Edebiyyat.az » Proza » Qoderzi Çoxeli - Yaddaş çayı

Qoderzi Çoxeli - Yaddaş çayı

Qoderzi Çoxeli - Yaddaş çayı
Proza
nemət
Müəllif:
22:22, 13 fevral 2019
1 690
0
Qoderzi Çoxeli - Yaddaş çayı




Ən əvvəl onu kəndin uşaqları gördülər. O, bir əlindəki çəliyə söykənə-söykə-nə, o biri əlindəsə meyvə tinkləri tutub gəlirdi. Ayağının biri dizdən aşağı kəsilmişdi, onu taxta ayaq əvəz eləyirdi. Uşaqları görəndə, əl eləyib, yanına ça-ğırdı:
- Ay cocuqlar, bura gəlin görüm!
Uşaqlar yaxınlaşdılar:
- Sizin kəndinizdə meyvə tingləri istəyən olmazmı?
- Hansı meyvənindi!

- Armud tingləri var, elə bir növüdü ki, ağzındaca əriyir, di, tez olun, istəyən varsa, burdayam, – deyib, kişi ordaca daşınüstündə oturdu. Xəbər eləmək üçün uşaqları hərəsi bir tərəfə qaçdı.

Kişi isə oturub, sellofana bükülmüş armud tinglərini bir-bir açır, onları qadınlar ilk övladlarını soyuqdəymədən qoruyan sayaq elə sığallayırdı ki… Hamısını bir-bir yerə sərdiyi cındırın üstünə düzüb, sanki öyüd verirmiş kimi danışırdı:

- Di, özün bilərsən, məni utandırma, artıq böyüyübsən, özünü əsl kişi kimi aparmalısan. Düzdü, buralarda qış soyuq keçir, amma heç nə olmaz, öyrəşib, daha çətinlik çəkməzsiniz. Əvəzindəsə buranın torpağı qüvvətlidi. Səni yerə basdıranda, birdən çox su içmə ha!
- Sənin canın isə bir az zəifdi. Taki bərkiməmiş heç vaxt çox məhsul vermə.

- Hə, sən nətərisən, ay dəcəl, məni buranın camaatının içində utandırma ha, eşidirsənmi? Özün bilirsən, bu dağ camaatı birtəhər olurlar.

- Sən niyə bükülübsən, olmaya qorxursan, hay? Heç fikir çəkmə, özüm tez-tez gəlib, yoxlayacağam, yoxsa onlarınümidinə ha qoymayacağam. Payızda hamınız çalışın ki, yarpaqlarınızı tez tökəsiniz, yoxsa bura elə qar yağır ki…

Yarpaqlarınıza yağdımı, allah göstərməsin!

- Bıy, bir buna bax, yoxsa qurumağa indidən başlayıbsan, di tez ol, kökünü aç, görüm! Bax belə, belə yaxşı deyilmi, ay sağ olmuş, hay? Qoçaq ol, yox-sa…
- Sən də bəri başdan küsməyin başını burax, yaxın gəl. Hələ sənə belə bu-daqlar lazım deyil. Burda yatan ayılar olur.

Çalış, qol-budaq atanacan bo-yunu uzat, sonra yoğunla. Onda nə ayı güc gələcək sənə, nə də maral.
Tingçinin başı söhbətə elə qarışmışdı ki, bu qədər camaatın yanına nə vaxt yığıldığından xəbəri olmadı.
- Bu armud hansı növdü? – soruşub, Piduanın arvadı elinə bir ting götürdü.
- Gülabdı, elə şirindi ki…
- Neçəyə deyirsən?

- Eeh, neçə istəyirsiniz, verin, mən alverçi ha deyiləm, elə-belə istəyirəm, mənim ağaclarım Gürcüstanın hər yerində, hər küncündə çiçəkləyib, bar versin, bunu əhd eləmişəm.
- Bir ağaca bir götürüm yun verirəm, razısanmı?

- Razıyam, siz deyən olsun, amma bircə şərtlə, bu ağacları mən özüm basdı-racam. Öz övladlarım kimi böyütmüşəm, nə bilim, necə basdıracaqsınız. Əgər sizə əziyyət verməsəm, bir-iki həftə qalıb, bu armudlara özüm baxardım. Bunlar özgə yerə yavaş-yavaş öyrəşməlidilər, yoxsa qəribsəyərlər. Hələ mən insan ola-ola bu yerlərə zorla öyrəşirəm, o halda da ağaclar ola. Düz demirəm, hə?!
Kim nə qədər istədi o qədər ağac apardı. Tikinçini də aparıb, qonaq elədilər, tanış oldular:

- Mənim adım əslində, Kotiladı, amma Martua * çağırtdırıram, elə bütün ömrü boyu tək olduğumdan, Martua xoşuma gəlir, bu ada öyrəşmişəm.
- Arvad-uşağın var?
- Var idi, amma… – deyib Martua susdu.
Daha özü haqda nə bir söz dedi, nə də onlar soruşdular.

***

O biri gün Martua balaca çalalar qazıb, tingləri böyük ehtiyatla basdırdı. Basdıranda, hamısına nəsə pıçıldayırdı: “Di, sən bilirsən, məni utandırma, başdan çox su içmə, dəcəllik etmə, hirslənmə” və s. kimi sözlərlə nəsihət elə-yirdi.
- Eh, bunlara elə öyrəşmişəm! Öyüd-nəsihət verməsəm, olmur, özlərinin ağlı çatışmır, ha!

Kişinin taxta ayağı əyilməyinə mane olduğundan, tingləri uzanıb basdırırdı, bütün sinəsi torpaqla dolmuşdu. Qalxmağa da çətinlik çəkirdi. Armudların hamısını basdırıb, qurtarandan sonra bir dəfə yenə hərlənib, hamısına tap-şırdı:
Birinci gecə Biduagildə ikinci gün isə Ladogildə qaldı.
Səhər hamını Berinin arvadının qorxulu səsi yuxudan qaldırdı:
- Daş! Daş! Yekə daş! Evdən böyük daş! – o, qışqırırdı.
- Hardadı, harda?!
- Kəndin başında, kolda!
- Təzəmi görürsən nədi, o daşı, nə vaxtdı ordadı, – deyib Beri arvadına tərs-tərs baxdı.
- Necə görməmişəm, amma indi ayrı haldadı, allah saxlasın.
- Necə yəni ayrı haldadı?
- Torpaqdan yuxarı qalxıb, bir az da qalxdımı, yumalanıb, bütün kəndi da-ğıdacaq.

- Nə danışırsan, ay arvad, heç özün də bilmirsən, yuxu-zadmı görübsən yox-sa? O daşı nə tərpədə bilər. Yarıyacan torpaqdadı, yuxarı necə çıxar? Bəyəm, insan-zaddı?
- İnanmırsınızsa, gedək, öz gözünüzlə görün, – deyib, Berinin arvadı qabağa düşdü, camaatı kəndin başına tərəf apardı.

Tingçi də onlarla getdi.
Camaat daşı görcək dəhşətə gəldi. Nəhəng daş doğrudan da, torpağın üstünə çıxmışdı, hər an kəndə sarı yumarlana bilərdi.
- Pah səni, yumarlandımı, birinci mənim evimi yıxacaq, – Beri qorxdu.
- Sonra mənimkini, – Ladonun səsi titrədi.
- Sonra mənimkini.
- Sonra da mənimkini, – rəngi qaçmış kəndlilər sızıldayırdılar.

- Bu yekəlikdə daşa gücümüz çatan deyil, – deyib, qorxudan elə əsməyə başladılar ki, sanki daş artıq yumarlandı, hamısının evini uçurdu, ya da elə bil, dəli Araqvi aşıb-daşıb, kəndin evlərini aparıb, onlar evsiz-eşiksiz qalıblar. İndi

Araqvi daha da daşmalıydı, ev sahiblərini də aparmalıydı, bunlar da bu bədbəxtlikdən qaçmalıydılar, amma qaçmağa yer yoxuydu, oturub, olacağı gözləyirdilər. Daş isə elə yekəydi ki, yuvarlansa, qabağında heç şey du-ra bilməz.
- Yaxşı, əgər dibini dərindən qazsaq, yenə də yumarlanar? – Beri rəyini dedi:

- Altı qayadı, necə qazılar. O da olmasa, başından kim keçib, kim daşın altı-na girib, torpağı qazar. Bir dəfə yelləndimi hamımızı xurd-xəşil eləyər.
- Mənim ağlıma elə şey gəldi ki, sizi mütləq qurtaracam, bu daşı başınızdan eləyəcəm. – Tingçi Martua dilləndi.
- Necə?
- Bu daş tərpənənəcən onu hissə-hissə qırıb, yox eləcəyəm.

