Edebiyyat.az » Proza » Məhəmməd Tanhu - Səssizlik gettosu

Məhəmməd Tanhu - Səssizlik gettosu

Məhəmməd Tanhu - Səssizlik gettosu
Proza
nemət
Müəllif:
15:18, 10 iyul 2019
1 709
0
Məhəmməd Tanhu - Səssizlik gettosu







“Tutunamayanlar”ın 15-ci fəslinə ithaf


“Sarayda nə baş verir? Heç bir şey, sadəcə səssizlik, heç bir şey”

K. Fuentes, “Terra Nostra”

 “Otaqdakı səssizlik bayırdakı səssizlik kimiydi”

V.S. Naypol, “Azad bir ölkədə”


Eynən Dostoyevksinin təsvir etdiyi çovğunlu fevral günüydü və içini məhz yay günortasından sonra başlayıb günbatanacan dincəlməyən ikindi kədəri çulğamış, onurğasında əyrilik, sol gicgahında travma olduğunu təzəcə öyrənmiş Köç Paşabəyli gövdəsinə vuran günəşin kristal şüaları altında evə qayıdanda insanın özünü dağ başına qoymağının eqoizm olub-olmamasını götür-qoy edə-edə kəsildiyi və keçdiyi müsahibə imtahanlarından kimsə xəbər-ətər öyrənmək istəyəndə həmişə sualların çətin olduğunu, komissiya üzvlərinin sir-sifətindən zəhrimar yağdığını deməsə hər şeyin yaxşı olduğunu, sualların asan olduğunu desə, istənilən adamın keçə biləcəyi imtahandan onun da keçdiyi fikri və bunun üçün özünü dağa-daşa salmağın əbəs və şişirdilmiş hal olduğu qənaətinə gələcəklərini zənn etməsi qənaətində də bir eqoizm işartısı olduğunu düşünərkən qar təbəqəsiylə örtülmüş küçələrdən ləng yeriyə-yeriyə qarı tapdalayarkən ondan çıxan xırıltıdan, nəfəs aldıqca burun pərlərindən çölə atılan aşağı temperaturlu tüstüdən xoşhallanaraq tapdalamış insan ləpirlərini izləyə-izləyə yarım saat əvvəl kirli şüşəsinə içəridən yapışdırılmış “Siqaret çəkmək qəti qadağandır” xəbərdarlığı müştərilərin sümürdüyü tütün dumanının bolluğundan zorla oxunan yolqırağı kafedə xirtdəyində qırxılmamış tüklər görünən, solğun, girdə çöhrəsində yuxusuzluq yuva salmış arıq ofisiantdan kimsə kafenin kandarından  bir nəfəri xəbər alıb yoxa çıxdığı ərəfədə tezbazar iki pivə və çərəz sifariş etdiyi vədədə yarıqaranlıq kafedə uçuşan toz zərrəciklərinə təntiməyərək baxıb lap uşaqlıqdan adət etdiyi üzrə toz dənəciklərini uçan canlı həşəratlar kimi görməyə yeltənəndə Əsədin dediyi Latın Amerikası ölkələrində uşaqlara verilən “Pablo”, “Xose” kimi gen-bol adlar bizdəki “Həsən”, “Hüseyn” adlarıyla əkiz taydır” sözlərini xatırlayıb sazaqdan don vurub qırmızılaşmış yanaqlarını güc-bəla qövsləndirərək qatı şaxtanın himayəsində ayağını sürüşməmək üçün dəqiqliklə ata-ata, gedə-gedə nə qədər gülmək mümkünsə, o qədər gülməsiylə Bakıın hər qışın bir əvvəlki qışdan sərt olması həqiqətindən uzaq olması ağlına gəldi və evlərdən kənar yiyəsiz ağacların qarşısından ötüb keçdiyinin fərqinə varanda elmi ədəbiyyatlarda “təbiətin çılpaqlaşdığı mövsüm” adlanan aylarda ləkəsiz qar bəyazlığı altında itib-batan ağacların çubuqlu dondurmaya, ləçəklərin gülə çevrildiyi metomorfoza mövsümündə topa saçlı qadın başına oxşayan sahibsiz yolkənarı ağacların gündüz ikən hələ qarın lopa-lopa deyil, qırıntı-qırıntı, təkəmseyrək səpildiyi saatlarda – yerli sakinlərin sakin qışla yaz eyni vaxtda gəlib dediyi vaxtlarda - guryapraqlı cavan budaqlarının xəfif mehdən yırğalanması, sıx yarpaqların ilğımlı asfalta düşən dinamikalı kölgəsinin ulduz-ulduz görüntüsü, iç-içə, kaleydoskopik effektini təsəvvürünə gətirməsindən məmnunluq duyduqca təkrarən Köç Əsədin ən qatı, ən kədərli əsərlərdən ağızdolusu danışsa da əsla axsatmadığı uzunmüddətli nikbinliyinin kökləri haqqında baş sındırmaqdan əvvəl tarixən, o zamankı milli etnosumuzun “barmaqsoran” vaxtlarında ibtidai insanlarımızın hüsn-xətt və rəsm dəftərləri olan yiyəsiz daş-qayalarda – mağaraların yan-yörəsində hazırda boş pivə şüşələri gördüyümüz - hazırki adıyla artıq məlumuz olduğu üzrə Qobustan qayalıqlarında dərd-qadadan uzaq şən-şaqraraq adamların yallı getdiyi rəsmlərin etnik-psixoloji tərəflərinin saf-çürük edə-edə ehtimallarını tutuşduraraq şahidi olduğumuz kimi dədə-babalardan mirasdır demək cəsarəti göstərə biləcəyimiz bir uzunmüddəli nikbinliyin indiyə daşınması faktoru bizim üçün yeni və təəccüblü görünsə də keçən həftə Bakıda sadəcə bələd olanların bildiyi üç köşkdən birindən alınan bir həftəsonu qəzetinin dördüncü səhifəsində “Cambria” fontla (ilk dəfədir bu qəzetdə bu fontla yazılan mətnlə qarşılaşırdım) verilmiş Qərb filosoflarının və psixoloqlarının ortaqlaşa təcrübələr aparmaqla baş sındırdıqları məzmumundan oxuduğumuz üzrə yarıçaşqınlıqla yəni necə mümkün ola ki bu çağacan bu nüansı qeyri-peşəkarcasına atlayıb obaş-bubaşa adlamışıq etiraflarını da təvazökarlıqdan uzaq dayanıb gizləmədikləri bir tədqiqat məqaləsində də çox-çox sonradan irsiyyət qanunauyğunluğu terminiylə adlanacaq məsələlərin problematikliyi və daha da dərininə öyrənilməsində prosesində ilk tədqiqatçısı avstriya bioloq və botaniki Qreqor Yohan Mendeldən irəli gedib fəqət həmin alimlər öz ustadları adlandırdıqları Mendelin nəzəriyyəni isbat etdiyi dövründə yəni XIX əsrdə qoyduğu xassəni - Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin malekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun – saxlamaqla yeni baxış bucaqlarına ayaq basmaları və irsiyyətdə mövcud olan əlahiddə bir duyğu yaxud affekt halın əsrlərlə davam etməsi, dövründən, ETT-sindən asılı olmayaraq DNT-sində daşıyan həmin şəcərənin ən axrıncı nümayəndəsinə də ötürməsi faktı, sözsüz, onu da düşündürür və bəlkə də, Qobustan qayaüstü rəsmlərində təsvir olunan şən insanların arasında Əsədin və ya onun timsalında bu tip şəxslərin ulu babalarının olması faktını bu qəribə hala verilmiş ən uyğun cavabdır deyə dərk etdi və toxtaqlıq hissini itirmədən yazdığı köşələrində, hətta sevgilisinə yazdığı o məşhur gözlərim qatı toranlıqda adamların sifət cizgilərini seçə bilmədiyi anda içimizdə qaynayan gücsüzlük və gücsüzlükdən yaranan narazılıq kimi bu gün də duyğuların hansı kateqoriyasına daxil etməkdə tərəddüd etdiyimiz dağıdıcı hisslər bütün hissiyyatımızın sərhəd məftillərini qırıb ərazisinə soxulanda səni an etibarıyla unutmaq, unutmağın uzunömürlü olması əndişəsi və   xatırlaya bilməmək qorxusu o əraziyə bayrağını sancar deyə təlaşlanıb duruxanda belə içində səni düşünmək