Edebiyyat.az » Təqdimat » Covanni Bokkaçço - Müqəddəs Şapeleto (Dekameron)

Covanni Bokkaçço - Müqəddəs Şapeleto (Dekameron)

Covanni Bokkaçço - Müqəddəs Şapeleto (Dekameron)
Təqdimat
nemət
Müəllif:
12:42, 10 may 2020
2 897
0
Covanni Bokkaçço - Müqəddəs Şapeleto (Dekameron)






D E K A M E R O N
(Birinci gün, I novella )

MesserÇepparello yalan etirafı ilə mömin rahibi aldadıb ölür. Sağlığında  rəzil bir insan ikən, öldükdən sonra müqəddəs elan olunaraq, ”Müqəddəs Şapeleto” adını alır.
Əziz xanımlar, insan hansı işdən yapışırsa, yapışsın onu, yaradanın ecazkar və müqəddəs adı ilə başlamalıdır. Ona görə də bizim bu söhbətlərimizə ilkin olaraq mən başlanğıc verməli olduğumdan, mən də onun valehedici təşəbbüslərindən biri ilə başlamaq  istəyirəm ki, bunu eşitdikdən sonra, bizim ona olan ümidimiz sarsılmaz  zəmindəki kimi möhkəmlənsin, adı isə dodaqlarımızda daima mədh olunsun.
Məlum məsələdir ki, zaman daxilində mövcud olan hər bir şey ötəri və fanidir, onun özü də, onu əhatə edən hər bir  şey də qüssə, kədər və əziyytlə dolu, sonsuz təhlükələrə düçardır; və biz, onun daxilində yaşayıb, bir hissəsini təşkil edənlər, Tanrının xüsusi mərhəməti qüvvət və bəsirət lütv etməsəydi, onlara tab gətirib, yaxa qurtara bilməzdik. Elə düşünmək gərək deyil ki, bu mərhəmət bizə hansısaxidmətlərimizə görə bəxş olunub, yox: bu onun öz şəfqəti və bizim kimi öləri ikən, həyatda onun iradəsinə riayət etdiklərinə görə indi onunla bərabər əbədi və müqəddəs həyat yaşayanların duaları ilə verilib; biz də məhz onlara, öz təcrübəsi ilə bizim zəif cəhətlərimizdən xəbərdar olan havadarlarımıza, - bəlkə də dualarımızı o ali hakimə yönəltməyə cəsarət etmədən, - ehtiyaclarımız barədə yalvarıb, müraciət edirik. Və onun öz bəndələrinə olan mərhəmətini zaman keçdikcə biz ona görə daha çox yəqin edirik ki, ölərinəzərlərimizlə ilahi niyyətlərin sirrinə nüfuz edə bilmədiyimizdən, bəzən şaiyələrə uyaraq, onun qüdrəti qarşısnda elə bir havadar seçirik ki, o özü həmin şəxsi əbədi əzaba məhkum etmişdir: ancaq, bununla belə, hər şeydən agah olanın özü, dua edənin nadanlığından və dua edilənin məzəmmətindən  daha çox dua edənin ürək saflığını nəzərə alaraq, sanki dua edilən məhz onlara görə Tanrı qarşısıinda nicat tapırmış deyə, dua edənlərin özünü dinləyir. Bütün bunlar, indi sizə danışacağım novelladan açıq-aydın məlum olacaq: “məlum” sözünü mən  İlahi müdriklik deyil, adi insan anlayışı baxımından söyləyirəm.
