Saramaqo ilə söhbət
Söhbət
Saramaqo ilə söhbət
Joze Saramaqonun 1997-ci ildə öz evində Donzelina Barrosoniyə verdiyi müsahibəsi
Donzelina Barroso: Lissabondan ötrü darıxırsınızmı?
Joze Saramaqo: Əslində mövzu darıxıb darıxmamaq deyil. Şairin də söylədiyi kimi, gerçəkdən darıxmaq iliklərinə qədər hiss etdiyin o ürpərti duyğusudur – etiraf etməliyəm ki, mən o ürpərtini hiss etmirəm. Oaralar ağlımdan çıxmır. Orada çoxlu dostlarımız var və qısa müddətə onları ziyarət etmək üçün gedirik. Bir neçə gün ya da bir neçə həftə orada oluramsa, təbii, köhnə vərdişlərimə qayıdıram. Ancaq mümkün olduğu qədər tez bir zamanda bura qayıtmağım haqda düşünürəm. Buranı və insanlarını sevirəm. Gözəl bir həyatım var Lanzarotedə. Buradan ayrılacağımı düşünmürəm. Eh, təbii, bir gün hamımız ayrılmaq məcburiyyətində qalacağıq, sadəcə, bu dəfə öz istəyimlə getmiş olacağam.
D.B: Lanzarotedən – illərcə yazdığınız yerdən hər şeyi buraxıb köçdükdən sonra buraya tezmı alışdınız yoxsa az da olsa, əvvəlki iş yeriniz üçün darıxdınızmı?
J.S: Çox asan öyrəşdim. Həyatından şikayət edən biri olmadığımı düşünürəm. Bunca zaman ərzində yaxşı ya pis nə yaşadımsa, bunları dramatikləşdirmədən yaşadım. Sadəcə, anı yaşayıram. Təbii ki, acı da çəkirəm, amma təkbaşına. Daha doğrusu, belə deyək, ilginç olmanın yollarını axtarmıram.
D.B: Necə işləyirsiniz? Hər gün yazırsınızmı?
J.S: Roman yazıramsa, bəli, hər gün yazıram. Əlbəttə, evdəki işlər, səyahatlər və s. bu kimi məsələlər çıxanda fasilə verdim, amma normal olaraq çoxplanlı çalışıram. Disiplinli birisiyəm. Gün ərzində vaxt təyin edib bu vaxta uyğun olaraq çalışmaq üçün özümü zorlamıram, amma gün ərzində ən azı, iki səhifə yazıram. Bu səhər yeni romanın üçün iki səhifə yazdım, sabah da iki səhifə yazacağam. Gündə iki səhifə yazmaq azdır deyə bilərsiniz, amma mənim başqa işlərim də var. Digər mətnləri yazmaq, məktublara cavab vermək və sair. Günə iki səhifə yazmaq bir il üçün 800 səhifə deməkdir.
D.B: Doğrudanmı yazılarınızı bilgisayarda yazırsınız?
J.S: Bəli, bilgisayarda yazıram. Əlyazma şəklində yazdığım sonuncu kitab “Lissabon mühasirəsinin tarixi” idi. Etiraf edim ki, klaviaturaya alışmaqda heç çətinlik çəkmədim. Əslində bilgisayarda yazmağın yazıçının üslubuna ziyanlı olduğu hesab edilir. Məncə belə deyil. Bu, makinada yazmaqla eyni bir şeydir. Sadəcə, daha rahat və daha sürətlidir. Bir insanın özünəxas stili, söz dağarcığı varsa, bilgisayar bunu necə dəyişdirə bilər ki? Zatən, bilgisayarda yazdıqdan sonra mən də kağıza çıxarıram, çıxarmasam, konkret bir dəlil yoxmuş kimi zənn edirəm.
D.B: Gün ərzində iki səhifə yazdıqdan sonra yazdıqlarınıza hansısa bir dəyişiklik edirsinizmi?
