Edebiyyat.az » Proza » X.L.Borxes - Babildə lotereya

X.L.Borxes - Babildə lotereya

X.L.Borxes - Babildə lotereya
Proza
nemət
Müəllif:
11:48, 04 iyul 2019
1 297
0
X.L.Borxes - Babildə lotereya
 


Digər babillilər kimi mən də vali olmuşam, həm də onların  hamısı  kimi qul! Qüdrətli, bədnam, dustaq biri kimi tanınmışam. Baxın:  sağ əlimin şəhadət barmağı yoxdur. Bura da  baxın:  bürüncəyimin cırığından qarnımın üstündə qırmızı döymə görsənir—bu ikinci hərfdir- “Beta”. Gecələr ay bədirlənəndə bu simvol mənə Gimel nişanlı adamlara qalib gəlmək üçün güc verir, ancaq elə ki, ay yoxa çıxır onda məni Gimel işarəlilərə boyun əyən Alef nişanlılardan  asılı edir.  Mən sübh çağının zəif işartısında  anbarda, qara mehrabın qarşısında dayanaraq müqəddəs öküzlərin boğazlarını kəsmişəm. Bir dəfə də ay bədirlənəndə gözə görünməzə çevrilmişdim— qışqırsam da, səsimi eşidən olmamışdı . Çörək oğurlasam da, heç kəs başımı kəsməmişdi. O zaman mən yunanların bilmədiyi bir şeyi öyrəndim- şübhəni. Nəfəs almağın mümkün olmadığı mis kamerada    belə ümidimi itirməmişdim;Heraklit Pontik ağızdolusu deyir ki, Pifaqor Piri xatırladırdı, ondan əvvəlsə Ebforb, ondan da əvvəl digər başqa bir həyatdan köçmüş; oxşar fanilikləri xatırlatmayım deyə mənə ölümü köməyə çağırmaq lazım deyil, bu  yalandan da olsa belə.
Mən digər xalqlarda tanınmayan,  yarımçıq və gizli şəkildə tanınan çox fərqli bir təsisatdan-  Lotereyadan-xəbərdar idim. Bu təsisatın tarixini araşdırmamışam. Bilirəm ki, müdriklər razılaşmaya bilərər. Mənim bunun böyük məqsədləri haqda sahib olduğum bilgi astrologiyadan başı çıxmayan adamın ay barəsində olan bilgiləri qədərdir. Mine elə bir başgicəlləndirici kənddir ki, burada  Lotereya ən böyük reallıq ünsürüdür;  bu günə qədər bu haqda ürəyimin gizli qalmış allahları barədə fikirləşdiyim qədər az fikirləşmişəm.  İndi mən Babildən və onun sevimli adətlərindən uzaqda Lotereya haqqında  və səhər-axşam  insanın içinə dolan küfürlü  fəhmlər barəsində  bir qədər xəcalətlə düşünürəm.
 
Atam deyərdi ki, çox əvvəllər-əsrlərmi, ya  illərmi bundan öncə?- lotereya Babildə gəlmələr tərəfindən oynanılan bir oyun olub. O, bərbərlərin adamın dəmir pullarını necə götürdüklərini ,  qarşılığında isə sümükdən və ya perqamentdən hazırlanmış və simvollarla bəzədilmiş düzbucaqlar verdiklərini danışardı (ancaq yalan olub-olmadığını deyə bilmərəm). Gündüz vaxtları isə püşkatma keçirilir, təsadüfən   üzünə şans gülənlər gümüşdən kəsilmiş pullar qazanardılar. Gördüyünüz kimi, proses sadə idi. Əlbəttə ki, “lotereyalar”  adlanan bu şeylər uğursuzluq demək idi. Onların hər hansı mənəvi gücü də yox idi; əksəriyyətinin diqqətini belə çəkmirdi . Yalnız ümidlə yaşayanlardan başqa . İctimai laqeydlik qısa vaxtda elə bir vəziyyət yaratdı ki, bu lotereyaların bu cür satışını təşkil edən tacirlər pul itgisi ilə üzləşdilər. Bəziləri yeni nələrisə sınaqdan keçirdilər – bir çox uğursuz püşklərin arasına uğurlu rəqəmlərin siyahısını daxil etdilər.
