Edebiyyat.az » Proza » NURƏDDİN ƏDİLOĞLU - QARA CAMIŞ(hekayə)

NURƏDDİN ƏDİLOĞLU - QARA CAMIŞ(hekayə)

NURƏDDİN ƏDİLOĞLU - QARA CAMIŞ(hekayə)
Proza
admin
Müəllif:
21:01, 08 mart 2023
1 899
0
NURƏDDİN ƏDİLOĞLU - QARA CAMIŞ (hekayə)






Barlı - bərəkətli isti təndir çörəyinin ətrinə bələnən uşaq dünyamızın al-əlvan çağıydı; o gözəl, qayğısız, yorulub, bəs deyənəcən oynadığımız günlərimiz nağıla bənzəyərdi. Bəzən nadinc uşaqlarla hoppanıb örüşdən qayıdan mal-qaranın belinə minər, quyruğundan sallanardıq. O zaman bir çox yaşıdlarım kimi mən də adına “fil” deyilən heyvanı rəngli kitab səhifələrində, bir də kənd klubunda baxdığım hind kinolarında görmüşdüm. Ancaq elə sanırdım ki, göz açandan həyətimizdə gördüyüm Qara Camış dünyanın ən nəhəng, gözəl-göyçək heyvanıdır. Heyvana gözəl-göyçək deməklə, bəlkə, bir az ağ elədim. Amma bizim qoca (Bağdagül nənə) Qara Camışı “mənim gözəlim” deyə, əzizləyib nazlayardı. Ən çox sağmal vədələrində qocam camışı elə şövqlə oxşayırdı ki, adam Allahın dilsiz-ağızsız heyvanına da həsəd aparırdı. Hərdən mənə elə gəlirdi ki, qocam Qara Camışı bizdən – yəni öz nəvələrindən də çox istəyir. Qara Camış cınqırını çıxaran kimi qocam tez onun yanına yürüyərdi: “Hə, nədi? Su istəyirsən, ya ot? Gəldim, mənim maralım!” On iki taxtalıq allı-güllü gen tumanının ətəklərini bir əlində dəstələyib, o biri əli ilə heyvanı tumarlayıb, qaşovlayırdı. Camış ətli gövdəsini yırğalaya-yırğalaya qocama naz eləyirdi; gah quyruğunu yellədib, başını bulayardı, gah da burnunu onun pal-paltarına sürtüb iyləyə-iyləyə, astadan səs çıxarıb sanki öz dilində təşəkkürünü bildirərdi.

...Qocam Qara Camışı digər sağmal heyvanlar kimi iki öynə – səhər və axşam sağırdı; əvvəl qaşqa balağı camışın altına çəkib əmizdirir, sonra suyla tər-təmiz yuduğu əmcəklərini eydirmə deyə-deyə, sərincə avşarlardı. Ağappaq, köpüklü südün qoxusu həyət-bacanı bürüyərdi. O qoxunu və sərnicə sağılan südün şırıltısını duycaq, mən qaça-qaça qocamın yanına gələrdim. O, əvvəlcə qaş-gözünün işarəsilə mənə təpinərdi: “Ay bala, heyvanı hürküdərsən, yavaş ol!” Sonra sərnicdə xəfif-xəfif buğlanan köpüklü südü göstərib məni yanına çağırardı: “Gəl sənə süd verim, iç!” Dadından-tamından ləzzət aldığım süddən içəndən sonra mən kirimişcə dayanıb, Qara Camışın getdikcə boşalan yelininə baxardım.

Bir dəfə qonşumuz Məşədi Əliheydər kişinin oğlu Bəhmən əmi çəpərin üstündən qocama sısləndi: -Ay xala, uşağa çiy süd içirtmə, xəstələnər!..

– İraq olsun, – dedi qocam, – ay doxtur, dünyaya gözümü açandan bəri çiy süd içirəm. Kişi qızı deyərəm cavan gəlinlərə, mənim qədər iş-güc görsələr...