J.S: Sonuna gəldikdə bütün səhifələri gözdən keçirirəm. Təbii ki, kiçik dəyişikliklər edirəm; özəl detallar, üslub və sair. bu kimi şeylər. Ancaq əsas dəyişiklikləri əsəri yazdıqdan sonra edirəm. Yazdıqlarımın yüzdə 90-ı elə yazdığım kimi də qalır. Bəzi yazıçılar kimi etmirəm. Yəni sonradan 80 səhifəyə, 80 səhifədən 250 səhifəyə qədər 20 səhifəlik məzmun yazmıram. Kitablarım kitab olaraq işə başlayır və orada da böyüyür.
D.B: Yəni hər şeyi hesablayıb yazmağa başlayırsınız?
J.S: Bəli, getmək istədiyim yer və çatmaq istədiyim nöqtə haqqında dəqiq bir fikrim olur. Amma bu planlı olmur. Sonunda demək istədiyim şeyi deyirəm. Nə demək istədiyimi anlatmaq üçün əsasən bu analogiyadan istifadə edirəm: Lissabondan Portoya getmək istəyirəm, amma yolun dümdüz gedib-getmədiyini bilmirəm. Anlamsız kimi görünsə də Castelo Branconu da keçə bilərəm. Çünki Castelo Branco ölkənin içində, hətta İspaniyanın sərhədləri daxilindədir. Lissabon və Porto da Atlantik sahillərində. Demək istədiyim budur: bir yerdən digərinə keçdiyim yol ümumiyyətlə, dolanbacdır, çünki əsəri anladana yoldaşlıq etməsi lazımdır. Məsələn, bu anda olan bir şeyə, yaxud daha öncə olmuş bir şeyə. Əsər müəyyən bir anın ehtiyaclarına diqqət göstərməlidir, bu da o deməkdir ki, heç bir şey əvvəlcədən müəyyən edilməmişdir. Müəyyənləşərsə, o kitab tamamilə itmiş olacaq. Bir kitabı yaranmamışdan öncə var olmağa məcbur etsəm, onda nəql olunan hekayənin təbii inkişafına qarşı çıxmış olaram.
D.B: Həmişə bu şəkildə yazırsınız?
JS: Həmişə. Başqa cür yazmağı heç düşünmədim. Kitablarımda keçən hər an, zatən olmuş şeylərdir. Eynilə bina inşa edən adamın, binanın çökməsini önləmək üçün bir materialı digəriylə tarazlamasının vacib olduğu kimi. Yəni forması deyil, məntiqi öncədən müəyyən olunmuş bir kitab yazmaq kimi.
D.B: Xarakterlərinizin sizi çaşqın vəziyyətdə qoyduğu hallar olurmu?
J.S: Bəzi xarakterlərin öz həyatlarına sahib olduqları və yazıçıların ardınca getdikləri düşüncəsinə inanmıram. Təbii ki, xarakterin azadlığı yoxdur, amma yazıçı xarakterin şəxsiyyətinin məntiqinə zidd bir şeyi zorla xarakterin üzərinə yükləməməlidir. Xarakter yazıçının, yəni mənim əlimlə tələyə düşür, amma tələyə düşdüyünü bilmədiyi bir formada. Xarakterlər misralardadır, ancaq misralar zəifdir. Xarakterler azadlıq, müstəqillik illüziyalarından xoşlanırlar, ancaq getmələrini istəmədiyim yerə gedə bilməzlər. Yəni xarakterler bir mətnin ucundadırlar, amma mətnin ucu zəifdir. Beləcə, getmələrini istəmədiyim bir yerə getmirlər. Qısacası, men çaşmalarını istədikdə çaşırlar, istəməsəm, çaşmırlar.
D.B: Xarakterlərinizdən hansını “biri” olaraq görmək istərdiniz?
J.S: Düzünü demək lazımdırsa, bütün xarakterlərimi. “Rəssamın əl kitabı”ndakı rəssamdan “Bütün isimlər”’dəki Senyor Joseyə qədər hamısı əslində gerçək insanlardır. Sanıram, bunun səbəbi xarakterlərimdən heç birinin “kopya” ya da imitasiya olmamasıdır. Hamısı gerçək insanlardır. Hər biri, o dünyada yaşamağa can atır. Onlar sadəcə, fiziki hala bürünməmiş qurğusal varlıqlardır.