Bu yenilik o  demək idi ki, həmin rəqəmli düzbucaqları alan adamın indi iki şansı var idi: onlar böyük məbləğdə pul uda bilərdilər və ya onlardan cərimənin ödənilməsi tələb edilə bilərdi—bəzən ağlabatanı ikincisi olurdu. Təxmin elədiyiniz kimi, o kiçik risk (hər otuz “yaxşı”rəqəmlərin içində bir uğursuzu var idi) camaatın marağını alt-üst edirdi. Babillilər bilet almaq üçün dəstə ilə axışırdılar. Heç bilet almayan adam qorxaq, səfil, macəradan uzaq biri hesab olunurdu. Elə bir vaxt yetişdi ki, bu haqlı nifrət ikinci hədəfini tapdı:   tək oyunu udan yox, uduzan da cəriməni ödəməli oldu. Əgər kassaya bütün uduzanların  cərimə pulu toplanmırdısa, Şirkət (artıq indi belə adlandırırdılar) uduşu qazanan qaliblərin marağını müdafiə edirdi. Bu proses uduzanlara qarşı tətbiq olunurdu: məhkəmə onlara ya lazımi cəriməni  və məhkəmə xərclərini ödəməyi, ya da bir neçə gününü dəmir barmaqlıqlar arxasında keçirməyi şərt qoyurdu. Şirkətə etiraz üçün isə  onlar hamısı həbsxananı seçirdi. Bir çoxları tərəfindən edilən bu hərəkət Şirkətin qüdrətini-onun dini, metafizik gücünü sarsıtmışdı.
Bundan bir qədər sonra batmış rəqəmlərin elanları cərimələr siyahısından çıxarılır və sadəcə olaraq, hər uduzan rəqəm üçün təyin olunan həbsxana günləri çap olunurdu. Qısacası, həmin vaxt tamamilə gözəçarpmayan şey indi  son dərəcə əhəmiyyət kəsb edirdi:  bu, lotereyada qeyri-maddi elementlərin ilkin görüntüsü idi. Və bu, böyük uğur gətirdi. Həqiqətən də, Şirkətin öz oyunçuları  onu uğursuz püşklərin  sayını artırmağa məcbur etdi. Hamının bildiyi kimi, Babil camaatı məntiq və hətta simmetriya heyranlarıdır. Uğursuz  rəqəmlər həbsxana günləri və gecələri ilə ölçüldüyü halda, uğurlu rəqəmlərin dairəvi, gümüş dəmir pullarla ödənilməsi bir-biriylə tamamilə ziddiyət təşkil edir. Əsl  mənəviyyat adamları  dəmir pullara sahib olmağın birbaşa bu və ya digər formada xoşbəxtlik gətirdiyinə inanmırdılar.