Yaşı doxsanı haqlamış qocamızın qıvraqlığı göz qabağındaydı. Elə buna görə də “doxtur” dediyi Bəhmən əmi onunla cəhl eləmədi: - Sizin zəmanənin adamlarına baxma, ay xala, indikilərin yanından yel ötən kimi ora-burasını tuturlar...  

Bəhmən əminin əlində tibb çantası görəndə mən həmişə kənddə kiminsə xəstələndiyini düşünürdüm. O, elə bil canlı “təcili yardım” idi; payız-qış yollar palçıq olsa da, xəstə adamların imdadına yetişərdi. Bəzən güclü sel kəndin tən ortasından keçən çayın üstündəki taxta körpünü yıxıb aparırdı. Onda Məşədi Əliheydər kişi sinəsini qabağa verib kəndin sayılıb-seçilən adamlarından pul yığıb çala-çuxur yollara çınqıl tökdürər, körpünü bərpa etdirərdi. Bircə gün də olsun kəndin aşağıbaşı ilə yuxarıbaşı arasında gediş-gəlişin kəsilməyinə fürsət verməzdi. Belə işlərdə ona hərdən dədəm də kömək edərdi.

Bir gün dədəm Qumlu Bazı deyilən yerdə kənd qəbiristanlığının ətrafını dəmir hasara aldırırdı. Örüşdən qayıdan mal-qara məzarları tapdalamasın deyə qəbiristanlığın hasara alınması hamının ürəyindən hay verirdi. Əlheydər kişi dədəmə deyirdi ki, ay qonşu, əhli-qübura hasar çəkdirməklə sən elə sağlığında özünə rəhmətlik qazandın!..

O günlərin birində axşamüstü pələtimizdən içəri iki kişi, bir qadın girdi. Qocam Qara Camışın axuruna xeyli qarpız qabığı tökmüşdü. Camış qarpız qabığını kövşəyə-kövşəyə pələdə baxırdı. Elə bil kiminsə yolunu gözləyirdi. Qocam gələnləri görcək, təəccüblə: – Bıyy, başıma xeyir, bu ki, ispalkom Leyladı, – dedi, - ay qızım, xoş gəlibsən!  Xeyir ola?

Leyla xalanın bəstə boyuna yaraşan səməni rəngli pencəyinin ətəyi dizlərinə çatırdı. Uşaq ağlımla elə bilirdim ki, pencək geyən qadınların hamısı qocam demişkən,  ispalkomdu.

– Xoş gününə gələk, Bağdagül xala, bax, ət planım kəsirdə qalıb. Gəlmişəm ki, bu camışı ətliyə aparım...

Mən ətliyin nə olduğunu anlamasam da, söhbətin bizim Qara Camışdan getdiyinə görə Leyla xaladan incidim. Qocamın da səsi titrədi: - Başına dönüm, ay qızım, sən ətliyə qısır heyvan apar, bu sağmal, yanıbalalı camışı neynirsən? Mən namaz qılıb, oruc tutan adamam, bu camışı göz görə-görə bıçaq altına göndərsəm, Allah yanında böyük günah sahibi olaram axı...

Elə bu zaman dədəm də gəlib çıxdı: - Leyla bacıya bu həyətin bütün mal-qarası qurbandır, - dedi. Görünür, dədəm bir az əvvəl qocamın söylədiyi kəlmələri eşitməmişdi. Leyla xala da dədəmin bu ürəyiaçıqlığından xoşallanıb dedi: - Ay Ədil qardaş, vallah, sənin bu camışın ətlikdə iki-üç heyvanın pulunu çıxarar, maşallah, lap fil boydadır!..

Qocam kəlağayısının ucuyla alnının, üz-gözünün tərini quruladı, sonra üzünü dədəmə tutub, həlim səslə dedi: - Bala, harda görünüb ki, sağmal heyvanı aparıb ətliyə verələr? Bir də Qara Camış bu nəvəmlə mənimdi. Sənin öz ayağında camış da var, inək də... Ətliyə versən də özün bilərsən, verməsən də...

