Edebiyyat.az » Proza » Alberto Moravia. "Sən yatmışdın". (Hekayə)

Alberto Moravia. "Sən yatmışdın". (Hekayə)

Alberto Moravia. "Sən yatmışdın". (Hekayə)
Proza
nemət
Müəllif:
20:24, 03 noyabr 2019
1 340
0
Alberto Moravia. "Sən yatmışdın". (Hekayə)




Alberto Moravianın (1907-1990) oxuculara təqdim olunan "Sən yatmışdın" novellası müəllifin "Avtomat" (1963) hekayələr toplusundan götürülüb.



Dəmir giriş qapısı yarıaçıq idi. Ana içəri keçməzdən əvvəl, üzərində itlərin satışa yalnız səhər saat onla on iki arasında buraxıldığı barədə yazı olan lövhəni ataya göstərib dedi: 
- Ağılsızlığa bir bax. Bəs əgər birisi səhərlər yuxudan mənim kimi gec oyanırsa, onda necə? 
Cirolamo atasının verəcəyi cavabı gözləmədən onun əlindən sivişib həyətə birinci girdi. Budur, bozumtul beton döşəmə; giriş qapısı ilə üzbəüz alçaq, sarımtıl rəngli idarə binası, solda - sahibləri olan, azmış itlərin mühafizə olunduğu xüsusi damlar, sağda isə sahibsiz itlərin saxlandığı qəfəslər sırası. Cirolamo həyacanla anasına dedi: 
- Ana, balaca qara qrifon (balaca, qara tüklü it cinsi) altmış saylı qəfəsdə idi. 
Anası ona cavab vermədi, o, ataya tərəf çevrilib dedi: 
- Xidmətçini tapmaq lazımdır. Sarışın bir oğlandı. Biz də gedək itlərə baxaq. 
Ata siqaret yandırıb idarə binasına tərəf üz tutdu. Ana isə oğlunun əlindən yapışdı, birlikdə qəfəslərə tərəf getdilər. 
Həyət zəhmli, eyni zamanda şübhəli bir sükuta qərq olmuşdu. Havada yüngülcə duyulan heyvan qoxusu sanki həyəcanlı bir intizardan xəbər verirdi. Ancaq Cirolamo və anası elə birinci qəfəsin qarşısında görünmüşdülər ki, əvvəl itlərdən biri, sonra ikisi, daha sonra üçü, nəhayət, itlərin hamısı bir ağızdan hürüşməyə başladı. Cirolamo hiss etdi ki, hürüşlər müxtəlif cürdür, elə həmin səsləri çıxaran itlərin özləri kimi - kəskin zingiltidən tutmuş, dərin, qulaqbatırıcı hürüşə qədər. Ancaq ona elə gəldi ki, bu qarışıq səslər xorunu hansısa ümumi bir not birləşdirirdi: son dərəcə anlaşıqlı olan, ürəksızladıcı bir yalvarış notu. O, düşündü ki, bütün bu hürüşlər ona ünvanlanıb, ona görə də yubanmadan seçdiyi iti götürüb oradan getmək istədi. Anasının qolundan yapışıb bir də təkrar etdi: 
- Ana, qrifon altmış saylı qəfəsdədir. 
- Bu da altmış saylı qəfəs, - deyə anası söylədi. 
Cirolamo içəri boylandı. Beş gün əvvəl, günorta bura gələndə həmin qəfəsdə son dərəcə oynaq və şıltaq görünən, kömür kimi gözləri, ağappaq dişləri olan qara rəngli, balaca bir it vardı. O, Cirolamonu görcək hürə-hürə ona tərəf atılmış, pəncəsini dəmir şəbəkədən ona uzatmışdı. Onlar da elə həmin o iti götürməyi qərara almışdılar. Ancaq onlara demişdilər ki, ertəsi gün səhər, heyvanlar satışa buraxılan vaxt gəlsinlər. İndi isə, elə bil qəfəs boş idi. Daha doğrusu, Cirolamo bir qədər içəridə, sanki ötəri bir üşütmədən arabir diksinərək kədərli, sönük baxışları ilə ona nəzər salan şabalıdı rəngli, balaca, donqar bir it gördü. Bu dəfə o, səsindəki ümidsiz bir vurğu ilə dilləndi: 
- Ana, qrifon artıq orada yoxdur.
