Fərid Muradzadə - İxlas
Yay ayı olsa da hava bir qədər sərin keçirdi. Göy üzü tər-təmiz idi. Səmada sayrışan ulduzlar insanda başqa bir əhval oyadırdı. O, səhər azan səsinə yuxudan ayılmışdı. Gecələdiyi otelə yaxın məsciddən səhərəyaxın şəhərin lal sakitliyi içərisində aram-aram xüsusi bir avazla ətrafa yayılan, insanın ruhunu oxşayan azan səsi onu valeh etmişdi. Ömründə belə bir səs, belə bir avaz eşitməmişdi. Qəlbinə özünün də bilmədiyi bir hiss hakim kəsilmişdi. Nə isə istəyirdi, ancaq bunun nə olduğunu bilmirdi.
Vurnuxa-vurnuxa qalmışdı. Gah qulaqcıqlarını taxıb musiqi dinləmiş, gah kitab oxumuş, idman hərəkətləri etmiş, televizora baxmış, (böyük bir məhəbbətlə sevdiyi qadını narahat etməmək üçün
televizora da qulaqcıq taxmışdı) geniş otel kompleksinin həyətindəki iri hovuzda üzən balıqlara tamaşa etmiş, ancaq heç cür rahatlıq tapa bilməmişdi. Onun bu izaholunmaz narahatlığının səbəbi, qəlbini bürümüş müəmmalı istəyi nə idi? O, bu fikirlər içində azmışdı. Səhər yeməyini necə yediyini belə bilməmişdi. Gündəlik otel turları təşkil olunurdu, hamısına da sevə-sevə qatılardı.
Toşio Yamazaki (Toshio Yamazaki) ixtisasca həkim idi. 27 yaşlı ucaboy, enlikürək bu gənc həkim
hər il olduğu kimi bu il də məzuniyyətə çıxmışdı. Lakin onun bu ilki məzuniyyəti həmişəkindən
fərqli idi. Bu dəfə o, sevimli, gənc, gözəl, ənənəvi yapon əqidəsinə və ailəsinə bağlı olan xanımı
Reyko Vatanabe (Reyko Watanabe) ilə birlikdə məzuniyyətə çıxmışdı. Artıq yeddi ay idi ki, ailə qurmuşdular. Bu onların bal ayından sonrakı ilk səfərləri idi. Cütlük əsrarəngiz, macəralarla dolu, hər guşəsi bir tarix olan qədim İstanbula səfər etməyi qərara almışdı. Bu qədim şəhəri seçməkdən çox məmnun idilər. Sanki qeyri-iradi ikisinin də bilmədikləri bir hiss onları buna sövq etmişdi. Bu şəhərdə istirahətdən zövq alırdılar. Toşio həkim olsa da hələ uşaqlığından arxeologiyaya, tarixə və coğrafiyaya vurğun olmuşdu. Hələ də bu sahələr üzrə əlinə düşən materialları oxuyar, özü üçün müəyyən qeydlər edərdi. Əslində o, arxeoloq olmaq istəyirdi. Həkimlik onun valideyinlərinin arzusu idi. Ancaq onun bu peşəni seçməsinin başqa bir səbəbi vardı. Toşionun bir uşaqlıq dostu var idı-Mao Takeşi (Mao Takeshi), Onun ən sevimli dostu. Girdəsifət, seyrək qaşlı, fındıq burun, ,,kirpi saçlı" Takeşinin uşaqlıqdan ürəyində problem vardı. Böyüdükcə problem özünü daha çox büruzə verirdi. Bir gün uşaqlar qrup halında meşəyə əylənməyə getmişdilər. Təbii ki, qrup rəhbərləri də vardı. Takeşi də onlarla birlikdə getmişdi. On beş yaşında idilər. Xeyli əylənib yaxşıca istirahət etmişdilər. Geriyə dönməyə hazırlaşırdılar. Qəflətən Takeşinin ürək tutması başladı. Yeniyetmə havasızlıqdan sudan çıxarılmış balıq kimi çabalayırdı. Uşaqlar və qrup rəhbəri aciz qalmışdılar. Takeşinin bərəlmiş gözləri acizanə şəkildə Toşioya baxırdı. Bu baxışlarda köməksiz, çarəsiz, günahsız, amansız xəstəliyin pəncəsində boğulan məsum uşağın yalvarışları vardı. Dostuna heç cür köməklik göstərə bilməyən Toşio göz yaşları içində qışqıra-qışqıra ora-bura qaçır, mobil telefonla ard-arda təcili yardım çağırırdı. Təcili yardım gəlsə də ona kömək edə bilmədi. Amansız xəstəliyin qurbanı olan Takeşi o gün dostlarının gözü önündə can verdi. Həmin gün məhz Takeşinin əzablarının şahidi olan Toşio onun ruhu önündə and içib həkim olacağına söz verdi. Onun gənc olmasına baxmayaraq Yaponiyada tanınmış həkim-kordioloq olmasının əsl səbəbi mərhum Takeşi olmuşdu...