Dədəm bığaltı qımışdı. O, indiyə kimi qocamın bir sözünü iki eləməmişdi, gülə-gülə dedi ki, ay nənə (dədəm anasına nənə deyərdi), düz deyirsən, gərək bu hökumət,- Leyla xalanı göstərdi, – bizim qapıdan əliboş qayıtmasın! Mən öz təsərrüfatımda olan heyvanlardan birini verərəm aparar. Yaxşı, hanı bəs bizim Sarı Camış, heç gözümə dəymir?

-Eh, ay oğul, sənin başın iş-gücə qarışıb, səhər çıxırsan, axşam gəlirsən. Xəbərin yoxdu, deyirlər yenə camaatın mal-qarasını aparıb qəhələ salıblar, ürəyimə damıb ki, Sarı Camışla,  qaşqa  kəlçəmiz də ordadır...

“Qəhəl” sözünü eşidən kimi Leyla xala gəldiyi adamlarla çıxıb getdi. Dədəm onları pələtdən çıxanacan ötürüb geri qayıtdı, qocama: - Ürəyini sıxma, ay nənə, sabah atı minib, gedib Sarı Camışı da, kəlçəni də gətirərəm, - dedi. Sonra tut ağacından asılmış şirli su qabına yaxınlaşdı, əl-üzünü yuyub, eyvana qalxdı. Mən qocamın ətəyini dartışdırıb soruşdum: -Qoca, ətlik nədi, qəhəl haradı?

-Bala, mal-qaranı kəsən hökumət idarəsinə ətlik deyirlər. Orada heyvanları kəsib, ətini əsgərlərə, qazamatda olanlara göndərirlər. Qaldı qəhələ – ora da kolxoz zəmisinə girən mal-qaranın tutulub saxlandığı yerin adıdı. Yiyələrindən cərimə, yəni pul almamış buraxmırlar. Axı, kəndin naxırçısı olsa, belə olmaz! Qabaqlar naxırçı olmaq üçün əldən-ayaqdan gedərdilər, amma indi heç kim naxıra getmək istəmir...

                                                           ***

...Yayda uşaqlarla kəndimizin günbatanındakı Ana İstilə çimməyə gedərdik. Gurgur çayında balıq tutar, Qırxbərənin dikdiri üstünə çıxıb, böyürtkən yığardıq. Qırxbərədən o yana kolxozun müharibə illərində saldığı tut bağı görünürdü, ondan da o yana cuhud damları. Tut bağını gəzsək də, cuhud damlarına getməyə heç birimizin hünəri çatmazdı. Mən evdən çıxanda qocam həmişə deyərdi ki, hara gedirsən get, amma zəmi xəndəyindən o tərəfə keçmə! Zəmi xəndəyi qocamın kitabında vəhşi heyvanlarla kəndimiz arasında sərhəd idi... Bəli, cuhud damlarına getməyə qorxardıq. Ona görə yox ki, orada vəhşi heyvan ola bilərdi. Kimsə özündən uydurmuşdu ki, oradakı cuhudlar müsəlman uşaqlarını tutub, qanını içirlər. Guya tutduqları uşağı çəlləyin içinə atıb, ağzını kip bağlayırlar, sonra çəlləyə o qədər mismar vururlar ki, bədəni dəlik-deşik olur. Müsəlman qanı içən o zalım cuhud nağılını kim  uydurmuşdu bilmirəm, amma görünür, kənddən çox uzağa getməsinlər deyə uşaqları əməlli-başlı qorxutmuşdu...

