da, kəsik-kəsik eşidilən səslər də, parovoz fitləri də bir nəğmənin misrasına bənzəyir: - Mən getdim, siz sağlıqla qalarsız... ... Mən gözləmə salonuna girəndə, gecə saat birin yarısı idi. Qatarın gəlməyinə hələ iyirmi dəqiqə vardı. Adam az idi. Mənimlə qarşı-qarşıya bir oğlanla bir qız oturmuşdu. Oğlanın üzündə kölgəli kədər vardı. Görünür, qızı yola salacağına, ondan ayrılacağına təəssüf edirdi. Yanında qoca kəndli əyləşmişdi. Biraz aralıda oturacaqlarda üç əsgər uzanmışdı. Başında qısa günlüklü qırmızı şapka olan bığlı növbətçi gəlib, onları durğuzdu. - Burada

Mən vağzalları xoşlayıram. Ancaq gur olanda yox. Basabas, qarışıq vağzal bazara oxşayır. Ayrılıq əhval-ruhiyyəsini, sifətlərdəki zərif təbəssümü tələsiklik, qaçaqaç, çaşqınlıq örtür. Adam az olanda gecə qatarlarında vəziyyət dəyişir. Onda vağzal da, kiminsə ayrılığı da, kəsik-kəsik eşidilən səslər də, parovoz fitləri də bir nəğmənin misrasına bənzəyir:                                                                                     

 - Mən getdim, siz sağlıqla qalarsız...                                                                                                                     

... Mən gözləmə salonuna girəndə, gecə saat birin yarısı idi. Qatarın gəlməyinə hələ iyirmi dəqiqə vardı. Adam az idi. Mənimlə qarşı-qarşıya bir oğlanla bir qız oturmuşdu. Oğlanın üzündə kölgəli kədər vardı. Görünür, qızı yola salacağına, ondan ayrılacağına təəssüf edirdi. Yanında qoca kəndli əyləşmişdi. Biraz aralıda oturacaqlarda üç əsgər uzanmışdı. Başında qısa günlüklü qırmızı şapka olan bığlı növbətçi gəlib, onları durğuzdu.                                                                                                                       

 -Burada uzanmaq olmaz.                                                                                                                                         

Əsgərlər cəld qalxdılar. Vağzalın qanun-qaydalarını yaxşı bildiyinə görə üzündə məmmun bir ifadə olan növbətçi dedi.                                                                                                                                             

 - Əşi, gərək hamını başa salarsan. Birdəfəlik bilin ki, gözləmə salonunda uzanmaq olmaz.           

 Salona səs-küylə beş-altı gənc girdi. Deyəsən, bir balaca vurmuşdular. Birinin əlində “Spidola” vardı. Yanında oturan kişi əyilib, əliylə tutduğu heybəyə baxdı.                                                                                

Qarşıda oturan qız oğlana şirin-şirin Bakıdan danışırdı. Barmağında nişan üzüyü vardı. Görünür oğlanın nişanlısı idi. Qız şəhər dəbində geyinmişdi. Gözlərinin yanına qara sürmə ilə nazik xətt çəkmişdi. Əinin hərəkəti, danışıq tərzi oğlanın görünüşünə tamam yad idi. Oğlana baxanda, birdən-birə haradansa ağlına gəldi ki, o heç zaman təkliyə çəkilib, özü haqqında bir neçə saat düşünməyib. Əgər belə olsaydı, qızla yadlığını hiss edərdi. Qız Bakıya qayıtdığı üçün sevinirdi. Sevinirdi azaddır, uçurdu. Mənə elə gəldi ki, o qızın gözəlliyi də, zərifliyi də, şirin səsi də, məhəbbəti də bu oğlan üçün deyil. Qız onu ikinci bir adama aparır. Kiçik şəhərdə yaşayan bu oğlana isə yalnız qayğılar qalır...                                                                                                                                                                                        

Yəqin ki, əlində gül dəstəsi tutmuş ikinci oğlan narahatlıqla qızı Bakıda gözləyir. Qız Bakıya çatanda, vaqonun pillərini bir-bir düşəcək, özünü birdən o oğlanın qucağına atacaq. Günlər beləcə davam edəcək. Qız məktəbi bitirəcək, ikinci oğlandan da soyuyacaq. Özü də yorulacaq, məhəbbəti də, ehtirası da. Sonra nişanlısının yanına qayıdacaq. Hamıya da elə gələcək ki, onu şəhər, yuxusuz gecələr, oxumaq yorub. Sakit, məhəbbətsiz, vərdişkar bir həyat başlayacaq. Mənə elə gəldi ki, bu qızın həyatı əslindən uzaq tərcümələrə bənzəyəcək.                                                                                                   

Birdən “Spidola”dan iniltiyə bənzər musiqi eşidildi. Gənclər “ay can, ay can” deyə çağırırdılar.           

Mən yalvarışa, ağlamağa bənzər musiqiləri xoşlamıram. Bu inilti gənclərin hansı duyğularını, hansı xatirələrini oyatdı ki, onlar bu kökə düşdülər. Mən bir anlıq ürəyimi onlar dəyişmək istədim. Heç olmasa, bir anıq onlarda yaşaya bilərəmmi? Birdən mənə elə gəldi ki, atasını itirmiş bir körpəylə ürəyimi dəyişmişəm. Mən o zaman keçmişimi yaşayaram. Ürəyimsə ona indimdən deyər:                        

 - Qəmlərimi, kədərlərini papirostək çəkib qurtarma, quzum. Bir vaxt sevinc içində itəndə, onlar sənə gərək olacaq.                                                                                                                                              

Sonra ürəyimi üz-gözündən fərəh tökülən bir xoşbəxtlə dəyişirəm. Görüm, necə olur daimi xoşbəxtlik. Ondanda da çox yaşaya bilmirəm.                                                                                                                       

 Təsəvvürdən salona qayıtdım. Daha burada oturmaq istəmədim. Qızın sevincini, oğlanın kədərini, gənclərin hay-küyünü qoyub çıxa bilərdim. Ancaq kəndli kişisinin sadəlövh qorxusunu yox etmək istəmədim:                                                                                                                                                                    

 - Ay dayı, bu heybədən niyə qorxursan? Salonda çox adam da yoxdur. Əlini heybədən çək. Onu kimi aparacaq ki?...                                                                                                                                                 

Söz deyəsən kişiyə təsir etmişdi:                                                                                                                           

- Hə, bala, vallah düz deyirsə. Elə adət eləmişik.                                                                                                           

  Eşiyə çıxdım. Perronun yarıişıqlı bir yerində dayandım. Ətrafda evlər görünürdü. Bəzisinin işığı hələ də yanırdı. Paravozların buxarından yaranmış dumanlı bir hava idi. Belə, azca da çisəkli havada adamın bu gün, sabah haqqında qarışıq düşüncələri, xatirələri olur. Yaxında cürbəcür əşyalar satılan balaca köşk vardı. Satıcı kök qadın yuxulu gözləriylə uzağa, qaranlığa baxırdı. Elə bil ki, bu qaranlıqdan kimsə çıxıb, düz qadının yanına gələcək. Onlar köşkü bağlayacaqlar. Satıcının yorğunluğu da keçəcək, onlar deyə-gülə gedəcəklər...                                                                                                             

 Bir qədər aralıda, restoranın son tərəfində beş-altı it toplaşmışdı. Onlardan biri aralanıb, tənbəl-tənbəl mən tərəfə gəlirdi. Bir qədər gələndən sonra dayanıb, döndü, küt-küt itlər toplaşan tərəfə baxdı. Gəlib yanımda durdu, yazıq-yazıq üzümə baxdı. Gözlərində zəif işıq vardı. Mənə elə gəldi ki, bu it zəif işıqla bir metr, beş metr, on metr gedər, sonra yıxılar və bu işıq sönər. İtin gözləri yadıma çoxdan unutduğum sözləri saldı: “ vəfalı ”.                                                                                                           

On iki qəpiklik kotlet alıb, ona atdım. O göydə qapmadı, üstünə atılmadı. Yavaş-yavaş yedi. Müharibənin sonrakı illəri xatırladım. O zaman çörək mağazalarında işləyənləri dünyanın ən xoşbəxt insanı hesab edirdim. İkinci, üçüncü kotleti də alıb, atdım. İtin gözlərində işıq artırdı. O hər kotleti yeməzdən qabaq mənə baxırdı. O həyasız vağzal, restoran itlərinə bənzəmirdi.                                     

                                                                             

                                                                          ***                                                                                                      

 Həmişə evdən çıxanda, anam deyir:                                                                                                                  

   -Bala sənə qurban olum, ağlın başında olsun. Bir özün fikirləş, axı, bizim kimimiz var?                

O kövrəlir, mən onu ovuduram:                                                                                                                                           

 - Niyə elə deyirsən, ay ana? Sən varsan, deməli, mənim hər şeyim var: əmim də, dayım da, qohumlarım da.                                                                                                                                                                       

Sonra evimizdən çıxıb, Bakıya gəlirəm. O söz də mənimlə birgə gəlir. Özü də məndən bir neçə metr aralı. Nə qədər istəyirəm, o sözü içimdən eşidəm, bacarmıram. Elə bil daima məni izləyir. Şəhəri, küçələri, auditoriyaları mənimlə birgə dolaşır.Mən onu özümdən yox, bir neçə metr aralıda, anamım səsiylə eşidirəm. O pıçıltıyla deyir:                                                                                                                          

  - Bala, sənə qurban olum, ağlın başında olsun. Bir özün fikirləş, axı, bizim kimimiz var?                          

Anamım adını eşidəndə, o əvvəlcə bu vəziyyətlə gözümün qabağına gəlir. Bu, anamın qəlbimdə yaşayan birinci surətidir...

                                                                         ***           

 Hardansa gələn yük qatarının səsi məni düşüncədən ayırdı. Qatar dayanmadan gəldiyi surətlə də keçib getdi. Belə yük qatarları, heç kəsin qarşılamadığı, heç kəsin ötürmədiyi adamlara, şəhərin ucqar yerində, qonaq-tanışı gedib-gəlməyən evlərə bənzəyir...                                                                                       

 ... İt kotleti yeyirdi. Birdən fikirləşdim kİ, indi bu iti doğulduğu məhəlləyə, sürüsünü qoruduğu çobana aparsam, tanıyarmı?...               

                                                                        ***                                                                                                                      

 ... Mən o iti özümlə götürmüşəm. Pay- piyada dağları, həyətləri, örüş yerlərini, gəzirəm. Qarşıma çıxan damlara, çobanlara iti göstərirəm: “ Bu it sizin it deyil ki?...” Nəyahət, lap yorulub əldən düşəndə, hansısa uzaq dağların birində bir çoban iti görən kimi qucaqlayır:                                                  

- Bunu hardan gətirirsən, qardaş?                                                                                                                         

Heç bir söz demirəm. İti orda qoyub, qayıdıram. Gözdən itənə qədər itin və çobanın arxamca baxdığını hiss edirəm.

                                                                        ***                                                                                                                          

 Mən kənddə doğulmuşam. Sonra evimizi satıb bu şəhərə köçmüşük. Mənim uşaqlıq xatirələrim, evimiz, ilk həyətimiz, deyilənə görə, vaxtı ilə mənim beşiyim asılan iri tut ağacı birdən elə yadıma düşür ki, dərhal qatara  bilet alıb,  o ata yurduna qayıtmaq, heç olmasa, bir neçə dəqiqəliyə tamaşa etmək istəyirəm.                                                                                                                                                  

Anam da arabir deyir:                                                                                                                                                

 - Qadan alım, məktəbi qurtar, qayıdaq doğma yurdumuza. Ev tikdirib, orada yaşayaq.                

  Kəndə köçüb-köçməyəcəyimizi deyə bilmərəm. Ancaq bilirəm ki, hansı günlərin birindəsə...