- Yəqin onu başqa qəfəsə keçiriblər - deyə ana qeyri-müəyyən bir tərzdə cavab verdi. - Sözsüz ki, əgər sahibi onun dalınca gəlməyibsə. İndi gözətçidən soruşarıq. 
Bu vaxt idarə binası tərəfdən qayıdan ata göründü: 
- Xidmətçi bir azdan gələcək. Hələlik gedək itlərə baxaq... 
Valideynlər altmışıncı qəfəsin yanında dayanıb gözətçinin gəlməsini gözləmək istəyən Cirolamoya məhəl qoymadan həyətdə gəzişərək itləri bir-bir nəzərdən keçirməyə başladılar. 
Cirolamo sanki ürəyinə dammış anlaşılmaz, acı duyğular dumanı arxasından anasının dediyi sözləri eşitdi: 
- Ötən dəfə burada bir cüt cins it də vardı. Bir buldoq, bir də ov iti. Düzü, qəribədir ki, bura belələri də düşürlər . 
Ata cavab verdi: 
- Axı, onlar da itə bilirlər. Ya da, görürsən bəziləri onları bilərəkdən azdırır. Bir çox insanlar var ki, onlara yük olan yaxınlarından da bu yolla canlarını qurtarmaq istərdilər, ancaq neynəsinlər ki, itlərlə ürəklərini boşaltmalı olurlar. 
İtlər ümidsizcəsinə hürüşürdü. Cirolamo da bu hürüşlərin arasında öz qrifonunun səsini eşitməyə çalışırdı. Ata dodaqlarının ucunda yavaşca dedi: 
- Bilirsən, mənə elə gəlir ki, həyət itləri cins itlərdən daha yanıqlı ulayırlar.
- Elə niyə?
- Çünki başa düşürlər ki, cins deyillər və azad olmağa gümanları azdır.
Ana çiyinlərini çəkdi: 
- Onlar ki, anlamırlar cins və ya mələz olmaq nə deməkdir. Bu fərqi ki, yalnız insanlar bilir. 
- Yox, onlar da bilirlər, çünki görürlər ki, onlarla başqalarına nisbətən pis davranırlar. Kimsə də onunla pis davranıldığını görəndə, əvvəl həmişə elə düşünür ki, bunda günahkar başqalarıdır, ancaq sonra get-gedə anlamağa başlayır: bütün günah yalnız onun özündədir. Sözsüz, mələz olmaq öz-özlüyündə elə bir günah deyil, ancaq günah o vaxt üzə çıxır ki, səninlə fərqli şəkildə davranmağa başlayırlar. 
- Eeh, sənin də, həmişəki kimi, bu xırdaçılığından olmaya. 
Onlar bir qəfəsin qarşısında ayaq saxladılar. Hələ çox balaca, ağ-sarı xalları, uyğunsuz pəncələri və başı olan arıq, məzəli və biçimsiz bir küçük qabaq pəncələri ilə dəmir tordan yapışmışdı. O, dal pəncələri üstə qalxaraq, çox ifadəli şəkildə zingildəyir, eyni zamanda, Cirolamonun əlini yalamağa, pəncəsini onun ovcunun içinə qoymağa can atırdı. Ana göstərici lövhədəki yazını ucadan oxumağa başladı: 
- Mələzdir. "Sette kyeze" küçəsində tutulub. Sonra o, ataya tərəf çevrilib dedi: 
- Budur, həmin o zavallıların biri… İlahi, necə də eybəcərdir!.. Bu "Sette kyeze" küçəsi hansı tərəfdədir ki? 
- Xristofor Kolumb küçəsi tərəfdə, - deyə ata cavab verdi. 
Küçük durmadan zingildəyir və sanki Cirolamo ilə dostluq sazişi bağlamaq istəyirmiş kimi, pəncəsini elə hey onun əlinin içinə soxmağa çalışırdı. Axır ki, Cirolamo onun pəncəsini sıxdı və it bundan sonra elə bil bir qədər sakitləşdi. 