Qızmar yay günü göldə qurbağaların, çöldə cırcıramaların səsi bizi dəngəsər etsə də Qırxbərəni ələk-vələk edərdik. O qədər saf, həm də sadəlövh idik ki, təkcə qaniçən cuhudlar haqqındakı nağıla deyil, öz yaşıdlarımızın da uydurma söhbətlərinə inanardıq. Uşaqlardan biri deyəndə ki, atasının “Pobeda” maşını dənizdə batan gəmini dartıb çıxarıb, çoxumuzun ağzı açıla qalardı. Çünki nə dəniz görmüşdük, nə də gəmi... Kənddə az-az adamların televizoru vardı. Radioda deyirdilər ki, İsrail əsgərləri fələstinliləri qanına qəltan eləyib. O gün olmazdı ki, Aydın əmimin  yepyekə radiosu ABŞ-dan, İsraildən, Yəməndən danışmasın. Qəribəydi, bizim kəndimizdə İsrail, Abış, Yəmən adında adamlar vardı. Amma onlar bir-biri ilə  dava-dalaşsız keçinirdilər. Nənəm demişkən, yaxın qonşu kimi, dinc-farağat, əmin-amanlıq içində yaşayırdılar. Mən də elə bilirdim ki, yəqin radionun bəhs etdiyi ABŞ-ın İsrailə qohumluğu çatır, lap elə əmiuşağıdırlar. Yoxsa, Allahın müsəlman bəndələrini hər gün qanına qəltan edən İsrailə kömək etməzdi ki!.. Əmimdən eşitmişdim ki, ABŞ dünyanın hər yerində öz xaç qardaşlarını haqq-nahaq müdafiə edir. Amma qonşusu Kuba ilə yola getmir. Çünki adına Kuba deyilən məmləkət onun sözü ilə oturub-durmur. 

Bir dəfə evə  gələndə gördüm qocam  tut ağacının altındakı taxtında oturub ağı deyir. Kənar adam olsaydı, elə düşünərdi ki, qocam radiodakı xəbərlərə qulaq asıb, insafı ölmüş dünyaya yas saxlayır. Amma mən onun həmişə tək olanda xəlvətə çəkilib, ağladığının çox şahidi olmuşdum. Sakitcə gəlib oturdum yanında, qocamın yaşlı gözləri yol çəkirdi, məni görmürdü:

 

Bülbül gül barabarı,

Ceyran çöl barabarı,

Gülbədən balam öldü

Bütün el barabarı.

 

Gülbədən üzünü görmədiyim bibimin adıydı. Müharibə illərində vəfat etmişdi. Qocam deyərdi ki, cəmi altıca ayın gəliniymiş, ərini müharibəyə aparıblar. O da, birdən-birə ağır xəstələnib, dərdinə çarə tapılmayıb. Qəlbi təsəlli tapsın deyə qocam bacımın adını Gülbədən qoymuşdu. Bütün nənələr kimi qocam da nəvələrinə nağıl danışardı; amma dünyadan nakam köçən qızı haqqında danışanda ürəyi qövr eləyər, ağzında dili yanıb-qovrulardı.

...Məni görcək qocam toxdadı, gözünün yaşını silib dedi: – Al günün altında  gəzməkən yanıb qaralmısan. Gözümün nuru, get əl-üzünü yu, uzan, dincini

al, axı gün vurar səni!..

Ürəyimdə: “Bu da təzə çıxıb! Heç gün də adamı vurar?! Günün bəyəm əli-qolu var?! Yəqin qocam özündə-sözündə deyil” –   düşündüm. Və başımı onun dizlərinə qoyub, soruşdum:– Qoca, Gülbədən bibim niyə öldü?

– Nəzərə gəldi gəlin balam, nəzərə! Çaydan su aparanda paltarını çirmələyib, ayaqlarını yuyurmuş. Gözü çıxsın bədnəzər adamın, qayıdıb deyib ki, bu gəlinin nə yaman ağcamaya baldırları var, elə bil gün üzü görməyib. O gündən yazıq balam naxoşlayıb, düşdü yorğan-döşəyə... 

Mən bibimin qara paltarda çəkilən yeganə şəklini xatıraladım:– Bəs Gülbədən bacım bibimə heç oxşamır axı?

– Oxşayacaq bala. Oxşayacaq! Hələ uşaqdı, qoy böyüyüb qızlar bulağından su içsin, elə oxşayacaq ki... – Səsindən yenə kövrəldiyini duydum. Bu dəfə hiss etdim ki, qocam bacımın öz qızına oxşayacağı günü həsrətlə gözləyir. O gün, yəqin ki, bacımın gəlin köçəcəyi gün olacaqdı...

