Edebiyyat.az » Proza » Əlişükür Cavadov - Məclis.

Əlişükür Cavadov - Məclis.

Əlişükür Cavadov - Məclis.
Proza
admin
Müəllif:
08:18, 02 avqust 2021
1 678
0
Əlişükür Cavadov - Məclis.








            Sağ və sol tərəfi taxıl zəmiləri olan yol ilə orta sürət almışdı Kamilin avtomobili. Avtomobil gedir, moqintofonda səslənən ən son dəbli mahnılar yolu daha da maraqlı edirdi. Maşın irəlilədikcə, göz oxşayan təbiət yaz fəsili olduğunu xəbər verirdi. Çoxdandır təbiət qoynunda istirahət etməyən sərnişinlər üçün bu gün xüsusi bir maraq kəsb edirdi. Dünən cümə günü idi. Bu gün üçün təbiət qoynunda dincəlməyi planlamışdı maşındakılar. Avtomobildə 5 nəfər vardı. Amma istirahətə yollanan tək avtomobil bu deyildi. Digəri artıq mənzil başına çatmış, hazırlıqlar başlamışdı. Onlar da 5 nəfərdən ibarət idi. İstirahətə yollananlar eyni yerdə işləyirdilər. Çox az sayda evdən ibarət olan kəndə istiqamətlənmiş yol hər nə qədər uzun və bəzi yerləri narahat olsa da nəhayət sona çatdı. Kamil belə istirahətə adətkar olmasa da ümumi axına qoşulub bir işin ucundan tutmağa çalışırdı. Avtomobildən düşərkən Kamili ən çox heyrətləndirən gəldikləri yerin mənzərəsi oldu. Yazın təravətləndirdiyi çöl sarı çiçəklərə qucaq açmış, yaşıllığı var qüvvəsi ilə pöhrələndirmişdi. Uzaqdan görünən qoyunlar, atlar, yaxınlıqdakı kanalda qanadlarını çırparaq çimən qazlar, kanalın kənarı boyunca sıra ilə əkilmiş söyüd ağacları ümumi bir nəğmənin ayrı-ayrı ifaçılarıydılar sanki. Bu nəğmə insan qəlbini riqqətə gətirir, onu ali şeylər barədə düşünməyə sövq edirdi...

            Artıq ocaq qalanmış, şişlər manqala düzülmüş, sulu yemək də qaynamağa başlamışdı. Salatlar, meyvələr doğranır, uzaq da olsa qonşu evlərdən stullar daşınıb gətirilirdi. Kamil otların arasında bitən sarı çiçəklər tərəfə işarə edib - stulları ora düzək -  dedi. Ondan yaşca və vəzifəcə böyük, iri gövdəli, dolğun bədənli İslam isə - ora qazana uzaq olacaq, yaxşısı bu tərəfdi – deyib heyvanlar üçün tikilmiş təsərrüfat damı ilə yaşayış evinin arasında olan boş yeri göstərdi. Bundan sonra isə stulların qoyulacağı yer barədə bir daha müzakirə aparılmadı. Əvvəlcə qonşudan gətirilən, hərəsi bir ölçüdə olan stullar və iki stol həyətin ortasına qoyuldu, sonra isə doğranıb hazır edilən salat, meyvə, meyvə şirəsi, spirtli içki və bayaqdan ciddi cəhdlə bişirilən yeməklər süfrəyə düzüldü. Yeməklər süfrəyə verilən anda hamı yeməyə necə bir həvəslə başladısa, elə bil bir an dayansalar daha heç nə yeyə bilməyib ac qalacaqdılar. Bu vəziyyət demək olar süfrə başında olan hər kəs doyana qədər davam etdi. Hamı artıq müəyyən qədər doyandan sonra süfrənin ətrafında ümumi, küt bir şənlik yaranmağa başladı. İçki içməyənlər də içənlər kimi hallanmışdılar sanki. İçənlərin ayıq başla etsələr əsla gülməyəcəkləri zarafatlarına içənlərdən də bərk qəhqəhə ilə gülür, hər xırda bir zarafatda böyük nəşə axtarır, ələlxüsusda şənlənməkdə heç də içənlərdən geri qalmadıqlarını göstərməyə çalışırdılar. İçənlər də badəni-badəyə qoşur dayanmadan gülüb-danışırdılar. Ən çox içənlər məclisin başında oturan İslam, onun sağında oturan nisbətən cavan olan Rəvan və solunda oturub ondan yaşca böyük olan Peyman idi. İçki onların hərəsinə bir cür təsir edirdi. İslam içəndə deməyi düz olmayan, sirr kimi saxladığı məlulamtları deyər, Rəvan qaradinməz olduğu halda dayanmadan danışmağa başlar, Peyman isə ümumiyyətlə nə etdiyini bilməzdi... Badələr dayanmadan qalxır, sağlıqların ardı-arası kəsilmirdi. Şənliyin tempini salmamaq üçün isə hamı ciddi bir cəhd göstərib bildiyi, eşitdiyi zarafatı ərk elədiyi adamla edirdi. Bu zarafatların böyük hissəsi isə təssüf ki, açıq-saçıq idi. Kamil süfrə başında edilən zarafatlara qulaq asıb şənlənmək istəsə də şənlənə bilmədi. Özünü daxilən həmişə tək hiss etməsi onu burada da rahat buraxmırdı. Kamil əslində süfrə başında oturanların şənlənməyinə inanmırdı. Hamının xoşbəxtlik rolunu oynadığını düşünürdü. Onun düşüncəsinə görə heç kim çılpaq bir zarafat vasitəsilə xoşbəxtliyə çata bilməzdi. Xoşbəxtlik hələ o qədər ucuzlaşmamışdı ki, içki yaxud çılpaq bir zarafatla ona çatasan. Süfrə başında oturanların hamısı ilə müəyyən çərçivə ətrafında münasibəti olsa da onların şənliyini başa düşə bilmirdi.

            ...Artıq bir saat keçmişdi. Şənlik ilkin hərarətini bir qədər itirmişdi. İçənlər süstləşdiyindən zarafatlarını daha ard-arda qoşa bilmirdilər. Artıq söhbət edirdilər. İslam üzünü Peymana tutub sərxoş bir tonda:

            - Ağsaqqal hikmətli bir söhbət et qulaq asaq. Səndə belə söhbətlər çoxdu.

            - Elə deyirsən eləyim də. – deyib əvvəllər də bu cür süfrələrdə özü də elə bu kollektivdə etdiyi eyni söhbəti etməyə başladı. Bu söhbətin mövzusu da əslində guya içkinin onu içə bilməyənlər üçün haram buyurulduğundan ibarət idi. Guya Ömər Xəyyam peyğəmbərə içkinin haram olub-olmamağı barədə sual verib. Peyğəmbər də qəzəl ilə, Allah ancaq içməyi bacarmayanlara içkini haram buyurub cavabını verib.

            Peymanın elədiyi söhbətdən son dərəcə razı qalan İslam - Hə ağsaqqal həqiqətən elədi. Bunu gərək hamı içməsin – deyib əlindəki qədəhi göstərdi – Hamı içib özünü bizim kimi ağıllı-başlı aparmır. Bunu da içək ağsaqqalın sağlığına – deyib əlində tutduğu qədəhi başına çəkdi. Rəvan da – Hə. Ağsaqqal dəryadı. İstəsən səninçün səhərdən axşama, axşamdan da səhərə qədər belə söhbətlərdən eləyər, səhər axşam qurtarar ancaq ağsaqqalın söhbəti qurtarmaz – deyib dil boğaza qoymurdu. Məclisin digər iştitrakçıları öz aralarında müxtəlif mövzular barədə söhbətlər edirdilər. İslam:

- Noldu ? Məclisi niyə soyudursuz ? Maşında mahnı qoyun səs gəlsin - dedi.

            Maşında toyda oynamaq üçün nəzərdə tutulan mahnılardan biri qoşuldu. İslam:

- Obbaaa – deyib çırtma çalmağa başladı – məclis belə olar. Biraz da oynayaq deyib müvazinətini güclə saxlayaraq ayağa durdu. Üzünü Peymana tutub – Hə Ağsaqqal dur ayağa – dedi. Peyman birinci cəhddən geri otursa da ikinci cəhdində ayağa qalxa bildi. Ayağa qalxıb ehtiyatla, yavaş-yavaş addımlayıb həyətin ortasına doğru gəlib İslamla üz-üzə duraraq mahnıya uyğun rəqs etməyə çalışdı. Rəqs etməyindən bilinirdi ki, o, rəqs etməyi bacarmır. Bir qədər sonra Rəvanda oynayanların yanına gəlib onların üzündən öpə-öpə rəqsə qoşuldu.

Məclisin abu-havasından sıxılan Kamil ayağa durub ətrafı gəzməyə başladı. Gəzə-gəzə gedib kənarından su axan, sarı çiçəklərin bitdiyi çəmənliyin ortasında dayandı. Əyilib sarı çiçəklərdən birini dərib diqqətlə ona yaxından baxmağa başladı. Sonra çəmənliyin ortasına qoyulmuş kəsik kötüyü görüb sevindi. Qaydıb süfrənin yaxınlığına qoyulmuş samovardan özünə bir stəkan çay süzdü ki, çəmənlikdəki yanaşı qoyulmuş iki ədəd kötükdən birinin üstündə oturub içsin. Onu çay süzən yerdə görən həmyaşıdı Seymur – Kamil əlindəki çiçəyi kimə verəcəksən ? – deyib güldü. Kamil də - Qədrini bilənə - deyib suala gülüşlə cavab verdi. Seymur üzünü yanında oturan Nicata tutub – Danışmır - danışmır, danışanda da elə söz deyir ki, deyirsən görəsən bu sözü hardan tapıb çıxartdı – dedi. Kamil – gəlin gedək çəmənliyə tamaşa edək – dedi. Nicat – Sən Allah nə görmüsən o otduğda ? Burda gül kimi məclis var, bu boyda kişilər burda şənlik qurublar sən də deyirsən gedək otluğa tamaşa edək – deyib ucadan qəhqəhə ilə güldü. Kamil – Yaxşı mən gedirəm siz qalın - deyib oradan uzaqlaşdı.

Kamil. Kötüyün üstündə oturub samovarda dəmlənmiş çayından bir qurtum aldı. Göz işlədikcə uzanan təbiətə baxıb gözlərini yumaraq dərindən sinədolusu bir nəfəs alıdı. Sonra gözlərini açıb nə vaxtdır heç ümumiyyətlə nəfəs aldığını belə hiss etmədiyini düşündü. Sanki, uzun müddətdir nəfəs almadan yaşayırdı həyatı. İndi oturduğu yerdə isə aldığı bir nəfəs də xoşbəxtlik verirdi ona. Yaşıllığın ətrafında içində qazların üzdüyü su axan kanal boyunca əkilmiş ağaclara baxıb dərin bir fikrə daldı. Yenə də ona tanış olan və hər gün dəfələrlə özünə verdiyi sualları bir daha qəlbində özünə verdi. Ağaclar, göy səma, otlar, çiçəklər bütün bu gözəlliklər həddən ziyadə gözəldir. Amma görəsən Tanrı bütün bunları, insanı niyə yaradıb ? Bütün  bəşəriyyət, yer üzü, kainatın özü niyə xəlq olunub ? Nədir yaradılışın səbəbi?... Özünü özünə verdiyi sualların fonunda qəmgin hiss ediyini görüb bu sualları həmişəki kimi beynindən qovmağa və ətrafındakı həqiqi təbiət tablosuna baxıb xoşbəxtliyi hiss etməyə çalışdı. Sonra bu tablonun qiyməti haqqında düşündü. - Məşhur bir rəssama təbiət mənzərəsini sifariş versən kim bilir neçəyə çəkər ? Nə qədər pul ödəməli olarıq onu almaq üçün. Qüsurlarla dolu olan insanın yaratdığı bir tablonu almağa bir ətək pul veririk sevərək amma Allahın yaratdığı təbii, həyatdolu, canlı mənzərəni görmürük. Niyə bu qədər koruq ? Yox. Olmaz. Kor olmaq olmaz. Elə Allahın verdiyi göz ilə onun yaratdığı mənzərədən zövq almaq lazımdır. Yanına gedib toxunabiləcəyin bir tabloya baxmaq nə qədər də gözəldir. – deyə mühakimə yürütdü özü-özlüyündə.  İçdiyi çayın ətrili dadı düşüncələrinə də ayrı, gözəl bir dad qatırdı. Artıq özünü suallarına cavab tapmasa da xoşbəxt hiss edirdi. Xoşbəxtlik üçün ətrafına baxmaq kifayət etmişdi Kamilə... bir qədər aralıda məclis iştirakçılarının uzaqdan gələn səslərini eşidib onlar tərəfə baxdı Kamil. Onlar uzaqdan Kamilə işarə edib öz aralarında nə isə deyib gülüşürdülər. Kamil dünyadakı  bütün dillərdə olan sözləri bir yerə toplasaydı onların heç biri ilə ona işarə edib gülənlərə xoşbəxtliyin onların oturduqları stul başında yox, Kamilin baxdığı tablonun fərqinə varmaqda, məzmunsuz zarafatlarda, içkidə yox, ətrafa diqqətlə baxmaqda olduğunu başa sala bilməzdi... Stəkanının boşaldığını görən Kamil onu doldurmaq üçün yerindən qalxıb samovar başına gəldi. Məclis bayaqkından bir qədər qızğın formada davam etməkdə idi. Rəqs etməyi bacaran-bacarmayan hamı toy mahnısının fonunda rəqs edirdi.  Peyman müvazinətini saxlaya bilməyib yerə yıxıldı. Onun yıxılmağına hamı qaqqanaq vurub güldü. İslam onu qaldırmağa çalışaraq – artıq dördüncü dəfədir ki, yıxılırsan sən maşında otur biraz özünə gəl – deyib onu maşının arxa oturacağına oturtdu. Peymansa nə isə dedi. Ancaq onun həmin vaxt nə dediyini heç kim ayırd etmədi. Maşının akkumlyatorunun enerjisi bitdiyindən mahnı   dayandı. Hamı narazı olsa da nəfəslərini dərmək üçün stullara oturdular. Peyman hələ də maşında öz-özünə nə isə danışırdı.  Kamil samovarın soyuduğunu görüb onu qalamağa başladı. Elə bu vaxt həyətin bayaq Kamilin oturduğu yaşıllığa baxan hasarsız tərəfindən qozbel olduğuna görə balaca görünən və ayağının biri həddən ziyadə əyri olduğuna görə gəzərkən qəribə şəkildə sağa-sola ləngər vuran, üzü tüklü, başında papaq, ayağında uzunboğaz çəkmə, əlində əsa olan, nimdaş geyimli, təxminən 45 yaşında olan qarayanız bir kişi girdi.  Bu adamı görən Hikmət -  Ooooo Rəsul məllim xoş gəlmisən. Gəl əyləş. Qoyunları harda azdırmısan ? – dedi


- Burdadılar deyib əlindəki əsa ilə bayaq Kamilin oturduğu kötüyün yanında otlayan qoyunları göstərdi.

Hikmət indi həyətlərində oturduqları evin sahibi ilə dost olduğundan, həm də bu kənddən olduğundan buradakı adamları tanıyırdı. Məclisdə oturanlara Rəsulu təqdim edib – Rəsul bizim kəndin çobanıdır. Qoyunların dilini adamlardan yaxşı bilir. Ordan  təmiz bir boşqab verin Rəsula yemək verək. – dedi.   Hikmət – Rəsul subaydır. Onu evləndirmək lazımdır – deyib zarafatla güldü. Hamı məclisə daxil olan bu adama diqqətlə baxırdı. Rəsul isə onların heç birinə baxmır, əlində tutduğu çörək parçasını və soyumuş kababı aramla qabağındakı boşqabına və hərdənbir uzaqda otlayan qoyunlara baxa-baxa yeyirdi. Mahnının susmağından sıxılan məclis əhli əylənmək üçün Hikmətə göz vururdular ki, Rəsulla zarafat etsin onlar da gülüb şənlənsinlər. Verilən işarələri anlayan Hikmət Rəsula müraciətlə - İstəyirsən bu kişilər səni evləndirsin ? Sonra da hamısı sənin toyunda iştirak eləsin ? – suallarını verdi. Diqqətini qabağındakı boşqabından ayıran Rəsul Hikmətin gözlərinin içinə baxıb – Yox. Evlənməyin də hər şey kimi vaxtı var. Bu kişilər keçib getmiş qatara əl eləməsələr yaxşıdır. Onların əl yelləməyi ilə qatar geri qayıtmaz. – dedi. Hikmət – Sən nə qəliz danışdın belə. Yaxşısı budur sən danışmaqla özünü yorma çörəyini ye, qoyunlar səni gözləyir, get yanlarına darıxmasınlar – dedi. Rəsul yenidən ona baxıb – Mən danışmırdım, sən danışdırdın – dedi. Sonra isə yeməyini bitirib bir kəlmə belə demədən ayağa qaxıb əllərini yumaq üçün su çəninə doğru yollandı. Rəsul gedərkən İslam ona sezdirmədən onun arxasına keçib onun kimi axsayaraq gəzməyə başladı. Kamildən başqa məclisdə olan hamı İslamın bu hərəkətinə güldü. Rəsul isə onların nəyə güldüyü ilə maraqlanmadı da, onlar Rəsul üçün gözəgörünməz idilər sanki. Əllərini yuduqdan sonra həyətdəki ağacları sulamağa başladı. Kamil Rəsula diqqətlə baxır onunla söhbət etmək istəyirdi. Lakin xasiyyətini bilmədiyi bu adama necə yaxınlaşacağını kəsdirə bilmirdi. Qorxurdu ki, birdən Hikmətə verdiyi cavab kimi bir söz deyib onu da pərt edər. Ancaq götür-qoy edəndəndən sonra ona yaxınlaşıb Hikmət kimi lağ-lağı ilə yox, ciddi tonda – Çay içirsiz ? – deyə sual verdi. Ağır baxışlarını Kamilin üzündə gəzdirən Rəsul – Ağacları sualayandan sonra içərəm amma orada yox – deyib əlində tutduğu əsa ilə məclis masası tərəfə işarə elədi. Kamil – Yaxşı, sizin qoyunların yanında iki kötük var. Orada içərik – dedi. 

- Yaxşı – deyib. Yenidən həyətdə olan ağacları sulamağa ciddi bir əda ilə davam elədi Rəsul. Rəsul ağacları sulayıb qurtarana qədər Kamil də samovarı qaynadıb çayı hazır etdi. Az bir müddətdən sonra isə Kamillə Rəsul çəmənliyin ortasına qoyulmuş kötüklərin üstündə oturub çaylarını içirdilər. Rəsul: 

- Çaya görə sağ ol – dedi.

- Dəyməz. Həyətdəki ağacları niyə sulayırdız ? Ora ki, sizin həyət deyil.

- O evin yiyəsi burda yoxdu, həyət-bacanı mənimlə Hikmətə tapşırıb. Əmanətdi. Sulayıram ki, bağ solmasın. Hikmətə qalsa o həyətdə bir ağac da salamat qalmayacaq.

- Aydındır – deyib bir qədər susdu Kamil. Kamilin onunla danışmaq istədiyini ancaq nədən danışmağa başlaya bilmədiyini görüb özü Kamillə danışmağa başladı Rəsul.

- Neçə yaşın var ?

- 25

- Gözəl yaşdı. Yəqin dost-tanışın çox olar cavan oğlansan. 

- Yox çox deyil. Hətta yoxdu.

- Bəs bunlar ? – deyib məclis tərəfi göstərdi.

- Onlar iş yoldaşlarımdı.

- Niyə yoxdu dostun ?

- Sizin var ? – deyə suala sualla cavab verdi Kamil.

- Mənim dostlarım bunlardı. – deyib yaxınlıqlarında otlayan qoyunlara işarə elədi.

- Nə gözəl. Açığı heyvan saxlamaq vərdişim yoxdu ancaq heyvanlara baxanda onlarda nə isə yaxşı bir şey duyuram.

- Mən qoyunlarımla vaxt keçirməyi sənin iş yoldaşlarınla vaxt keçirməkdən 100 dəfə üstün sayıram.

- Sualıma cavab vermədiz. Sizin dostunuz var ?

- Dedim axı mən bu qoyunlarımı o insanlarla vaxt keçirməkdən 100 dəfə üstün sayıram. Sən də mənim sualıma cavab vermədin niyə dostun yoxdu ?

- Əslində istəyirəm dostumun olmağını, uşaq vaxtı elə bilirdim çoxlu dostum var, ancaq sonra başa düşdüm ki, onlarla dost deyiləmmiş. İndidə istəyərdim ki, dostum olsun. Arada adam istəyir ki, kiminləsə nə isə dərdləşəsən və həmin adam səni həqiqətən də başa düşsün. Mənəvi olaraq rahatlayasan. Onu öz dərinliyinə aparasan. Çoxları isə o dərinlikdə boğulub geri qayıdırlar. Adam nəhayətində yenə tək qalır.  Qəliz danışmadım ki ?

- Yox. Əksinə. Hisslərini yaxşı ifadə eləyirsən. Bəxtin gətirib ki, mənə rast gəlmisən. Başa düşə bilirəm səni. Çoban olmağıma baxma. Özümü tanıyandan bəri kitablar qədər sevdiyim heç nə olmayıb həyatda. Yanımda həmişə birini gəzdirirəm ki, darıxanda oxuyum – deyib pencəyinin iç tərəfinə tikdiyi cibindən bir kitab çıxarıb göstərdi Kamilə. Bu kitab Anton Çexovun hekayələri toplusu idi. Kamil kitabı görcək nə qəribə təsadüf. Mən də bu kitabı oxuyuram indi - dedi

- Danışığından bilinir oxuduğun. Elə oxuduğuna görə dostun yoxdu sənin. Yaxşı eləyirsən. Oxu. Oxuyan adamda işıq olar. Eybi yox, qoy dostun olmasın, dostu olmasa da yaşaya bilər adam. Amma işığın olmadan yaşadığın həyatı yaşamağa dəyməz.

            Kamil nə vaxtsa bir çobanla oturub bu cür söhbətlər edəcəyini ağlına gətirməzdi. Ürəyində həyatda hər şey olur sözünu bir daha götür-qoy edirdi.


- Subaysan ? – deyə sual verdi Rəsul.
- Hə subayam.

- Nə fikirləşirsən ? Əslində başqası olsaydı bu sualı verməzdim. Acığım gəlir bu sualdan. Mənə də vaxtında çox verirdilər bu sualı.

- Mənim də acığım gəlir bu sualdan. Həm şəxsi məsələdi, həm də ki, axı mənim evlənməyimin kimin üçün nə əhəmiyyəti  var axı ? Ancaq siz biraz başqa cür adam olduğunuza görə sizlə bir - iki kəlmə danışacam bu barədə. Bilirəm ki, bu sualı başqalarının verdiyi mənada vermirsiz. Əgər özünüzdə bu yaşa qədər evlənməmisizsə, sizin verdiyiniz sualla ailə qurub üç uşağın ehtiyacını güc-bəla ilə ödəyən, verdiyi sualın cavabı belə onun üçün maraqlı olmayan  adamın sualı eyni mənanı kəsb etməz. – deyib Rəsula dediyi sözə təsdiq almaq üçün baxdı Kamil.

- Düzdü bu sualın cavabını sən fikirdə olan adamdan eşitmək istəyirəm. Bilmək istəyirəm ki, bu məsələdə fikrin nədir ? Həm də şəxsiyyətinə istinad eləmirəm. İstəyirsən bu sualı öz qismində yox ümumi mənada hamının qismində cavabla.

- Mən hələki, səbəb axtarıram həyatda. Hər şeyin bir səbəbi olmalıdır axı. Həmçinin evlənməyin də. Hələ indiyədək bu sualıma cavab tapmamışam. İnsan nəsli niyə artmalıdı ? Ümumiyyətlə insan niyə var ? Hər şey niyə var ? Həyatı cavabsız bir sual kimi görürəm. Bayaq siz gəlməmişdən də elə burada oturub bu sualları verirdim özümə. Tək burda oturanda yox. Elə hər gün, hər yerdə bu sualı verirəm özümə. Evlənib uşaq dünyaya gətirməklə bu cavabsız sualın daha da geniş vüsət almağına səbəb olum ? Həm də ki, deyək lap uşaq dünyaya gətirmirəm. Axı evləndiyin adamla dost olmalısan. Mən hələki belə bir dost da tapa bilmirəm. Bayaq dediyimiz dost məsələsinə gəlib çıxır iş.

- Bilirsən bu fikirlərin həqiqətdir. Ancaq bu həqiqət bizim həqiqətimizdir. Təbiəti görürsən ? Görürsən necə gözəldir ? Baxmaqdan əl çəkmək istəmir adam. Baxdıqca xoşbəxt olur. Ruhu dincəlir. Sevinir. Həyat budur. Sən istəməzsən ki, sənin baxdığın təbiətə başqaları da baxıb sənintək zövq alsınlar ?

- Istəyərəm. Amma bunun evlənməklə nə əlaqəsi var ?

- Evlənmək də bu zövq verən gözəlliyin artması deməkdir. İnsan da təbiətin bir parçasıdır. Sən də evlənməklə, uşaq dünyaya gətirməklə bu gözəlliyin artmasına səbəb olursan. Ola bilər sənin təbiətə bəxş etdiyin ağac, səma, sarı çiçək yaxud dərya olmasın amma sənin dünyaya gətirdiyin övlad da onlartək xoşbəxtlik yaradan təbiətin bir parçasıdır. Bayaq işıq məsəlləsi ilə bağlı dediyim yadındadır ? Evlənib uşaq dünyaya gətirmək də insanın cismani nur saçmağı deməkdir. İnsan nur saçmağı bacarmalıdır. Nurunu gizlətməklə ancaq onun sönməyinə səbəb ola bilərsən. Həqiqət məsələsinə qalanda isə... bizim həqiqətimizi demirəma, bizim həqiqətimiz məhduddur, əsl həqiqəti deyirəm. Əsl həqiqətə biz hələ çata bilmədiyimizə görə onu cavabsız sual adlandırırıq. Əsl həqiqətə də, layiqli dost ola bilmədiyimizə görə çata bilmirik. Necə ki, biz özümüzə dost tapa bilmirik, kiminsə bizim dərinliyimizə varmadığını düşünürük. Eləcə də biz Allaha yaxın olmadığımıza görə, onun dostu olmadığımıza görə onun həqiqətinə, əsl həqiqətə vara bilmirik.

Kamillə Rəsulun söhbətinin bu yerində arxadan məclis əhli Kamili səsləyib artıq evə dönmək istədiklərini dedilər. Kamil naəlac şəkildə Rəsul ilə sağollaşıb – Təssüf ki, söhbətimiz yarımçıq qaldı. Hələ sizin nə üçün evlənmədiyinizi soruşmaq istəyirdim –deyib yerindən qalxdı. 

- Mənim qatarım keçib artıq, əsas siz gənclərsiz, indi bəşəriyyətə sizin nurunuz lazımdır. Həm mənəvi, həm də cismani. Evlənmək barədə dediklərimi unutma ha. Bu sənin cimsani nurundur.

- Sizi tanıdığıma çox şad oldum. Yolu yadımda saxlamışam başqa vaxt yenə də gələcəm bura.

- İnşallah. Buyur gəl. Mən və mənim dostlarım səni gözləyəcəyik – deyib qoyuları göstərdi Rəsul.

Beş dəqiqədən sonra gəldiyi yolla geri dönən maşını idarə edən Kamil dərin fikirlərə dalmışdı.

 

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)