Edebiyyat.az » Proza » Anna Frankın gündəliyi

Anna Frankın gündəliyi

Anna Frankın gündəliyi
Proza
Necef Esgerzade
Müəllif:
13:27, 02 oktyabr 2019
1 716
0
İkinci dünya müharibəsi ərəfəsində müharibənin simvoluna çevrilən Anna Frankın bu gün 85 yaşı olan uşaqlıq dostu Nanette Konig ötən günləri unuda bilmir. Nannette bu yaxında “National Geographic” kanalının jurnalistlərini öz evində qəbul edib və onlara xatirələrindən danışıb.  
Nannette ilə Anna iksi də Alman hakimiyyətindən qaçan yəhudi ailələrinin qızları olub. Onlar Hollandiyada birlikdə oxuyublar. Müəllimləri də yəhudi olub. Və o da qaçaq…  
Nanette və Anna çox yaxın rəfiqə idilər. Bütün yəhudi şagirdlər kimi onlar da “ikinci qrup adam” hesab olunduqlarının fərqində idilər. Onlar bir-birinə dəstək olaraq pis günlərə sinə gərməyə çalışırdılar. Bir daha evə qayıda bilməyəcəklərindən əmin idilər, hətta öldürülə də bilərdilər. Nannette bu günləri hələ də dünən kimi xatırlayır.  
 Beləliklə, Anna Frankın rəfiqəsinin onunla bağlı xatirələri:   

“Anna ilə yanaşı otururduq, çox yaxşı dost idik. Gələcəkdə yaşayacağımız gözəl günlərin xəyalını qururduq. Bu da həyatda qala bilmək səbəblərimizdən biri idi. Onun həmişə populyar olmaq istədiyini xatırlayıram. Həyat eşqi ilə dolub-daşan bir uşaq idi. Danışmağı sevir və oğlanlarla qurduğu dialoqlardan tez-tez bəhs edirdi. Ümumiyyətlə, sinifimizdıkilər bir-biri ilə çox yaxşı yola gedirdi. Hamımız məlum səbəblərə görə orda idik və bir-birimizə dəstək olurduq. Evlərimizdən didərgin düşmüşdük. Heç vaxt geri qayıtmama ehtimalımızın olduğunu da yaxşı dərk edirdik”.    
O günlərdə saat 8-dən sonra küçəyə çıxmaq qadağası var idi. Axşamüstü uşaqların bir-birini görməsi üçün imkan yox idi. Amma 1942-ci il iyunun 12-də sinifdəki uşaqlar Annanın ad gününü qeyd etmək üçün bir yerə yığıldılar. Müəllimləri onlar üçün balaca bir yığıncaq təşkil etmişdi. Partidə Nanette Annanın ailəsindən gələn hədiyyə paketindən nə çıxdığına maraqla baxır – gündəlik! Artıq Anna hər gün bu gündəliyə öz düşüncələrini yazacaq, illər sonra isə bütün dünya bu gündəlikdən xəbər tutacaq. Bəli, söhbət Anna Frankın o məşhur gündəliyindən gedir…  
 “Annanın ad günü münasibətilə yığışmışdıq. Bütün sinif yoldaşlarımız orada idi. Proyektorla divarda bir film izlədiyimizi xatırlayıram. Hamımız üçün necə də orijinal bir şey idi…”  
 Frank ailəsi iki il boyunca kitabxananın arxasından girişi olan balaca bir otaqda yaşayıb. Sözügedən ev bu gün dünyanın ən çox ziyarət edilən ev-muzeylərindən biri kimi fəaliyyət göstərir.   O il Hitler ordusunun Hollandiyaya girməsi ilə burdakı yəhudilərə də, Almaniyadakı kimi məhdudiyyətlər və qadağalar tətbiq olunmağa başladı. Nanette və ailəsi Bergen-Belsen düşərgəsinə göndərildi:
“Bizi 36 saat bir yerdə gözlətdilər. Nə olacağını bilmirdim. Əslində, çox şanslı idim, çünki nəzarətçi hirslənib, hara gəldi, atəş açanda bir neçə adam dünyasını dəyişdi, mənsə sağ qaldım. Çox kiçik bir şansla sağ qaldım…” 
İyul ayında Anna Frankın ailəsi bir yazı qoyaraq gözdən itdi. Yazıda İsveçrəyə qaçdıqları yazılmışdı, amma əslində, hələ də orada idilər, gizlənirdilər. Annanın atası Ottonun ofis tikilisinin arxasında yerləşən gizli yerdə idi. İki il boyunca Anna Frankın gündəliyində yazdığı “gizli otaq” Prinsenqraşt küçəsinin 263 nömrəli mənzilinin çardağı idi. Frank ailəsinin yanında etibar etdikləri yaxın adamlar da var idi. Gizləndikləri müddətdə Anna qorxularını, ümidlərini, yaşantılarını qeyd etdiyi bir gündəlik tutdu.  
 Ancaq avqust ayında kimsə polisə zəng vurub Frank ailəsini satır. Anna Frank və ailəsi gizləndikləri yerdə tutulur. Onları satanın kim olduğunu Frank ailəsi heç vaxt öyrənə bilmədi. Ailə üzvləri isə ayrı-ayrı düşərgələrə göndərildi.   İki rəfiqənin yolu illər sonra Polşadakı düşərgədə yenidən kəsişir. Nannette köhnə rəfiqəsi Annanı gördüyü ilk anı belə xatırlayır: “Bir dəri, bir sümük qalmışdı. Üstündə isə ancaq adyal var idi. Hələ də bir-birimizi necə tanıdığımıza təəccüblənirəm. Tükənmişdi. Paltarlarına bit düşdüyü üçün çılpaq bədəninə adyal örtmüşdü. Onu elə görəndə çox pis oldum. Mənim tanıdığım Annadan əsər-əlamət qalmamışdı”.  
Düşərgədə yaşayan qızlar bir neçə dəfə görüşüb, danışmaq imkanı tapırlar:   “Mən yeddinci düşərgədə idim, o isə səkkizinci. Onu bir neçə dəfə gördüm. Gizlənməyindən, gizlənib yaşamağın nə qədər çətin olmasından danışırdı. Mənə gündəliyindən də danışdı. Müharibədən sonra bu gündəlik əsasında kitab yazmaq istəyirdi”.   Anna müharibənin qurtarmasına iki ay qalmış yatalaqdan dünyasını dəyişdi. Atası Otto Frank sovet ordusunun gəlməsi ilə düşərgədən xilas oldu. Onun əlində Annadan qalan gündəlik var idi. Onu dəfələrlə oxudu. İllər sonra Nanette Annanın atasına qızının bu haqda kitab yazmaq istədiyini dedi:  
“Otto Franka qızının arzusunu dedim. O da gündəliyi çap etdirmək qərarına gəldi. 1947-ci ildə gündəlik ilk dəfə çap olundu. Məncə, Annanın ruhu buna görə şaddır…” 

Mənbə:axar.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)