                                                                                ***                                                                                                    

...Doğulduğum evin qapısını döyürəm. Evin yiyəsi çıxır, onun səsindən, hərəkətindən hiss edirəm ki, eşiyə gəlməzdən əvvəl elektrik sayğacına keçirdiyi lenti çıxarıb.                                               

- Sənə kim lazımdır?                                                                                                                                                    

- Həyətə baxmaq istəyirəm. Bir neçə dəqiqəliyinə, olarmı?                                                                       

- Buyurun, buyurun.                                                                                                                                                  

 Mən həyəti addım-adım dolaşdıqca, sapandla təpəsindən alma saldığım ağaca,  xoşladığım bedana tuta, anamın barından mürəbbə bişirdiyi gilənarlara baxdıqca, ev yiyəsi arxamca gəzir. Bağa, ağaclara, evə diqqətlə baxdığımı görüb, öz-özünə danışır.                                                                                 

Ona elə gəlir ki, şəhər Sovetindən gəlmişəm. Ancaq hiss edirəm ki, bir hərəkətim onun üçün qəribə göründü: nə üçün üzümü bağınızın içindən keçən balaca arxda yudum və həyətdən çıxanda kənara baxıb ona “çox sağ olun, xoşbəxt olarsınız” dedim...                                                                               

Mən beşinci sinifdə oxuyanda, bir dəfə anam iri şalının olmamasından gileylənirdi.Qohumlarımızdan biri dedi ki, alaram. Anam etiraz etdi:                                                                     

- Yox, sağ ol, lazım deyil. - O, mənə baxdı. - Oğlum böyüyüb, alacaq.                                                           

 Düz on il keçir. Mən o şalı həmişə xatırlayıram. Hər xatırlayanda, yay olsa belə, mənə elə gəlir ki, anam üşüyür. Bir şal nədir ki, alaram. Ancaq mən tələbə təqaüdümdən və anamın verdiyi puldan almaq istəmirəm. Özü də bir dənə yox, beş dənə, on dənə alacağam. Deyəcəyəm: “Al, ay ana, vaxt olub birini tapmamısan...”.                                                                                                                                                           

Mən qapımızı açıram. Bacımın uşaqları məni görən kimi, üstümə yüyürürlər. “ Dayım gəldi, dayım gəldi ”. Uşaqları öpüb, kənara qoyduqdan sonra anamın yanına gedib, onu qucaqlayıram: “Sənə qurban olum, ay ana, al bu şalları. Doqquzunu kimə istəyirsənsə ver, birini isə özün ört”                

 Sonra da Bakıya qayıdıram.                                                                                                                                      

İndi ikinci dəfə evimizə gedirəm. Artıq yaşlaşmışam. Qoltuğumda bircə şal var. Əvvəlki kövrəklik yox olub. Onun yerində quru bir təmkin qalıb...                                                                                 

 ... Yenə o şal, yenə evimiz.Sevinclə, səs-küylə qapımızı açıram. Bacımın uşaqları üstümə yüyürmür. Bacımın əvəzinə evimizə toplaşmış qonşuları görürəm, saçları dağılmış bacım hönkürtüylə boynumu qucaqlayır. Mən səssizcə çölə çıxıram. Şalları kibritlə yandırıram. Onlardan kül qalır. Necə ki, mənim arzumdan ürəyimdə kül qalıb. O külləri ananım getdiyi küçələrə, yollara səpirəm və mahnını təhrif edib, oxuyuram:                                                                                                                                                     

 - Küçələrə kül səpmişəm...            

                                                                       ***    

 Qatar uzun bir fit verib dayandı. Elə bil ki, mən hissə-hissə olub, örüş yerlərində, həyətlərdə, ata yurdumuzda və evimizdəyəm. Qatarın gür səsi onları haraylayıb, özümə qaytardı. Xeyli yüngülləşdim. Vaqona yaxınlaşdım, bələdçinin “hara gedirsiniz” sualına “Bakıya gedirəm, Bakıya” deyə cavab verib, kupenin qapısını açdım. Düşündüm ki, indi gecədir. Səhər açılacaq və mən bu kupenin qapısı kimi, səhərin də qapısını açacağam, uzun bir yol gedəcəyəm.                                                                                                                                                                                                                                                                                                                                                                        “Ədəbiyyat 


                                                                                                                                        Ədəbiyyat və incəsənət”                                                                                                                                       qəzeti, 15 mart 1970- ci il.                                                                                                                                                                                                                                                      

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)