Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİ - MƏNZƏR (EYNULLAYEVA-HÜSEYNOVA) NİYARLININ 70 YAŞINA

AZAD QARADƏRƏLİ - MƏNZƏR (EYNULLAYEVA-HÜSEYNOVA) NİYARLININ 70 YAŞINA

AZAD QARADƏRƏLİ - MƏNZƏR (EYNULLAYEVA-HÜSEYNOVA) NİYARLININ 70 YAŞINA
Təqdimat
nemət
Müəllif:
00:32, 15 mart 2020
1 695
0
AZAD QARADƏRƏLİ - MƏNZƏR (EYNULLAYEVA-HÜSEYNOVA) NİYARLININ 70 YAŞINA

 

 

                          



  (“Məndən sonra” memuar-romandan parça)

 

 

            Gərək ki, 1977-ci il idi. (Bəlkə də 78?) Doğma rayonumuzda müəllim işləyirdim. Sentyabrın sonlarında adıma bir məktub gəldi. Bakıdan idi. Respublika Lenin Kommunist Gəncıər İttifaqı Azərbaycan Yazıçılar İttifaqı ilə birlikdə Şüvəlan Yaradıcılıq Evində gənc yazıçıların bir aylıq seminar-müşavirəsini keçirirdi və məni də gənc yazıçı (bu sözü o zaman eşitmək nə qədər xoş idi!) kimi ora dəvət edirdilər. Maarif şöbəsində dedilər, bir aylıq olmaz, səhv yazıblar, get bir gün iştirak et, qayıt dərsini keç...

            Gəldim Bakıya. O vaxtkı Yazıçılar İttifaqında dedilər ki, elə bu gün Şüvəlana yollan, artıq seminarlar başlayıb...

            Düz bir ay bu binanın otaqlarında, dəhlizlərində, həyətində şeir, hekayə oxuduq, bizdən yaşlı yazıçıların söhbətlərini dinlədik, televiziyada çıxış etdik, o zamanın dəbdə olan qəzeti “Azərbaycan gəncləri”ndə yazılarımız çıxdı. Və mən orada ədəbi mühitlə, xüsusilə gənc yazarlarla  daha yaxından tanış oldum. Vaqif Cəbrayılzadə, Vaqif Bəhmənli, Aqil Abbas, Ələmdar Quluzadə, Hüseyn Əfəndi, Avdı Qoşqar, Akif Əhmədgil, Maarif Soltan, gənc xanım yazarlardan Mahirə Abdullayeva, Afaq Məsud və Mənzər Eynullayeva...

            Adını çəkdiyim və çəkmədiyim gənc yazarların bir çoxu ilə artıq tanış idik və bəziləri ilə dostluq edirdim. Bu bir aylıq toplantı zamanı ən çox ünsiyyətim Hüseyn Əfəndi, Vaqif Bəhmənli, Maarif Soltan, Mahirə Abdullayeva və Mənzər Eynullayeva ilə oldu. (İndiki Mənzər xanım Niyarlı)

            Mənzər xanım həm də o vaxtların məşhur futbolçusu Nadir Abdullayevin bacısı kimi yadımda qalıb... Mənzər xanım çox insancıl, səmimi və həm də istedadlı idi. 

            Bir əyalət adamı kimi şəhərə hazırlıqsız gəlmişdim. (Həm də rayonda demişdilər ki, yəqin bir günlükdür, tez qayıdacaqsan.) Qəfil havaların dəyişməsi mənim nazik yay paltarında Şüvəlan kimi dənizqırağı bir yerdə üşüməyimə səbəb olanda Mənzərlə Mahirə mənə evlərindən isti paltar gətirdilər. (Yəqin qardaşlarının yun köynəyi və pencəyi idi.)