Şəhərin aşağı zümrəsinin məhəllələri müxtəlif şikayətlərə başlamışdılar. Ruhani sinfinin üzvləri  tamamilə qumara girişərək bütün qorxu və ümidlərin faniliyindən yararlanırdı; kasıblar isə (anlaşılan və qaçılmaz paxıllıqla)özlərinin fələyin məftunedici, ehtiraslı çərxindən uzağa düşdüyünü görürdülər. Ədalətliləri və müdrikləri arzulayırdılar ki, qızğın elanlardan—zamanın zəiflətmədiyi yaddaşdan– ilhamlanmış bütün kişilər, qadınlar, kasıblar və varlılar Lotereyada bərabər şəkildə iştirak edə bilsin. Bəzi inadkarlar başa düşmürdü (və ya yalandan  başa düşmədiklərini deyirdilər) ki, bu yeni düzən tarixin zəruri mərhələsidir…. Bir qul qırmızı bilet oğurlamışdı;  bu  püşk  onun dilinin kəsilməsi  bahasına başa gəldi. Qanunnamədə də lotereya oğurluğuna görə bu cəza təyin edildi.  Bəzi babillilər qulu oğru olduğuna görə qaynar dəmirlə dağlamağa layiq gördülər, mərhəmətlilər isə iddia edirdi ki,  onu taleyin ixtiyarına buraxmaq lazımdır.  Hər yanda çaxnaşma, ürəkparçalayan qan izləri vardı, lakin Babil camaatı, nəhayət ki, varlıların müqavimətinə  baxmayaraq əzmkarlıq göstərib  bu ali məqsədlərinə tamamilə nail oldular. İlk olaraq, Şirkət bütün səlahiyyətləri öz əlinə aldı. (Yeni əməliyyatların genişliyi və mürəkkəbliyinə görə birləşmə zəruri idi ). İkincisi, Lotereya məxfi, pulsuz və hər kəs üçün açıq edildi. Püşklərin pulla satışı aradan qaldırıldı; nə vaxtsa Baalın sirlərinə maraq göstərən hər bir müstəqil şəxs birbaşa hər altmış gecə tanrının labirintlərində saxlanılan və sonrakı oyuna qədər insanın taleyini həll edən müqəddəs lotereyalarda iştirak edirdi.  Nəticələr saysız-hesabsız idi. Uğurlu püşk , adamı Magiyalar Şurasına qədər yüksəldə  və ya düşməninin (gizli və ya hamının tanıdığı) həbs edilməsi üçün ona səlahiyyət verə bilərdi. Həmçinin yarıqaranlıq, sakit otağında onu narahat edə bilən və  ya heç vaxt görə biləcəyinə ümid etmədiyi qadını tapmağa imkan verə bilərdi;    uğursuz püşk isə şikəstlik , hər cür biyabırçılıq və ölümün özünü belə bəxş edirdi. Adi bir misal – pivəxanada C-nin qətli, B-nin sirli qeybi-  otuz- qırx püşkün uğursuzluğundan irəli gəlmişdi. Birləşmə çətin idi, lakin biz unutmamalıyıq ki, Şirkətin üzvləri güclü və ağıllı idilər (hələ də elədirlər ). Bir çox hallarda müəyyən uğurlu dönüşlərin sadəcə təsadüfi olması barədə fikirlər onların gücünü azaldırdı; bunların qarşısını almaq üçün Şirkətin işçiləri təkliflərdən və hətta magiyadan da istifadə edirdilər. Getdikləri yol, apardıqları intriqalar məxfi idi. Hər kəsin gizli ümidlərinə, gizli qorxularına bələd olmaq üçün onlar astroloqlardan və cəsuslardan yararlanmağa başladılar. Orada şir heykəlləri, Qapqa adlı müqəddəs tualet quyuları, çoxlu çatlaqları olan toz basmış su kəmərləri var idi – belə bir inanc  mövcud idi ki,  bu yerlər Şirkətindir və yaxşı və ya pis niyyəti olan adamlar bu yerlərə gizli xəbərlər gətirir. Bir-birindən fərqli həqiqətləri olan sənədlər əlifba sırası ilə yığılıb saxlanılırdı.
Tanışbazlıq, rüşvətdə söhbət belə gedə bilməzdi. Şirkət öz səlahiyyətlərinə uyğun olaraq, birbaşa cavab vermirdi; bunun əvəzinə maska fabrikinin  tullantıları üzərində öz qısa arqumentini  cızma-  qara edirdi . İndi bəyanat müqəddəs kitabın arasında nömrələnib. Onun doqmatik parçalarında vurğulanırdı ki, lotereya dünya üçün bir şansdır və qeyd edilirdi ki, səhvləri qəbul etmək şansa zidd deyil, əksinə şansı artırmaq üçündür. Həmçinin vurğulanırdı ki, bu müqəddəs yerdəki  şirlər Şirkət (onlara müraciət etmək hüququndan imtina etməyərək) tərəfindən inkar edilməsə də, heç bir rəsmi zəmanət olmadan fəaliyyət göstərir. Bu şərh əhalinin narahatçılığına səbəb oldu. Bununla belə, müəlliflərin nəzərindən yayınsa da,  digər başqa təsirləri  var idi. O ciddi şəkildə Şirkətin həm ruh yüksəkliyini, həm də əməliyyatlarını dəyişdirdi. Mənim vaxtım az olsa da izah etməyə çalışacağam; bizə deyilmişdi ki, bu gəmi üzməyə hazırlaşır.