Belə nağıl edirlər ki, MuşyattoFrantsezi Fransada varlı və adlı-sanlı tacirdən, zadəganlığa qədər yüksələndən sonra və papa Bonifatsinın çağırışı və təhriki ilə fransız kralının qardaşı Torpaqsız Karlla birlikdə Toskanaya yollanmağa hazırlaşarkən görəndə ki, - çox vaxt tacirlərin başına gəldiyi kimi, - işləri orada da, burada da möhkəm dolaşığa düşüb və bunu tez bir zamanda, asanlıqla çözələmək mümkün olmayacaq, belə qərara gəlir ki, işlərini aparmağı bir neçə nəfərə tapşırsın və beləcə hər şeyi qaydasına qoymağın yolunu tapır. Təkcə bir şeydən şübhəli qalır ki, bir çox burqundiyalılara verdiyi borcunu onlardan geri ala biləcək bir adamı haradan tapsın. Şübhələnməyinin səbəbi də onda idi ki, burqundiyalıları inadkar, yaramaz və şərəfsiz insanlar kimi tanıyırdı; və elə bir hiyləgər və məkirli adam təsəvvürünə gətirə bilmirdi ki, öz hiyləgərliyini onlara qarşı qoya bilsin. Uzun müddət bu barədə götür-qoy etdikdən sonra  yadına Parisdə ona tez-tez baş çəkmiş, MesserÇepparello adlı bir nəfər pratolu düşdü; bu Cepparello balacaboy bir adamdı, şıq geyinərdi, fransızlar isə “Çepparello” sözünün  mənasını anlamadıqlarından, elə bilərək  ki, bu onların dilindəki “şapel” yəni, “çələng”  sözüdür və artıq dediyimiz kimi boyu balaca olduğundan, onu “Şapelo” yox, “Şapeleto” çağırırdılar: hər yerdə də onu Şapeleto kimi tanıyırdılar və az adam  bilirdi ki, o MesserŞapelodur.
Bu Şapeleto həyatda belə adam idi: notarius işlərkən tərtib etdiyi aktlardan heç olmasa biri saxta çıxmasaydı, - baxmayaraq ki, onların sayı elə də cox deyildi, - utandığından az qalardı yerə girsin; o, bu aktlardan kim nə qədər istəsəydi, o qədər də  tərtib edərdi və  başqa biri bunu kifayət qədər zəhmət haqqı hesabına etdiyi halda, o, bu işi  həvəslə  havayı görərdi. Xahiş olundu, olunmadı böyük məmnuniyyətlə yalandan şahid durardı. Həmin vaxtlar Fransada and içməyə böyük inam vardı,  o isə yalan satacağının fikrinə varmadan yalnız vicdanla həqiqəti söyləmək tələbi ilə ona etibar olunan bütün işləri məkrlə udardı. Dostların, qohumların, ümumiyyətlə adamların arasına nifaq, düşmənçilik və dava salmaqdan böyük həzz alar, bunun üçün dəridən-qabıqdan çıxar, nə qədər böyük bədbəxtçiliklərə bais olardısa, bir o qədər də sevinərdi. Ona adam öldürməyi və ya bu cür başqa alçaq bir cinayətdə iştirak etməyi təklif edəndə heç vaxt rədd etməz, məmnuniyyətlə gedər, çox vaxt həvəslə öz əlləri ilə adam yaralayar, adam öldürərdi. Tanrıya və müqəddəslərə küfr söyləyənin yekəsi idi , özü də hər boş şeyin üstündə, çünkidigər insanlardan fərqli,  hədsiz dərəcədə kinlı idi. Heç vaxt kilsəyə getməzdi, dini mərasimləri boş bir şey kimi iyrənc sözlərlə ələ salar, əksinə,  meyxanalara və başqa nalayiq yerlərə həvəslə baş çəkərdi.Qadınları it dəyənək sevən kimi sevərdi, ancaq bunun əksi olan pozğunluqdan hər hansı bir əxlaqsızdan daha çox həzz alardı. Mömin bir bəndə rahat vicdanla sədəqə verdiyi kimi, o da rahat vicdanlaoğurluq edə, adam soya bilərdi. Görünməmiş acgözün, əyyaşın birsi idi, bu da çox vaxt onu  pis vəziyyətə qoyar, biabır edərdi. Qatı qumarbaz və aşıqatan idi. Ancaq, bu qədər söz nəyə gərək? O, bəlkə də, yer üzünə gəlmiş insanların ən alçağı idi. MesserMuşyattonun ad-sanı və cəmiyyətdə tutduğu mövqe uzun müddət messerŞapeletonun fırıldaqlarının üstünü örtürdü, elə buna görə də tez-tez təhqir elədiyi fiziki şəxslər də, təhqir etməkdə davam etdiyi məhkəmələr də onun üçün keçirdilər.