Artıq saat 10:00‐ı göstərirdi. Onlar hazırlaşmağa başladılar. İndi burada, bu qədim, əsrarəngiz, nağıllar şəhərində istirahətdə olan cütlük az sonra şəhər gəzintisinə çıxacaqdı. Küçə boyu dükan-bazarlarda nə desən tapmaq olardı. Günəş artıq xeyli yüksəlmişdi. Onlar dükanları və klassik İstanbul bazarını çox gəzdiklərindən vaxtın belə tez keçməsini fərq etməmişdilər. Buradan ayrılıb ,,Aya Sofya" və ,,Sultan Ahmet"ə gedəcəkdilər. Şirin-şirin söhbət edə-edə irəliləyirdilər. Arabir yol boyu diqqəti cəlb edən
qədim memarlıq abidələrini fotoaparatın yaddaşına köçürürdülər. Bir-neçə dəqiqədən sonra
qədim ,,Aya Sofya"nın qapısı ağzında idilər. Tur bələdçisi bu qədim və möhtəşəm abidə
barədə turistləri məlumatlandırdı. Burada da xeyli şəkil çəkdilər. Növbə ,,Sultan Ahmet"in idi.
Tam caminin qarşısında olduqları zaman günorta azanı başladı. Elə bil Toşionu ayaqlarından
yerə mıxlamışdılar. Bu o səs idi, səhər eşitdiyi səs. İçində insanı heyran edən, cəlb edən, təpədən-dırnağa insanın cisminə, ruhuna hopan o ecazkar səs! İlahi, bu nə səs idi?! Toşio bu səsin təsirində sanki səmanın ənginliklərində idi. Bələdçi nəsə danışırdı, ancaq Toşio onun dediklərini dinləmirdi, o, ayrı bir dünyada idi. Tur rəhbəri ondakı dəyişkiliyi sezdi, yaxınlaşıb onunla maraqlandı. Toşio heç bir problem olmadığını söylədi və xanımı ilə burada qalacaqlarını bildirdi.
O, böyük məscid-kompleksi gəzə-gəzə müxtəlif şəkillər çəkir, klassik şərq üslubuna baxdıqca
valeh olurdu. Namazdan sonra turistləri içəri buraxdılar. Toşio xüsusi ornamentlərlə bəzənmiş
məscidin içərisini gəzdikcə özünü şərq nağıllarının personajına bənzədirdi. Taxçada qoyulmuş
nəfis üzlüklü kitab onun diqqətini cəlb elədi. Yaxınlaşıb əl uzatmaq istədi, lakin kiminsə bağırtısını
eşidib qeyri-ixtiyari əlini çəkdi.
-Əl vurma! Dəstəmazsız toxunma! Dəstəmazlısan?!
Toşio geri çevrildi. Qarşısında gödəkboy, bığsız, topsaqqal birisi dayanmışdı. Adam ona zənnlə
baxa-baxa səlis ingiliscə
-Are you tourist? ( turistsiniz?), ‐dedi.
-Yes, i am tourist. But excuse me, why do you shout? I don't understand it (Bəli turistəm.
Bağışlayın, nə üçün qışqırırsınız? Başa düşmədim).
-Let I explain you. I am muslim, alhamdulillah (İzah edim! Mən müsəlmanam), və beləcə başladı
uzun-uzadı bir moizə...
Əl uzatdığın kitab bizim müqəddəs kitabımızdır. Ona dəstəmazsız toxunmaq olmaz. Adam qəliz
şəkildə turistə nə etmək lazım olduğunu izah edirdi.
Reyko və Toşio bu qaba adamın ,,asaram-kəsərəm”lə izahından sıxılırdılar. Adam isə onların hansı
oteldə qaldıqlarını öyrənməyə çalışır, radikal dini cərəyanlardan ağız dolusu danışır, onları,, dinə
dəvət edirdi”. Artıq sıxılırdılar. Bu dəmdə kənardan olanları sakitcə seyr edən 45-50 yaşlı eynəkli
şəxs onlara yaxınlaşıb üzbəüz olan Toşioya sakit davranmağa işarə etdi. Üzünə təbəssüm verib
köhnə tanışlar rolunu oynamağa başladı.
-Harda qaldınız, bayaqdan sizi gözləyirəm, maşın həyətdədir. Buyurun. Sən isə əfəndi, qonaqlarımı rahat burax!
Bəstəboy adam şübhəli şəkildə onu süzməyə başladı. Reykonun çaşqınlığına isə Toşionun yapon
dilində dedikləri son qoydu. Birlikdə səkinin kənarındakı avtomobilə yaxınlaşdılar. Səssizcə qapını
açıb əyləşdilər. Eynəkli adam hər tərəfi nəzərdən keçirdikdən sonra üzünü onlara tutdu:
-Have you ever been before here? (Əvvəllər burada olmusunuz?).
Cavab təbii ki, təxmin etdiyi kimi oldu. Əl uzadıb özünü təqdim etdi;
-Mithat Ünlü. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin professoru.
Toşio və Reyko da özlərini təqdim etdilər. Nahar fasiləsi olduğu üçün professor onları nahara
dəvət etdi. Üçlükdə xeyli söhbətləşdilər. Professorun səlis nitqi, ağlı, intellekt səviyyəsi, nurlu
siması onları elə valeh etmişdi ki, getməyi belə unutmuşdular. Saat 4:40-ı göstərirdi. Getmək
üçün ayağa qalxdılar. Mithat bəy onları otelə qədər aparacağını bildirdi. Yolda yenə mövzu din
üzərindən düşdü. Professor aramla, təmkinlə, gözəl şəkildə İslamı anladırdı. O, danışdıqca gənc
ailə ona kiçik uşaqlar sevimli müəllimlərini dinləyirmişlər kimi sakitcə qulaq asırdılar. Otelə
çatandan sonra professor öz ünvanını və telefon nömrəsini onlara verib sabah uyğun vaxtda
cütlüyü öz evinə dəvət etdi.
Toşio və Reyko çox məmnun qalmışdılar. Axşam yenə azan səsini eşidən Toşio artıq
qəlbindəki narahatçılığı qismən çözmüş oldu. Deyəsən kələfin ucu ələ keçmişdi. Səhər günortaya
qədər gəzib görməli yerləri seyr etdilər. Daha sonra isə professorun göndərdiyi sürücü onları
professorun evinə apardı. Mithat bəy xanımı Ayşegül xanımla da onları tanış etdikdən sonra bir
süfrə arxasında əyləşib səmimi söhbətə başladılar. Toşionu ən çox maraqlandıran İslam dini ilə
bağlı suallar idi. Professor da onun bütün suallarını şövqlə cavablandırırdı. O, danışdıqca gənc
ailə artıq öz aləmlərində bu dini qəbul edirdilər. Qəflətən sözləşiblərmiş kimi ikisi də birdən;
‐İslamı qəbul etmək üçün nə etməliyik? ,deyə soruşdular. Professor onları nəzərdən keçirib dedi:
-Buna tam əminsinizmi?
-Əlbəttə.
-O zaman sadəcə kəlmeyi-şəhadət deyib müsəlman olursunuz.
-Bu qədərmi asan yəni?
-Təbii ki..
O gecə İstanbul şəhərində professor Mithat bəyin evində uzaq gündoğar ölkədən olan iki
nəfərlik bir ailə müsəlman oldu.
