Edebiyyat.az » Proza » Lamiyə Məmmədova - Klara üçün gəlincik (hekayə)

Lamiyə Məmmədova - Klara üçün gəlincik (hekayə)

Lamiyə Məmmədova - Klara üçün gəlincik (hekayə)
Proza
nemət
Müəllif:
20:29, 02 iyun 2019
2 621
2
Lamiyə Məmmədova - Klara üçün gəlincik (hekayə)



 
Almanların Verden qalası üzərinə hücumu zamanı qalanı mühafizə edən 300 min fransız əsgərindən biri də mənim atam idi. Atam müharibədən qayıtmaması həyatımzı daha da çətinləşdirmişdi. Anam qonşulardan paltar gətirib yuyaraq pul qazanırdı. Atamın yoxluğu isə bizə mənəvi cəhətdən zərbə oldu. Böyük şəhərdə yaşamaq çətin idi. Qadının ailəni idarə etməsi isə iki qat çətindir. Nənəm 4 yaşlı bacıma nəzarət edirdi. Onu yedizdirir, bizə isə şam yeməyi hazırlayırdı. Yaşlı olması isə onu tez yorulmasına səbəb olurdu. Üstəlik qocalıqla əlaqədar olaraq bir neçə dərmana da ehtiyac duyurdu. Anamın qazandığı pul sadəcə ərzağa yetirdi. Bəzən yeməyimizdən kəsib nənəmə dərman almağa çalışsaq da, artıq vəziyyət elə hala gəlib çatmışdı ki, məktəbə getməyim də müşkül məsələyə çevrilmişdi. Vay o gündən ki, yağış yağardı. Köhnəlmiş ayaqqabılarımın səbəbindən həmin günü barmaqlarımın üzərində addımlamalı olurdum.
 
 Məktəbə getmək üçün yuxudan qalxıb hazırlaşdım. Səhər yeməyimiz çox az çəkirdi. Hava dumanlı və olduqca soyuq idi. Dünənki yağışın izini isə bügün də daşımalı idim. İçi nəm olan ayaqqabılarımı geyinib evdən çıxdım. Pencəyimin düymələri olmadığından yaxamı bağlaya bilmirdim. Amma dəftərimi qoltuğuma qoyub, qollarımı sinəmdə çarpazladım. Belə etdiyimdə bədənim bir qədər isindi.
 Məktəbə çatanda həyətdə uşaqlar yox idi. Hamı sinif otağında idi. Gecikmişdim. Qaça-qaça sinif otağına girdim. İcazə alıb partamın arxasına keçmək istədim. Amma gənc müəllimə məni saxladı.
 
 - Sebastian, yenə dərsə gecikmisən – deyərək qayğılı bir səslə dinləndi.
 
 - Bağışlayın, müəllimə
 
 - Bağışlamaqla iş düzəlmir. Bu artıq neçənci dəfədir ki, təkrarlanır. Üstəlik məktəbli forman da yoxdur. Sinifin bütün üslubunu pozursan.
 
 - ...
 
 - Get, valideynini çağır gəlsin.
 
 -Müəllimə, xaiş edirəm icazə verin dərsdə oturum. Daha gecikməyəcəm söz verirəm.
 
 - Sebastian, axı məsələ təkcə dərsə gecikmək deyil. Hər nə isə bütün xırdalıqları səninlə danışmaq istəmirəm. Get valideyninlə gəl. – deyərək dərsə davam etdi.
 
 Uşaqların hamısı mənə məzəmmətlə baxır, aralarında pıçıldaşırdılar. Müəllim üzünü gah lövhəyə tərəf çevirir, gah da digər uşaqlar ilə göz-gözə gələrək dərs başa salırdı. Sanki mən heç bu otağa girməmişdim, heç burada yox idim. O qədər sıxıldım ki, astaca qapını açıb çölə çıxdım. Bir xeyli pilləkənlərdə oturub düşündüm. Məktəb formasında olan uşaqların üslubunu pozurdum. Üslub. Nə qəribə sözdür belə. Amma o müəllim mənim haqqımda gerçəkləri bilmirdi. Bu səbəbdən müəllimi qınamırdım. Anamla birlikdə qonşulara gedib onların kirli paltarlarını daşımaqda anama kömək edirəm. Gecələr o qədər yorğun qayıdıram ki, səhər yuxudan oyanmağım çətin olur. Dərsə gecikirəm. Eh, bunları müəllim hardan bilsin axı.
 