Ana soruşdu: 
- Deyirlər həyət itləri cins itlərdən daha ağıllı olur, elədir? 
- İnanmıram. Ancaq, yəqin ki, bu şayiəni cins itlər özləri yayıblar, - deyə ata zarafatla söylədi. 
- Elə niyə? 
- Yəqin ki, həmin o ağıl deyilən şeyi gözəllik, həssaslıq, cəsurluq və bu kimi digər keyfiyyətlərlə müqayisədə qiymətdən salmaqdan ötrü. 
Onlar irəliləyib bir başqa qəfəsin qarşısında dayandılar. Qəfəsdə, elə qəfəsin özü boyda, ora güclə yerləşən sarımtıl, seyrək tüklü, qızarmış gözləri, kədərli və acıqlı baxışları olan, son dərəcə arıq bir qoyun iti vardı. Cirolamo ona yaxınlaşmaq istəyirdi ki, it mırıldamağa başladı, ağappaq, iti dişlərini qıcıyıb irəli atıldı. Bu ani qəzəb nümayişindən o, sanki bir qədər cavan və hətta gözəl də göründü. Cirolamo qorxaraq geri çəkildi, ancaq, eyni zamanda, o "Sette kyeze" küçəsindən tutulmuş balaca həyət itinin mənalı və yanıqlı zingiltisini qoyun itinin acıqlı mırıltısı ilə müqayisə edərkən, hiss etdi ki, başına nələrin gəldiyini hələ də anlamayan bu qoyun itinə onun daha çox yazığı gəlir. Ana dedi: 
- Gör bir necə də eybəcərdir! Görəsən quduz deyil? 
- Yox, quduz olsaydı, saxlamazdılar. Bağlayıblar, ona görə də mırıldayır, vəssəlam - deyə ata başa saldı. 
Cirolamo diqqətlə qoyun itinə baxırdı. Ona elə gəlirdi ki, beləcə, fikrini yayındırdıqca qəlbini sıxan ağır bir iztirabdan azad olur. Sonra o anladı ki, bu ağrı, onların hələ də tapa bilmədikləri qrifonun fikridir. O, birdən, gözlənilmədən soruşdu: 
- Ana, bəs qrifon? 
- Xidmətçi gələr, bilərik. 
İndi onlar küçədən tutulmuş başqa balaca bir itin qəfəsi qarşısında dayanmışdılar. İt boynu üstə çöküb, çətinliklə nəfəs alır, tir-tir əsirdi. Cirolamonun ürəyi sanki birdən yerindən qopdu: 
- Ona nə olub, o xəstədir?
Ana bir qədər düşünüb dedi: 
- Yox, xəstə deyil, bir az həyəcanlıdır. 
- Axı niyə? 
- Bəs əgər özün birdən itib-eləsəydin və səni də ailəmizdən uzaq, yad bir yerə aparsaydılar, həyəcan keçirməzdinmi?
- Bəs sahibi onun dalınca gələcək? 
- Əlbəttə, gələcək.
- Bu da xidmətçi - deyə ata birdən ucadan söylədi.
Xidmətçi saçlarını qısa vurdurmuş, sivriburun parlaq, göy gözləri olan cavan, sarışın bir oğlandı. O, ləngər vura-vura yaxınlaşıb, bir-iki addımlıqdan salam verdi. Ana dedi: 
- Biz balaca qara qrifondan ötrü gəlmişik. Xatırlayırsız? 
- Hansı qrifon? 
- Altmış saylı qəfəsdəki, - deyə Cirolamo irəli çıxdı. 
- Siz onu altmışıncı qəfəsdə görmüsünüz? - deyə sarışın xüsusi sezilən dialektdə, səsini uzada-uzada soruşdu. - Axı o, artıq orada yoxdur. 
- Gördün, ana, gördün? - deyə Cirolamo ucadan söylədi. 
Anası ona susmağa işarə elədi, sonra xidmətçiyə müraciətlə dedi: 
- Bəlkə, kimsə gəlib onu aparıb? 