D.B: Mənim üçün “Korluq”dakı doktorun qadını gerçəkdən də fərqlı biriydi. Xəyalımda onu, haqqında ətraflı detallar olmasa da çox fərqlı şəkildə canlandırdım.
J.S: Romanda fiziki baxımdan onun təsviri olmasa bilə düşüncəndə onu görüntü olaraq canlandırmağın mənim üçün çox xoş oldu. Bir xarakterin qaşının gözünün təsvirinə o qədər də ehtiyac yoxdur. Mənim istəyim odur ki, oxucular xarakterləri özləri canlandırsınlar. Bu da bir az yazıçıya kömək etmək deməkdir.
D.B: “Korluq” üçün ağlınıza gələn fikri necə inkişaf etdirdiniz?
J.S: Bir restorandaydım, sifarişi gözləyirdim. O an qəfildən ağlıma bir fikir gəldi: Hamımız kor olsaq, halımız necə olar? Öz sualıma özüm cavab verəsi olsam, əslində hamı kordu, hamı baxır, amma hamı kordu. Romanın embriosu məhz bu nöqtə idi. Daha sonra başlangıç haqda düşündüm və nəticənin yaranmasına izn verdim. Nəticə qorxunc oldu, amma əslində dəmir məntiq var. “Korluq”da xəyal gücü yoxdur, sadəcə, səbəb və nəticə əlaqəsinin sistematik bir şəkildə tətbiq olunması var.
D.B: “Korluq”u çox bəyəndim, hərçənd oxunması asan bir kitab deyil. Doğrudan da çox ağır bir kitabdır, ancaq tərcüməçi ortaya çox yaxşı bir iş qoya bilib.
J.S: Uzun illər tərcüməçim olaraq çalışan Giovanni Portieronun bu yaxınlarda öldüyünü bilirdinmi?
D.B: Eləmi? Nə vaxt?
J.S: Fevralda. QİÇS-dən öldü. “Korluq”u çevirirdi. İşini bitirib öldü. Sonlarına doğru, həkimin verdiyi dərmanların təsirindən gözləri tutulmağa başlamışdı. Onu az da olsa yaşadacaq riskli müalicə qarşısında seçim etməsi lazım gəlirdi. Seçimini etdi və tərcüməni bitirdikdən sonra görmə qabiliyyətini itirdi. Çox müdhiş bir hadisəydi.
D.B: Çox üzüldüm. “Lissabon mühasirəsinin tarixi”ni yazanda nədən ilham aldınız?
J.S: 1972-ci ildən bəri bunu yazmaq haqqında düşünürdüm. Sanki mühasirəyə alınmış şəhərdəydim, ancaq bu şəhərin kim tərəfindən mühasirəyə alındığı bəlli deyildi. İlkin olaraq 1384-cü ildə Qastiliya tərəfindən Lissabonun mühasirəyə alınması kimi düşünmüşdüm və bu daha sonra gerçək bir mühasirə oldu. Bu fikri 20-ci yüzildə gerçəkləşmiş olan başqa bir mühasirə ilə birləşdirdim. Nəticə olaraq, bu mühasirə iki tarixi olayın birləşməsiydi. Mühasirəni mühasirəyə alanlar və mühasirəyə düşənlər ilə bir müddət davam etdiyini düşüncəmdə canlandırdım. Absurd bir mühasirə oldu. Şəhər insanlar tərəfindən mühasirəyə alınırdı, vəssalam. Başqa bir nöqtəyə yetişmirdi.