Buna baxmayaraq, inanmaq çətin idi ki, həmin vaxta qədər heç kim oyunun əsas nəzəriyyəsini yaratmağa çalışmamışdı. Babillilər qeyri-real  insanlar deyillər; onlar taleyin diktəsinə tabe olur, həyatlarını, ümidlərini buna bağlayırdılar ;     lakin heç bir zaman onlar bu labirintin qanunlarını öyrənməyə müvəffəq ola  və ya fırlanan şarların hərəkətini  aşkara çıxara bilmədilər. Bununla belə, adını çəkdiyim yarımrəsmi bəyanat bir çox qanuni və ya riyazi xarakterli mübahisələrə səbəb oldu. Bunların birindən aşağıdakı fərziyyə meydana çıxır: Əgər lotereya şansın güclülüyü, xaosun kosmosa dövri hərəkətidirsə,  o zaman  şans  lotereyanın hər cəhətinə müdaxilə  etsin , tək birinə yox. Ölüm halları – gizli və ya aşkar şəkildə, vaxtından bir saat və ya bir əsr keçən–şansa tabe olmadığı halda şansın insan ölümünü diktə etməsi cəfəngiyyat deyilmi?Nəhayət ki,  bu  ağlabatan etirazlar köklü islahata gətirib çıxartdı; yeni sistemin mürəkkəbliyi (əsrlərin sınağından daha da mürəkkəbləşmiş) yalnız mütəxəssislərin köməyi ilə çözülə bilsə də, mən simvolik də olsa onları ümumiləşdirməyə cəhd edəcəyəm.
Gəlin,  adamı ölümə məhkum edən birinci püşkü təsəvvürümüzə gətirək. Həmin fərmana uyğun olaraq, digər bir püşk keçirilir; ikinci püşkün keçirilməsi doqquz nəfərin iştirakını tələb edir. Həmin doqquz nəfərdən dördü cəlladın adını müəyyən etmək üçün üçüncü püşkü təklif edə bilərdi, ikisi uğursuz püşkü uğurlu olanla  (məsələn, xəzinə tapılması)əvəz edə bilərdi, o birisi daha sərt formada ölümə qərar verə bilərdi (işgəncənin tətbiq edildiyi şərəfsizcəsinə ölüm), digərləri isə , sadəcə, hökmün icrasını rədd edə bilərdilər. Lotereyanın bu sxemi simvolik xarakter daşıyırdı. Həqiqətdə isə, püşkün sayı sonsuz idi. Heç bir qərar qəti deyil; hamısı digərlərinə haçalanır. Ən axmaq fikir  sonsuz püşklərin sonsuz vaxt tələb etməsi fikri idi;əslində tələb olunan şey Tısbağa və yarış hekayəsində olduğu kimi həmin vaxtın sonsuz şəkildə bölünməsi idi . Bu sonsuzluq təsadüfün bir-birini əvəzləyən nömrələri ilə  və platonçuların sevimlisi olan Lotereyanın  Səmavi Prototipi ilə   tamamilə üst-üstə düşürdü. Bizim bəzi  adət -ənənələrin əks-sədası deyəsən Tiberə də  gəlib çatmışdı:  Ayeli Lampridi  “Antonini Helioqabalın Həyatı” əsərində deyirdi ki, imperator dənizdaşları üzərində nahardakı qonaqlarının taleyini yazırdı. Bəziləri  on funt qızıl; digərləri on milçək, on süleysin, on ayı alırdı. Onu da xatırladaq ki, Helioqabal eponim allahlarının kahinləri arasında Asiya azlıqları ilə böyümüşdü.
