ŞvartsMan - Müxalifət, İqtidar və Xalq üçbucağı
Bu üç bucağa qıraqdan, lap qıraqdan baxanda mənzərə daha aydın görünür. Üçü də haqlı deyil. Müxalifət iqtidarı günahlandırır, xalq da iqtidarı günahlandırır. Əvəzində iqtidar birinci müxalifəti, sonra xalqı günahlandırır. Bəs doğrudan günahkar kimdir, haqlı kimdir?
Cavab: müxalifət, iqtidar və xalq üçbucağını təşkil edən azərbaycanlı.
İzah:
1. Bugün xalq şikayət edir ki, müxalifət xaricdən qrand alır, satılıb; iqtidar da xalqı aldadır, soyur, əzir. Hamısı oğru, yalançı, vicdansızdır. Bəs onların belə olmasında kimdir səbəbkar? Axı onları Ermənistandan tranfer etməmişik, bu torpağın təndir çörəyini yeyiblər, gizlənqaç oynayıblar. Bu xalqın içindən çıxıblar. Əgər onlar bu xalqın içindən çıxıb vicdansız, yalançı, satqın olublarsa, deməli, xalq özü də onlar kimidir. Xalqın isə öz yaratdığı müxalifət və iqtidardan şikayət etməyi nə dərəcədə səmimidir? Müxalifəti də, iqtidarı da xalq yaradıb. Müxalifət də, iqtidar da azərbaycanlılardan ibarətdir və əgər bu ikisində də problem varsa, deməli, azərbaycalılarda problem var. Belə bir kəlmə var: hər kəs layiq olduğu həyatı yaşayır. Düzdür, həmişə olmasa da, çox vaxt elədir. Bu xalq da layiq olduğu rejimi yaşayır. Bu mövcud rejimdən daha yaxşısına layiq deyil ki, bu gün bu vəziyyətdədir. Xalq özünü yox, iqtidarı dəyişmək istəyir.
2. Xalq allaha yox, dövlətə inanmalıdır. Çünki allaha inanc bizim sosial vəziyyətimizi yaxşılaşdırmır. Allaha nə qədər dua edib yalvarsanız da, sizin bank hesabınıza pul köçürən deyil. Amma dövlət bu funksiyanı yerinə yetirir. Reallığa baxmaq lazımdır. Allaha inancı dövlət, Azərbaycan inancı ilə əvəz etməliyik. Əgər xalq olaraq dövlətə inanmırsansa, dövlət niyə xalqa inansın? İnam qarşlılıqlı olanda özünü doğruldur. Xalq yalan danışmayan, aldatmayan, oğrulamayan olanda dövlətin idarə edənlər də elə olacaq.
3. Dövlət xalqı təhsilə məcbur etməsə, xalq oxumaq öyrənmək istəməz. Xalq sürü kimi istirahət etmək , qidalanmaq və nəsil artırmaq istəyir. Kamil Zeynallı yardım aksiyasını bir-iki il də davam etdirsəydi, onu peyğəmbər, ya da İsa Məsih elan edəcəkdilər. Axı İsa da eyni şeyi edirdi: kasıblara yardım edirdi, boş səbəti ərzağa çevirirdi, korların gözünü açırdı, ölüləri dirildirdi. Kamil ən azı ölüləri diriltməsə də, qalan hamısını edirdi. Xalq onu dəstəkləyir, ardınca gedirdi. İsa Məsih də xalqı bu cür ardınca aparırdı. Xalq elm və fəlsəfə başa düşmür, ərzaq yardımını anlayır. Xalqı öz ardınca aparıb sevgisini qazandığı üçün İsa Məsih çarmıxa, Kamil isə Çarın mıxına keçdi.
4. Aşağıdakılar (xalq) və yuxarıdakılar ( iqtidar və müxalifət) arasında yeganə fərq, birinin kasıb, digərinin varlı olmasıdır. Çünki yuxarıya və aşağıya diqqətlə baxsanız onların arzuları, istəkləri, düşüncələri, yedikləri, yaşayış tərzləri m a h i y y ə t etibarı ilə eynidir. İqtidar xalqın daha inkişaf etmiş variantıdır, daha yaxşı variantı yox. Xalqın hələ ki, yaratdığı müxalifət və iqtidar budur. Xalq daha yaxşı yaşamaq üçün daha yaxşısını yaratmalıdır.
5. İslamın banisi Məhəmmədin belə ifadəsi vardı (çox güman bu ifadə ona aiddir): " SİZ ÖZÜNÜZ NECƏSİZSƏ, O CÜR DƏ İDARƏ OLUNURSUZ. BAŞÇINIZ İSƏ ÖZ İÇİNİZDƏN ÇIXIR". Yəni idarəolunmaz olmaq üçün gərək səni idarə edənlərə oxşamayasan. Misal üçün, ta qədimdən bəri bu idarə üsul mövcud olsa da, Amerika-İraq münasibətindən nümunə gətirəcəm. Amerika İraqı işğal edəndə Səddamdan sonra ölkəyə ABŞ -a tabe olan iraqlı birini rəhbər qoydu. Niyə amerikalı birini İraqa prezident qoymadı? Çünki iraqlıları yalnız iraqlı biri başa düşüb idarə edə bilər. Burda tarixi, siyasi, etnik, xalq psixologiyası var. Xalqı o adam idarə edə bilmir, nəbzini tuta bilmir ki, o xalqdan biri deyil. Xalqı idarə edən rəhbərlər həmişə xalqın içindən çıxanlar olur ki, xalqın zəif yerlərini bilirlər, xalqın nəyə hə, nəyə yox deyəcəyini qərarlaşdırıb istədiklərinə nail olurlar.
Bu gün üçün xalqa lazım olan 4 qayda:
1. TOYA VƏ YASA GETMƏYƏCƏKSƏN
Biz bilirik ki, toy və yas məclisi ədəbi, yaxud intellektual ümumxalq məclisi deyil. Ordakı insanlar intellektual səviyyəsi yüksək olan insanlar deyillər. Onlar sadə və adi istəkləri olan, həyatda başqa cür yaşamağı bilməyən insanlardı. Bura bizim valideynlərimiz, qohumlarımız, tanışlarımız aid ola bilər. Biz xalqın xeyr və şər evlərinə getməklə bu gərəksiz adət-ənəni maddi, mənəvi və psixoloji cəhətdən gücləndiririk. Pulumuzu, vaxtımızı, enerjimizi onlara sərf edərək onların mövcud olmasına kömək edirik. Sonra deyirik ki, xalq o səviyyədə deyil. Bu cür kütləvi toy və yas yerlərini bağlamaq və əvəzinə kütləvi olmayan, maddi ödəniş tələb olunmayan sırf gənclərdən ibarət məclislər yaradılmalıdır. Artıq bu cür qohumlardan ibarət toy və yas məclislərinin psixoloji olaraq dəbi keçib. Gələcəkdə yaranacaq toy və yas mərasimləri pul xərci olmadan daha mənəvi dəstəklə keçiriləcək.
2. QOYUN ƏTİ YEMƏYƏCƏKSƏN
Xalqı vegeterianlığa (veganlıq da ola bilər) təşviq etmək. Bu, xalqın düşüncəsinə və genetikasına müsbət təsir edəcək. Qoyun tez tabe olan, qorxaq və nəsil artırmağa meyilli heyvandır. Qoyun ətində yüksək təzyiq var və onu yemək insanda güclü sevişmək istəyi yaradır. Başqa ət məhsulları kimi qoyun əti də adamı qocaldır və orqanizm üçün ziyandır. Zaur Baxşəliyevin "Yağ kimi" verilişi vardı. Bir dəfə Zaur italiya səfirliyində çalışan italiyalı xanımla söhbət etdi. Bu italyan xanım azərbaycanlı qarayanız uşağı övladlığa götürmüşdü. Uşaq azərbaycanlıdır, amma breakdance edir, boşanmış qadına pis baxmır, azərbaycanca danışmır, azərbaycanlı kimi düşünmür. Zaur adı Eduardo (şərti ad) olan bu uşaqda azərbaycanlılara xas bir əlamət axtarırcasına soruşdu ki, bu uşaq hansı yeməkləri sevir? Qadın dərhal gülümsəyərək sizin yuxarıda oxuduğunuz ətin adını çəkdi: qoyun əti, kabab. İndi başa düşürəm ki, qoyun əti yemək bizim genetikamıza işləyib. O uşağın ata-anası da qoyun əti yeyən olub. Bu cümləni ki, yaxşı bilirsiz: NƏ YEYİRSƏNSƏ, OSAN.
3. EVLƏNMƏYƏCƏKSƏN
Azərbaycanlılar cinsi orqanlarını başlarından çox işlədən millət olduğundan başın hansı funksiya daşıdığını bilməlidirlər. Əslində baş ona görə lazımdır ki, fikirləşsin: ailə nədir? Necə yaranıb tarixən? Nikah nə üçün lazımdır? Niyə uşaq sahibi olmalıyam? Hansı yüksek genin daşıyıcısıyam? Ulu babam Mendeleyevlə kart oynayıb, ya babam Eynşteynlə samovar çayı içib? Evlənsəm nolacaq, evlənməsəm nolacaq? Azərbaycanlı niyə tarixən ailəni müqəddəsləşdirdi, xalq və dövlət anlayışlarını yox? Tək qalmamaq üçün, ya tək ölməmək üçün evlənirəm? Yoxsa kimsə mənə "impotent " deməsin deyə, özümü sübut etmək üçün evlənirəm? -baxın baş bu suallar üçün lazımdır.. Hər gənc bu suallara cavab tapmamış evlənməməlidir. Bizim millətin toya, yasa, qoyun əti yeməyə, evlənməyə, uşaq sahibi olmağa vaxtı var, amma düşünməyə vaxtı yoxdur? Bizim xalq istədiyi şeylərə ( toy, yas, qoyun əti, nikah, uşaq) vaxt sərf edir. Deməli, bu xalq nə istədiyini bilmir. Evlənmək istəməyən adamı nikaha məcbur etməyəcəksən. Bu həyatı başqa cür də yaşamaq olar. Kimsə başqaları kimi yaşamağa məcbur deyil. Evlənməyi dayandırıb yaxud uzunmüddətli təxirə salıb özünü təkmilləşdirmək və oxumaqla məşğul olmaq lazımdır.
4. UŞAQ SAHİBİ OLMAYACAQSAN
Bizdə özünü tərbiyələndirməyən adamlar uşaq tərbiyələndirirlər. Bizdə özünü böyütməyən adamlar uşaq böyüdürlər. Bu ölkənin gələcəyi üçün təhlükəlidir. Düşmən qıraqda deyil, içimizdədir. Bizim xalqın düşməni nə erməni, nə müxalifət, nə iqtidardır. Xalqın düşməni xalqdır. Ailə və uşaq sənin vaxtını alanlardır. Bir adamın özünə ayıracaq vaxtı yoxdursa, o özünü insan kimi inkişaf etdirə bilməz. Bu baxımdan nikah və uşaq vaxt alan şeylərdir. Maddi və mənəvi itkidir. Sən varlı, intellektual və yaxşı genetikaya sahib deyilsənsə, uşağın olmamalıdır. Azərbaycanlını yaxşılığa doğru dəyişdirmək üçün birinci, qohum evliliyinə cərimələr tətbiq olunmalı, ikinci, dövlətin dəstəyi və gücü ilə azərbaycanlıların genetikası təmiz olan seçilmiş başqa millətlə evliliyinə və uşaq sahibi olunmasına həvəsləndirilməli, üçüncüsü, genetikasında irsi xəstəliklər olan vətəndaşların uşaq sahibi olmasının qarşısı alınmalı və övladlığa uşaq götürmələri məsləhət görülməlidir. Bu üç genetik problemi həll etdikdən sonra doğulan uşaqlara cəmiyyətdə ictimai-sosial şərait yaradılmalıdır.
Bunlar öz həllini tapdıqdan sonra Azərbaycan öz avtomobilini, öz mobil telefonunu və s. istehsalına başlamalıdır. Dövlət hesabına xaricdə tibb və texnologiya ilə bağlı sahələrdə təhsil alan gənclər ölkəyə qayıtmalı və onlar üçün şərait yaradılmalıdır. Hər işləyən və maaş alan vətəndaşın maaşından dövlət 1 manat tutmalı və avtomobil zavod və telefon fabrikinin inşaasına ayırmalıdır. Əlbəttə ki, yığılan pulların bir fondda yığılması və şəffaflıq təmin olunmalıdır. Bu dediyim mərhələyə çatmağı üçün gərək azərbaycanlı yalançı, oğru, başqalarını aldadan, öz millətinə nifrət edən olmamalıdırlar. Bunların gerçəkləşməsi üçün uzun vaxt və çoxlu maddi güc lazımdır.
24 iyun 2020