Edebiyyat.az » Proza » Sevinc İbrahim - Eşq

Sevinc İbrahim - Eşq

Sevinc İbrahim - Eşq
Proza
admin
Müəllif:
13:41, 07 mart 2023
1 720
0
Sevinc İbrahim - Eşq



 "Eşq - zülmət gecədə hüzn buludlarının gəzişdiyi ulduzsuz bir səmada parlayan Aydır. Eşq - məchul bir aləmin sonsuz dənizlərində əbədiyyətə yol alan tənha gəmidir. Eşq - xəzan çağı ana təbiət sarımtıl libasına bürünərkən səhrada açan çiçəkdir. Eşq - həm qaralmaq üzrə olan bir həzin axşam, həm də açılmağa can atan nurlu səhərdir, həm zülmət gecələri işıqlandıran on dörd gecəlik Ay, həm də doğmaq üçün tələsən əlvan Günəşdir. Və nəhayət, eşq - ümidlərinin tükəndiyi zaman səni həyata bağlayan yeganə məfhumdur." cümlələri təkrar-təkrar oxudu. Qələmi son cümlənin üzərində israrla saxlamışdı "və nəhayət, eşq - ümidlərinin tükəndiyi zaman səni həyata bağlayan yeganə məfhumdur" burada yazıçı necə də haqlı idi. Elə bil onun ürəyindən keçənləri oxumuşdu. Bu çox qəribə, bir o qədər də gözəl duyğu idi. Səni heç tanımayan, adını belə bilməyən birinin eynilə sənin düşüncələrini nə artırmadan, nə əskiltmədən öz qələminə köçürməsi... bu həm də sənin “sevdiyinin qəlbindəki özünü tapmağın” demək idi, yəni onun daxilində sənə aid nəyinsə var olduğunun xəbərçisi idi. Əlbəttə, bu, ilk deyildi. İllər idi ki, Həmid yazıçı Şəms Əlizadənin kitablarını böyük maraqla oxuyurdu. Zaman-zaman bu maraq gizli eşqə çevrilmişdi. Onun yazdığı hər cümlə Həmid üçün təmiz, şəffaf ayna kimi idi, o isə həmişə bu aynada öz əksini tapırdı. Yazıçı Həmidin qəlbinin dərinliklərində gizlətdiyi, heç bir sözlə ifadə edə bilmədiyi neçə-neçə duyğuların tərcüməçisi olmuşdu. Həmid onun kitablarını oxuduqca özü-özlüyündə bir daha sevdiyi qadını kəşf edirdi. O bu qərib eşqi 10 il, bəlkə daha çox zaman olardı ki, qəlbinin bir köşəsində gizlədib hamıdan qoruyurdu. Əziz rəfiqəsi İncidən başqa heç kəsə ürəyini aça bilmirdi. Sanki birinə söyləsə, eşqini əlindən alıb aparacaqmış kimi bir qorxu vardı içində. Həm də o düşünürdü ki, eşq toxunulmaz və müqəddəsdir, onu hər kəsə söyləməklə dəyərsizləşdirmək olmazdı.

Anasının çağırışı onu kitabdan ayırdı. Yaşlı qadın qapıda dayanıb:

- Həmid, - deyə səslədi.

- Hə, ana, eşidirəm.

- Axşam yeməyinin vaxtıdır.

- Gəlirəm. - əlindəki kitabı bağlayıb sinəsində tutaraq oturduğu skamyadan qalxdı. İri addımlarla evə doğru irəlilədi.

                    * * *

- Yox, doktor, siz düz demirsiniz.

- Məncə isə, əksinə.

- Yox-yox, mən buna heç vaxt razı olmaram!

- Mən də heç vaxt yoxsul ailənin çörək puluna göz dikmərəm.

- Amma bu sizin haqqınızdır axı...

- Xeyr, mənim bunu etməyə haqqım yoxdur.

- Siz böyük səylə çalışıb atamın həyatını xilas etmisiniz. Düşünə bilirsinizmi, doktor, əməliyyat 7 saat çəkib. Siz... siz...

- Bəli. Mən atanızın həyatını qurtardım və bu mənim insanlıq borcum idi, onu da sevərək yerinə yetirdim, - Həmid çiyinlərini çəkərək dedi. Xəfifcə gülümsəyib əlini gənc oğlanın çiyninə qoydu.