Həmçinin, məqsədi aydın olmayan sahibsiz püşklər də var idi. Bir püşkdə tələb olunurdu ki, Taproban yaqutu Evfrat sularına atılsın; digərində isə qalanın üzərində saxlanılan quş  azadlığa buraxılsın ; bir başqasında isə hər yüz ildən bir çimərlikdə olan saysız-hesabsız qum dənələrindən bir qum dənəsi götürülsün və ya əlavə olunsun. Bəzən, nəticələr dəhşətli olurdu.
Şirkətin müsbət təsiri altında indi  bizim adət-ənənələrimiz təsadüflərlə dolub. Bir düjün Dəməşq şərabı amforası alan adam onlardan hər hansı birinin  talisman və ya ilan zəhəri  olmasına təəccüblənməzdi; müqaviləni yazan mirzə heç vaxt bəzi səhvlərdən yayına bilmirdi; mən özüm də  bu tələsik şərhdə  bir qədər şişirdilmiş şəkildə, ola bilsin bir qədər qəddarcasına, həmçinin də bir qədər sirli monotonluqla təhrifə yol verdim … Dünyada ən müdrik tarixçilərimiz təsadüfi düzəltmək metodunu kəşf ediblər;hamıya məlumdur ki, bu metodun nəticələri etibarlıdır. Bununla belə, əlbəttə ki, onlar heç vaxt az da olsa yalansız nəsə deməyiblər. Bir də, Şirkətin tarixi qədər yalanlarla ləkələnmiş heçnə yoxdur. Həmin məbəddən çıxarılmış paleoqrafik sənəd dünənki püşkə də aid ola bilər, əsrlər əvvəl keçirilən püşklərə də. Hər bir nüsxəsinin arasında az da olsa ziddiyət olmayan heç bir kitab nəşr olunmur. Mirzələr səhv buraxmaq, dəyişdirməkdən ötəri  gizli and verirlər. Dolayı yalan da tətbiq edirlər.
İlahi bir təvazökarlıqla Şirkət hər şeyi ictimailəşdirməkdən uzaq gəzir. Əlbəttə ki, onun nümayəndələri  gizli saxlanılır; daimi olaraq verilən sifarişlər dələduzların alış-verişindən fərqlənmir. Kim daha çox dələduz olduğu ilə öyünə bilərdi ki? Birirdən-birə  absurd qərar verən içkili adam, qəflətən yuxudan oyanıb əllərini yanında yatmış qadınına tərəf uzadan adam-bəlkə də həmin bu adamlar Şirkətin gizli qərarlarını qəbul edənlərdir? Cürbəcür varoluşları yaradan  Allahlar kimi onlar da işlərini sakit görürlər. Biri belə bir qəribə fikir irəli sürüdü ki, Şirkət artıq yüz illərdir ki, mövcud deyil və sanki, həyatımızdakı bu qarmaqarışıqlıq tamamilə irsi, ənənəvidir ; başqa biri isə inanırdı ki, Şirkət əbədidir  və sonuncu allah kainatı məhv edənə qədər Şirkət də yaşayacaq. Ancaq bir başqası da bildirirdi ki, Şirkət qüdrətlidir, lakin təkcə xırda şeylərə təsir göstərir: quşun qışqırığına, pas və toz çalarlarına, səhər mürgüsünə. Maskalı kafirləri dinləyən biri isə deyirdi ki, Şirkət heç vaxt mövcud olmayıb və olmayacaq da. Bir qədər mənfuru isə inandırırdı ki,  bu anlaşılmaz korporasiyanın reallığını inkar və ya təsdiq etməyin heç  bir fərqi yoxdu, çünki, Babil  hədsiz-hüdudsuz təsadüf oyunundan başqa heçnə deyil.
 
 
Tərcümə: Günel Təhməzzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)