ritualının olduğunu düşünüb gülümsəyərdim, amplua ilə ampula sözlərini ayırd edə bilmədiyim, impuls yoxsa implus deyə beynimi didikləmək kimi vərdişlərimi bildiyin üçün mənə xəfif danlaqlar əsdirdiyin oxşar vəziyyətlərdə də anımsayıb o ankı durumu yoxluğa çevirərkən adını çağırıb xəyalını yanımda üç-beş saniyə düşünər və bu səniçağırma ayinini sən olmayan məkanlarda tez-tez təkrarlayıb Məlikməmmədin Simurq quşunun çağırmaq üçün yandırıb kül etdiyi lələk təkin xatırlasam da az qala hər tində-bucaqda adı hallanan bu milli nağılı getdikcə unutmağa üz tutduğum və   vaxt edib oxuyaram deyə özümə söz verib ertələdiyim məqamlarda təəssüfümü meh kimi gəldi-gedərə çevirən səni içində yenə də səni düşünmək ritualı olduğundan düşünüb gülümsəyərdim, müharibə haqqında çəkilmiş yeknəsəq səsli dublyajla izlədiyimiz filmlərdə rejissorun "müharibə həm də sevgiləri öldürür" mesajına ruh üfürüb ətə-cana bürünsün deyə nakam eşq məzlumu gözəl bir aktrisanın göz yaşlarını iri planda çəkib məhəbbət səhnəsində sevgi eyforiyasını məişət və müharibə melanxoliyasına dəyişən gözəgörünməz şər qüvvələrə nifrəti istiqamətləndirmək cəhdlərində ölkədə fələyin bir gözdəniraq günündə müharibə olarsa cəbhəyə yollansam, mənim üçün sən də eynən belə ağlayacaq sızlayacaqsanmı deyə mülahizələr yürüdərkən üzüntüdən günlərlə üstündə əsdiyin saçlarını belə daramazsan eləcə səliqəsiz buraxarsan deyə o mənzərəni gözümdə canlandırıb ürəyimi dağlasam da içində yenə də səni düşünmək ritualı olduğundan sevinib gülümsəyərdim və beləliklə, sevgilim, səni düşünməyin bunca çoxluğundan sevinərdim və sənə sevgimi səndən xəbərsiz çoxaldardım köşəsində də irsi nikbinliyin izləri olmasını fəth etdi və hafizəsindən çıxmazsa, evə çatar-çatmaz təkrar oxumağı qərarlaşdırsa da yuxuya tamarzı keçən bir gecəyə məhəl qoymadan Köç gecənin irəli saatlarına kimi yuxusuzluğa güc gələrək noutbuk qabağında Qafqaz dağlarının qismən qərb qismində zəncirlənən Prometeytək kor-koranə tab gətirməkdən çox dözümlülüyünü sınamaq  məqsədiylə vaxtaşırı divar saatına baxa-baxa əvvəlcə milli sonra xarici saytlarda gəzinərək irsiyyətin qanunauyğunluqları və ruhi xəstəliklərdə irsiyyət payı haqda oxuduğu köşələr və bloqlar və əsnəyə-əsnəyə baxdığı videoların ona həmin qəzetdəki tədqiqatın onda biri qədər kömək etmədiyini və tədricən elektron vasitələrdən uzaqlaşmağın gərəkliliyi haqqında düşünmüşdü və an etibarlıyla zehni yorulduğundan rahatlaşmaq üçün qızı xatırlamışdı və pəncərə önünə düzdüyü irili-xırdalı dibçəklərdəki bənövşələrini sulayan, buğla örtülü bumbuz şüşələrə sevimli şairlərindən sevib-seçdikləri altıcizgili misraları tezcə yazıb anasından utandığı üçün tezcə də silən qız əlinə şüşədən hopan soyuqluğun canına da üşütmə saldığı anda Köçü düşünməsi epizodunu xəyal etmək istədi Köç və şaxta fit çala-çala anidən Bakının başı üzərində ağalıq etməsiylə çaşqınlığa yuvarlanıb xəyal etməyi dayandırmaq istəsə də kənarları parfümeriya reklamları və sinə böyütmə elanları ilə dolub-daşan milli qadın saytlarından oxuduqca məyuslaşdığı bilgilər, ruhi