Aslan Quliyev - Bir film macərası(hekayə)
Proza
Aslan Quliyev - Bir film macərası(hekayə)
Səma heç yerdə Azərbaycanımda olduğu kimi mavi, mapmavi deyil. Sergey Yesenin Bakıya həsr elədiyi “Əlvida, Bakı” şeirində yazırdı: “Əlvida, Bakı! Mavi türk səması, əlvida!”
Yesenini cavan idi, amma böyük şairdi, dəqiq tapmışdı: “Mavi türk səması!” Şeiri dilimizə çox tərcümə elədilər, amma 80-cı illərə qədər rus şairinin yazdığını olduğu kimi tərcümə eləməyə cürət eləyən olmadı. Bakı səması, şərq səması, İran səması ilə xətanı sovuşdurdular.
Məhz bu gün, dəniz sahilində yenidən mavi səmamıza, səmada ağır-ağır süzən ağımtıl buludlara baxanda bu hadisəni xatırladım. Səma mavi olduğu qədər də kədərliydi. Qədim torpaqların üzərində qədim hava ilğımlanırdı. Soyuq, nəm daşın üstündə oturmuşdum və düşünürdüm.
Təfərrüatıyla.
Kiminsə ağlına belə bir ideya gəldi, kinomuzu Türkiyədə tanıdaq, təbliğ eləyək. Ağıllı ideyaydı. Əlbəttə tanıtmaq lazım idi. Türkiyə ilə danışıqlar aparıldı, müştərək film çəkmək haqda razılığa gəldilər. Rejissor işi Türkiyəlik, ssenari, maddi tərəfi Azərbaycanlıq.
Azərbaycan tərəfi bunun üçün tələb olunan bir milyon dolları ayırdı. Qaldı ssenari. Belə işlər bizdə xüsusi mexanizmlə həyata keçirilir. Ölkədə üç-beş adam üçündür. Yəni gözlənilməyən nəsə olmadı. Mexanizm işə düşdü. İlk olaraq AYB sədri Anar bir addım irəli çıxdı. Mən!
Sən saydığını say. Mexanizm hələ işləyirdi, dayanmamışdı. Bu dəfə də baş nazirin müavini iki addım irəli çıxdı. Mən!
Anar vur-tut AYB sədri. Səlahiyyətləri öz həmkarlarını, AYB-nin sıravi üzvlərini əzmək, haqlarını yemək, tövbə qapısından keçmək üçün növbəyə duranları əymək, sındırmaq üçün yetərli. Yoxsa baş nazirin müavini olan yerdə meydan sulamaq nə demək? Olurmu ? İki addım geri çəkildi. Mən pas.
Elçinin “Mahmud və Məryəm”i təqdim olundu.
Türkiyə tərəfi də öz üzərinə düşəni yerinə yetirmək üçün hərəkətə keçdi. Onlarda bizdəki kimi dəqiq mexanizmlər yoxdur. Almaniyadan türk rejissoru dəvət elədilər. Türk qardaşımız, özcə türkümüz, amma alman kafalı. Gəldi, ssenarini aldı, oxudu və başını qucaqladı. Adamın gözləri kəlləsinə çıxmışdı: “Vay nənə, vay dədə! Vay nənə! Adamın Allahı olar, siz Allahdan heçmi qorxmursunuz? Burda kinoluq material yoxdur, heç nədir, bəsitdir, dayazdır!”
Ola bilər alman kafalı türk qardaşımız hisslərini məhz belə büruzə verməyib, amma mən hadisənin şahidi olan dostumun dediklərinin türk variantını öz türkcəmizə yalnız belə tərcümə eləyə bildim. Yəni, tərcümədə yanlışlıq ola bilər, üzürlü hesab eləyin.
Çox dil tökdülər. Özcə türkümüz, qardaşımız, çox təəssüflər olsun, alman kafalı qardaşımız filmi çəkməkdən qəti imtina elədi. Hətta acı türk qəhvəsini, qəhvə qədər acı olan türk çayını içməkdən belə imtina elədi. Taksiyə oturub aerporta sürdürdü və uçub getdi öz Almaniyasına. Təyyarədən doğma Türkiyənin yaşıl xəyal kimi görünən çöllərinə, gömgöy sularına baxır, təzədən başını qucaqlayır, ara-sıra da hisslərini büruzə veriridi: “Vay nənə, vay dədə!”
AYB sədri üçün yaşıl işıq yanmışdı. Fürsəti itirərdimi? Əlbəttə, yox! Artıq ssenarisi də hazır idi, düzüb qoşmuşdu. Üç addım irəli çıxdı. Var səsiylə bəyan elədi: Mən!
Yolunca getməyən nəydi? Ona dedilər, sən hələ tələsmə, əyər bir də müştərək film çəkəsi olsaq, növbə sənindir. Olmaya güman eləyirsən biz baş nazirin müavinini bir rejissorun şıltaqlığına qurban verəcəyik? Çəkmir, il uzunu çəkməsin! Türkiyədə rejissormu qəhətdir?