Nəticədə hamısı bir araya gələrək tarixi həqiqət üzərinə meditasyon xüsusiyyət daşıyan bir kitab yaratdılar. Tarix gerçəkdən ibarətdirmi? Tarix dediyimiz şey bütün hekayəni təkrar etməzmi? Tarix, əslində, bir qurmacadan ibarətdir, o, icad edilmiş gerçəklərdən yaranır. Əslində gerçəklər gerçəkdir, ancaq bu gerçəklərin bir araya gətirilməsində çoxlu qurğular vardır. Tarix hekayəyə bir tutarlılıq, bir cizgi gətirən müəyyən olayların bir araya gətirilməsiylə yaranır. Bu cizgini yaratmaq üçün çox şeylərin cizginin xaricində qalması lazımdır. Tarixə fərqli bir hiss gətirə biləcək gerçəklər tarix səhifələri arasında yer almaz. Tarixdən dərs almaq mümkünsüzdür. Heç kim “bu belə oldu, çünki mən bu şəkildə olduğunu söylədim” deyə bilməz.
“Lissabon mühasirəsinin tarixi” tarixi ədəbiyyat sahəsində sadəcə, bir sınaq deyil, tarixdən gerçəyə ya da gerçəkdən tarixə doğru bir meditasiyadır. Bir az hiylə işlədilsə belə, əsla yalan deyil. Rəsmi tarixin Xeyir ilə qarşı-qarşıya qalması gərəkdir ki, bu da bizi başqa bir həqiqət axtarmağa yönəltsin. Bu, öz yaşamımızla, qurğu və ideologiyaların tarixi ilə birbaşa əlaqəlidir. Məsələn, bir inqilab “yox” deməkdir; bu “yox” isə ya sürətlə ya da zamanla bir “hə” halına gəlir. Və bu üzdən bir müddət sonra başqa bir “yox” meydana çıxır. Bəzən “yox” kəlməsinin bizlər üçün ən önemli kəlmə olduğunu düşünürəm. Bu “yox” bir xəta olsa belə, ondan doğa biləcək mənfiliklər daha çox müsbətə xidmət edir. Dünyaya bu gün “yox” deməyimiz buna bir misaldır.
Kitab nöqteyi-nəzərindən baxmağa çalışsaq, daha az iddialı bir “yox”dur, amma bir insanın həyatını dəyişdirməyə yetəcək qədər də gücə malikdir. Rəsmi tarixdə, 1147-cü ildə səlibçilərin Lissabonu yenidən fəth etmək üçün Portuqaliya Kralına yardım etdiyini göstərən cümlədə “xeyir” sözündən istifadə edərək Raimundo başqa bir tarix yazmaqla qalmadı, eyni zamanda öz həyatını dəyişdirməyə səbəb olan adımını da atmış oldu. Bu cümləni rədd etməsi əslində həm də yaşadığı yaşamı rədd etməsi deməkdir. Bu imtina onu başqa bir addımı atmağa sövq etdi. Gündəlik təkrarlardan qoparıb melanxoliyaya sürüklədi. Bir addım da atdı, yəni Mariya Sara ilə olan əlaqəsinə doğru bir adım.
D.B: “Lissabon mühasirəsinin tarixi”ndə Raimundo və Mariya Saranın ikisi də yad adam olaraq anlatılırdılar: öz doğma şəhərlərindəki yadlar. Hətta bir-birlərinə Moors (Bozqır) deyirdilər.
J.S: Bəli, eynilə elədir. Nəticədə hamımızın belə olduğuna inanıram.
D.B: Hamımız deyərkən portuqaliyalılarımı nəzərdə tutursunuz?
J.S: Bəli. Amma təkcə portuqal əsilli olanları deyil. Bu şəhərdə yaşamaq məcburiyyətində qalan hər kəsi. Demək istədiyim odur ki, bu şəhər toplu yaşam biçiminə sahib bir şəhərdir. Ancaq digər tərəfdən də bu şəhərdə yad kimiyik, yəni hamımızMoorsuq. Fiziki olaraq bu şəhərdə oluruq, amma ruhani olaraq yadıq. Çünki Moors dəyişikliklərə təsir göstərə bilən bir yaddır. Moor qəribə də olsa, şəhərin divarları içində olmasına baxmayaraq həm də şəhərdən kənarda olaraq o şəhəri dəyişdirən adamdır. Təbii, bu dəyişikliyin müsbət bir anlamda olmasını ümid edirik.
D.B: Ötən illərdən birində Portuqaliya ilə bağlı qayğılarınızdan bəhs etmişdiniz. İndiki Portuqaliya və Avropa Birliyinə daxil olma planları haqqında fikirləriniz maraqlı olardı.
J.S: Avropa Birliyi inkişaf edərsə, digər ölkələrin dövlət adamlarında olduğu kimi bizim siyasətçilərimizin də məsuliyyəti azalacaq. Ən təməl hallarına, yəni təmsilçiyə dönəcəklər, çünki demoktratik ifadə çağımızın ən böyük yanılmalarından biri oldu. Demokratiya bu dünyada heç nəyə yaramır. Sözü keçən yeganə şey uluslararası maliyyənin gücüdür. Maliyyə sektoruna qatılan insanlar dünyanı yönəltməkdədirlər. Politikaçılar sadəcə, bir vəkildirlər – gerçək demokratiyanın əksi olan siyasi iqtidar və maddi güc arasında bir növ, qeyri-leqal əlaqə mövcuddur. İnsanlar məndən “bunun əvəzinə nəyi təklif edirsiniz” deyə soruşa bilərlər. Heç bir şey təklif etmirəm. Mən sadəcə, bir romançıyam, gördüyüm pəncərədən dünyanı yazıram. Bunu dəyişdirmək mənim işim deyil. Təkbaşına bu işi görə bilmərəm, heç nə etmək lazım olduğunu belə bilmirəm. Bəzən geriyə dönməyimizi təklif etmək istəyirəm, amma bu çox ziddiyyətli görünür. Çünki bir şeyin yalnız irəliyə doğru inkişaf edə biləcəyi qəbul edilir. Geriyə doğru inkişaf əslində çox asan bir şeydir: çatdığımız səviyyə -Zen deyil, üst orta sinifdə rahatca yaşaya bilməmizi təmin edən bir səviyyədir. Geriyə dönmək “burada dayanaq və geridə buraxılan milyardlarla insana baxaq” deməkdir. Əlbəttə, bütün bunlar utopyadan başqa bir şey deyil. Mən əlli min sakininin olduğu bir adada – Lanzarotedə yaşayıram və dünyanın geri qalanında yaşananlar dünyanın geri qalanında qalır. Dünyanın xilaskarı olmaq kimi bir arzum yoxdur, amma dünyanın daha yaxşı bir yer ola biləcəyi mövzusunda sadə bir inancla yaşayıram və bu, dünyanı daha gözəl bir yer halına gətirməyi asanlaşdırır. Bu inanc məni, yaşadığım dünyanı sevmədiyimi söyləməyə təhrik edir, düşündüyüm dünya səviyyəsindəki inqilab bizim üçün yaxşı bir şey olacaq. Iki insandan biri oyandıqdan sonra, “bu gün, heç kimə zərər verməyəcəyəm” desə və bunu ertəsi gün də təkrarlasa, hətta bu sözləri yaşatsa, o zaman dünya qısa müddət içində dəyişəcək. Amma bilirəm ki, bu, söz olaraq qalacaq, əsla reallaşmayacaq.
Bütün bunlar bu dünyada bir səbəb axtarmağıma səbəb oldu. Buna görə də “Korluq”u yazdım. Bu düşüncələr mənə o əsəri yazdırdı.
D.B: Yazdığınız ən çətin romanın “Korluq” olduğunu demişdiniz. Bunun səbəbi, ağ korluq epidemiyasına tutulmuş yoldaşına adamın həddindən artıq zülm göstərməsinə və bu zülm haqqında yazmağın narahatlıq verməsinə baxmayaraq, nikbin olmağınız idimi?
JS: Əslində pessimistəm, amma özümü başımdan vuracaq qədər yox. Bəhs etdiyiniz zülm təkcə romanda deyil, dünyanın hər yerində hər gün yaşanan bir zülmdür. Və biz bu anda ağ korluq epidemiyasına yoluxmuş vəziyyətdəyik. “Korluq” insan ağlının korluğuna işarə kimi istifadə edilmiş bir metaforadır. Bu, planetdəki qayaların necə yaranmasını araşdırmaq üçün Marsa birini göndərdikləri halda, eynı zamanda milyonlarca insanın həmin planetdə ac-yalavac dolaşmasını görə bilməyən bir korluqdur. Ya koruq, ya da dəliyik.
D.B: “The Stone Raft”da bu tərz toplumsal mövzularla əlaqəli deyilmi?
J.S: Əslində tam olaraq deyil, amma insanlar elə görməyi tərcih edirlər. İber Yarımadasını İngiltərədən ayrı görmək istəyənlər də var. Əlbəttə, zatən bu kitabın mövzusudur. Ancaq əsas söyləmək istədiyim, hətta gerçək olduğuna inandığım şey budur: Portuqaliya və İspanyanın köklərini təkcə Avropada tapmaq olmaz . Oxuculara həmişə belə dedim: “Dinləyin, həmişə Avropalı olduq, indi də Avropalıyıq və hər zaman Avropalı olacağıq – var olmağın başqa yolu yoxdur. Amma tarixi, mədəni və dil xüsusiyyətləri baxımdan da öhdəliklərimiz var. Və bu üzdən, özümüzü dünyanın qayğıları ilə yükləməyək. Bu, hər hansı bir yeni müstəmləkə arzusunu yansıtması üçün palnlaşdırılmamışdı, amma İber Yarımadası, “The Stone Raft”da olduğu kimi, Güney Amerika ve Afrika arasında qaldı və bunun bir səbəbi vardı: həyatımızı güney, güney, güney ve güney haqqında danışmağa xərclədik və güney daima müstəmləkə yeri olaraq qaldı. Quzeyə doğru yerləşsə belə…
D.B: “Lanzarote gündəliyi”ndə son səyahətiniz Nyu Yorka olmuşdu və bu şəhərdə güneyin quzeydəki Manhettendə olduğunu söyləmişdiniz.
J.S: Bəli, güney quzeydə yer alır.
D.B: Bu kitabda “Chelsea Otel” təsvirlərini çox bəyəndiyimi söyləməliyəm.
J.S: Qorxuncdur. Naşirim məni orada tutdu, ancaq hələ də bunun kimin fikri olduğunu bilmirəm. Düşünürdülər ki, orada qalmaq istədiyimi söyləmişəm, amma mən bunu heç vaxt dilimə gətirməmişəm. Oteli çöldən gördüyüm qədəriylə tanıyıram və görərkən də çox cəzbedici olduğunu düşündüm, amma qətiyyən “məni “Chelsea Otel”’də buraxın, lütfən” deyə bir kəlmə demədim. Sanıram, məni orada yerləşdirmələrinin səbəbi oranın qədimi olması idi . Amma keçmişi olan konfortsuz bir otel ilə keçmişi olmayan konfortlu bir otel arasında seçim etmək məcburiyyətində qalmışdım… Öz-özümə “Bura haradır? Həyatımda belə bir yerə rast gəlmədim” deyib durmuşdum.
D.B: Amerikaya nisbətən Avropa və Latın Amerikasında geniş bir oxucu kütləniz var.
J.S: Çox ciddi təbiəti olan şeylər Amerikalılar üçün cəlbedici deyil. Amma onlardan aldığım görüşlərin yaxşı olması məni heyrətə gətirir.
D.B: Tənqidçilərin fikri sizin üçün önəmlidirmi?
JS: Mənim üçün önəmli olan əqidəmə uyğun olaraq işimi yaxşı görməkdir; bu kitab ürəyim istəyən şəkildə yazıldı. Əllərimdən çıxdıqdan sonra həyatdakı digər sıradan bir şey kimi olur. Bir ana körpəsini dünyaya gətirir və onun üçün ən yaxşısını istəyir, ancaq bu həyat uşağa aiddir, anaya yox. Uşaq həyatını yaşayacaq, ya da başqaları onun həyatına müdaxilə edəcək. Amma bu həyat əsla ananın arzuladığı həyat olmayacaq.Kitablarımın oxucuları məmnun etməyi haqq etdiyini deməyəcəyəm, çünki bir kitabın dəyərliliyi oxucu sayına bağlı deyil. Bunun yanlış olduğunu hamımız bilirik.