xəstəliyin əlamətləri və əlamətlərin doğruluğunu nişan verən, ard-arda oxuduqca bir əvvəlkini unudaraq quş hafizəsiylə gözünə doldurduğu postulatlar onda aşırı həyəcana və qorxuya və bağırsaq yollarında ani hərəkətlənmələrə və həzm-rabesindən keçirdiyi yeməklərin çaxnaşmasına yol açmağa başladığı anda ayaqyoluna tələsməyə vadar edən səbəblərin ən başlıcasının xarici saytlarda oxuduqlarının milli saytlardan oxuduqlarıyla eyni olması, tərcümədən hiss edə bilməməsinə görə məyusluğu onun yarımcan əhvalının növbəti dəfə qollarını boşalması həqiqətinin məntiqli yekunu kimi özün tapdığı əlüzyuyan çanağın qabağında əllərini yuduqdan sonra ovcundakı suyla üz-gözünü  yanaqlarını isladıb saçlarını dəfələrə tumarlamağı və rahatlaşmağı, bu rahatlığın kökünü axtarmağın gərəksizliyini və tezcə çarpayısına tələsməyin yerinə verilmiş qərar olacağını, axtarış müddətində onu, qollarını çırmalayıb əlamətlər içində gəzinməyi, adsız xəstəliyi yaxud sadəcə simptomları öyrənmə ehtirası və nə olursa olsun ən yaxın dostu Əsəddə yarızarafat, yarıciddi hər hansısa xəstəliyin olması haqda həqiqətlə barışacağı haqqında özünə verdiyi sözlər zamanı keçən müddətin ona tərs-nikbinlik xəstəliyi haqqında az düşünmə fürsəti verməyi və bunun onu rahatlandırmağı, demək xəstəliklə mübarizənin birinci şərti onu xatırlamamaq gerçəyinə güzgü qabağında uzun-uzun sifətini izlədikdən sonra gözlərinin altındakı yuxusuzluq möhürü saayılabiləcək bənövşəyi bulanıqlıqları görməsini, çənəsindəki sızanağın fərqinə vararaq sıxıb qanını çıxarması, barmaqlarındakı qanı çanaqda suya qarışaraq axıb getməyinə baxması, sonra sızanaq yerini yenə sıxması qan çıxması suyla axıtması civzənin kötüyü içəridə qaldığından çıxara bilməməyi, qanın azaldığını gördü axrıncı dəfə əllərini soyuq suda yuyub qurulamağı nədənsə çovğunun üfürdüyü qarlı havada içində gəzən hisslərin təxminən ona yüngüllük gətirməsini iliyində hiss etməsi məhz bu hisslər sinfinə mənsub idi ki, qaçmaq istəyəndə gərgin iş rejimindən sonra gələn o fasilə müddətində insanın içinə dolmağa başlayan, Köçün ilk dəfə tələbəlik illərində universitetin azsakinli oxu zalında axşamadək mədəsinin qurultusuyla əlbir olub başını qaldırmadan kitabların çoxluğundan barmaq qoymağa yer qalmayan masalarda çalışdığı saatlarda qatma-qarışıq, səliqəsiz fikirli qafayla küçəyə çıxması, dini mətnlərdən və qorxulu filmlərdən görünüşünü öyrəndiyi ruh kimi gəzməsi, açıq səma altında axırıncı siqaretini yandırması, burum-burum havaya qalxan tüstüsünü seyr etməsi və haradan gəldiyi naməlum bir xoşbəxtliyin döş qəfəsindən başlayaraq ayaq sümüklərinəcən yayılması və beləliklə bədənin xoşbəxtliyə yoxsa cinsi istəyə qarşı ağzının sulandığını dəqiqləşdirə bilmədiyi o müdhiş duyğunun, məhz indi Köçün içinə doluşan bu duygularla eyni olmasını bu saniyələrdə xatırlamaq ona ən möhtəşəm “dərman” kimi göründü, fəqət çox çəkmədi, çünki evə az qalmış qatı şaxtanın ani sezilişiylə bir anda məğlubiyyət duyğusu özünə yer edib yol aldı.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)