Edebiyyat.az » Təqdimat » Kənan Hacı - Karantin günlərində mütaliə

Kənan Hacı - Karantin günlərində mütaliə

Kənan Hacı - Karantin günlərində mütaliə
Təqdimat
nemət
Müəllif:
19:58, 23 mart 2020
1 251
0
Kənan Hacı - Karantin günlərində mütaliə






Belə dönəmdə yazı yazmağın özü də zor işdir, çətindir. Taclı virus bəşəriyyəti təhdid etməkdədir. İnsanlar qəfildən başqa bir həyat tərzinə keçməli oldular, ölümün nə qədər yaxın olduğunu hiss etdilər və sanki mənəvi katarsis yaşandı. Tək-tək insanların canını alan bu virus yaratdığı qorxunc təhlükə ilə birlikdə çoxdan unutduğumuz bir məsəli də bizə xatırladır: “Mənə toxunmayan ilan min yaşasın”. Amma dünya bu məşum düşmənə qarşı birləşib birlikdə mübarizə aparır. Bu günlərdə həkimlər sözün əsl mənasında ön cəbhənin əsgərləridirlər.

Küçədə yeriyən tanımadığımız adamdan, ömrümüzdə bəlkə bir də heç vaxt qarşılaşmayacağımız taksiçidən, dünyanın o başındakı hansısa bir insandan üzbəüz qonşumuza qədər, əslində hər kəslə “eyni məsafədə” yaşamağın qaçılmaz təhlükəsi… Qlobal dünya budur. Qloballaşmanın belə fəsadları da olur; kənardan gələn hər hansı bir təhlükənin qarşısını almaq, preventiv tədbirlər görmək çətin olur. Azərbaycan dövləti bu bəlanın qarşısını almaq üçün ən yüksək səviyyədə tədbirlər gördü, görür və bundan sonra da görəcək. Ölkə artıq xüsusi rejimə keçib və insanların təhlükəsizliyi naminə sərt qadağalar tətbiq olunur.

Bu virus bəlkə də son yüz ildə insanlığı silkələyən ən güclü həmlə oldu. Adamlar nigarançılıqla ümid arasında vurnuxmağa başladı. Əlbəttə, epidemiya və müharibələr ölkələrin başı üstünü qəfildən alır. “Taun” romanında deyildiyi kimi. İnsan bir anda hər şeyin puç olduğunu anladı, insanlığın az qala unutduğu dəyərlər paraşüt kimi başımız üstündə açıldı. Sevgi, inam və mərhəmət hissi bütün insanları birləşdirdi. İnsanların özləriylə təkbətək qalmaq, özlərinə hesabat vermək zamanı gəldi. Bəlkə təbiət bizdən qisas alır?! Bəlkə bu, Tanrının bir fürsətidir?! Artıq yaşanmaz bir hala gəlmiş Yer kürəsi bütün çirkablardan təmizlənsin, durulsun, aydınlansın və bu aydınlıqdakı işıq bizi xilas etsin. Uca Yaradanın şansı kimi dəyərləndirək…

Alber Kamyunun “Taun” romanında yazıçı xəstəlik vasitəsilə insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan doğmalarından, həyat yoldaşlarından, sevgililərindən, dostlarından gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır. İnsanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiyini göstərir. Nədənsə həmişə fəlakət anında Tanrı yada düşür. Həkim Ryönün fövqəladə fədakarlığı insanları ölümdən xilas edir. Bu sınaqdan üzüağ çıxmaq istəyiriksə, hər birimiz fədakar olmalıyıq.

İtalya dünyanın ən kefcil ölkələrindən biridir. Ən romantik, əylənməyi bacaran, yeyib-içməkdən, həyatdan zövq almağı bacaran insanlar COVID-19-un mühasirəsindədirlər. Bu gün İtaliya ölümə dirəniş göstərməkdədir. Tək İtaliya deyil, dünyanın əksər ölkələrində insanlar həyəcanla xəbərləri izləyir, gözlər ÜST-nın statistik rəqəmlərinə dikilib. Vaildeynlər övladları üçün, övladlar yaşlı valideynləri üçün narahatlıq keçirirlər. Səksəkəli, üzücü günlərin qısa olacağına inanırıq. İnsanlığın yerlərdə süründüyü bir zamanda bu qasırğa dünyanı bürüdü və sanki bəşəriyyət ölü torpaq kimi canlandı. Joze Saramaqonun “Korluq” romanındakı sözləri xatırlayın: “Əgər tam olaraq insan kimi yaşaya bilmiriksə, çalışaq heç olmasa, tam heyvan kimi də yaşamayaq”. Oxuyanlar bilir, romanda korluq epidemiya olaraq bütün şəhərə yayılır və “süd rəngli ağ bəla gözlərə tökülərək bütün dünyanı doldurur”. Bəs bu vaxt nə baş verir? Korların ölüm-dirim uğrunda savaşı gedir, həyatda qala bilənlər yalnız güclü olanlardır. Əsərin baş qəhrəmanı kor olmuş həkimin arvadıdır. O da korların içindədir, amma onun gördüyünü heç kim bilmir, yazıçı onun gördüklərini nəql edir. Bu əsərdən çox mətləblər hasil olur.

Yeri gəlmişkən, bu günlərdə internetdə maraqlı bir faktla rastlaşdım. Dünya kitab bazarında Alber Kamyunun “Taun”, Qabriel Markesin “Vəba günlərində eşq” və Saramaqonun “Korluq” romanları satış rekordu qırır. Bax belə...

Asudə günlərimiz çoxdur, bu günlərdə vaxt ayırıb “Taun”, “Vəba günlərində eşq” və “Korluq” romanlarını oxuyun. Məhz bu karantin günlərdə oxuyun. Oxuyub bitirdikdən sonra tamam başqa bir insana çevrildiyinizi görəcəksiniz.

İnsanlığı ümid, sevgi, inam və iman xilas edəcək. Hər birinin yolu fədakarlıqdan keçir. Bəşəriyyətin sınağa çəkildiyi günlərdir. İntuisiyam mənə deyir ki, insanlıq bu taclı ölüm elçisinə mütləq qalib gələcək!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)