Esmira Hüseynli - Qayıdış
Universitetin ən sevilən xanım müəllimlərindən biri olan Turan müəllim tələbələrinə söz vermişdi ki, növbəti dərs Molla Nəsrəddin jurnalını gətirib onlara göstərəcək. Elə buna görə də, tozlu kitabların arasından jurnalı axtarmağa başladı. Birdən gözü gənclik illərindəki şəkillərdən ibarət albomuna sataşdı. Bu zaman albomu əlinə alıb keçmişə səyahət etmək istəyinə yenildi. Şəkillər Turanın əlindən tutaraq onu tələbəlik illərinə apardı. O, çox çətinliklərdən keçərək universitetə daxil olmuşdu. Yox, söhbət Turanın zehni əmək sərf etməsindən getmir, o, özünün bataqlıq adlandırdığı elə bir mühitdə böyümüşdü ki, orada qadın olmağın əngəlləri ilə hər zaman üz-üzə gəlirdi. Hər nə isə, o indi bunları xatırlamaq istəmirdi. Universitetə ayaq basdığı ilk günü xatırladı. Üzərində həyəcan, sevinc və qorxunun eyni anda təzahüründən ibarət bir gərginlik var idi, özü də gecikməmək üçün zamanla yarışırdı. Universitetin həyətinə daxil olanda hər kəsin itirdiyi bir şeyi axtarırmışcasına o yana, bu yana vurnuxduğunu gördükcə gecikdiyini zənn etdi. Siyahıdan adını tapıb cədvələ baxdıqdan sonra dərhal otağa tələsdi. Bir yer tapıb oturduqdan sonra dözməyib soruşmaq qərarına gəldi: “Deyəsən, mən gecikmişəm, hə? Himnə çata bilmədim”. Hər kəs ona özünün yadplanetli olduğunu düşündürəcək qəribə baxışlarla baxmağa başladı. Nəhayət ki, biri bu sükutu pozdu: “Yox, gecikməmisən, sadəcə universitetdə məktəbdəki kimi himn oxudulmur”. Turan gecikmədiyi üçün sevindi, amma digər tərəfdən məyus oldu: “Deməli, belə. Çox təəssüf”. Bu dəfə başqa biri dilləndi: “Aha, bir “patriot” daha!”. Turan onun o zaman nə demək istədiyini tam olaraq anlamamışdı, yalnız sonralar bu qızla- Ruslana ilə hər dəfə sözləri çəpləşəndə ilk günü xatırlayıb nə demək istədiyini anlamışdı. Əslində Turan və Ruslana istənilən mövzuda mübahisə edə bilirdilər. Artıq qrupdakılar bu debatlara alışmışdılar. Və zamanla qrup sanki iki qismə bölünmüşdü; bir qisim Turanın, digər qisim isə Ruslananın ətrafında cəmləşmişdi. Əslində bu bölünmə fikir ayrılığından başqa bir şey deyildi. Ruslana hətta bu tərəflərə ad belə qoymuşdu: romantiklər və realistlər. Aydın məsələ idi ki, o özünü və dostlarını realistlər, Turanı və onun dostlarını isə boş xülyalarda uçan romantiklər adlandırırdı. Bu qrup daxilindəki qruplaşma nəinki dərs saatlarında, hətta dərsdən kənar fəaliyyətlərdə də var idi. Məsələn, dərsdən sonra bir qisim alış-verişə, müxtəlif kafelərə, əyləncələrə getdiyi halda, digər qisim muzeylərə, teatrlara, kitabxanalara gedirdi. Bir dəfə tarix dərsində yenə ciddi mübahisə yaşandı. Ruslana işğal altındakı torpaqların artıq heç kəsə maraqlı olmadığını, əsgərlərin boşuna ölümə getdiyini dedi. Bu Turanı özündən çıxardı: “İllərdir, o torpaqların həsrəti ilə yaşayan insanlar var!”. Ruslana bu cavabı gözləyirmiş kimi: “O torpaqlarda yaşamış insanların çoxu elə Qarabağ deyə-deyə bu həyatdan köçdü. Və indi heç o torpaqları görməyən insanlar necə Qarabağı arzulaya bilərlər ki? Nəyə görə gənclər heç görmədikləri, bilmədikləri bir yer uğrunda canlarından keçməlidirlər?”