– Qoca, sən deyirdin kimsə bibimə bayatı da qoşub axı...

– Hə, Qarabucaqdan gəlmiş zənən xanəndə toyda görüb, adını öyrənib, oxuya-oxuya deyib ki:

 

Əzizim gül bədənə,

Şeh qonub gül bədənə

Bir dəstə gül olaydım

Sarılaydım Gülbədənə...

 

Mən qocamın dizlərində xumarlanıb, o toy-büsatı gözlərim önündə canlandırmağa çalışırdım. Ancaq birdən o, diksinib, ucadan:– Bıyy, – dedi, – başıma xeyir, bu camış niyə belə ertə gəlib?!

Başımı qaldırıb gördüm ki, Qara Camış pələtdən içəri girib, düz qocamın üstünə gəlir. Qocam dilləndi:– Nədi, ay maral, heç əmcəyin südlə dolmayıb, niyə tez gəlibsən, yoxsa səni incidən-zad olub?

Camış əvvəlcə fınxırdı, sonra böyürüb, səs-küy saldı. Qocam da, mən də mat-məəttəl qalmışdıq. Sonra Şimşək hürə-hürə camışın yanına gəldi. Qardaşımın Layka dediyi iti qocam Şimşək deyə çağırardı. Deyirdi müharibədən qabaq bu həyətdə nə it olub, hamısının bir adı olub, Layka-mayka nədi eyy!.. Guya gedib, göyə çıxıb? Böyük iş görüb? 

Şimşək camışa hürə-hürə həndəvərində dövrə vururdu. Camışın gözləri az qala hədəqəsindən çıxacaqdı. Hər ikimiz camışın belində qan izləri görüb, ona yaxınlaşdıq. Qocam dedi ki, bu qarğa - quzğunun işidir, camış sucaq yerdə ağınayanda dimdikləyirlər... Camışsa sanki onunla razılaşmayıb yenə böyürdü. Elə bil nəyisə başa salmağa çalışırdı. Qocam Şimşəyə acıqlanıb qovmaq istədi. Camışın yambızında, irtməyində cırmaq yerlərini görcək o, bir yerə baxdı, bir də göyə... Yerə baxanda gördü ki, mən ətəyindən yapışıb, gah ona, gah da camışa baxıram, göyə baxanda: – Allah, Allah, – dedi və gördü ki, göy üzündə ağappaq bulud topaları yerdəki ot tayaları kimi uzanıb gedir. Odur ki, təzədən cırmaq yerlərini gözdən keçirdi: – Aaaa, bu cızıqlar canavar pəncəsinin cırmağına oxşayır...

Şimşək bir-iki ağız da hürüb, sakitləşdi. Elə bil qocamın dediyini təsdiqlədi. Demə, it bayaqdan camışın dərisinə hopmuş canavarın iyini alıbmış.

– Səni görüm, ildırım vursun, gör camışı nə hala salıb, ey! Bala, sən get, Hüseynalı kişini çağır, necə olsa, mal doxturudur axı...

Şimşək da dilini çıxarıb, ləhləyə-ləhləyə mənimlə Hüseynalı kişigilə tərəf qaçdı. Ancaq o, evdə yox idi. Qocam səhər çalxaladığı nehrənin yağından bir kasa götürüb ocaqda dağ elədi, isti-isti camşın yaralarına tökdü, sonra əski parçasını yandırıb cırmaq yerlərinə basdı. Dedi: – şoqıribin dişi-dırnağı dəyən yer simləyir.

Ancaq qocamın ürəyi bununla da soyumadı, molla İbişgilə üz tutdu. Yazdırdığı duanı gətirib Qara Camışın buynuzuna bağladı. Ocaqda üzərlik yandırıb, tüstüsünü camışa verdi.

