Tural Sahab - "Türkan" romanı
Təqdimat
Tural Sahab “ Türkan” romanı Müasir dövr yazarlarından olan Tural Sahabın yeni nəsr əsəri “Türkan” romanıyla tanış oldum. Yazarın bundan əvvəl “ Onun adı Elyanora deyil”, “Ləman” “Bir” romanları işıq üzü görüb. Sonuncu romanı- “Türkan” isə mövzu baxımından dövrümüz üçün çox aktualdır. Müəllif romanda gənc müəllimlərin öz istəkləri ilə ucqar kəndlərdə işləməyini qabardıb. Əsərin əsas qəhrəmanı Türkan gənc olmasın baxmayaraq, çox cəsarətli, ağıllı, və savadlı bir müəllim obrazıdır. Türkan tək başına məktəb direktoru kimi kənddə kök salmış “Ənvər müəllimlə” sonuna qədər mübarizə aparır və bu döyüşdən qalib çıxaraq məktəb direktoru təyin olunur. Türkan obrazı son illərin ən original obrazıdır. Əsəri oxuyarkən romanda İ.Məlikzadə, S.Qədirzadənin ruhunu hiss etdim. Hadisələrin baş verdiyi məkan, obrazların psixoloji xüsusiyyətlərinə görə İ.Məlikzadənin “Qırmızı yağış”, S.Qədirzadənin “ Qış gecəsi”ni çox xatırladır. Fikrimcə roman çap olunub geniş oxucu kütləsinə çatmalıdır. Əsər gənc müəllimlər üçün əsl motivasiya mənbəyi ola bilər və cəmiyyətdə “Türkan”ların sayı əhəmiyyətli dərəcədə artar, ucqar kəndlərdə də təhsilə maraq güclənər, qızlar məktəb yaşında ərə verilməz, hətta bəlkə də Mirzə Cəlilin tənqid etdiyi cahilliyin ( bu hələ də var. Biz Mirzə Cəlilin sözünə hələ də gələmişik, belə getsə, bu xəmir hələ çox su aparacaq) mövqeyi zəifləyəcək. Roman süjet xətti, hadisələrin gedişi, mövzusu, üslubu baxımdan nə qədər mükəmməl görünsə də, janr xüsusiyyətlərində əksiklik hiss etdim. Müəllif romanı bir az da inkişaf etdirib roman janrının hər zərrəsini hiss etdirə bilərdi. Lakin müəllif hadisələri vaxtsız yekunlaşdıraraq romanda natamamlıq yaradıb. Buna görə əsər povest təsiri bağışlayır. Lakin müəllifin nəsri çox axıcıdır. Romanı bir nəfəsə oxuyub bitirmək mümkündür. Ümumilikdə, roman çox əhəmiyyətli mövzudadır və cəmiyyətə çox faydalı ola bilər. Buna görə də müəllifi təbrik edir və yaradıcılığının davamlı olmasını arzulayıram.
LƏMAN MÜRŞÜDQIZI
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: