Edebiyyat.az » Proza » Aydın Canıyev - "Moskvadan Peterburqa səyahət... və yaxud “Piterin İçərişəhəri”

Aydın Canıyev - "Moskvadan Peterburqa səyahət... və yaxud “Piterin İçərişəhəri”

Aydın Canıyev - "Moskvadan Peterburqa səyahət... və yaxud “Piterin İçərişəhəri”
Proza
Necef Esgerzade
Müəllif:
18:53, 06 aprel 2019
2 440
1
 
... Biz daha ciddi işlərlə məşğul olmaqdansa, daha cılız iddialardayıq – statuslarda replika atmaq, söz soxmaq, nə bilim, qaxınc etmək, mız və ürəyimiz soyusun deyə qulp qoymaq, şəbədə inşa etmək, ayama fikirləşib tapmaq, inbox-a “ilginc” kopmlolar ötürmək, cinsəl həyatın özəl oriyentasiyaları barədə arqumentlər ələ keçirmək... ay dədənin xarabası dağılmasın, bey(n)ində nə qədər mənasız, peyinlik çaba gedir sənin!?! Halbuki... ... Oturduğum otaqda iki dahi azərbaycanlının portreti var: Azad Mirzəcanzadə və Xudu Məmmədov! Qardaşım Züleyxa Nadir yazımın anonsunda niyə elə dedi bilmirəm, amma doğrudan da, mən Radişşevdən daha yaxşı oğlanam – onun belə dahisi və dahiləri yox idi! Və əgər də ki, onun işlədiyi kommerts-kollegiyanın prezidenti qraf A.R.Vorontsov xeyirxah idisə, mənim də, bizim də, cəmi azərbaycanlıların da Rusiyada xeyirxahı olan diaspora rəhbərlərimiz var və əlavə olaraq deyim, tez də kanalı dəyişim: indi Rusiyada – Moskvada, Piterdə, Orenburqda, Samarada həyat hamıya ovaxtkından da çətindir. Asanlaşan təkcə yollardır – həm yaşamağın, həm də hardan harasa getməyin yolları!
 Peterburqdan İlimskə sürgünə 7 min kilometr yolu ayağı qandallı getməkdən Nijnıy Novqorodda Radişşevi qraf Vorontsov xahiş-minnətlə azad etdirmişdisə, bizim soydaşlarımızın, dolayısıyla da dövlətimizin bütün Rusiyada sərbəst hərəkəti üçün “ayaqlarımızdakı qandalı” diaspor təmsilçilərimiz artıq çoxdan açıblar. Qalıb milli birliyə ən yüksək səviyyədə nail olmaq. İnşaallah da ki, ona da çox az qalıb. Üstəlik də, Radişşev üçün həm Peterburqdan getmək, həm də Peterburqa qayıtmaq çox çətin olsa da, mənə (bizə) elə də çətin olmadı – insan gərək getdiyi və qayıtdığı yerlərə yolunu çətinləşdirməsin: həyatın bu həqiqəti də var!
 
Moskvadan Peterburqa və geriyə...
 
