Edebiyyat.az » Proza » Nəcəf Əsgərzadə- Yalqızın həyatından qısa kadrlar.

Nəcəf Əsgərzadə- Yalqızın həyatından qısa kadrlar.

Nəcəf Əsgərzadə- Yalqızın həyatından qısa kadrlar.
Proza
Necef Esgerzade
Müəllif:
15:31, 15 iyun 2019
1 632
0
Bilmirəm necə danışım əsəri oxuduqca hansı hissləri keçirdiyimi.
Bilmirəm necə yazam əsəri oxuduqca hansı düşüncələrə daldığımı.

Sadəcə bir adam var mərkəzdə,
Hadisə yoxdur, demək olar, əsərdə.

Düşüncələr axını içində
Keçmişdə və indidə yaşayan adam var
Dörd divar içində.

Bədəninə hopan soyuqdəyməni hiss edərək
Yol alır evə sarı həmin adam
Yolüstü nəfsini basdıra bilmir
Baş çəkir kafeyə yox,
Kitab mağazasına.

Borxesin cənnət adlandırdığı kitablar arasında gəzinir yavaş-yavaş.
Cibindəki qəpik-quruşun səsi ucalır
Dükandakı qızın ona tuşladığı utancaq baxışlarında

Rəfdən bir kitab götürüb vərəqləyir acgözlüklə
Dostu tərifləyib bu kitabı ona
Şahın nəqqaşlarından birinin öldürülməsindən
Başlayır hadisələrin ritmik tempi.

Amma kitabı ala bilmir o.
Qıza yaxınlaşıb, tələsdiyini deyir:
"Yasa getməliyəm. Olarmı kitabı mənim üçün saxlayarsınız? Sabah gəlib götürəcəm"

Qız inanır ona. Çünki həmin adam dəfələrlə kitab alıb bu dükandan.

Qızı razı saldığına əmin olaraq evinin yolunu tutur xəstə bədəni
Evə çatanacan minbir fikirlə boğuşub ruhunu incidir,
Evinin yaxınlığında köşkdən ona çatacaq əmanəti götürüb evə qalxır.
Ayaqlar yorğun,
Bədən yorğun,
Ruh yorğunluğa qarşı mübarizədə.

Evə girdikdən sonra başlayır təhnalığın nəhayətsiz səssizliyi
Evə girdikdən sonra başlayır təkliyin qulaqbatırıcı səsi
Evə girdikdən sonra başlayır yalqızlığın geniş, ümman ənginliyi.

Təhnayam,
Təkəm,
Yalqızam
Bu dörd divar içində.

Xəstəliyə qalib gəlməliyəm,
Çöldə küləyin hayqırtısı
Yada salır
Anamın külək haqda mənə pıçıldadığı
Sözləri:

Səni külək gətirib,
Külək də aparacaq.

Şiddətlənir külək
Pəncərənin camlarını səbrsizliklə döyəcləyir.

Evdəyəm. Evdə qalmalıyam. İki gün çölə çıxmasam.
Anamın kənddən göndərdiyi nemətlərlə özümə yaxşıca qulluq etsəm.
İki günə turp kimi olaram.

Naməlum adam.
Adını bilmədiyimiz insan.

Oxucunu yazıçı adını çəkmədiyi o insanın daxili
dünyasına hiss olunmadan daxil edir.
Cümlələr axır. Yazıçı ustalıqla kilidləyir bizi əsərə.
Tanımadığımız o insanla doğmalaşdırır bizi.

Bəlkə bu elə yazıçının özüdür.
Kitabda yazılanlar yazıçının sirli həyatından qısa-qısa kardlardır.

Çünki əsərdə yaradılmış adsız obraz yazıçıdır.
Vicdanlı, qərəzsiz, əyilməyən, dürüst, istedadlı yazıçı
Bununla belə, işsiz, ədalətsizliklərə uğramış,
kimlərinsə işlərinə maneə törədən kimi, damğalanmış, ailə həyatı uğursuz olan yazıçı.

Bilmirəm. Çaşqınlıq içindəyəm sanki.

Danışır. Naməlum adam. Öz-özlüyündə.
Əhvalatlar danışır. Başına gələnləri danışır. Başına gətirilənləri danışır.
Xatirələrini bölüşür. Peşmanlıqlarını etiraf edir. Səhvlərini açıqlayır.
Həyatdan küskündür o. Həyatın gözlənilməzlikləri qəlbinə toxunub.
Ona bilərəkdən və ya bilməyərəkdən endirilmiş zərbələr qarşısında əlacsızlığı kənara çəkinməsinə səbəb olub.
Kənara çəkilə-çəkilə bir çox şeylərdən məhrum olub.

Çayniki odun üstünə qoyub anasının göndərdiyi
itburnunu dəmləyərək xəstəliyə qarşı müqavimət göstərməyə çalışır.

Bədənini xəstəliyə təslim etmir. Müqavimət göstərir.
Ruhu zəif düşür bu an.
Keçmiş yada düşür bu ərəfədə.

Uşaqlığını xatırlayır. Kəndini xatırlayır. Anasını xatırlayır. Atasını xatırlayır.
Atasıyla ova getdiyi gün gözünün qarşısında canlanır. Anası ağlayaraq onların ova getməsini heç bir vəchlə istəmir.
Naməlum qorxu sarır ananın vücudunu. Ata təskinlik verir arvadına.
Həmin gün ata və oğlu ova çıxır.

Sonradan çayını içir.
Dönür xatirələrdən.
Dönür evin içinə.
Dönür dörd divar arasına.
Dönür indiki vaxta.
Saat yavaşcadan irələyir. Zaman axır.

O burdadır, düşüncələri keçmişdə.

Ailə həyatı uğursuzluqla doludur. Səhv insanla evlənib. Onu nə yazmağa qoyur, nə də yaşamağa
İlgək kimi boğazına keçib boğur,
Yaşamağa qoymur,
Nəfəs almağa imkan vermir.

Dözür o. Bəlkə düzələr deyə
Dözür o. Anasının xətrinə.
Dözür o. "Ailəni dağıtmaq asandır. Ailəni qorumaq isə çətindir" düşündüyündən.
Amma nə o ailəni qoruya bilir
Nə də arvadı.
Çünki insanlar dəyişmir heç vaxt,
Dəyişə bilmirlər heç cürə.

Bir az düzəlir sanki. Nakam dostu yada düşür bu dəm.
Onunla bağlı xatirələri incidir bizi.
Qoşataleli insanlar deyimi o iki dostun taleyinə yazılıb sanki.

O dostunu qoruya bilməməyinin xiffətini çəkir. Dostu maşın qəzasına uğrayaraq gözlərini əbədi yumur.
Tərk edir bu yeksənəq dünyanı.
 
Ölümə çarə yoxdur, deyirlər.
Ölüm bizim o obrazımızı sarsıdır.

İlk dəfə atasının ölümüylə ölməyin nə demək olduğu anlamışdı o.
Sonradan özünü ağacdan asan qonşunun ölümü ruhunu ölümün dəhşətli duyğusuyla sarmışdı.
İndi isə özündən də çox istədiyi dostunun ölümü onu içdən yıxır.

Məni öldürməyən şey, məni gücləndirir. (Fridirix Nitsşe)
Onu yaxınlarının ölümü gücdən saldı.
Onu ölümə sürükləməyə sövq etdi.

Ədəbi mühit. Yaltaqlar məskəni.
Məddahlar məbədi. Kim yaxşıca təriflər yağdırırsa,
yuxarı pillərə yavaş-yavaş yox, sürətlə qalxır.
Öz gözləriylə görən adam bunları bizə nəql edir əsər boyu.
Qarşılaşdığı adamların zamanla əsl simasının açılması onu hər şeydən soyudur.

Nə yazıçı - yazıçı kimidir.
Nə tənqidçi - tənqidçi kimi.
Tərifçilər var hər küncdə.
Hər bucaqda.

Meydana istedadsızlar atılır utanmadan.
Utananlar istedadlılar olur.
Bir küncə qısıraraq onlar.
Yazı-pozuyla məşğul olurlar
Əvəzində isə nə alır onlar?

Yatağa uzanır, gözlərini yumub xəyala dalır.
Külək sürətini günü-gündən azalmaq əvəzinə, sürətlənir get-gedə.
Külək evə girib aparacaq onu öz sirli diyarına.

Yalquzaq əsəri. Kitabı götürüb oxumağa cəhd edir.
Elə ilk cümlələri oxuduqda kitabı qatlayıb yerinə qoyur.
Vahimə basır bədənini. Oxuya bilmir əsərin davamını.

Yalquzaq. İnsan və yalquzaq. İkili mübarizə.
Əsərin adına təkrarən baxıram.
Yalqız. Aha. Deməli belə.
Bizim bu qəhrəmanınız adı "Yalqız" mış.
Yalqız və Yalquzaq.
 
Təkcə mənəm oxşarlığı sezən?
Dönüşmə. Yalquzağın Yalqıza çevrilməsi.
Təsirlənmə. Herman Hesse effekti.

Zəng səsi. Yalqız zənglərə cavab vermək istəmir. Bilir ki, onu axtaran kimdir.
Qəzetləri oxuyub, pətənəyinə məlumatları toplayıb, onu müəyyən bir üsulla bayıra çıxarmaq istəyən
dostu Yalqıza yığdıqlarıını boşaltma məntəqəsi kimi baxır. 

Telefonu götürmək istəməsə də, götürür. Elə düşündüyü adamdır. Əvvəl salam verir. Hal-əhval soruşur. Sonra keçir əsas mətləbə. Durmadan öyrədiyi məlumatları söyləyir aramsız şəkildə. Gücü yetdiyincə içini boşaltmağa çalışır telefonun digər ucundakı Yalqıza.
Əlaqə kəsilir. Yalqız rahat nəfəs alır. Telefonu əyri qoyur ki, daha onu narahat edən olmasın.

Çayını içir. Yeməyini hazırlayıb yeyir. Keçir stolun arxasına əsər üzərində işləməyə.
İki mövzü var. Nakam dostu haqqında memuar yazır.
Bir də Şahın həyatından bəhs edən roman. İkisini bir arada aparmağa cəhd edir.
Yazdıqları Yalqızın güzgüsüdür.
Onun kardioqramıdır.
Bədənin ruhdan ayrılma nöqtəsidir.
 
Sanki onu izləyirlər. Qonşusu divarın o tərəfindən kiçik bir deşik açıb onun həyatına göz qoyur.
Guya qonşu olan o şəxs bəlkə də yaşadığı ünvana yerləşdirilmiş məxfi orqan işçisidir? Həyatdır, hər şey ola bilər.

Ölüm anbaan yaxınlaşır, deyəsən. Bezginlik ruhun içinə dolan karbon qazı kimi onu boğmağa başlayır.
 
Vicdanlı olmaq bu həyatda heç nəyə yaramır sanki.
Dürüst olmaq - ac qalmağa hazırlıqlı olmaq deməkdir.
Əyilməmək - məhdud çərçivə içində həyata tutunmağa bənzər.
İstedadlı olmaq - məhv edilməyi gözə almaq deməkdir.

Tərsinə gedən kölgələr ölkəsində başın və ayağının yerini səhv salmaq eyib deyil,
Eyib - düzə əyri, əyriyə düz deməkdir.
Eyib - həqiqətə yalan, yalana həqiqət deməkdir.

Bəs çarə nədir?
Qurtuluş hardadır?
Qalibiyyət necə əldə olunacaq?

Öldürmək - özünü dar ağacından asmaq sadəcə özünü qurtulmaq deməkdir.
Səndən sonra gələnlər sənin qədər ölümü sevən 
olmaya bilərlər.

Bir nöqtədə qırılma baş verə bilər.
Bir nöqtədə əyilmə baş verə bilər.
Bir nöqtədə sınma baş verə bilər.

Biz kimi günahlandıra bilərik ki?

Yalqız-
Yalquzaq qədər iradəli ola bilmədi.
Yalqız -
Yalquzaq kimi cəsarətli ola bilmədi.
Yalqızın yanında Herminə kimi sirdaşı olmadı.

Yalqız içindən parçalamağa başladı.
Yalqız ümidini itirdi.
Yalqız gələcəyi bulanıq gözlər ilə görürdü.
Yalqız keçmişdə ilişib qalmışdı.
Yalqız bütün uğursuzluqlarını özünün fərasətsizliyində axtarırdı.
Yalqız özünü həyata yük sayırdı.

Dibə düşmüşdü.
Quyununun dibinə
Düşüncələr quyusunun çirkli çalasına
Düşmüşdü Yalqız.

Ona heç kəs kömək etmirdi.
Ona heç kəs əl uzatmırdı.
Onu görmürdülər.
Onu görmək istəmirdilər.

Əsərdə ad yoxdur.
Ada heç ehtiyac da yoxdur.
Hər şey göz qabağındadır.
Hər şey aydındır.
Sadəcə gözlərimizi açıb diqqətlə baxmalıyıq.
Yalqızların həyatına nəzər salmalıyıq.
Onları yalqızlığa tərk etməməliyik.
Etməməliyik ki, növbəti "Yalqız" özümüz olmayaq.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)