On gün sonra İstanbul Hava Limanından səmaya qalxan təyyarədə mehriban, gənc bir ailə qəlblərində ləkəsiz, Allah sevgisi, iman, təqva ilə səmadakı ağappaq topa buludların arası ilə vətənlərinə doğru uçurdular. Dörd ay sonra Yaponiyadan professorun e-mail ünvanına belə bir məktub gəldi
,,Cənab professor, siz çox mədəni insansınız. İslam dinini sizin sayənizdə qəbul etdik. Şəhərinizə
gəldiyim gündən ilk eşitdiyim azan səsi məni valeh etmişdi. Demək ki, uca Allah məni bir müsəlman buyurubmuş. Bu dinin gözəl elmi tərəflərini araşdırıram. Adi dəstəmaz almaqda belə
xüsusi bir kəramət var. Mən həkim olduğum üçün tibbi tərəfləri araşdırıram. Dinimiz gözəldir,
ancaq təəssüf ki, aramızda hələ də cahillər var. Məni divara dirəyən o topsaqqalı üç gün əvvəl
Almaniyada gördüm. Ekstremist kimi tutulmuşdu. Mən isə orada balaca bir suriyalı körpənin ürək
əməliyyatını həyata keçirəcəkdim. O məsum, günahsız, mələk üzlü körpə bu topsaqqal kimilərinin
atdığı mərminin qurbanına çevrilmişdi. Qəlpə ürək qulaqcığını zədələmişdi. Doğrudur o körpəni
bir dəfə əməliyyat etmişdilər. Lakin problem həll olunmamışdı. Mən o məsum körpənin nəfəs
ala bilməməsini gördükdə müharibənin acılarını daha yaxından duydum, dostum Takeşinin ölüm səhnəsi bir daha gözümün önündə canlandı. Cənab professor, mən əslində Almaniyada seminara qatılmışdım. Sadəcə o körpəni xəstəxanada görəndə qəlbim dözmədi və əməliyyat üçün müraciət etdim. İndi balaca Nujeen Susli sağlam həyata qovuşub və özünü çox yaxşı hiss edir. Mən o topsaqqala müsəlman olduğumu bildirdim, amma başqa söz də dedim. Ona dedim ki, ,,siz
bu gözəl dinin qədrini bilmirsiniz, radikal yönümlüsünüz, hansı ki, dinimizdə belə bir şey yoxdur.
Siz minlərlə günahsız insanın qanına əlini bulamış qatillərsiniz. İslamda məcburiyyət yoxdur, dəvət var. Zorla din olmaz, zorən dindar olmaz! Diqqətlə oxusanız, müqəddəs ,,Qurani-Kərim"də elm buyurulur, cəhalət yox! Sizlər isə radikal yetişdirilmiş cahil insan qəssablarısınız. Araya təriqət davası salıb sizi bir-birinizə qırdıranlar ən çox fayda əldə dınlərdir. Sənin kimi cahillərin, radikal fanatiklərin əziyyətini çəkənlər isə on minlərlə günahsız insanlardır. Sizlər insanlıq adına ləkə olanlarsınız. Sənin kimilərinə nə cəza verilsə belə azdır. İslamdan xəbəriniz yoxdur, amma özünüzə dindar deyirsiniz". Cənab professor, artıq bir missiyaya başlamışam. Dünyanın müxtəlif ölkələrində dinindən, dilindən və irqindən asılı olmayaraq öz yurdundan didərgin düşmüş, müflis olmuş, sağlamlıq problemləri olan insanlara yardım etmək, xüsusən ürək problemləri olan insanların müalicə və əməliyyatını gerçəkləşdirmək üçün bir qurum təsis etmişik. Ümidvaram ki, uca Allah bu işdə bizlərə yardımçı olacaq. Sizdən dualarınızı əskik etməməyinizi rica edirəm. Artıq yola çıxmaq üzrəyik. Ayşegül xanıma salamlarımızı çatdırın. Sizinlə görüşmək ümidi ilə, cənab
professor".
Hörmətlə:
Toşio Yamazaki.
Professor Mithat Ünlünün sevincinin hüdudu yox idi. Öz-özünə, -İlahi, nə yaxşı ki, yer üzündə belə
təmiz qəlbli insanlar var. Dünyada ilk olaraq insanlıq və mərhəmət dini var. İnsanlıq hələ ölməyib.
Fərid Muradzadə