- Yox-yox, siz düz danışmırsınız, - gənc oğlan yenə etiraz etdi.

- Siz isə hələ də inad edərək mənim fikrimi dəyişəcəyimi düşünürsünüz. Sizi əmin edirəm ki, bu olmayacaq. Boşuna cəhd etməyin. 

Oğlan gözdən əlil idi. Ona görə Həmidi qucaqlamaq istəyəndə qollarını olduqca sol tərəfə meyilli uzatdı. Həmid o an məsələni başa düşüb oğlanın qollarından tutdu və özünə tərəf çəkdi. Oğlan onu bərk-bərk qucaqlayıb ağlamağa başladı.

- Yox, bu necə ola bilər axı?! Siz bunu necə edərsiniz?! - o heç cür inana bilmirdi ki, həkim öz zəhmət haqqını həqiqətənmi onlara bağışlayıb. Düşünürdü, axı hansı cərrah belə ağır ürək əməliyyatını təmənnasız, insanlıq xatirinə edərdi? Axı hansı həkim alın tərini öz əli ilə silərək "mənim bunu etməyə haqqım yoxdur" deyərdi? Yox, belə bir varlıq mütləq ki, mələk olmalıdır, yoxsa bir insan bu qədər saf qəlbli ikən çirkin bir dünyada necə yaşaya bilərdi?! Oğlan ağlayır, onun göz yaşları Həmidin ağ xalatını isladırdı. Sol çiyni demək olar ki, təmiz yaş olmuşdu. O, insanlara qarşı çox xeyirxah idi. Hər hansı bir xəstəsinin pul dərdi çəkib ziyana düşməsini istəməzdi. “Hansısa yoxsul bir xəstənin əməliyyatdan sağ çıxıb-çıxmayacağının dərdini çəkməklə yanaşı, sonra verməli olduğu zəhmət haqqını haradan tapıb verəcəyini də özünə ayrı dərd etməsi...” bax bu, Həmidin həmişə ən qorxduğu məqam idi.

Fikirləşirdi ki, onların dərdi onsuz da az deyil, niyə bir də mənə verəcəkləri pulu haradan və necə əldə edəcəklərini düşünüb çıxılmaz vəziyyətdə qalsınlar? Axı mənim vəzifəm insanlara xidmət etməkdir, onları hüznə qərq etmək yox. O, qəbul etdiyi hər xəstə ilə əməliyyat öncəsi ciddi söhbət apararaq ailənin maddi durumu ilə şəxsən maraqlanırdı. Bəlkə də, elə xeyirxahlığından irəli gəlirdi ki, o, illərdir cərrahiyyə şöbəsinin baş həkimi olaraq işlədiyi Gəncə Şəhər Xəstəxanasında həkim heyətindən tutmuş xadimələrə kimi, habelə xəstələri arasında böyüklərdən tutmuş kiçiklərə kimi hər kəsin sevimlisi olmuş və böyük rəğbət qazanmışdı.

Bu dəqiqələrdə o, qəlbində rahatlıq, yüngüllük hiss edirdi. Sanki üstündən ağır yükü qaldırıb aparmışdılar. İndi o, bütün dərd-sərini unutmuşdu. Duyduğu tək şey vardı: hər dəqiqə çiyninə bir damla göz yaşının toxunuşu... oğlanın titrək nəfəsi... qəlbinin kövrək döyüntüləri... 

Oğlanın 17 yaşı var idi. 1 il öncə yol qəzasında görmə qabiliyyətini itirmişdi. Anası o hələ azyaşlı ikən dünyasını dəyişmişdi. Onun həyatda atasından başqa heç kimi yox idi. Onu da itirməyə çox qorxurdu, tam belə bir təhlükə ilə üzləşərkən Həmid təhlükəni ustalıqla aradan qaldırmışdı. 7 saat davam edən əməliyyat uğurla başa çatmışdı. Oğlan ona minnətdar idi və bunun müqabilində nəyin bahasına olursa-olsun Həmidin zəhmət haqqını ödəməyi özünə söz verərək bankdan kredit götürmüşdü. Götürərkən imzaladığı müqaviləyə görə borc 3 ay ərzində hissə-hissə qaytarılmalı idi. Bu, əlil və yoxsul gənc tərəfindən düşünülmədən atılmış addım idi. Toxuculuq işləri ilə gündəlik çörək pulunu ancaq çıxaran adam böyük məbləğdə olan borcu 3 aya bağlaya bilərdimi? Oğlan dünən palatada atası ilə danışarkən Həmid bütün bunlara qapı arxasında qulaq yoldaşı olmuş, dəhşət içərisində oradan uzaqlaşmışdı. “İlahi, on yeddicə yaşlı, əlil, kimsəsiz gənc belə bir yükün altına necə risk edib girə bilər?! Aman Tanrım! Mən o pulu alsam, zalım olaram, heç vaxt özümü bağışlamaram.” deyə ürəyində düşünmüşdü. Hal-hazırda isə... çiyninə dəyən göz yaşları onun könlünə sevinc toxumu səpirdi. Bir fağırı sıxıntıdan qurtarmaq... - bu, ölü bir bədənə yenidən ruh vermək demək idi.

* * *

Həzin bir axşam çağı Günəş batmağa hazırlaşarkən...

Ümidlə parlayan dəniz mavisi gözlər… yaz küləyinin dalğalandırdığı uzun, tünd bənövşəyi, qıvrım saçlar... üzərinə məmnunluq ifadəsi qonmuş al-qırmızı yanaqlar... təbəssüm edən zərif dodaqlar... Şəms dəniz kənarında, üzü dənizə sarı, Həmidlə yanaşı oturmuşdu. Həmid qızın gözəlliyinin sehrinə düşmüş, hüsnü-camalı onu məftun etmişdi. Sanki qarşısındakı insan deyil, möhtəşəm bir təbiət mənzərəsi idi. Toxunulması imkansız, çünki nə qədər yaxındırsa, bir o qədər uzaq idi... Həmidə qalan sadəcə seyr etmək idi... o, gecə-gündüz könül sarayı şahzadəsinin seyrinə dalır və bundan doymurdu... Bir azdan Şəms sükutu pozdu: 

- Həmid...

“Bu... necə səsdir... hələ onun tələffüz etdiyi ad... həqiqətənmi mənim adımdır?!” Onun səsi bu ada ecazkar gözəllik qataraq tanınmaz hala salmışdı. Həmid elə hey onun gözlərinin içinə baxır... yenə baxırdı... səsini duyar-duymaz o sonsuz dəniz gözlərin dərin maviliklərində qərq oldu... ”Bu qadın mələkdirmi?! Yoxsa eşqdirmi onu mənim gözümdə ilahiləşdirən?!...”

Səhər saat 9-un yarısı idi. Həmid qəfil gözlərini açdı. Günəş işığı otağa dolmuşdu. “İlahi, bu nə yuxu idi belə?! Kaş ki bitməsəydi... ya da yox, kaş ki bu, yuxu deyil, gerçək olsaydı... Ah, o mənə necə də yaxın idi... kaş saçlarını oxşaya bilsəydim, əllərini əllərimdə hiss edib köksümə sıxa bilsəydim...” gözləri yaşardı. Dişlərini bir-birinə qısıb gözlərini bərk yumdu “kaş dünyada "kaş" deyilən bir anlayış olmayaydı” deyə düşündü. Göz yaşını silib, bir neçə dəqiqə hərəkətsiz şəkildə uzandı. Birdən gözləri divardakı saata ilişdi. Saat 10-a işləyirdi. "Mən 10-da xəstəxanada olmalıyam" yavaşca dillənib yatağından dik atıldı. Alnına tökülən saçlarını arxaya çəkdi. Saçları düz, ipək kimi yumşaq və bir o qədər dolğun idi.

Bu gün gözəl gündür, çünki 1 həftə öncə üzərində açıq ürək əməliyyatı etdiyi adam bu gün evə buraxılırdı. Bəli, bu, təcrübəli cərrah üçün əvəzolunmaz mükafat idi və məhz bu gün o öz canlı əsərinin şahidi olacaqdı.

* * *

Balaca bir evin balaca həyəti... bu həyət ağac və gül-çiçəklə zəngin idi. Hüzur dolu səssizlik... yenə söyüd kölgəsi... yenə həmin skamya... Həmid həmişəki yerində oturub kitab oxuyurdu. Yenə hər cümlənin üzərində dayanır, sol əli çənəsində düşüncələrə dalırdı. Bu, aylar öncə nəşr olunmuş və qısa bir zamanda böyük oxucu kütləsi qazanmış "Məhəbbətin rəngi" kitabı idi. Yazıçının digər kitablarından fərqli olaraq 520 səhifəlik bu kitab roman deyildi. Burada o öz duyğu-düşüncələrini qələmə almışdı. Həmid istəsəydi, onu bir günə bitirərdi, ancaq o, oxuduğu hər cümləni ayrı-ayrılıqda incələyir, həqiqi mənasını anlamağa çalışırdı. Kitabı artıq 4 gün idi ki, oxuyurdu. Hələ 70 səhifə qalmışdı, lakin bitməsini heç istəmirdi, çünki onu oxuyarkən sanki sevdiyi qadının kitabını deyil də, onun özünü oxuyurdu. Hər sətirdə onu daha yaxından tanıyır, daxili aləminə səyahət edirdi.

"Eşq cəmi üç hərfdən ibarət kiçik bir sözdür, ancaq bilirsənmi, o, qəlblərdə necə böyük yerləri zəbt edir? O bütün bədəni, ruhu özünə tabe edir. O bəzən qəlbdə qalanan bir oddur, bəzən isə oda çilənən su. Bəzən bir küləkdir, həzin-həzin əsib keçər, ancaq özündən sonra dərin izlər buraxar, bəzən də o, leysan yağışdır, yağaraq büsbütün qəlbi isladar, sonra o yağış dayanar, lakin qoxusu bir ömürlük qəlbə hopar." – “Eşq həm də əcəldir - ağlın əcəli. Əlindən hara qaçırsan qaç, o mütləq səni tapar.” - Həmid sakit səslə əlavə etdi. Gözünün üstünə düşən saçı qulağının ardına qoydu, ancaq külək yenə eyni şəkildə saçlarını onun alnına tökdü. Bu dəfə o bunun fərqində belə olmadı, çünki növbəti cümlənin təsiri altında idi. Külək də onun ipək saçlarını istədiyi yönə xəfifcə dalğalandırırdı. "Uzaqdan sevmək... səndən klometrlərcə uzaqda olan birinin ruhunu ruhunda, qəlbini qəlbində, gözlərini gözlərində, əllərini əllərində bütün varlığı ilə hiss etmək... gecələri intizarla gözləyib yuxularında onunla görüşmək... sabahın açılmasını dərd etmək... Əziz dost, biliirsənmi, bu necə hissdir? Həm sevinc dolu, həm də kədərlidir; həm gülüşünün səbəbkarı, həm də göz yaşıdır; həm şirin xəyal, həm də acı gerçəkdir. Yox, bu hissləri ifadə etmək üçün sözlər yetərsizdir! Axı bunları yaşamayan necə anlaya bilər?!" bitməsindən qorxaraq yavaş-yavaş oxuduğu kitab artıq bitmişdi. Başını qaldırıb dərin köks ötürdü. Solğun mavi gözlərini başı üstündəki ağacın silkələnən budaqlarına dikmişdi. Keçən dəfə "Həyatın qaranlıq tuneli" kitabını bitirəndə də belə kədərlənmişdi. O, Şəmsin kitablarını oxuyanda onunla həmsöhbət olur, bir növ dərdləşirdilər. Buna görə hər dəfə kitabların sonuna çatanda o, həsrətli bir ayrılıq hissi yaşayırdı. Həyət qapısı yavaşca döyüldü. Həmid qalxıb qapını açdı. Qapı ağzında çiyninə kimi qara qıvrım saçlı qız dayanmışdı. Həmidi görər-görməz gülümsəyib içəri girdi. Gözləri sevgilə parlayırdı. 

- Ah, İnci, nə yaxşı gəldin, - Həmid dedi. Gözlərini yumub qızı bərk qucaqladı. Əlini dostca kürəyində gəzdirdi.

- Səncə, gəlməyə bilərdimmi? axı bu gün...

- Bu gün nə?

- Bu gün sənin.

- hə, 37, yox-yox 38...

- yaşın olur. - İnci başı ilə təsdiqləyib cümləni   tamamladı.

- Səhər ana təbrik etmişdi. Sonradan bilmirəm, necə olubsa, ad günüm yadımdan çıxıb. Ehtimal ki, səbəbkar bu kitabdır. Son 4 gündür fikirlərim tamamilə ona köklənib, amma, təəssüf, bu gün bitirdim.

- "Məhəbbətin rəngi" - bu kitabı mən də çox sevmişdim. Elə maraqlı idi ki... - İnci kitabı əlinə alıb qoxusunu içinə çəkdi. Birdən nəsə yadına düşdü, kitabı örtüb Həmidə qaytardı:

- Gəl oturaq, istəyirsən. Sənə hədiyyəm və çox gözəl xəbərim var, - dedi. Birlikdə skamyada əyləşdilər.

- Hə, deməli, belə. Düşünürəm, sən bir rəssamdan rəsm əsərindən başqa hədiyyə gözləməzsən, eləmi? - burada kiçik bir təbəssüm etdi, - 1 həftə bu rəsmin üzərində işlədim, nəhayət, dünən gecə bitirdim. Bunu sənin üçün böyük sevgilə və əlimlə deyil, ürəyimlə çəkmişəm, buyur, - deyərək əlindəki çərçivəni Həmidə uzatdı. Həmid onu alar-almaz həvəslə örtüyü qaldırdı, elə o an yerindəcə donub qaldı. O... yenə o... hər yerdə o... Bu, Şəms idi, qarşısında dayanmışdı. Dəqiqələr keçdi beləcə... həyətdəki sükutu arabir əsən külək pozurdu. 

- Yaxın günlərdə qəbul edəcəyin xəstən, ya əməliyyatın var? - İnci soruşdu.

Ancaq Həmid onu eşitmirdi. Gözləri şəkilə elə kilidlənib qalmışdı ki, deyərdin, elə bil qarşısındakı canlı adam idi.

- Həmid, - İnci səslədi. Sol əli ilə onun sağ çiynini tutub azca sıxdı. Sualını təkrar etdi.

Həmid çərçivəni sinəsinə söykəyib qollarını üzərində birləşdirərək:

- Qarşıdakı üç gün boşam. Bir də ayın 11-dən sonra əməliyyatlarım olacaq. 2-3 xəstəm artıq yazılıblar.

- Çox yaxşı, demək, biz Bakıya gedib qayıda bilərik. Hələ gələndən sonra bir gün dincələ də bilərsən.

- Bakıya? Kim gedir? - Həmid təəccüblə soruşdu.

- Sabah saat 3-də Bakı kitab mərkəzində Şəms Əlizadənin "Dünyanın göz yaşları" adlı kitabının təqdimatı olacaq. Hələ eşitmişəm ki, oxucularına imzalı kitab da hədiyyə edəcək. Mən sabah ora getməyi düşünürəm. Sevdiyim yazıçının yeni kitabı... üstəlik imzalı olaraq hədiyyə edilməsi, bunu qaçıra bilmərəm. Amma bu dəfə tək yox, səninlə getmək istəyirəm.

- Sabah. Bakı. Şəms. Ah, yox-yox!

- Bax, Həmid, sən neçə ildir, o qadını sevirsən, kitablarında onunla yaşayırsan və bu illər ərzində o neçə-neçə kitablarının imza gününü keçirib, ancaq sən bir dəfə də olsun, iştirak etməmisən. Nəyə görə? Hisslərini etiraf etməkdə bu qədərmi cəsarətsizsən?

- Yox, bu cəsarətsizlik deyil.

- Onda qürurdur.

- Yox, o heç deyil!

- Nədir bəs?

- Bu, eşqini dilə gətirə bilməməkdir. Bu həm də doğru anlaşılmamaq qorxusudur. Axı o məni tanımır... yox, mən bir ömür eşqimə kölə olaram, həsrətimlə baş-başa qalaram, bir də bu... - əlindəki rəsmi işarə etdi, - rəsminin seyrinə dalıb yanımdadır sanaram, gecə-gündüz xəyalı ilə danışaram... gör necə gözəl gülümsəyir... - barmaqlarını yavaş-yavaş rəsmin üzərində gəzdirdi, - mən onun bircə bu gülüşünə həyatımı bağışlayaram... yox, sən məni gerçəklər dünyasına aparma. Mən öz xəyal aləmimdə hər gün onunla xoşbəxt olaram... 

- Xəyal aləmində yalnız xəyallar olur, xoşbəxtlik isə həyatda var olan bir gerçəkdir. Bunları qarışdırma. Bir də valideynlərini düşün. Onları məhv edirsən.

- Bilirəm, - Həmid başını aşağı salaraq dolan gözlərini gizləməyə çalışdı, - mənə "evlən" deyirlər, amma bu... bu, eşqə xəyanətdir.

- Ağlama, - İnci əlini qaldırıb onun göz yaşını sildi. O ən yaxın dostunun acı çəkməsinə dözə bilmirdi. Axı Həmid buna layiq deyildi. O, həlim xasiyyətli, səmimi və dürüst biri idi. Hansı günahına görə Tanrı ona belə bir əzab göndərmişdi? Sanki hər gün işgəncə görürdü. Bütün bunlar bir an olsun İncinin diqqətindən yayınmırdı, o qəti qərara gəlmişdi. Nə olur-olsun sabahkı imza gününə Həmid mütləq gedəcəkdi.

- Amma buna son vermək lazımdır.

- Mümkün deyil.

- Mümkündür! - İnci etiraz etdi: - sabah   mütləq birlikdə gedəcəyik, - əlavə etdi. 

- Yox, getsəm də, ona ürəyimi aça bilməyəcəyəm.

- Eybi yox, mən deyərəm, onsuz sənin nə çəkdiyini səndən az bilmirəm. Onu necə sevdiyini, həsrətin səni necə boğduğunu, eşqini illərlə qəlbinə necə həbs etdiyini - hər şeyi deyəcəyəm. Deyəcəyəm ki, bu eşqə sahib çıx, onu yetim buraxma.

- Yox, sən bunu necə edərsən?!

- Edərəm, görərsən.

Həmid İncini çox sevirdi. İnci onun sadəcə dostu deyil, həm də qonşusu idi. 10 yaş kiçik olmasına baxmayaraq, aralarındakı dostluq bağı illərdir, möhkəm və qırılmaz idi. Lakin Həmid hal-hazırda onun dedikləri ilə razılaşa bilmirdi. Düşünürdü ki, bu, İnci tərəfimdən edilmiş çılğınca bir hərəkət olardı. Ancaq hər halda İncini başa düşməyə çalışırdı. Axı bilirdi ki, İncinin xətri ona əziz olduğu kimi onun da xətri İnciyə əziz idi, o da öz dostunu xoşbəxt görmək istəyirdi. Elə bu məqamda ağlına bir fikir gəldi:

- Gəl belə edək, mən bir məktub yazım. Sevgimi orda...

-  Mən də aparıb çatdırım, deyim ki, dostumun sizə ürək sözləridir. Bunumu deyəcəkdin?! 

- Hə, elədir ki var.

- Yox, bunu ağlından çıxart! Belə olmayacaq. Sabah sən mənimlə gedəcəksən, - İnci özündən razı halda dedi, -  səni onunla birgə görmək istəyirəm, başa düşürsən? Səni sevdiyin qadının yanında görmək istəyirəm, - əlavə etdi. Həmid başını onun çiyninə dayamışdı. Artıq susaraq səssiz-səssiz dinləyirdi.

                    * * *

- Biz qatara tez minməli idik. Mən səhər 8-dən hazır dayanmışdım. Sən çox gec çıxdın və budur, saat 5-ə işləyir, biz isə 3-də baş tutmuş kitab təqdimatına gedirik. Necə də gülünc səslənir! Amma gec də olsa, səni evdən çıxara bildiyimə sevindim, - İnci üzünə düşən saçını kənara çəkərək dedi.

- Sənin... sadəcə sənin xətrinə. Yoxsa məni bilirsən, kədərimi də, sevincimi də içimdə yaşayan adamam.

- Və yenə mənim xətrimə bu gün eşqini etiraf edəcəksən. Ümid edirəm, hələ getməyib, ordadır, - İnci gülümsünərək dedi. Həmiddən cavab gözlədi. Həmid isə dərin köks ötürüb, saçlarını qulağının ardına keçirərək üzünü başqa səmtə çevirdi. İncinin dediklərinə cavab verməsə də, hələ o barədə düşünürdü. “Etiraf etmək... eşqi... illərin həsrətini... hər gecə yazdığım şeirləri... kitablarında altından xətt çəkdiyim sətirləri... İlahi, axı bu duyğuları cümlələrə necə sığdırmaq olar?!” Onu əsas bir şey narahat edirdi. Düşünürdü ki, fikrini toplayıb ürəyindəkiləri söyləməyə hazır ikən - ah, o an adicə səs kifayət edər ki, hər şey darmadağın olsun.