Beləliklə,ŞapeletomesserMuşyattonun yadına düşəndə, - o isə bu fırıldaqçının həyatına yaxşı bələd idi,- bu Muşyatto deyilən fikirləşdiki,hiyləgər burqundiyalılardanötrütələb olunan  adam elə məhz bu Şapeletodur. Buna görə də onu yanına çağırtdırıb, dedi: “MesserŞapeleto, bildiyin kimi, mən buralardan həmişəlik çıxıb gedirəm. Ancaq, mənim bu yalançı burqundiyalılarla bəzi haqq-hesabım qaldığından bilmirəm onlarda olan alacağımı səndən başqa kim geri qaytara bilər? Indi sənin əlində bir iş yoxdur, sən mənim tapşırığımı yerinə yetirməyə razılıq versən, mən  də səni sarayda tapşıraram və geri alacağın pulların layiqli bir hissəsini sənə verərəm”.
Əlində bir işi olmayan və dünya malından o qədər də var-dövlət qalmayan MesserŞapeleto uzun müddət ona arxa və sığınacaq olmuş bu adamın onu tərk edib getdiyini görəndə, sanki zəruri bir təhriklə dərhal hazır olduğunu bildirdi və dedi ki, məmuniyyətlə razıdır.
Beləliklə, birlikdə razılığa gəldikdən sonra, Şapeletto lazım olan vəkalətnaməni, və kralın tövsiyyə məktubunu aldı və MesserMuşyatto çıxıb  gedən kimi, Burqundiyaya yollandı; orada onu heç kim tanımırdı.  Burada o, öz təbiətinin əksinə, borcları yumşaqlıqla və yaxşılıqla geri almağa başladı, sanki özünün iç üzünü göstərməyi axıra saxlayırdı. Və beləcə davam edirkən o, sələmçiliklə məşğul olan və ona MesserMuşyattoya görə hörmət göstərən firentseli iki qardaşın evində yaşadığı zaman iş elə gətirdi ki, qəfildən xəstələndi. Qardaşlar dərhal  həkim və qulluq göstərmək  üçün tələb olunan adamları çağırtdırıb, sağalması üçün nə lazımdısa etdilər. Ancaq hər şey əbəs idi, çünki həkimlərin dediyi kimi, artıq yaşa dolmuş və nizamsız həyat sürmüş bu adamın halı gündən-günə xarablaşırdı: xəstəlik ölümcül idi. Vəziyyətin belə olmasıqardaşları xeyli kədərlənirdi.
Bir gün qardaşlar MesserŞapeletonun yatdığı otağın yaxınlığında bir-birilə belə bir söhbətə başladılar. “İndi onunla nə edək? - deyə biri o birinə söyləyirdi. Çətin vəziyyətdə qalmışıq.Onu belə xəstə halda evdən qovmaq bizim üçün böyük biabırçılıq və ağılsızlıq olardı. Hamı görüb ki, onu necə qəbul etmişik, ona necə qulluq göstərərib müalicə etmişik, indi isə ölümcül vəziyyətdə ikən, bizə heç bir pisliyi dəymədiyi  halda evimizdən qovuruq.Digər tərəfdən o,elə alçaq insan olub ki, nə bir günahını etiraf etmək, nə də bir kilsə ayinini icra etmək istəyəcək. Etirafsız ölsə, heç bir kilsə onun cənazəsini qəbul etməyəcək, hələ üstəlik it ölüsü kimi çalaya atacaqlar.Həttaetiraf etsə belə, o qədər ağır günahları var  ki, nəticəsi eyni olacaq, çünki nə bir rahib, nə də bir keşiş tapılacaq ki, günahlarını bağışlamağa razılıq versin.Ona görə də, əfv olunmadığından,yenə də axır mənzili çaladır. Belə olduqda isə, peşəmizi küfr hesab etdiklərinə görə bizi gecə-gündüz söyüb hörmətsiz edən, var-yoxumuzu söyüb aparmağa girəvə axtaran yerli camat haray-həşir qaldırıb bağıracaq: “Bu lombardiyalı köpəklərə daha dözməyəcəyik, kilsə onlarınmeyiduni də qəbul etmir”. Sonra da evlərimizə hücum çəkəcəklər və olsun ki, təkcə qarət etməklə kifayətlənməyib həyatımıza da qəsd etsinlər: hər-halda, ölsə işimiz xarabdır”.