            Tədbirlər zamanı, yemək saatlarında dostlarla birlikdə olurduq. Mərhum şair və tərcüməçi Vladimir Qafarovun bağında şeir gecələrinin, ədəbi axşamların bizdə buraxdığı iz uzun zaman hafizəmdən silinmədi. Mərhum Nüsrət Kəsəmənli bizi televiziyada çıxışa aparanda məlum oldu ki, veriliş rus dilindədir və mən getmək istəmədim – rusca az-çox oxuya bilsəm də, danışmaqda çətinlik çəkirdim. Yenə Mənzərlə Mahirə köməyimə yetdi. Mətnimi özləri hazırladılar, hekayəmdən parçanı da kiməsə çevirtdirdilər və mənim televiziyada ilk çıxışım qəribə də olsa rus dilində oldu(!)  - təbii ki, dostlarımın sayəsində.

            Sonralar Mənzərin hekayələrini, Mahirənin və Hüseyn Əfəndinin şeirlərini mətbuatdan izləyirdim. Xüsusilə Mənzərin nəsri məndə maraq oyadıb həmişə. 

            Mənzər xanımın yaradıcılığında əsas yeri hekayə tutur. Onun hekayələrində qadın, ana və onların ailə-məişətdəki yeri həmişə ön planda olub. Və sızlayan yaramız Qarabağ... 

            Mənzər xanımın bir hekayəsi var: “Həmin gecə” adlanır. Bilirsiniz hansı gecə? Qanı batırılan, öcü alınmayan, üstümüzdə ləkə kimi qalan Xocalı gecəsi... O hekayədəndir bu sətirlər: ”Sonra saqqallılardan biri həyətin ortasında əlqolu bağlanmış Bənövşənin üstünə benzin töküb ləzzətlə hırıldadı və kibriti qadının üstünə atdı.”

            Mənzər həm də elm adamıdır. Bir sıra elmi məqalələrin müəllifidir. Xüsusilə repressiya dövrü ədəbiyyatını araşdırması onun bir duyğulu yazar olmasından qaynaqlanır.

           Mənzər xanımla bir dəfə işlədiyim radioda görüşdük. Yaradıcılıqdan, ailə qayğılarından söz açdıq. Deyəndə ki, tənqidçi Akif Hüseynovla ailə qurub, çox sevindim. Axı, mənim “Ədəbiyyat və incəsənət”də çıxan ilk hekayəm haqqında xoş sözləri məhz üzünü görmədiyim,  o zamanın məşhur tənqidçisi Akif Hüseynov yazmışdı...

            Dostum Tehran Əlişanoğlunun Mənzər Niyarlının 70 illiyinə (!) həsr olunmuş yazısını görəndə çaşıb qaldım: ay dadi-bidad, biz qocalırıq ki! Mənzərin 70 yaşı?!

            Özümə və dostuma təskinlik verdim ürəyimdə : arxada yaşanmış uzun və mənalı ömür var. Qarşıda isə onun hələ yaşanacaq illəri...

            Bəli. Bizim nəslin də 70 yaşı gəlir və mən onu ilk dəfə Mənzər Eynullayeva-Hüseynova Niyarlının timslında gördüm. Gözəl xanımın, alimin və yazıçının timsalında... Yubiley yaşın mübarək, gözəl bacım! Qarşıdakı mübarək illərin də mənalı olsun!

 

            S.A (Söz ardı)

            Göründüyü kimi, bu yazının bəzi hissələri əvvəllər qələmə alınıb və mənim hələ yazılmaqda olan memuar-romanımdan bir parçadır. Lakin bu günlərdə Tehran Əlişanoğlunun yuxarıda adını çəkdiyim yazısını görəndən sonra həmin parçanı bəzi dəyişikliklərlə ayrıca məqalə kimi çap etdirmək qərarına gəldim. Mənzər xanıma, o illərin gənclik saflığını qoruya bilən hər kəsə salam-sayqıyla və dost salamıyla...     

                                                                                                              

                                                                                                         13.03.2020

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)