- Xeyr, ancaq qaydaya görə tələb olunan üç gün, hələ üstəlik iki gün də keçdiyinə görə biz... Görünür, sarışın cavabı yüngülləşdirməkdən ötrü münasib sözlər axtarırdı, ancaq sonra fikirləşdi ki, düzünü desin: 
- Biz onu qaz kamerasına göndərmişik. 
- Axı biz demişdik ki, onun dalınca gələcəyik!
- Haqlısız, sinyora, demişdiniz, ancaq sonra gəlib çıxmadınız. Bizdə isə qayda belədir... 
- Həftədə neçəsini məhv edirsiniz ki? - deyə ata sarışına yaxınlaşaraq əlindəki siqaret qutusunu ona uzatdı. Sarışın təşəkkür edib bir siqaret götürdü, onu qulağının ardına taxıb dedi: 
- Belə də, həftədə onunu, on beşini. 
Cirolamo heç nə anlamırdı. Nəhayət, o, dərin bir həyəcanla anasından soruşdu: 
- Ana, qaz kamerası nəyə deyirlər? 
Ana əvvəlcə tərəddüd etdi, sonra quru, nəsihətamiz bir tərzdə dedi: 
- Sahibsiz itlər quduzluq yaya bilərlər, bu isə çox qorxulu xəstəlikdir. Ona görə də belə itləri qaz kamerasına yerləşdirirlər və onlar orada əzab çəkmədən ölürlər. 
- Deməli, qara qrifon da ölüb? 
Ata əlini oğlunun çiyninə qoyub dedi: 
- Belə görünür ki, o da. 
Onlar birlikdə çıxışa doğru addımladılar. Anası Cirolamoya dedi: 
- Mən bu gün burada elə bir it görmədim ki, onu almaq istəyəydim. Ancaq bu yaxın günlərdə biz yenə gələrik və onlardan birini seçərik. Eləmi? 
Cirolamo heç nə demədi. İndi o pəncəsini onun əlinin içinə qoyan balaca həyət iti barədə düşünürdü. Ancaq ona elə gəlirdi ki, artıq nə o iti, nə də başqa birisini xilas etmək mümkün olmayacaq. O, hiss edirdi ki, hər tərəfdə dəfedilməz qarışıqlıq, ağlasığmaz etinasızlıq hökm sürür. Onlar yolu keçib maşına tərəf getdilər. Ata maşının qapısını açaraq dedi: 
- Sizin bu it əhvalatına görə mən səhər bütün vaxtımı itirməli oldum. İndi gərək maşını sürətlə işə qovam. 
Onlar maşına keçib, üçü də qabaq oturacaqda əyləşdilər. Cirolamo birdən dedi: 
- Ana, mən bilirdim, mən bilirdim ki, srağagün gəlmək lazım idi. Axı mən sənə demişdim, ana. Dünən də, srağagün də sənin otağına gəlib demişdim. 
Görünür oğlunun danışıq tərzi ananı təəccübləndirmişdi, o, bir qədər sərtliklə dedi: 
- Bəli, sən gəlmişdin, ancaq mən o gün gedə bilmədim, çünki yorğun idim, dincəlməliydim.
- Axı sən niyə o gün getmədin ana, niyə? 
- Mən ki, sənə dedim, çünki yatmışdım. 
- Hə, ana, sən yatmışdın, yatmışdın. 
Birdən, Cirolamodan elə bir hönkürtü çıxdı ki, artıq maşını hərəkətə gətirməyə hazırlaşan atası mühərriki söndürüb tez dilləndi: 
- Yaxşı, yaxşı, ağlama. Gələn həftə anan sənin üçün bir başqasını tapar.
Ancaq Cirolamo təkrar-təkrar, həm də elə ucadan hönkürdü ki, hətta özü də təəccüb etdi: 
- Sən yatmışdın ana, yatmışdın, yatmışdın... 
Ata mühərriki yenidən işə salaraq bir də təkrar etdi: 
- Yaxşı, yaxşı ağlama! Kişi ağlamaz! 
Ana: 
- Bu uşaq nə vaxtdan bəridir ki, özünü yaxşı hiss etmir. Həddən artıq əsəbi olub. 
Və maşın yola düşdü...
 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)