. Turan qarşısındakının necə bu qədər məntiqsiz sözlər dediyini anlamadığını ifadə edən baxışlarla Ruslananı süzərək : “Çünki vətən hamımızındır. Biz hamımız da vətənin bir parçasıyıq. Vətən heç birimizi ayırmazkən, sən kimsən ki vətənin torpaqlarını, insanlarını ondan ayırırsan?!”. Aradakı gərginliyin daha da alovlandığını görən müəllim bu mübahisəni dayandırdı. Doğrusu, dərsdən sonra da bu mövzuya toxunan olmadı. Qrup üzvləri arasında fikir ayrılığı olsa da, bir-birlərindən kömək əllərini əsirgəmirdilər. Xüsusən də imtahan aylarında hər kəsin tək dərdi dərslər olduğundan, sanki imtahanları uğurla keçmək üçün atəşkəs elan olunurdu. Təbiəti etibarilə Turan heç zaman elmdə xəsislik etməyib. Sadəcə bir dəfə Ruslanaya kömək etdiyi üçün peşman olmuşdu. Bəlli məsələ idi ki, Ruslana tarixi heç sevmirdi və bu elmi yalan, lazımsız məlumatlar yığınından başqa bir şey saymırdı. Və imtahanda Turan ona kömək etməyi özünə bir dərd kimi görmədi. Ancaq biletdə bir sual var idi ki, onu sonralar çox narahat etdi...
İyirmi yanvarın ildönümü münasibətilə hər il olduğu kimi bu dəfə də hər kəsi şəhidlər xiyabanına aparmışdılar. Kimisi hər məzar daşının önündən keçdikcə, doğrudan da, bu insanların seçilmiş insanlar olduğuna inanır, kimisi daşların üzərinə həkk olunmuş şəkillərə baxdıqca o dövrdəki insanların görünüşlərinin belə bu dövrdəkilərdən çox fərqli olduğunu düşünür, kimisi də özünü illər əvvəl həmin gündə onlarla birgə təsəvvür edərək görəsən, özü baş verənlərə necə reaksiya verərdi deyə xəyal edirdi. Bəziləri isə, ümumiyyətlə, heç nə düşünmürdülər. Birdən Ruslana ətrafa çökmüş bu sükutu pozdu: “Şəkil çəkdirənə bax, toya gəlmişcəsinə bəzənənə bax. Hələ xiyabanı görüş yerinə çevirən sevgililəri demirəm. Guya onlar şəhidləri ziyarətə gəliblər? Necə də üzgündürlər!”. Turan dinmədi, çünki bu dəfə Ruslana o qədər də haqsız deyildi. Bu Turanı çox incidirdi, həqiqətən, heç də hər kəs eyni məqsədlə gəlməmişdi. Və indi iyirmi yanvarla bağlı suala kömək etdiyi üçün peşman idi. Axı ən azından qan yaddaşını hər kəs bilməlidir. Elə bu zaman qeyri-ixtiyari dilləndi: “Tarixini, kim olduqlarını bilməyən bu yazıq insanlardan artıq nə isə gözləmək əbəsdir”. Deyəsən, Ruslana ilk dəfə pərt olub deyəcək söz tapmadı. Növbəti yarımil tarix fənni olmadığına görə hər kəs mübahisələrin azalacağını düşünmüşdü. Amma deyəsən, tarixi əvəz edən yeni bir fənn var idi-Azərbaycan ədəbiyyatı. Bir də ki ədəbiyyat müəllimi bu müzakirələri bölmür, əksinə hər kəsin fikrini bilmək istəyirdi. Yenə ədəbiyyat dərsi idi. Və yenə Ruslana yeni bir müzakirə başlatdı: “Ümumiyyətlə, şairlər hamısı yalançıdırlar. Əsgərə sən qatilsən demək əvəzinə, sən qəhrəmansan deyirlər. Ölümün şərəfli olduğuna inandırırlar. Yoxsa, kim ölmək, öldürmək istəyər ki? Boş-boş şeirlər yazmağa nə var? Halbuki əsgər canını ortaya qoyur”. “Bu yerdə Mithat Cemal Kuntay yaxşı deyib ki, torpaq uğrunda ölən varsa, vətəndir”-Azər yerindən dilləndi. Bir az sonra Türkan: “Dinimizdə də buyrulub ki, sənə aid olan bir şeyi ölümün bahasına müdafiə etmək haqqın var. Əgər sən bu mübarizə zamanı ölürsənsə, şəhid sayılırsan. Ümumiyyətlə, düşünürəm ki, insan bu həyata elə ölmək üçün gəlir. Lakin əsas məsələ necə ölməkdir. Şəxsən mən mənasız həyat sürərək ölüb getmək istəməzdim. Xatirələrdə qalaraq ölümsüzlüyə qovuşmaq istərdim” -deyərək müəllimin də rəğbətini qazanmışa bənzəyirdi. “Əsgərlərə döyüşmək üçün silah vermək kifayət deyil. Ruh yüksəkliyi, etibar, inam, rəğbət onlar üçün çox önəmlidir. Təkcə II dünya müharibəsi illərində şairlərin müharibədə necə böyük rol oynadıqlarını xatırlamaq kifayətdir. Əgər yazılan əsərlər boş olsaydı, repressiyaya məruz qalan bir şair, yazıçı, ziyalı belə olmazdı”- Cavad da mövzuya laqeyd qala bilmədi. Bəli, bu dəfə Turanın dostları onun uzun-uzun düşüncələrini ifadə etməsinə ehtiyac qoymamışdılar. Turan sadəcə bu müzakirəyə son qoydu: “Qısası, əsgər olmaq üçün əlinə silah alıb səngərdə döyüşmək şərt deyil. Ətrafımızda bu cür əsgərlər çoxdur, sadəcə silahları, geyim formaları və mübarizə üsulları fərqlidir”. Əslində, Ruslana ağıllı qız idi, dörd dil bilirdi, amma Turanın sözlərini tam olaraq dərk edə bilməmişdi. Çox zaman Turanı təəccübləndirən məhz bu idi, belə ağıllı birisi bəzi şeyləri anlamırdı, yaxud anlamaq istəmirdi. Onun yerində bir başqası olsaydı, onun sahib olduğu bilik və bacarıqlarla nələr etməzdi ki? Bəzən Ruslanaya baxdıqca “Anamın kitabı” əsərini xatırlayır, əsərin ideyasının canlı təzahürünü gördükcə bu əsərin dəyərini daha yaxşı anlayırdı.
O vaxtlardan iyirmi il keçmişdi. Turan artıq tələbələrinin idealına çevrilən poliqlot bir müəllim idi. Müxtəlif dillərdə çap olunan kitablarının bir çoxu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edirdi. Dərsdən çıxdıqdan sonra Turan kitab mağazasına öz imza gününə getmək üçün yola düşdü. Heyranları əlində kitablarla növbəyə düzülüb kitab imzalatmaq üçün səbirsizlənirdilər. Turan yorğun olmasına baxmayaraq böyük bir həvəslə kitabları imzalayır, bəziləri ilə də şəkil çəkdirirdi.
-Salam, əsgər, uzun zaman oldu, necəsən?
Turan başını qaldıraraq qarşısında dayanmış bu tanış sifətlə qarşılaşanda heyrətini gizlədə bilmədi. Budur, Ruslana əlində Turanın kitabları ilə onun qarşısında dayanmışdı. Sanki bu illər ərzində onun görünüşündə qara saçlarına düşən bir neçə dəndən başqa heç bir dəyişiklik yox idi. Nəhayət, Turan öz-özünə düşünməkdən əl çəkib cavab verə bildi: “Kimi görürəm? Mən yaxşıyam, de görüm sən necəsən?” Ruslana bura gələnə qədər necə qarşılanacağı barədə çox düşünmüşdü. Turanın ona əziz bir insanı görmüş kimi səmimi yanaşması onu çox sevindirdi. Artıq üzərindəki gərginlik yox oldu: “Mən də yaxşı oldum. Demək, sənin silahın da qələmindir. Təbrik edirəm, arzularını gerçəkləşdirmisən”. Turan gülümsəyərək: “Mən də səni təbrik edirəm, artıq məcburi köçkün deyilsən”. “Çox sağ ol, həm də ona görə sağ ol ki, heç vaxt bunu mübahisələrimizdə üzümə çırpıb məni danlamamısan. Səni çıxışda gözləyəcəm, işin bitdikdən sonra bir yerə gedib oturar, söhbət edərik”.
“Baş üstə, buyur kitablarını".