Cəsarət... dünyada onun kimi azad ikinci duyğu varmı? O asanlıqla sərhədləri aşar, imkansızları mümkün qılar. Cəsarətli adamlar ruhi iztirablara nisbətən az məruz qalırlar, çünki onlar həyatı və baş verənləri olduqca real qiymətləndirir, hiss və duyğuları rahat şəkildə dilə gətirirlər.

- Bakını çox sevirəm, - uzun bir səssizlikdən sonra yenə İnci sükutu pozdu.

- Mən də... amma nədənsə həmişə bura gələndə öz şəhərim üçün darıxıram.

- Əlbəttə, biz Gəncədə doğulub böyümüşük. Ona görə bura gələndə darıxmağımız təbii haldır, ancaq Bakı... buranın məndə yeri başqadır. Bakı ilə bağlı o qədər xatirələrim var ki... Yadıma gəlir, hələ universitetdə oxuyanda hər il tətildə bura xalamgilə gəlirdim. O vaxt xalamgil Bulvar tərəfdə yaşayırdılar, eyvandan baxanda dəniz görünürdü...

- Mən isə universitetdə oxuduğum vaxtlar tətildə Londondan bura qaçmağa fürsət tapa bilmirdim. Demək olar ki, hər il tətildə praktikalara gedirdik, əksər əməliyyatlarda iştirak edirdik. Çox maraqlı illər idi, ancaq atam, anam yadıma düşəndə elə darıxırdım... içimdə qəribə qorxu var idi. Elə bilirdim, mənsiz onlara nəsə olacaq.

- Həyat qəribədir, indi o əməliyyatları özün edirsən, - İnci dalğın bir səslə dedi.

- Elədir... - Həmid yaz küləyi arxaya doğru daranmış qəhvəyi saçlarını azacıq tərpədərkən təbəssümlə dedi.

Budur, Bakı kitab mərkəzinin düz qarşısında idilər. İçəri girdilər. Həmidi dərin bir həyəcan bürüdü. Bir an elə hiss etdi ki, hamının nəzəri ondadır. Əynində açıq boz, dizindən azca yuxarı plaş və ağ şalvar vardı. Gün eynəyini qaldırıb başının üzərinə qoydu. Diqqətlə ətrafa göz gəzdirməyə başladı. Təqdimat mərasimi çoxdan bitmişdi. İndi sadəcə ortalıqda gəzişən bir neçə nəfər, rəflərin qarşısında dayanıb kitab seçən oxucular, tək-tük kitab oxuyanlar gözə dəyirdi. Birdən gözləri bir nöqtəyə ilişdi. Odur! Odur! Özüdür ki, var. Buradadır, həm də çox yaxında... Şəms kitab rəflərindən birinin qarşısında dayanıb 2-3 oxucu ilə söhbət edirdi. Görünür, sağollaşmaq üzrə idilər, ancaq Həmid ondan başqa heç nəyi, heç kimi, yanındakıları belə görmürdü. Bu dəqiqələrdə yalnız onu görür, yalnız ona doğru sürətlə addımlayırdı. “İlahi, bu nədir belə?!” ürəyində düşündü. Ağlı inkar etsə də, ayaqları sözə baxmırdı. O öz bədəninə hakim kəsilə bilmirdi, çünki bu gün eşqi ayaq açıb yeriyirdi. Nəhayət, o, ayaq saxladı, gedə bilməsi üçün aralarında məsafə qalmamışdı. Könül sarayı şəhzadəsi büsbütün varlığı ilə qarşısında dayanmışdı. İndi əksinə, tərpənə bilmirdi, ayaqları durduğu yerə kilidlənmiş, gözləri bir nöqtəyə dikilmişdi. Birdən hiss etdi ki, Şəms də ona baxır.

Beləcə iki cüt mavi gözün kövrək baxışları toqquşdu... bir-birlərinin dəniz gözlərindəki mavi dərinliklərdə qeyb oldular. Sanki gözlənilmədən qarşılaşmışdılar, elə bil tale onları qəflətən üz-üzə, bir araya gətirmişdi. Sanki bu iki qəlb, bu iki can illərlə bu anın həsrətində imiş, sanki bu iki cüt mavi göz illərdir, vüsal eşqilə yanırmış... İndi cümlələr bitmiş, kəlmələr tükənmiş, dillər lal olmuşdu. Gözlər danışırdı. Bu səssiz, sözsüz danışıq əbədiyyət nəğməsi ilə müşayiət olunurdu. Birdən yavaşca, həlim səslə:

- Mən... mən səni görməyi o qədər, amma o qədər... - Şəms dedi. Gözlərini hələ də Həmidin gözlərindən ayırmamışdı. Bir an dili tutuldu. Sonra qırıq-qırıq səslə: - çox arzulayırdım ki... - cümləsini tamamladı. Dərin nəfəs alıb davam etdi, - Sən.. axı haradan biləsən ki, mən illərdir, uzaq bir eşqin əsiri olmu... - sözünü bitirə bilməyib başını aşağı saldı.