D.B: Amerika səyahətinizdəykən bir çox Portuqaliya birliklərinə ev sahibliyi edən və eynı zamanda Massagetin bir bölgəsi olan Fall Riverə də getdiniz.
J.S: Bəli, fəaliyyətimlə maraqlanan köçgünlərlə bəzi söhbətlərim oldu. Həmin günlərdə ədəbbiyat haqda danışmağa çox az həvəsim olsa da, ətrafımda həvəskarlardan ibarət inanılmaz bir qələbəlik vardı. Ən son olaraq da ədəbi əsərlərim haqqında bir konfransla əlaqəli Praqadaydım, amma əsərlərdən daha çox başqa şeylər haqqında danışdım; Portuqaliyadakı vəziyyət və bununla əlaqəli görülməsi vacib olan işlər və sair. İnsanlara, insan irqinin tarixinin çox xaotik görünməsinə rəğmən əslində son dərərə bəsit olduğunu söyləyirəm. Şiddetlə iç-içə keçmiş bir dünyada yaşadığımızı bilirik. Şiddət bizim həyatda qalmağımız üçün gərəklidir, amma doğru söyləyirsiniz. Çünki yemək üçün heyvanları öldürmək zorundayıq və ya kimlərsə onları bizim üçün öldürməlidir. Meyvə toplayırıq, evlərimizi süsləmək üçün çiçəklər toplayırıq. Bunların hamısı əslində diğər canlılara qarşı təcavüzdür. Bununla bərabər, müəzzəm bir fərq də mövcuddur: Heyvanlar zalım deyil. Hörümcək milçəkləri yaxalayarkən, sadəcə sabah üçün günorta yeməyini buz dolabına qoymuş olur. Ama insanlıq zülmü icad etdi. Heyvanlar bir-birlərinə işgəncə verməzlər, amma bizlər… Bu planetdəki yeganə amansız varlıqlar bizik.
Bu müşahidələr məni doğru olduğuna inandığım bu sual qarşısında qoyur: “Əgər amansız olsaq, ağıllı, məntıqli olduğumuzu necə söyləyə bilərik?” Danışdığımız üçünmü? Düşündüyümüz üçinmü? Yaratmaq qüdrətinə sahib olduğumuz üçünmü? Bütün bunları edə biləcək durumda olsaq da bu, bütün pis və zalım şeylərdən imtina etməyimiz üçün yetərli deyil. Bu, müzakirənin vacibliyini düşündüyüm etik bir mövzudur, yəqin bu səbəbdən ədəbiyyat haqda danışmağa daha az həvəs göstərirəm.
Bəzən öz-özümə düşünürəm: “Ümid edirəm, bu planeti əsla tərk etməyəcəyik, çünki dünyaya yayılsaq, burada olduğundan daha fərqli davranacağımızı demək çətindir. Əslində kainatda yaşasaydıq – buna inanmıram– onu xəstəliyə yoluxduracaqdıq. Hesab edirəm ki, biz sadəcə, bu planetdə çoxalan virus növləriyik. Bu arada, son zamanlarda partlayan bir kometa haqqında bir şey oxudum və içimdə bayağı bir rahatlıq əmələ gəldi. Partlamanın ışığı üç-dörd il öncə dünyaya yetişib – buraya gəlib çatması üçün isə yüz altmış altı min il vaxt lazımmış. Sonra düşündüm ki: “Hə, yaxşı, heç bir təhlükə yoxdur, lap olsa belə, ora qədər gedib çata bilməyəcəyik.”
“Paris Review”, 1998-ci il
Tərcümə etdi: Kənan HACI
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)