***

Martuanın zülümü həmin gündən başladı. Daş o, hesab elədiyi kimi, asan-lıqla qırılmırdı. Birinci gün lap balaca hissəsini qıra bildi.
- Qoysana, biz də kömək eləyək, – Beriylə başqa kişilər xahiş elədilər, amma tingçi yaxın qoymadı:
- Yox, lazım deyil, çox olsaq, daş tərpənə bilər. Mənsə yavaş-yavaş işləyib, qıracam, – dedi.

Səhərdən axşamacan işləyirdi, əllərindən qan süzülürdü, amma yenə də qırır-dı. Bir həftənin içində elə əldən düşdü ki, rəngi-rufu qaçdı. Daşdan isə əl çək-mirdi, qırıb, hissələri yavaşca yerə qoyurdu. Gecələr isə özü basdırdığı ağac-lara bir-bir baş çəkib, pıçıldayırdı:

- Siz heç qorxub-eləməyin, o daşı qırıb, başınızdan eləməmiş burdan gedən deyiləm. Düzdü, bu iş çətindi, amma nə eləyim, sizi geri istəyib, çıxartmaya-cam ki, ayıbdı, camaat nə deyər. Heç bir qırıq da qəm çəkməyin, mən elə oğlanam?

Daşla tingçi sanki möhkəmlikdə, dözümlülükdə yarışırdılar. Daş tabe olmaq istəmirdi, tingçi vurduqca elə bil, daha da bərkiyirdi.
Tinglər yavaş-yavaş tumurcuqlandılar.
Yaz öz gücünü bildirirdi.
Araqvi aşıb-daşdı, bulandı, səsləndi.

***

Bir gün kəndə qəribə adamlar gəldilər, bəzəkli paltar geyinmişdilər, rəngləri də qara idi, gürcü dilini sındıra-sındıra danışırdılar.

Onların gəlməyindən tingçinin xəbəri olmadı, çünki meşə təzə yarpaqlamış-dı, ordan kənd artıq görünmürdü. Özü də daha gecələr kəndə enmirdi, yo-rulurdu, həm də enib-qalxmağa çətinlik çəkirdi. Elə ordaca yapıncıya bürü-nüb uzanır, daşla söhbət edirdi:

- Deməli qırılmırsan, eləmi?! Yoox, belə olmaz, aşağıda kənd var, camaat var, sən də yumarlanıb, uçurmaqla onları qorxudursan. Bir də ağaclar bas-dırmışam, elə armud tökür ki! Sən də qırılmaq istəmirsən, elə olmaz, gərək mütləq qırılasan.

Beləcə söhbət eləyə-eləyə yuxuya gedirdi, səhərəcən ölü kimi yatırdı. Çörəyi uşaqlar daşıyırdılar. Elə onlar da qaraçıların gəlməyini xəbər verdilər. – Falabaxanlar gəlib, – dedilər.

O vaxt tingçi onların dediyinə fikir vermədi, qaraçıların gəzərgiliyi ondan ötrü adi bir şeyiydi. Qaraçılar kəndlilərin marağını artırırdılar, onların həya-tından elə şeylər deyirdilər ki, adamlar lap mat qalırdılar.
- Göy gəlib yaxınlaşır! O sizin gələcəyinizi bizə məlum eləyəcək! – qoca qaraçı mızıldadı.

- Kim, öz bəxtini bilmək istəyir, ailəsində nə bahalı şey var, başımızın altına qoymaq üçün verməlidi. Yuxuda bizə sizin haqqınızda bütün hər şeyi deyə-cəklər.

Çox adam onlara inanmayıb, bahalı əşyaları vermədilər, çünki qaraçılar də-yələrini kənddən uzaqda tikmişdilər, orda yatmalıydılar.

Yalnız Berinin arvadı gümüş kəmərini yolladı, bir də Bidua xəncərini verdi, qalanları isə öz şeylərini verməkdən imtinaelədilər.
Gecə düşdü.
Qaraçılar əşyaları da aparıb, yatmağa getdilər.

Həmin gün tingçi daşı qaranlıq düşənəcən qırdı. Ona çörək gətirən olmadı, kişi hamının yadından çıxmışdı. Falabaxanların söhbətindən camaatın başı gicəllənmişdi.
Tingçinin əlləri üşüyürdü, çiyinləri ağrıyırdı. Gecələr daha taxta ayağını açırdı.

Camaat isə səhərin açılmağını səbirsizliklə gözləyirdi. Doğrudan da, səhər tezdən qaraçılar əşyaları sahiblərinə qaytarıb,onların keçmiş həyatından danışdılar.
İndi hamı onlara inandı.

- Əgər gələcəyinizi də bilmək istəyirsinizsə, bu axşam mütləq nə bahalı şeylə-riniz var yığın, başımızın altına qoyub, sabahda sizə qaytaracağıq, həm də hər şeyi deyəcəyik.

Qaraçıların “möcüzəsindən” daha heç kim şübhələnmədi, ona görə də kimin qiymətli bir şeyi vardısa, aparıb, falabaxanlara verdilər. Onlar da əşyaları yığışdırıb, yatmağa getdilər.

***

Tingçi bu gecə də ac qaldı, o, heç kimin yadına düşmədi.
Dağlarda qar əridiyindən, Araqvi daha da qudurdu, elə bulanıq gəlirdi ki, baxanda, göz qaralırdı.
Gecəydi.
Qaraçıların “iqamətgahında” yanan ocaq kənddən yaxşı görünürdü. Bir qa-raçı kəndə qayıtdı, camaatı yığıb dedi:

- Biz bu gecə sizin gələcəyinizi soruşmaqdan ötrü göyə, allahın yanına uçma-lıyıq. Amma uçmazdan əvvəl Araqviyə dua eləməliyik ki, yaddaş çayına dönsün, çünki siz keçmiş həyatımızı müvəqqəti unutmalısınız. Səhər tezdən isə bu sudan içib, axşamacan danışmamalısınız. Axşam biz göydən yerə qa-yıdıb, həm sizin şeylərinizi qaytaracağıq, həm də gələcəyiniz haqqında falını-za baxacağıq.

O gecə tingçinin oynaqları elə ağrıdı ki, səhərəcən gözünü yuma bilmədi. Həm də acından lap təntimişdi, amma kəndə gedib, çörək istəməyi özünə ar bilirdi.

***

Səhər açıldı.
Camaat çaya su içməyə endi.
Qaraçılar heç yerdə görünmürdülər.
- Onların göyə uçmağını mən gördüm! – Berinin arvadı öyündü.
- Mən də gördüm. – Bidua təsdiq elədi. – Onlar göyə uçduqca, ətraflarına alov yağırdı.
Qaraçıların dediyi kimi, hamı su içib, səssiz-səmirsiz axşamı gözləməyə baş-ladılar.
Tingçi həmin gün günortayacan işləyib, daha tab gətirmədi, dizləri bükülüb yıxıldı.
Kəndsə göyə baxıb, möcüzə gözləyir. Həmin möcüzə qaraçıları göydən yenə endirib, camaata gələcəyini bildirəcək.

Hələlik heç kəs danışmır, hamı göyə baxır. Yuxarı kolluqdan isə tingçinin zəif səsi eşidilir:
- Su gətirsənizmi, aya! – deyib, bu səs də susur.
Sakitliyi yalnız dəli Araqvinin səsi pozur.
Günəş aramla qərbə enir.
Qaraçılar nədənsə gecikirlər. Hamı gözünü göyə dikib, möcüzə gətirənləri gözləyir.
Dəli Araqvi isə hey aşıb-daşır. Yazın hərarəti bədəninə keçib, bulanıb, kö-püklənib, dünyaya haray salır.

Tingçi var gücünü toplayıb, yenə daşla güləşir. Bütün gün ərzində üçcə dənə balaca qırığı zorla qoparıb. Gün batandasa, artıq qüvvəsini itirib, yerə yıxıl-dı. Onun ağacları yazın nəfəsini duyub, ağappaq ağardılar. “Onsuz da qıra-cam”, – Martua fikirləşir, daşa baxıb deyir: “Qırıl da, noldu sənə?!”

***

Gün batır. Kəndlilər yenə göyə baxırlar. Ordan heç kəs qayıtmır. Qaranlıq-laşır.
Tingçi indi aşağıdakı ağ gülləri, açmış armud acağlarını yaxşı seçir, amma kəndə enməyə gücü yoxdu.
Bütün gecəni camaat gözünü yummadı. Sanki artıq nəsə başa düşürdülər.
Səhər açıldı. Tingçi ağırlaşmış bədənini saxlaya bilməyib, kürəyilə daşa söy-kəndi.

Göy isə sanki ağzını yumubmuş kimi, möcüzə üçün yerə heçkəsə göndərmə-di. İki gündən sonra isə hər şey aydınlaşdı: kimsə at belində gedən qaraçıları buralardan xeyli uzaqlarda görübmüş. Bir neçə adam izlərinə düşüb, dalla-rınca getdilər, amma əliboş qayıtdılar.
- Yaxşı, bəs, bizim haqqımızda hardan bilirdilər? – deyib soruşurdular, am-ma cavab tapa bilmirdilər.
Sonra birdən Berinin yadına düşüb:
- Tingçi! – qışqırdı.
Tingsatan camaatın yadına düşdü.
- Başımı kəsərəm, əgər bu işi o qurmayıbsa, – Berinin arvadı dedi.
- Onun nə işi qalıbmış?
- Deyəsən, o, gecələr kəndə enməyib, bəhanə eləyib, orda yatanda, elə qara-çılara bizim haqqımızda danışırmış.

Qəzəblənmiş, hirsdən ağlını itirmiş camaat tingçiyə tərəf yönəldi. Bəzisi başa düşürdü ki, bu işdə tingçinin heç bir günahı yoxdu, amma qisas almaq fikri hamının gözlərini tutmuşdu, ağlını başından çıxarmışdı. Belə bir vaxtda in-sanlar çıxış yolu axtarır, öz hərəkətlərinə cavabdeh olmurlar.
Yazıq tingçi çox yalvarıb-yaxardı ki:

- Ay camaat, nolub, neyləyirsiniz, nə günahım var?! – Amma ona qulaq asan yoxuydu. Onu dəli Araqviyə tərəf sürütləyirdilər. Taxta ayağı da yolda düşdü.

- Ayağım düşdü, ay camaat, neyləyirsiniz, niyə məni başa salmırsınız ki, nə eləmişəm? – tingçi azğınlaşmış camaata yalvarırdı. Amma onun səsini dəli Araqvinin dalğaları batırdı, özünü də xeyli vaxt göstərmədi. Dalğalar tingçi-nin meyitini aylnız bircə dəfə üzə çıxardı. Amma bilmirəm, yazıq tingçi hə-min an çiçəklənmiş armud ağaclarının Qudamağari vadisində yamyaşıl yazı necə qarşıladıqlarını görə bildimi?

- Hə, yaddaş çayını görə bilmədin! – Çayın sahilində duran qudamağarililər acıq verirdilər. Tingçi ilə qaraçıların əlbir olmasına inananların onu suda boğmaqla hayıflarını çıxdıqlarına görə ürəkləri soyuyurdu.

Yaddaş çayısa, bulanıq halda özbaşına axırdı, bir azdan tingçi də, qaraçılar da hamının yadından çıxdı. Deyəsən, yalnız təbiətin yadından heç nə çıx-mır, heç nəyi unuda bilmir. Hər yaz tingçini dəli Araqviyə tulladıqları vaxt yenə armud ağacları dumappaq çiçək açırlar, bu çiçək partlayışı təbiətin ən böyük möcüzəsidi. Qudamağarililər həyatlarında çox şey görüblər, amma heç kəs bilmir ki, bu çiçəkləməni hansı qüvvə yaradır, ya Yaddaş çayı har-dan axır, ya da əgər hər bir zərurəti də iki xırda yaddaş çayı sorub apara-caqsa, gedib-gəlməyimizin mənası varmı?
Amma deyəsən, mənası var, yoxsa bu ağacları belə nə çiçəklədərdi?

Tərcümə: Nəriman Əbdülrəhmanlı

* Martua - gürcücə həm addı, həm də “tək” mənasını verir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)