 -Neçə qərinədir, həyətimizin mal-qarasına, qoyun-quzusuna yalquzaq yaxın düşmürdü. Çünki ulu baban Məşədi Babaş elə dua yazıb qoyub ki, aylarla qamışlıqda qalsaydı belə nə oğru, nə də canavar bizim heyvana yaxın düşməzdi... Fil boydadır deyə-deyə gözə gətirdilər benava camışı...

Südü quruyandan sonra kəl almaq üçün Qara Camış uzun müddət Muğan Xolunda – Ağçaladakı qamışlıqda qalardı. Qocam zarafatla deyərdi ki, qamış ola, camış ola, özü də görməmiş ola, al əlindən görüm, necə alırsan...

İndi acgöz canavarın Qara Camışa hücum xəbəri qonum-qonşuya da yayılmışdı. Görənlər deyirdi ki, bu cırmaq yerləri tək bir canavarın işi deyil...Yazığın başı gör nələr çəkib! Qocam canavarın qarasınca deyinir, hərdən də mənə baxıb, şəhadət barmağını sirkələyirdi:–Bax, görürsən, mən sənə deyirəm; zəmi xəndəyindən o tərəfə keçmə! İndiki uşaqlar sözə qulaq asmırlar ki...

– Zəmi xəndəyindən o yana o qədər yerlər var ki... Elə biri olsun, Xudaverdi quyusu!.. Uşaqlar deyir oralarda qədimlərdə Muğan şəhəri olub...

– Sənin elə yerlərdə nə işin var? Oralar köhnə qəbiristanlıqdı. Bir də gördün ayağın düşdü boşluğa, batdın yerin təkinə...

Mixək xalam dilləndi ki: – Aaaz, ay Bağda, nə veribsən uşağa, ala bilmirsən? Deyir, aləm aləmnən, keçəl də xalamnan. Uşağı qorxuzub, ağürək eləmə... Qoy gedib ürəyi harda istəyir oynasın... Daa gəlib bizim evin yanını Eminalı qulabanına döndərməsin! Sən heyvanın qaydına qal! Marqanıslı su tök ki, yarası sonradan irinləməsin...

Kimsə dədəmi xəbər aldı və qocama məsləhət verdi ki: – Bax, nə qədər gec deyil, verin camışı ispalkom Leylaya, aparsın ətliyə. Ora onsuz da xəstə, bir də qocalıb əldən düşmüş heyvanları verirlər. Hayıfdı, sonra peşman olarsız, heyvan paymal olar. Maşallah, əti kalandır…

O hay-hayda mən də həyət-bacaya gələnlərdən xəbər alırdım ki, deyin görüm, bu Eminalı qulabanı haradı? Niyə biz yığılıb yolda top-top oynayanda hərə bir qapıdan başını çıxarıb deyir ki, ay uşaqlar, bura sizin üçün Eminalı qulabanı deyil! Çıxın gedin, oynamağa başqa yer tapın!..

Əliheydər kişi araqçınını yan qoyub, gülümsünərək dedi: - Kəndimizin aşağı başında Eminalı adlı zarafatcıl, şən, söhbətcil bir adam vardı. Onun evinin günbatan tərəfi geniş bir meydan idi. Uşaqdan böyüyə hər gün ora yığışıb, istədikləri kimi əylənərdi. Biz cavan olanda orada “Qayış döydü”, “Atmindi”, “Sultanoyunu”, “Çilingağac”, “Aşıq-aşıq”, “Bəhməngizir” oynayardıq. İndiki cavanlar heç o oyunların adını bilmir, ay bala!

 Əliheydər babanın söhbətinə maraqla qulaq asırdım. Onsuz da indi Qara Camışın qayğısına qalanlar çox idi. Ancaq dədəmin gəlişi Məşədinin söhbətini yarımçıq qoydu. Dədəm at belindəydi. Sarı Camışla qaşqa kəəni “qəhəl” deyilən yerdən çıxarıb həyətə gətirmişdi. Qocam Qara Camışa nəvazişlə baxıb dedi: – Bax, ay Maral, qızın da gəldi, Sarıqız...

