İmarət Cəlilqızı — Siyirmənin sağ tərəfindəkilər
Qonaq getdiyim yerdə eyvanda oturmuşdum. Ev sahibəsi Rəvanə həyətdəki əlüzyuyanın yanından səsləndi:
-Ay bacı (bizim tərəflərdə yaşca böyük qohum xanımlara “bacı” deyə xitab edirlər), incimə, hamam otağında siyirmədə sabunlar var, birini ver, burdakı lap kirtik qalıb.
Mən siyirməni açıb səliqə ilə düzülmüş sabunlardan birini götürdüm və eyvana çıxıb oradan aşağı “tut” deyə atdım. Rəvanə sabunu havada tutub baxdı, üzünu eyvana tutub:
– Bunlardan yox, ay bacı. Bunlar çimmək üçündü, kremlidi, həm də bahalı. İncimə, siyirmənin sağ tərəfindəkilərdən ver, – dedi və əlindəki sabunu xələtinin cibinə qoydu.
Mən yenidən hamam otağına qayıdıb nişan verilən yerdə cığara sabun bağlamasından bir sabun götürdüm və eyvana çıxıb aşağıda gözləyən Rəvanəyə atdım. O, həyətdəki əlüzyuyana yaxınlaşdı, sabunu yerinə qoydu, əlindəki əsgi ilə çanağı, güzgünü sildi. Onun hərəkətlərini izlədikcə məni fikir apardı. Rəvanənin səhərdən bəri həyəti süpürən, çiçəkləri sulayan, çay hazırlayan, tərəvəz yığan, ərzaq yuyub-təmizləyən, xörək bişirən, qab-qaşıq düzən, masa yığışdıran, bulaşıq yuyan, evdə səliqə-sahman yaradan əllərinə baxdım. Sonra qaldırıb öz əllərimə baxdım: bayaq sabunları bu əllərimlə götürüb atmışdım Rəvanəyə, o da əlləri ilə tutub aparmışdı, əlləri ilə qoymuşdu əlüzyuyanın kənarındakı yerinə. Güzgünü də, əlüzyuyanın böyür-başını da əlləri ilə silib parıldatmışdı. Sabunları aldığı pulu əlləri ilə qazanmış, əlləri ilə zənbilə qoymuş, evə qədər əllərində daşımış, siyirmədə ucuzunu da, bahasıni da əlləri ilə yerbəyer etmişdi… Amma qayğı, qulluq məqamı yetişəndə nədənsə bütün bədənin payına sabunların bahasını, yumşağını, təkcə əllərin payına isə ucuzunu ayırmışdı. Əhvalatın ən maraqlı — qəm içində güldürən məqamı da ondan ibarət idi ki, bədəni həmişə həmin o baha, kremli, ətirli, müalicəvi, yumşaldıcı, sakitləşdirici sabunla yuyub təravətləndirən də həmin bu əllər idi. Gün boyu, fəsil boyu, il boyu, ömür boyu daha çox zəhmət çəkən, zərərli yuyucu vasitələrlə təmizlik yaradan, zədələnməyə, çirklənməyə bədənin digər əzalarından daha çox məruz qalan və buna görə də gündə dəfələrlə yuyulmağa “məcbur olan”, amma yuyunma bəxtinə ucuz sabun düşən əllər… Şeirlərdə, dastanlarda, mahnılarda dönə-dönə vəsf edilən, xatirələr oyadan, xariqələr yaradan, amma “canına” yalnız yuyub təravətləndirdiyi bədənin hesabına arada-bərədə “lüks” sabunlar dəyən “qızıl” əllər…
Düşüncələrdən ayrılıb həyətə boylandım. Rəvanə, deyəsən, həyətdəki işini qurtarmışdı, əlüzyuyanın qarşısında dayanıb bayaq mənim ona siyirmənin sağ tərəfindən götürüb atdığım sabunla əllərini yuyurdu…
…Yazını yazdığım zaman hərdən qonşuluqdakı qoca Şəfiqə nənədən eşitdiyim bir cümləni xatırlamışdım - arabir ağır işdən quruyub çatlamış, kobudlaşmış, formasını itirmiş əllərin qaldırıb baxıaraq dərdli-dərdli:
“O dünyada mən bu əllərin cavabını necə verəcəyəm?”— deyirdi…