 Yerimdən qalxıb ağır addımlarla pillələri endim. Bu addımlar 5-ci sinifdə oxuyan bir uşaq üçün deyildi. Qoca adamlara xas addımlar idi. Küçəmizə girəndə qərar verdim ki, bu haqda anama hələ ki, heç nə deməyim. Əvəzində başqa bir yerdə iş tapıb çalışım, pul qazanım. Balaca Sebastiana kim iş verərdi axı?! Bu sualı beynimdə vuruşdururdum ki, iki döngə aralıda kiçik məkanı olan, bütün gününü burada ayaqqabı tikmək və təmir etməklə məşğul olan Anton dayı yadıma düşdü.
 
 Onunla münasibətim yaxşı idi. Buna görə də çox düşünmədən Anton dayının yanına getdim. Qapını döyüb içəri girdim. Həmişəki kimi başını aşağı salıb ayaqqabı tikirdi. Gözündə eynək əlində iri qıyıq var idi. Başını qaldırıb üzümə baxdı:
 
 - Sebastian, xoş gəlmisən.
 
 - Çox sağ ol , Anton dayı.
 
 - Həə, nə əcəb bu saatda səndən? – deyib başını qaldırıb divardakı saata baxdı - Sən bu saatda dərsdə olmalı idin axı.
 
 - Hə olmalı idim. Amma getmədim
 
 - Niyə?
 
 - ....Anton dayı, sənin yanında mənə görə iş olar?
 
 - Sebastian, bəlli ki, vəziyyət çətindi. Yoxsa sən dərsdən qalmazdın. Gözlə bir fikirləşim görüm. Sənin kimi diribaş və mehriban köməkçini mən başqa haradan tapa bilərdim axı?! Yaxşı olar ki, burada mənə bəzi işləri görməkdə kömək edəsən.
 - Hə əlbəttə. Bu əla olar.
 
 Qəribə bir sevinc bürüdü məni. Dərsdən qalmağa məcbur idim. Bu gündən mən artıq Anton dayının yanında çalışacaqdım. Hər gün səhər tezdən qalxıb Anton dayının yanına gəlir axşam da evimizə qayıdırdım. O mənə ayaqqabı tikməyi, yamamağı öyrədirdi. Özü bu balaca otağın üstündəki kiçik mənzilində qalırdı. İşlədiyimiz otağın kədərli görünüşü var idi. Tək və kiçik pəncərədən süzülən işıq otağın bir hissəsini güclə işıqlandırırdı. Divarlarının boyası çoxdan solmuş və kirlənmişdi. Döşəmə o qədər yuyulmuşdu ki, artıq çürümüşdü. Buradan rezin qoxusuna qarışmış kif qoxusu gəlirdi. İlk günlər bu iyə dözə bilmirdim. Nəfəsim daralır, ürəyim sıxılırdı. Amma zamanla bu qoxu mənim üçün doğmalaşdı. Qoxu ilə bərabər divardakı saat tıqqıltısı və Anton dayının çəkicinin taqqıltısının birlikdə yaratdığı ritm də mənim xoşuma gəlməyə başlamışdı.
 
 Bir həftədən sonra anama artıq məktəbə getmədiyimi və Anton dayının yanında işlədiyimi deyib qazandığım pulları ovcuna qoydum. Həmin gün anamın üzündə gördüyüm kədəri bu günə qədər heç kimin üzündə görmədim. Və yəqin ki, bunu heç vaxt unutmayacam. Anam məni sinəsinə sıxıb ağladı. Soyuq su ilə paltar yumaqdan çatlamış və kobudlaşmış əlləri ilə üzümü, saçlarımı oxşadı. Sonra üzümü ovucları arasına alaraq - məni bağışla- dedi. Mən susdum. Amma içimdən qışqırıb ağlamaq keçirdi. Axı anamın bir günahı yox idi.
 