Anayla-balanın görüş səhnəsinə hamı maraqla baxırdı. Onlar burunlarını bir-birinə sürtüb, boyun-boğazlarını yaladılar. Böyürə-böyürə elə bil kef-əhvallarını xəbər alırdılar. Amma ana-bala camışların sevinci uzun sürmədi. Ertəsi gün Leyla xala “MAZ” deyilən maşınla gəlib, Sarı Camışın başının üstünü kəsdirdi. Zəncirini axurdan açıb, onu güc-bəla ilə maşına mindirdilər. Sarıqız maşının taxta banından başını qaldırıb son dəfə anasına baxdı. Qara Camışın iri gözlərindən gildir-gildir yaş axırdı. Sanki o balasının bıçaq altına getdiyini hiss etmişdi. Kəsik-kəsik böyürüb inildəyirdi: “Kaş məni aparaydılar bala, axı sənə necə qıyarlar, cəmi üç-beş qarın bala doğmusan. Mənsə qocalıb əldən düşmüşəm, bir yandan da ac canavar sürüsü bədənimdə şırımlar açıb…”

Qocam  Qara Camışın bu halına kövrəlmişdi. Sarı Camışı aparandan sonra qocam qəmli-qəmli dilləndi: – Bu Sarıqız Qara Camışın yeddinci balasıydı. Bərəkətli olduğuna görə Qara Camışın balalarını qonşu kəndlərdən gəlib damazlıq üçün alıb aparıblar. Bir-ikisini də dədən dost-tanışına pay verib...

...O gün radioda Xoruz Baba uşaqlar üçün maraqlı söhbət edirdi. “Heç xoruzdan da baba olar?” deyə, şəkk eləsəm də, mən hərdən onun söhbətlərinə qulaq verirdim. Xoruz baba deyirdi ki, dünyanın harasındasa fillər futbol oynayır, eynən bizim Şimşəyə oxşayan it yarış çempionu olub, medal alıb... Heyvanların da Müdafiə Cԥmiyyəti var. Hansı mahaldasa bir camış poçtalyonluq edir. Belinə yüklənmiş məktublarla, bağlamalarla dolu kisələri ən pis hava şəraitində ünvanına çatdırır... Radio öz işindəydi. Burda isə sarı camışları ətliyə aparırdılar. Hələ üstəlik yiyələri ispalkom Leylaya yun, yumurta verib hökuməti saxlayırdı. Burda heyvanların da, insanların da taleyi hökumətdən asılı idi... Sonra radioda sağıcı və çobanlar haqqında uşaqlar şən mahnı oxudular. Bəlkə, o taxta qutunun içindəki elə mənimlə yaşıd olan uşaqların Qara Camışdan, Sarı Camışdan xəbərləri yox idi? Şəninə şeir deyib, mahnı oxuduqları sağıcının da, çobanın da üzünü görməmişdilər?!

                                                           ***

...Aradan neçə bahar, neçə qış ötdü bilmirəm. Amma bizim Qara Camışın qara gözlərindən axan yaş dayanmadı. Yazçağı arılar bağ-bağçada vızıldaya-vızıldaya gül-çiçəyin şirəsini çəkəndə, Qara Camış ot tayasının qarşısındakı yatağında uzanıb kövşək çala-çala xəyala dalardı. Elə bil gül-çiçəyin ətrini canına çəkmək istəmirdi. Camışın daha yaşamaq həvəsi qalmamışdı. Bir gün qocam məni səsləyib dedi: – Bala, bu heyvanın buynuzundakı buruq-buruq xətləri sana görüm...

Mən də başladım Qara Camışın iri buynuzlarında qabarmış burma xətləri saymağa: bir, iki, üç, dörd... on yeddi... 

– Hə, demək on yeddi bala verib... Ancaq hələ də Sarıqızın xiffətini çəkir. – Qocam belə deyib yenə gözlərini uzaqlara zillədi. Mənə elə gəldi ki, o yenə də Gülbədən bibimin uşaqlığını, gəncliyini xatırlayaraq, gəlin köçdüyü payız gününü gözünün qabağında canlandırmışdı... Mənim sevimli qocam yaman kövrəlmişdi.

...Bir yaz səhəri həyət-bacanın toyuq-cücələri hürküşüb qaraqışqırıq saldılar. Şimşək hürə-hürə Qara Camışın yatağına cumdu. Qocam eyvandaca donub qaldı. Nə fikirləşdisə, qəfildən: – Qara Camış öldü – deyib uşaq kimi hönkürdü. Biz camışın açıq havadakı yatağına sarı qaçdıq. Qocam zənnində yanılmamışdı, Qara Camış ölmüşdü. Amma bulanıq gözləri hələ də açıq idi, elə bil doymadığı canlı aləmə baxırdı. Qocamın məsləhətiylə dədəmlə əmilərim Qara Camışı basdırmaq üçün baxçamızda iri bir çala qazdılar. Qazılan yerdən o qədər balıqqulağı çıxdı ki, gəl görəsən! Qocam deyirdi ki, buralar dənizin ləpədöyəni olub. Bir ucu da gedib çıxır Qumlu Bazıya. Biz balıqqulağını daşıyıb həyətimizin su duran çökək yerlərini doldurduq, cığırlara, yollara tökdük. Camış iri olduğundan çala o qədər dərin qazılmışdı ki, qonşular da gəlib vedrəylə ağappaq balıqqulağından həyətlərinə daşıdılar. Qara Camışın ölüsü də kara gəlirdi... Balıqqulağı aparanların üz-gözündən sevinc yağırdı. Çox sonralar Qocam dedi ki, Qara Camış həyətimizin qaraçuxası idi. O öləndən sonra həyət-bacamızın qoyun-quzusu, mal-qarası azalmağa başladı. Hərdən zarafatla deyərdi ki, dədənizin dost-tanışı çoxaldıqca qoyun-quzumuz, mal-qaramız azalır!

...Bir gün mal-qaranın kövşəndən qayıtdığı vaxt qocam dedi: – A bala, gözüm uzağı seçmir, deyəsən, həyətə özgənin mal-qarası girib, get, onları qov getsin!.. Ot tayasına dadanmasınlar!..

Mən də gedib onları həyət-bacadan çıxardım, amma yolda dədəmlə rastlaşdım. Soruşdu: – Sən bu axşam vaxtı heyvanlarımızı hara aparırsan?

– Bəyəm, bunlar bizimdi? – deyə dilim topuq vura-vura soruşdum.

– Hə, ay saqqalı ağarmış, sən öz mal-qaramızı tanımırsan? Ay-hayy... – dədəmin gülümsəməyi məni ürəkləndirdi.

Axı Niftalı əmimin ad günümdə mənə pay verdiyi əbrəş qoyundan, Qara Camışdan savayı heyvan tanımırdım. Elə qocam da, o gün nədənsə öz heyvanlarımızı tanımamışdı.

...O axşam qocamın bişirdiyi dadlı balıq buğlamasını yeyəndən sonra dədəmin ürəyi qatıq istədi. Qocam kefsiz halda dilləndi: – İndi mən sənə hardan tapım gətirim, Qara Camışın bıçaqkəsməz qatığını. Ağartısız qalmışıq. Axşam-axşam qonşuya ağartı üçün getməzlər. Günün dar çağında evdən ruzi çıxarmaq yaxşı əlamət deyil...

Dədəm onu sakitləşdirdi: – Darıxma, ay nənə, o Qara Camışın cinsindən yenə tapıb gətirəcəyəm sənə...

Qocam dərindən köks ötürdü: - Hardadır indi elə heyvan? Muğanı qarış-qarış gəzəsən, eləsini bir də çətin taparsan. Ölən gündən bəri iki kərə yuxumda görmüşəm...

...Mənə elə gəldi ki, elə o gündən qocam içində Qara Camış boyda böyük dərd gəzdirir. O dərdlə yatıb, o dərdlə də durur. Və hər birimiz qocamızı fikirli görəndə yadımıza Qara Camış düşürdü...                                                                                     

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)