Həmid yerində donub qalmışdı. Dəqiqələrdir, cəsarətini toplayıb demək istədiyi cümləni artıq Şəms ikisinin də yerinə demişdi. Bilirsinizmi, bu necə bir hissdir? Birini gizli-gizli, uzaqdan, ümidsizcə sevərkən anidən eyni duyğuları onun da yaşadığının şahidi olursan. Bir-birindən xəbərsiz iki aşiq həsrətlə yanarkən qəfil vüsalın peyda olması heyrətedici məqam idi.

- Sən 12 il əvvəl anamı, mənim anamı əcəlin yaxasından qoparıb həyata qaytarmısan, - yenicə yaşarmış gözlərini sildi, - o vaxt atam anamı Gəncəyə aparanda məni burada əmimgilə qoymuşdu. Mən anama çox bağlı idim. Ona görə atam əməliyyat uğursuz və ya nəticəsiz bitərsə, bunun mənə təsir edəcəyindən qorxurdu. Mən iki həftə ağladım... sızladım... iki həftə sonra anam sağ-salamat evimizə qayıtdı. Hər keçən gün vəziyyəti daha da yaxşılaşırdı. Neçə illər idi, əziyyət çəkdiyi ürək çatışmazlığından əsər qalmamışdı. Bir gün atam mənə dedi ki, - udqunaraq nəfəsini dərdi, - dedi ki, doktor Həmid Rəcəbli, yəni, sən bu əməliyyatı bizdən heç nə ummadan, təmənnasız həyata keçirmisən. Bu bizim üçün bilirsənmi, nə demək idi?! Biz atamın təqaüdü ilə dolanan ailə idik. Mən hələ universiteti bitirməmişdim, işləmirdim. Sən isə ailədaxili böhran yaşadığımız vaxtda öz haqqını bizə bağışlamışdın. O gündən mən səndəki insanlığa vuruldum, könlümdə bir taxt qurdun. Nə vaxtsa səni görmək, bərk-bərk qucaqlamaq... həmişə əlçatmaz xəyalım idi. Sən... sən heç bilmirsən, hər dəfə səni televizorda görəndə... - gözlərini yumub başını buladı, - günlərlə özümə gələ bilmirəm, düşünürəm, İlahi, bir insan bir insana bu qədər uzaq olarmı?!

Həmid dalğın-dalğın hüznlü səslə:

- Sən də... sən də heç bilmirsən, illərdir, kitablarında səninlə danışdığımı, eşqini misralara düzüb şəninə şeirlər qoşduğumu, dalıb-dalıb xəyallarda sənə qovuşduğumu...

Şəms heyrət içində:

- Bu... bu, mözücədir! 

Yenə kəlmələr tükəndi, dillər lal oldu. Yenə iki cüt mavi gözün kövrək baxışları toqquşdu. Lakin bu dəfə ikisi də sevinc yaşları ilə dolmuşdu. Üzlərində xəfif bir təbəssüm vardı. Həmid iki addım irəli gedərək qollarını qaldırıb ilk dəfə sevdiyi qadını bağrına basdı, qollarını bərk-bərk ona doladı... bu necə inanılmaz, təsvirsiz bir duyğu idi... Sevdiyinin çiyinlərini öz çiyinlərinə dayamaq, onun döyüntülərini öz qəlbində hiss etmək... yox-yox, bu heç vaxt gerçək ola bilməzdi. Gördükləri ya yuxu, ya da xəyal olmalı idi... tam belə bir düşüncədə ikən gerçək qulağına pıçıldadı "mənəm" Bəli, bu nə yuxu, nə də ki xəyal idi. Bu, gerçəyin özü idi və həyat aramla davam edirdi...

 

Yazıldı: 11-17.04.2020

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)