 İki həftə sonra Anton dayının yanın bir qadın gəldi. Digərlərindən fərqli olaraq o, ayaqqabı təmir etdirmək yaxud da sifariş vermək üçün gəlməmişdi.
 
 Anton dayı məni çay üçün göndərib, özləri söhbətə başladı. Mən qayıdanda qadın yox idi. Yaşlı ustam məni yanına çağırdı. Eynəyini burnunun ucuna çəkib, söhbətə başladı.
 
 - Sebastian, bir az əvvəl gələn o qadın səni evlərinə köməkçi götürmək istəyir. Mən bu ailəni yaxşı tanıyıram. Çox yaxşı və səxavətlidirlər. Burada bir həftəyə qazandığını onlar bir günə verərlər sənə. Belə olanda anan da işləmək məcburiyyətində qalmaz.
 
 Bu xəbər məni həm sevindirdi həm də bir az kədərləndirdi. Qazanacağım pul əlbətdə yaxşı idi. Amma bu balaca, qaranlıq, kif qoxan otaqda yaşlı ustamla keçirdiyim zaman mənim üçün əvəzolunmaz idi. Mən burada rahat idim. Təəssüf ki, hər zaman bizə xoş olan yerdə qala bilmirik. Bəzən seçim edərkən özümüzü yox ailəmizi, sevdiklərimizi düşünməli oluruq. O vaxt uşaq idim qərar vermək üçün o qədər də əziyyət çəkmədim. Məbləği eşidən kimi xanım Lyudanın təkifini qəbul etdim. Amma indi olsa Anton dayını tək qoymazdım. O get desə də getməzdim. Bəzi qərarların doğru ya da yanlış olduğunu çox gec anlayırıq.
 Anton dayının yanından çıxıb qaça- qaça evimizə getdim. Bu şad xəbəri anama vermək üçün çox tələsirdim. Qapımızın önünə çatanda bütün qonşuların evimizə toplaşdığını gördüm. Bir qədər yerimdə durub nə baş verdiyini anlamağa çalışdım. Niyə bütün qonşular bizdədir axı? Biz tərəflərdə insanlar qonşunun qapısına ancaq bir ölüm olanda axışırdılar. Kiçik adımlarla evə daxil oldum...
 
 Nənəmin itkisi hamımızı üzsə də, evdə çox şey dəyişmədi. Evimiz onsuz da həmişə qaranlıq səssizliyini qoruyurdu. Mən Lyuda xanımgilə gedirdim. Anam əvvəlcə qonşulara gedərkən bacımı özü ilə aparsa da daha sonra bu mümkünsüz olmağa başladı. Ona görə də məcburiyyətdən özü də getmirdi. Lyuda xanım mənə yaxşı pul verirdi. Eyni zamanda çox da işlədirdi. O qədər yorğun olurdum ki, evə gələn kimi yatırdım. Bacımla oynaya bilmirdim. Bir gün evə gələndə onu ağlayan gördüm. Qonşunun uşağında gəlincik görüb o da istəyirdi. Bacımı ağlayan görəndə ağlıma bir fikir gəldi. Düzdü bu gün də düşünəndə gülürəm amma yaxşı ki, etmişəm deyə özümə haqq verirəm. Səhər çalışdığım evə getdim. Bir neçə gün əvvəl çardaqdakı köhnə oyuncaqların arasında bir gəlincik görmüşdüm. Gəlinciyin saçları yox idi. Əynindəki donu da köhnəlmişdi. Onsuz da Lyuda xanımın qızı bu oyuncaqlarla oynamırdı. Həm də bu qədər oyuncağın içindən bircə gəlinciyin yox olmasını heç kim hiss etməzdi. Gəlinciyi pencəyimin altında gizlətdim. Axşam evə gələrkən əvvəlcə Anton dayının yanına gedib ondan rəngli iplər və qıyıq aldım. Gəlinciyə saç tikdim. Gəlinciyin saçları göy qurşağı kimi olmuşdu. O qədər gözəl idi ki,əmin oldum balaca Klara bunu çox bəyənəcək. Axşam sevinərək evə gəldim. Çünki, bacımın arzusunu reallaşdırmışdım. Evə girəndə Klara qabağıma qaçdı, mən də göy qurşağı saçları olan gəlinciyi ona uzatdım. Klaranın gözlərindəki sevinci görməniz lazımdı. Onun xoşbəxtliyini görəndə mən də çox sevindim. Və etdiyim hərəkətə görə utanmadım. Təbii ki, anam məni sorğu suala tutdu. Yalan danışdım. Lyuda xanımın verdiyini dedim. Bacımın xoşbəxtliyi cəmi 3 gün çəkdi. Lyuda xanımın qızı gəlinciyin yoxluğunu bildi. Köhnə oyuncaqları yandırmaq üçün çardaqdan düşürdük. Qız həyətin ortasına qoyulan taxta qutuya yaxınlaşıb oyuncaqlara baxdı.
 
 - Hamısını yandırın! - deyib geri addım atdı. Amma çox keçmədən nə düşündüsə yenidən qutuya yaxınlaşdı. Bir qədər üzümə baxandan sonra qutunu yan üstə aşırdı. Bütün oyuncaqlar yerə töküldü.
 
 - Mənim saçsız gəlinciyim yoxdur. O hardadır?
  Mən və digər köməkçilər qıza baxdıq. O, məni çardaqdan düşərkən görmüşdü. Odur ki, diqqətlə üzümə baxaraq
 
 - Yaramaz uşaq tez get onu gətir - dedi.
 
 - O sizin nəyinizə lazımdır axı?
 
 - Nə? Sən hələ bir mənə sual da verirsən? Balaca yaramaz oğru.
 
 - Mən oğru deyiləm. Onsuzda siz onları yandırırsınız. Onu gətirməyim nəyinizə lazımdır?
 
 - Dedim sənə get gətir.
 
 Mən bir söz demədən evimizə gəldim. Bütün yolu bacıma nə deyəcəyim, gəlinciyi ondan necə götürəcəyim barədə düşündüm. Evə girəndə onun gəlinciyi qucaqlayıb yatdığını gördüm. Gəlinciyin göy qurşağılı saçları Klaranın qızılı saçlarına qarışmışdı. Ehmalca qolunu qaldırıb gəlinciyi götürdüm. O qədər kədərli idim ki, heç bilmirdim nə edim. Gəlinciyi gətirib qıza verdim. Qız bacımın sevimli gəlinciyini həyətin ortasında alışıb yanan oyuncaq tonqalının içinə atdı. Gəlinciyin rəngli saçları yandıqca alovun dilimləri də rəngarəng olub havaya qalxırdı. Mən qıza nifrətlə baxdım. Heç bir söz demədən çıxıb evimizə gəldim.

                   *                                      *                               *

Mən yenə Anton dayının ayaqqabı təmir etdiyi otaqdayam. Anam və Anton dayı vəfat edib. Balaca Klara isə.... Klara isə heç bilmirəm haradadır. Onu anam illər öncə işləmək məcburiyyətində qaldığı üçün uşaq evinə aparıb qoydu.
 Mən Anton dayının bu balaca məkanında ayaqqabı təmir etmirəm. Burada gəlinciklər hazırlayıram. Onların rəngli saçları olur. Hamısına da eyni adı qoyuram - Göyqurşağı. Etiketlərində isə “Klara üçün gəlincik” yazıram. Bəlkə bir gün Klara hər hansısa mağazada bu gəlinciklərdən birinə rast gəlsə mütləq məni xatırlayacaq. Və əminəm ki, onu tapmağım üçün bir işarət qoyacaq. Mən balaca Klaram üçün çox darıxıram. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (2)