Anar əsla belə güman eləmirdi, geri çəkilməli oldu. Bir əsrdir oturduğu kreslosuna çökdü. Qəlyanını yandırdı, tənbəki tüstüsünü havaya üfürdü. Növbə gözləməyin bunca çətin olacağı ağlına da gəlməmişdi. Bunu qururuna zərbə kimi dəyərləndirirdi.
Məsələni Elçinlə həll eləməyə qərar verdi. Zəng elədi: “Elçin, bir əsrin dostuyuq, birlikdə ədəbiyyatda çox boğmuşuq, ya da birimiz boğanda o birimiz ona dəstək olub. Mənim gözləməyə hövsələm, gözləmək təcrübəm yoxdur, heç vaxt gözləməmişəm. Bəlkə türk qardaşlarımız mənim ssenarimi çəksinlər?”
Elçin bir əsrlik dostunun xoş niyətinə yaxşı reaksiya vermədi: “Anar, beş mərtəbəli evi yüzlərcə dəfə özümüzdə, xaricə çap eləyiblər, tamaşaya qoyublar, kino çəkiblər, altıncı mərtəbəsini yazıblar. Onu daha neyləyə bilərlər?”
Anar daha neyləyə biləcəklərini deyə bilmədi, kədərləndi. “Mahmud və Məryəm”in beşmərtəbəni yolundan necə kənarlaşdırmasını seyr eləmək möhtərəmi çox incitdi.
Türkiyədə rejissor qəhətliyi yox idi. Başqa türk rejissorunu dəvət elədilər. Türkiyədən, özcə türkümüz, türk kafalı. Özcə türkümüz ssenarini oxudu, başını qucaqladı, masaya bir təpik vurdu, başını divara çırpdı: “Vay dədə, vay nənə! Adamın Allahı olar? Burda kinoluq nə var? Bundan kinomu çəkmək olar? Vay dədə!”
Rejissor səsini qaldırmışdı, qışqırırdı. Ona sakitcə dedilər: “Türkiyədə bundan kino çəkəcək yüzlərlə rejissor var. Çox da havalara girmə. Biriləri sənə yaxşılıq eləmək istəyəndə, sən ona yalnız sağ ol deməlisən”.
Türk qardaşımız, özcə türkümüz, türk kafalımız daşındı, düşündü. Sonra isə sadəcə əlini yellədi: “Haqlısınız, sağ olun, - dedi, - mənə nə materialdan, bəsitmiş, dayazmış, nəymiş! Paramı verin! Çox belə vacibdirsə, ssenarini də özüm yazaram!”
Parasını verdilər. “Mahmud və Məryəm” çəkildi.
Bir milyon paracıq havaya sovruldu. Azərbaycan, ya da türk səmasına, fərq eləməz, paracıqlar türk səmasında uçuşurdu. Mavi türk səmasında. Külək qatmışdı qabağına ağımtıl buludların arasıyla, mavi türk səmasıyla qovurdu. Bir milyon dollara ədəbiyyatımız üçün nələr eləmək olardı?!
Bu filmi ölkəmizdə, ya Türkiyədə xatırlayan varmı? Ölkəmizin, kinomuzun, ədəbiyyatımızın Tükiyədə tanınmasında, təbliğində iynənin ucu qədər də olsa bir faydası oldumu?
Türkiyədə məşhur yayın evinin əməkdaşı deyəndə ki, bizim bir layihəmiz var. İstəyirik Azərbaycan yazıçılarının kitablarını çap eləyək və bütün sərgilərdə, kitabxanalarda “Azərbaycan kitabı” kimi ayrıca stendlər açaq, təbliğ eləyək, kədərlə düşündüm. Bu nəyi dəyişəcək? Möhtərəmlərimiz yenə də irəli çıxacaqlar. Bir kimsəyə aman, imkan verərlərmi?
Mənim Azərbaycanım, zavallı Azərbaycanım! Küləklərini, sularını, daşını, torpağını sevdim! Bütün varlığımla! Amalım, məqsədim sənin üçün nəsə eləmək oldu. Bacarmadım. İmkan vermədilər.
Ədəbiyyatını bərbad günə qoydular. Məhv eləmədilər, sifətini, əxlaqını da dəyişdilər. Adicə səman haqda cavan yaşda damarlarını doğrayaraq intihar eləyən rus şairi kimi dəqiq və gözəl yaza bilmədik.
Heyhat! Azərbaycan paracıqlarının uçuşduğu səmada indi də yayın evinin paracıqları uçuşacaqdı. Ağımtıl buludların arasıyla, mavi türk səmasında. Mapmavi səmada.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
Viktoriya Tokarevadan povest
LALƏ HÜSEYNOVA - SİRR
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )