Edebiyyat.az » Söhbət » "Heç kim əzab çəkdiyi vətən uğurunda ölməz." - Aqşin Yenisey (müsahibə)

"Heç kim əzab çəkdiyi vətən uğurunda ölməz." - Aqşin Yenisey (müsahibə)

"Heç kim əzab çəkdiyi vətən uğurunda ölməz." - Aqşin Yenisey (müsahibə)
Söhbət
nemət
Müəllif:
15:26, 30 dekabr 2019
2 937
0
Mənə görə yox, tarix boyunca Azərbaycan ədəbiyyatı 37-ci ildən ta 1990-cı illərə kimi heç vaxt olmadığı qədər miskin bir ədəbi mühit içində yaşayıb. Bu mühitin qoxusu hələ də ədəbiyyatımızın paltarından çəkilməyib. Ən gənc şairimizdən belə Stalinin çubuğunun nəm qoxusu gəlir. Bu dözülməzdir!





- Şair, şeirlərinizin birində belə bir misra var: " Bir gün tısbağalar bezər çanaqdan." Çanağı tısbağa üçün vətən - ən doğma sığınacaq hesab etsək, bəs sizin üçün necə, Türkiyədə yaşamağınıza səbəb vətənin bezdirici çanağa çevrilməsimi oldu?

- Mən Türkiyədə mühacirətdə deyiləm axı. Turana xanım Hacettepede doktorluq oxuduğu üçün məni uşaqlara baxmaqdan ötrü özüylə gətirib. Siz mənim Azərbaycandan bezdiyim haqqında yazıma, fikrimə harda rast gəlmisiniz? Mən qüsurlarımızı görür və tənqid edirəm. Bu, vətəndən bezmək deyil ki! Azərbaycanın modern bir dünya ölkəsi olmaqdan ötrü bütün potensialı var, amma bu potensialı düzgün istifadə etmək lazımdır. Vətən insanla obrazlaşdırılmalıdır. Biz vətən anlayışını insandan ayırdıqca, insanlarımızın vətənə nifrəti artır. Yüz əlli ildir torpaq itirməyimiz də bununla bağlıdır. Heç kim əzab çəkdiyi vətən uğurunda ölməz. Vətənin bir az əyləndirən, xoşbəxt edən tərəfi də olmalıdır. Rus əsgər Suriyada öləndə ən azı iyirmi sevgilisini xatırlayır. Bizim əsgər öz torpağımızı qoruya-qoruya “uvolit” olan kimi Rusiyaya qaçıb tanış olacağı Nataşanı düşünür. Bunlar adi müşahidələrdir, amma alt şüurda yığılınca milli psixologiyaya çevrilir. Mən öləndə də üç dəfə Azərbaycan deyəcəyəm, bu heç!

- İllər öncə Televiziyadakı Türkiyə ilə reallıqdakı Türkiyənin tamamilə fərqli olduğunu, televiziyadakı Türkiyənin çox müasir, reallıqdakı Türkiyənin isə həddən artıq şərq ölkəsi olduğunu qeyd etmişdiz, hal-hazırda Türkiyə reallığı televiziyadakı Türkiyə ilə eynidirmi?

- Biz uzun illər sovet əsirliyində yaşamışıq və dünyanı televiziyadan bizə göstərilən şəkildə tanımışıq. Ruslar dünyanı necə görməyimizi istəyiblərsə, o cür də görmüşük. Ona görə də bizdə televizor modern allah kimi bir şeydir. Televizoru propaqanda aparatı adlandıran adamların sayı az deyil. Türkiyə də digər ölkələr kimi bu qutudan öz təbliğatı üçün istifadə edir. Heç Avropa da, Yaponiya da bizim televizordan gördüyümüz kimi deyil. Yaşadığımız Azərbaycanla televizordakı Azərbaycan arasında nə qədər fərq var. Eyni fərq bütün ölkələrə aid olduğu kimi Türkiyəyə də aiddir. Amma Türkiyənin yerdə qalan müsəlman ölkələrində fərqi oldur ki, Almaniya və ABŞ-la müttəfiqlik nəticəsində burada elm və onun fəlsəfəsi artıq sosial bir status qazanıb. Yerdə qalan heç bir müsəlman ölkəsində bu yoxdur. Ən müasir avadanlıqları almaq müasir olmaq demək deyil. Düçüncə modernizasiyanın prinsiplərinə məruz qalmayıbsa, gələcəkdən əlinizi üzün. Məsələn, dünya orqan mühəndisliyi üzərində baş sındırır, bizim
AMEA alimi isə axırıncı dəfə mediada mələyin sürətini ölçməsi ilə məşhurlaşdı.

- Son müsahibələrinizin birində şair kimi tükəndiyinizi açıqladınız, bu günlərdə də yeni romanınız işıq üzü gördü, romanınızın şeirlərinizi kölgədə qoyacağını düşünürsünüz?