Doğrusu, ehtizaz hissi şəxsi müstəvidə də, milli miqyasda da çox az hallarda yaranır. Sankt-Peterburqdakı tədbirdə iştirakımın mümkünlüyü və reallaşdığı anda milli qürur hissindən yaranan ehtizaz mənim üçün çox dəyərliydi.
 Əvvəla, “Avropaya pəncərə”dən Avropaya boylanmaq varıydı və bu boylanmada Azərbaycan öz markasıyla - İçərişəhərlə təqdim olunurdu. İndiki halda iki gözəl xanımın yorulmaz və hədsiz gərgin əməyinin nəticəsi olaraq... kitab şəklində! Görülən işin sanbalını, çəkisini, ağırlığını araya-ərsəyə gətirib el içindən ellərdən ellərə çıxarmağa həm də diaspor təşkilatlarımızın əksəriyyətinin dəstəyi və təşkilatçılığı ilə çiyin verməklə mümkün olmuşdu.
 Bu ağır yükə isə ev sahibliyini Sankt-Peterburq diasporu edirdi. Heydər İmanovun və Sabir Məsimovun soydaşlarımızı törənə dəvəti və cəlbi təqdirəlayiq sayılmalıdır və dəyərləndirilməlidir. Rusiya Təhsil Akademiyasının - Smolnıy İnstitutunun akt zalında “üçüncü” – miqrasiyada olan Azərbaycanın xəritəsi demək olar ki, tamam idi: Rusiya üzrə AFMMM və Moskva vilayəti üzrə ARMMM, Orenburq, Arxangelsk, Kalininqrad, Kirov, Velikiy Novqorod və digər diaspora təşkilat və cəmiyyətləri Sankt-Peterburq cəmiyyətinin sədri Sabir Məsimovun düzüb-qoşduğu törəndə çox aktiv iştirak edirdilər.
 Maraqlı olan isə o idi ki, bu kitaba Rusiyanın dövlət və təhsil ocaqlarının nüfuzlu alim, akademik, professor heyəti - mən adlarını sıra ilə yazacam çıxş edənlərin, Azərbaycan haqqında sevgi ilə danışan, İçərişəhərə rəğbət bəsləyən insanların, siz bu həzzi alın və nəzərə alın ki, hər bir çıxışçı akademik, professor, alim, dövlət təmsilçisi, ictimai-siyasi xadimdir, - verirdi: Niyazi Niyazov, Viktor Kazantsev, konsulumuz Əli Baytanov, Aleksandr Malaxov, Andrey Frolov, Sahibə Rzayeva, Tofiq Rzayev, Elşən İbrahimov, Mehriban Sadıqova, Fəqan Kəsəmənli. Hələ neçəsinin şəklini çəksəm də, adlarını dəqiqləşdirə bilmədim – mənim çoxdan belə tədbirlərdə iştirak etmədiyimi nəzərə alıb, bağışlayarsınız, zənnindəyəm.  Unutmayaq da ki, böyük qələbələrə çatmaq üçün dövlətlər və xalqlar arasında doğru münasibətlər formalaşdırılmalıdır və özü də bu formalaşdırma adidən aliyə qənirsiz olmalıdır!
 
Sevindiyim o idi ki, bu tədbirdə bunu anlayan və bunun üçün çalışan çox dəyərli insanlarımız vardı. Moskva Vilayəti üzrə Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyəti xəttiylə iştirak etdiyim bu tədbirdə mərkəzin sədri Elşən İbrahimovun dediyi kimi, vətənpərvər, xeyirxah və ağsaqqal insanlarımızdan olan Tahir Hacıyev adətən özünə rəva görmür kameralara düşməyi, tribunalara çıxmağı, populist və pafoslu çıxışlar etməyi, amma və lakin hər zaman Azərbaycan adına, azərbaycanlı adına dövlətçilik prinsiplərini qoruyur, bacardığını və imkanlarından artığını edir. İştirakçılar arasında xüsusi çəkisi olan Moskva Vilayəti üzrə ARMMM-in sədri Elşən İbrahimovun yorulmaz fəaliyyəti də göz qabağındadır – intriqalardan, bölücülükdən uzaq, üstəlik də hər zaman hadisələrin episentrində olmaq, həm soydaşlarımız, həm də Rusiyada yaşayan yerli və türkdilli xalqlarla birgəyaşayış və inteqrasiya problemlərinin həll olunması, optimal nəticələr əldə edilməsi istiqamətində çalışmalar, təbii ki, nəticəsiz qalmır. Əminliklə deyim ki, ötəri və gündəm səviyyəsinə qaldırılan məişət, yaxud da ki, konyunktur problemlər heç də ardıcıl deyil, bu baxımdan diasporamızın səmərəli fəaliyyətinə sayğıyla yanaşmaq xüsusi həssaslıq tələb edir – ilk növbədə, jurnalistlər bu amili nəzərə almalıdır. Bugünlərdə Heydər Əliyevin bir çıxışını paylaşmışdı fb dostum Sənan Nəcəfov. Bax, məhz o çıxışdakı incəliyi gözləmək lazımdır: hər ehtiyatsız söz, ehtiyatsız çıxış, aqressiv bəyanat yüzminlərlə, milyonlarla insanımızın həyatına anında təsir göstərir, fəsadlarını yığışdırmağa isə izafi güc sərf olunur.
 Əslində, Radişşevlə mənim fərqim bundadır: o öz xalqına qarşı hökümət tərəfindən, məmurların söylədiyi yalanlarla mübarizə aparırdı, mən xalqımızın adına ermənilərin və digər bədxahlarımızın danışdıqları yalanla mübarizə aparmalıyam jurnalist və fikir adamı, ziyalı kimi! “Mən” deyəndə təkcə özümü nəzərdə tutmuram – hamını Aydın Canıyev, üstəlik də möhtərəm və möhtəşəm sayaraq deyirəm!
 Fəxr etməyə dəyər ki, istisnaları nəzərə almasaq, diaspora nümayəndələrimiz hər an bu gərginliyin nüvəsindədir.
 Bizim mütləq “qraf Vorontsov”umuz olmalıdır. Fəxr ediləsi “qraf Vorontsov” yox e, “qraf Vorontsov”larımız var. Yetər ki, onları təbliğ edək, gördüyü işlərə dəyər verək, haqlarına girməyək.
 Sankt-Peterburqda “İçərişəhər”in təqdimat törəni günün ikinci yarısından sutkanın ikinci yarısına qədər çəkdi: həm akt zalında, həm də “Lesnaya skazka”da – doğrudan da, nağıl kimi bir gün oldu Piterdə.
 Radişşevin sürgün olunduğu və xahiş-minnətlə qaytarıldığı Sankt-Peterburqa biz Moskva vilayəti üzrə ARMMM xəttiylə çox rahat getdik də, qayıtdıq. Və bu şimal paytaxtının – şəhərin içində İşərişəhərin bütün gözəlliklərini həm eşitdik, həm də zövq aldıq! Əlbəttə ki, Ermitajı ziyarət etməklə. Düzdür, Radişşev bəlkə də bilmirdi onun həyatını puça çıxaran II Yekaterina Rusiyaya ondan da böyük marka töhfə edib, amma indi “Piterin İçərişəhəri” də demək olar Ermitaja.
 Əsas oydu ki, biz həm Radişşevin, həm Ermitajın, həm də İçərişəhərin dəyərini bildik.
 Dediyimizi dedik, dedirtdiyimizi dedirtdik və qayıtdıq!
 Çox ağır dönəmlərdə 688 kilometr yolu o yana və bu yana, üstəlik də gecəylə gedib qayıtmağın millət adına ləzzəti can yorğunluğunu yada düşməyə qoymadı!
 İçinizdə gözəl şəhərlər yaradın, iç şəhəriniz isə, ilk olaraq, İçərişəhər olsun!
 Mənə ən çox da ləzzət edən institut işçilərindən birinin – törən iştirakçısı olmadığına baxmayaraq, - Sabir Məsimovu “qaralayıb” ta restoranacan gəlib çıxıb o kitabı ondan alması oldu: çıxışlardan bəzi fraqmentləri qulağı çalmışdı, o qədər cazibədar olmuşdu bir rus üçün... İçərişəhər!
 Həə, lap sonda: kitabı araya-ərsəyə gətirənləri də təqdim edim. Deməli, layihənin rəhbəri “İçərişəhər” Dövlət Tarix və Arxitektura Qoruğunun rəhbəri Əsgər Ələkbərov, tərtibçi və məsul redaktor tarix elmləri doktoru Vəfa Quliyevadır. Həmmüəliflərdən ibarət böyük bir kollektivin əməyi keçən bu kitab Sankt-Peterburqda həm diaspora rəhbəri, həm də yerli özünüidarəetmə orqanının deputatı Sabir Məsimovun təşkilati və maliyyə dəstəyi ilə işıq üzü görüb!
 
