Azad Müzəffərli - İdeal seçim(hekayə)
Müstəqilliyinə vur-tut bircə qərinəydi qovuşan məmləkətdə növbəti parlament seçkisi yenicə başa çatmışdı. Özlərində hakimiyyət uğrunda cəmi-cümlətanı iki partiya mübarizə aparan başbilən ölkələrin təmsilçiləri “çoxpartiyalılıq” deyə bəyirərək o ki var sinələrinə döyəcləmiş, seçki marafonuna zəhər qatmaqdan yoruldum demək bilməmişdilər. Bütün bölgələrdən parlamentə deputat seçilmişdi. Müxalifət də şükür eləyirdi. Di gəl, şəhərlərdən birinin sakinləri kimsəni bəyənməmişdilər. Nə iqtidar, nə də müxalifətdən olan namizədlər bircə səs belə toplaya bilməmişdilər. Bu nə sirri-xudaydı, kimsə baş aça bilmirdi ki, bilmirdi.
Nəhayətdə, təşkilatçılar bu seçki dairəsindən təkrarsərverməyə namizədlərin yalnız bitərəflərdən seçilməsi təklifinin üzərində dayanmalı oldular. Deyəsən, bu dəfə təşkilatçılar seçicilərin ürəyini oxumuşdular. Namizədlərlə görüşlərin qızğın çağıydı. Parlamentə can atanlar dil boğaza qoymurdular, bu şəhərin sakinlərinə cənnət abı-havası yaşadacaqlarını vəd eləməkdən dilləri yağır olmuşdu. Namizədlərdən biri isə camaatı lap cin atına mindirmişdi.
- Suallarımıza cavab ver də, nədi lalsan?!.
O isə ağzına sanki su almışdı, çənəsi belə tərpənmirdi. Kimsə səbrini basa bilmədi.
- Aha, deyəsən, bu təkcə lal yox, həm də kardı?!. Bu qədər seçicini qulaq ardına vurur...
Seçicilərə elə gəldi ki, bu namizədin gözlərində də nəsə problem var. Nəhayət, təşkilatçılar da onlara qoşuldular.
- A balam, korsan, bu boyda məclis əhlini niyə görməzliyə vurursan?!. Nədi, camaatı da, bizi də deyəsən barmağına sarımısan...
Namizəd sanki daş heykəldi. Ən qəribəsi o idi ki, bayaqdan çaşqınlıq içində vurnuxan seçicilərin gözlərindən indi məmnunluq yağırdı. Bığaltı dodağı qımışanlar isə xısın-xısın nəsə pıçıldaşırdılar. Təşkilatçılar bir şey anlamasalar da, daş heykəli andıran namizədin çöhrəsində tədricən ümid qığılcımlarının közərməkdə olduğu da aydınca sezilirdi.
Bu hadisədən bir həftə ötmüş təkrarsəsverməydi. Nəticə isə təkcə bu məmləkətdə yox, bütün dünyada olmazın əks-səda doğurmuşdu. İş orasındaydı ki, tarixdə ilk dəfə idi, namizədlərdən biri yüzə-yüz səs toplamışdı. Özü də “halalcasına”. Seçicilər əsl zamanə adamı olduğunu zərrəcə pərdələməyən bu kişinin istəyini ürəyində qoymamışdılar. Seçkinin şəffaflığına da kimsənin şübhəsi ola bilməzdi.