- Məni nəsrə gətirib çıxardığı üçün şeirlərimə təşəkkür edirəm, onları heç vaxt unutmayacağam. Yaradıcılıq bir məntəqə deyil, bu bir yoldur, bəlkə, nəsr də məni başqa bir yerə aparıb çıxaracaq. İsa Hüseynovu xatırlayın, roman yaza-yaza yadplanetlilərlə əlaqəyə girdi. Kosmosun dərinliklərinə açıldı. Mən də yaradıcı şəxsin öz düşüncələrinə azadlıq verməsinin tərəfdarıyam. Don Kixot öz taleyinin arxasınca düşüb getdiyi kimi, yaradıcı adam da öz duyğularının, düşüncələrinin arxasınca düşüb getməlidir. Beynimizin bizə demək istədiyi sözlər var, ona qulaq asmalıyıq. Amma adətən yaradıcı insanlar öz beyinlərinə dediklərini yazırlar, yəni sənət çox vaxt beyinin insan deyil, insanın öz beyninə dedikləridir. Mən hərdən susuram ki, beynim danışsın. Bu da məndə artıq yuxusuzluq xəstəliyi yaradıb.

- Folkner deyir ki, hər uğursuz şair, uğurlu romançıdır. Uğursuz romançı olmaqdan qorxmursunuz ki?

- Folkneri sevirəm, onun qılıncının hər iki tərəfi kəsir. Mənim bircə qorxum var, o da insanlardır. Mən insandan qorxuram. Başqa heç bir qorxum yoxdur. Nəzərə alanda ki, dünya bir gün soyuq və qara bir buz kütləsi olacaq, bütün mənalar bir anda otların arasında boş qalmış ilan qabığına çevrilir.

- Freyd insanın xoşbəxt olmaq istədiyindən, pis gündə olduğunu qeyd edirdi, bəs sizcə insanı pis günə qoyan hansı istəkləridir?

- Freyddən əvvəl bunu Uzaq Şərq dinləri deyirdi. Mənə görə, insanı pis günə qoyan göydəndüşmə fikirlərə bel bağlamasıdır. Bir vaxt daşa, ağaca inandığı kimi, bu gün də göyə, havaya inanmasıdır. Ağlı hisslərinin önünə keçmiş və özünü bədbəxt hiss edən çox az insan var. Ağıllı insanın xoşbəxtliyinə aid sizə bir tarixçə danışım. Kimyaçı Antuan Lavuaze öz dövrünün göydəndüşmə fikirlərlə silahlanmış boşboğazlarını göstərərək “bu kəllələr bir işə yaramaz” dediyi üçün həbs olunur və giyotinlə edam edilir. Edama gedərkən məşhur riyaziyyatçı Laqranja deyir ki, başım kəsilib səbətə düşəndə gözlərimə baxarsan, əgər iki dəfə göz qırpsam, bu o deməkdir ki, insanın başı kəsiləndən sonra da bir müddət düşünməyə davam edir. Lavuazenin kəsik başındakı
gözləri həqiqətən də iki dəfə qırpılır və Laqraj: “onun ölüm anındakı bu isbatı elmin yüz illərlə davam edəcək bir axtarışıdır” – deyərək elmdə yeni bir paraqraf açır. Ağıllı adam ölümə gedəndə belə öz işinin zövqi ilə yaşayır. Mənə görə, xoşbəxtlik budur; Ağılın verdiyi həzz!

- Sizə görə, Azərbaycan ədəbiyyatında yazıçıların gölə qarğı sancan dövrü nə zaman olub?

- Mənə görə yox, tarix boyunca Azərbaycan ədəbiyyatı 37-ci ildən ta 1990-cı illərə kimi heç vaxt olmadığı qədər miskin bir ədəbi mühit içində yaşayıb. Bu mühitin qoxusu hələ də ədəbiyyatımızın paltarından çəkilməyib. Ən gənc şairimizdən belə Stalinin çubuğunun nəm qoxusu gəlir. Bu dözülməzdir!

- Bəs, ədəbiyyatımızı məbədə bənzətsəniz, bu məbədin əsas sütunları, sizcə, kimlərdir?

- Nəsimi! Daha sonra Seyid Əzim! Biz düşüncə varlığımızı bu iki şairə borcluyuq.

- Heç vaxt ayrılmamaq üçün düşmən olmaq mütləqdirmi?

- Söhbət sevgidən gedirsə, bəzən mütləq ola bilər. Məcnun Leylinin surətinə “Get ey Leyli...” – deyib onu özündən uzaqlaşdırdı, amma onun dərdindən çöllərə düşdü. Bu cür məsələlər böyük milli konsepsiyaların bər-bəzəyi olanda gözəl olur, amma millət tamamilə Məcnunçuluq üzərində pərvəriş tapmağa cəhd göstərəndə zayı çıxır. Fikir adamlarımız belə şeyləri izah etməldirlər xalqa.

- Hələ də ən böyük arzunuz Van Qoqun kəsilmiş qulağına şeir pıçıldamaqdır?

- Bayaq Freyddən gətirdiyimiz sitatda dedik ki, arzular insanı bədbəxt edir. Qoy mənim bədbəxtliyimin ünvanı da Van Qoqun kəsilmiş qulağı olsun. Yeri gəlmişkən, Qoq qulağını indiki Avropada kəssəydi, yerinə orqan mühədisliyini siçanın bədənində yetişdirdiyi başqa bir qulaq tikərdilər. Və sənət “Van Qoqun qulağı” kimi bir akssesuardan məhrum qalardı.

Söhbətləşdi: Rauf Qədim

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)