SÖZARDI: Düzdür, Stepan Şeşkevskinin işgəncələrinin əlindən qurtulan Aleksandr Nikolayeviç 53 yaşında öz əzablarının sonunu gətirmək üçün zəhər içib özünü öldürdü qraf Zavadovskinin atmacasına görə, amma mən və həm də biz geosiyasi durumun bizə içirtdiyi zəhərə müqavimət göstərib ölkəmizi, xalqımızı gələcəyə böyük aparmaq istəyirik! Rusiya üçün təkcə Radişşev narahat deyildi, bütünlükdə Rusiya və rus xalqı narahat idi, Rusiya Radişşevin özü qədər böyüsə də, hələ də dərdlərindən azad olmayıb. Biz isə həm böyüməliyik, həm də düşmənlərimizi susdurmalıyıq. Bizim də - indiki halda mənim,  - 53 yaşımız olsa da, intihara haqqımız yoxdur... körpə balamızı – Vətənimizi böyütməyincə! İşərişəhər qədimliyi və gözəlliyiylə “Avropaya pəncərə”dən dünyaya atılmalıyıq, bütün digər mümkün yollardan da istifadə etmək şərtiylə!
 Daha doğrusu, böyümək üçün yox, böyüklüyümüzü təqdim etmək üçün... axı, bizim İçərişəhərimiz var!
 Aydın Canıyev,
 Moskva-Sankt-Peterburq-Moskva,
 xüsusi olaraq,
 Azərbaycan adına,
 Azərbaycan üçün,
 millətin böyüklüyü naminə...
 05.04.2019

 p.s. A.N.Radişşevin öz kitabının əlyazmalarını yandırdığı şəhərdə bizim kitabımızın çapı və təqdimatı da alayı səadətdir. Təşəkkürləri ünvana doğru çatdırmaq lazımdır!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)