Artıq, dediyimiz kimi, qardaşların söhbət elədiyi yerin yaxınlığında uzanmış MesserŞapeleto çox vaxt xəstə adamlara xas olan duyma qabiliyyəti ilə haqqında deyilənlərin hamısını təfsilatı ilə eşidirdi. O, qardaşları yanına çağırtdırıb, dedi: “Mən istəmirəm ki, siz mənə görə təşvişə düşüb, zərər çəkməkdən qorxu keçirəsiniz. Haqqımda dediyiniz sözləri eşidirdim və əminəm ki, işlər siz güman etdiyiniz kimi davam etsəydi dediyiniz kimi də olardı; ancaq hər şey başqa cür olacaq.  Mən həyatımda Tanrıya qarşı o qədər haqsızlıq etmişəm ki, indi ölüm qabağı bir saat da belə etsəm günahlarım bundan nə azalacaq, nə də çoxalacaq. Ona görə də göstəriş verin müqəddəs, mömin bir rahibi, - əgər beləsi varsa, - yanıma gətirsinlər, sonrasını mənə həvalə edin, mən işlərimizi elə qurarım ki, siz yəqin ki, razı qalarsınız”.
Qardaşlar bu işə böyük ümid bəsləməsələr də monastırlardan birinə yollanıb evlərində xəstə yatan bir lombardiyalının etiraflarını dinləməkdən ötrü müqəddəs  və müdirik bir rahib istədilər. Onlara müqəddəs və pak həyat yaşamış, Müqəddəs yazıya gözəl bələd olan çox hörmətli, bütün şəhər camaatının xüsusi ehtiram bəslədiyi  nurani bir rahib verdilər və qardaşlar onu öz evlərinə gətirdilər. Rahib messerŞapeletonun yatdığı otağa girib, yastığı başında əyləşərək, əvvəlcə mehribancasına təskinlik verdikdən sonra soruşdu ki, axırıncı dəfə günahlarını nə vaxt etiraf edib.
MesserŞapeleto günahlarını heç vaxt etiraf etməsə də, ona belə cavab verdi: “Müqəddəs ata, adətim belədir ki, həftədə heç olmasa bir dəfə, çox vaxt da həftədə bir neçə dəfə günahlarımı etiraf edirəm; düzdür, xəstələnəndən sonra, - üstündən nəsə də bir səkkiz gün keçib, - azar məni elə əldən salıb ki, günahlarımı etiraf edə bilməmişəm”. Rahib ona dedi: “Yaxşı eləmisən, övladım, bundan sonra da belə et. Görürəm sən ki, günahlarını belə tez-tez etiraf etmisən, səndən az şey eşitməli olacağam, artıq sorğu-suala da ehtiyac qalmayacaq”.
MesserŞapeleto dedi: “Elə deməyin müqəddəs ata! Mən neçə dəfə və nə qədər tez-tez günahlarımı etiraf etmişəmsə də, həmişə, - anadan olduğum gündən bu son etirafıma qədər, - bütün günahlarımı yumaq fikrində olmuşam. Ona görə də müqəddəs ata, sizdən xahiş edirəm hər şeyi elə ətraflı soruşasınız ki, sanki heç vaxt günahlarımı etiraf etməmişəm. Xəstə olmağıma da fikir verməyin, - cismimin hayına qalaraq, Xilaskarımızın öz müqəddəs qanı ilə pak etdiyi qəlbimin məhvinə  dəstək olmaqdansa, cismimin özünə əziyyət vermək mənimçün daha xoşdur.”
Bu sözlər müqəddəs atanın çox xoşuna gəldi, onları MesserŞapeletonun xoş niyyətinə dəlalət kimi qəbul etdi, onun bu cür əhvalını xeyli tərif etdikdən sonra soruşdu ki, hansısa bir qadınla əxlaqsızlıq edib günaha batmayıb ki?       
MesserŞapeleto ah çəkib cavab verdi: “Müqəddəs ata, bu barədə sizə düzünü deməyə utanıram, çünki qorxuram şöhrətpərəstlik günahına batım”.
Müqəddəs ata dedi: “Qorxma, övladım, de, düz danışmaqdan həl heçkim günaha batmayıb, nə etiraf edəndə, nə də bir başqa vaxt.”.
Onda MesserŞapeleto dedi: “İndi ki, məni belə əmin edirsiniz, onda deyərəm: mən anamın bətnindən necə çıxmışamsa, eləcə də bakir qalmışam”.
“Ay,Tanrı özü səndən razı qalsın! – deyə rahib söylədi, - nə gözəl  iştutmusan. Sən bununla ona görə daha çox tərifə layiqsən ki, istəsəydin bizdən də, hansısa bir əhdlə bağlı bir çoxlarından fərqli asanca bunun əksini edə bilərdin”.
Sonra rahib ondan soruşdu ki, acgözlük etməklə Tanrını qəzəbləndirməyib ki?
MesserŞapeleto dərindən ah çəkib cavab verdi ki, qəzəbləndirib, özü də dəfələrlə;  çünki, mömin adamlar kimi il ərzində pəhrizlərə riayət edib, həftədə azı üç dəfə çörək və su ilə dolansa da, suyu içki düşkünləri çaxır içən kimi, ləzzətlə və iştahla içib, xüsusilə də ibadətdən sonra və müqəddəs yerləri ziyarət etməkdən yorulduğu günlərdə; çox vaxt da qadınların tarlaya gedərkən hazırladığı göyərti salatına tamah salıb. Bəzən ona elə gələrmiş ki, yeməyi böyük iştahla yeyir, halbu ki, onun fikrincə, pəhriz saxlayan mömin bəndə bunu hiss etməməlidir.
Rahib ona belə cavab verdi: “Övladım, bütün bunlar təbii və çox yüngül günahlardır, mən istəməzdim ki, sən onlara görə vicdanını narahat edəsən. Hər bir insan, nə qədər müqəddəs olursa-olsun, uzun aclıqdan sonra iştahla yeyir, yorğunluqdan sonra isə ləzzətlə su içir”.
“Eh atacan” –  MesserŞapeleto dedi – mənə təsəlli verməkçün belə şeylərsöyləməyin: Özünüz yaxşı bilirsiniz ki,Tanrı naminə görülən bütün işlər paklıqla və təmiz vicdanla icra olunmalıdır, özgə cür edən – kafirdi!
Rahib xeyli razı qalıb dedi: “Mən çox məmnunam ki, sən bu cür düşünürsən,təmiz və saf vicdanın da mənə xoş gəlir. Ancaq, de görüm:  qismətindən artığına göz dikib, səninki olmayanı mənimsəyərək, tamahkarlıq günahına  batmamısan ki?”.
MesserŞapeleto cavab verdi: “Müqəddəs ata, siz baxmayın ki, mən busələmçilərin evində qalıram, mənim bu kəslərlə alıb-verəcəyim yoxdur, əksinə, bura gəlmişəm ki, onları bu murdar qazanclarından çəkindirim, danlayım və xilas edim. İnanıram ki, buna nail də olardım, əgər Tanrı məni bu cür yoluxmasaydı. Ancaq, bilməlisiz ki, atam məni varlı bir insan kimi qoyub gedib və o, rəhmətə gedəndən sonra mən olub-qalanımızın böyük bir hissəsini Tanrı yolunda xərcləmişəm. Sonra, öz dolanışığım üçün və İsa bəndələrinə əl tutmaqdan ötrü bir qədər pul qazanmaq məqsədi ilə xırda-xırda alver etməyə başladım. Həmişə də gəlirimi Tanrının  kasıb bəndələri ilə yarı bölürdüm: bir hissəsini öz ehtiyaclarıma sərf edir, digər hissəsini isə onlara verirdim. Buna görə də Tanrı dadıma elə çatdı ki, işlərim əladan əla getdi”.
 “Yaxşı iş görmüsən – deyə rahib onu təriflədi. Bəs elə olubmu ki, tez-tez  qəzəblənmisən?”
“ Eh! – deyə MesserŞapeleto vaysındı. Sizə deməliyəm ki, olub, özü dəçox. Axı, hər gün adamların yaramazlıq etdiyini, Tanrı hökmünə riayət etmədiyini, Tanrı qəzəbindən qorxmadığını görəndə kim özünü saxlaya bilər? Cavanların fani işlərin dalınca düşdüyünü, and içib, andlarına sadiq çıxmadığını, meyxanalarda düşüb qaldığını, kilsələrə baş çəkmədiyini, Tanrı yoluylagetməyb, dünyəvi yola üz tutduğunu görəndə gündə bir neçə dəfə məndə belə fikir oyanırdı ki, yaşamaqdansa ölmək yaxşıdır”.
Onda rahib dedi: “Ovladım, bu müqəddəs qəzəbdir, buna görə sənə cəzaverməyəcəm. Ancaq, bəlkə bu qəzəb səni kiminsə həyatına qəsd etməyə, kimə isə həqarət söyləməyə və ya başqa təhqiramiz iş görməyə təhrik edib?”
MesserŞapeleto buna belə cavab verdi: “Vay mənim halıma, ata,  mən sizi
Tanrı övladı bilirdim, bu cür sözləri dilinizə necə gətirdiniz? Əgər  mən siz dediyiniz o işlərdən heç olmasa birini etməyi zərrə qədər düşünsəydim, sizcə Tanrı məni bu vaxta qədər öz pənahında saxlayıb, qoruyardımı? Bütün bunlar quldurların, pis adamların işidir, mən isə hər dəfə belə birisini görəndə həmişə demişəm: “Get, qoy Tanrı özü səni haqq yoluna qaytarsın!”.
Onda rahib dedi: “Övladım,Tanrı özü səni saxlasın. İndi mənə de görumolubmu ki, kiməsə yalandan şahid durmusan və ya kiminsə qeybətini eləmisən və yainki kiminsə istəyinə qarşı malına sahib çıxmısan?”
 “Bəli, ağa, olub, – deyə MesserŞapeleto cavab verdi,  – başqasının dalınca pis danışmışam. Bir qonşum vardı, yer üzünün ən alçaq bəndəsi,  arvadını döyməkdən savayı bir iş bilməzdi, mən də bir dəfə arvadının qohumlarıyla onun qeybətini eləmişəm; o qədər ki, əri həddindən artıq sərxoş olanda, tək Tanrı bilir  necə kötəklədiyi bu qadına mənim yazığım gəlirdi.”
Rahib buna belə dedi: “Yaxşı, sən dedin  ki, bir ara tacirlik də eləmisən.Tacirlər  kimi nə vaxtsa, kimi isəaldatmamısan ki?”
“Günahkaram, - deyə messerŞapeleto söylədi, - aldatmışam, ancaq bilmirəm aldatdığım adam kimdir. Bir dəfə kimsə satdığım mahudun pulunu gətirib mənə verdi, mən də sayıb-eləmədən atdım sandığa. Bir aydan sonra baxam görəm ki, pullar olacağından dörd qəpik artıqdır. Onları düz bir il özümlə gəzdirdim ki, birdən həmin adama rast gəldim,  ancaq axırda əlacsız qalıb, Tanrı yolunda nəzirə verdim.”
Rahib dedi: “ Dediklərin xırda şeylərdir, nə etmisənsə düz etmisən”.
Müqəddəs ata bundan əlavə messerŞapeletodan bir çox başqa şeylər də soruşdu, o da bütün suallara eyni cür cavab  verdi. Rahib onun günahlarını bağışladıb sərbəst buraxmaq istəyirdi ki, messerŞapeleto dedi: “Ağa, sizə etiraf etmədiyim bir günahım da qalıb”.
Rahib soruşdu ki, o hansı günahdır, Şapeleto cavab verdi:”Yadıma gəlir ki, bir dəfə şənbə günü saat üçdən keçmiş, nökərə evi süpürməyi əmr edib, müqəddəs bazar gününə ehtiramsızlıq göstərmişəm...”
“ Eh, övladım, - rahib dedi, - bunlar boş şeylərdir”.
“Yox, - deyə messerŞapeleto cavab verdi: - boş şey deməyin, bazar gününə xüsusi hörmət gərəkdir, çünki həmin gün müqəddəs ağamızın  həyata dönüş günüdür”
Onda rahib soruşdu: “Yenə başqa nəsəeləmisən?”
“ Bəli ağa, – deyə messerŞapeleto cavab verdi. Bir dəfə qanmayıbTanrı evində yerə tüpürmüşəm”.
Rahib gülümsəyib dedi: “Övladım, bütün bunlardan ötrü narahat olmağına  dəyməz. Biz ruhanilələr ora hər gün tüpürürük”.
Onda messerŞapeleto dedi: “Elə isə çox pis iş görürsünüz! Müqəddəsməbəd hər bir yerdən daha pak saxlanmalıdır, çünki orada Tanrıya  qurbanlar verilir”.
Qısası, messerŞapeleto bu cür şeylərdən rahibə bir xeyli söylədi, axırda dayanıqlı bir ah çəkib hönkürməyə başladı ki, bunu da lazım gələndə çox gözəl bacarırdı.
Rahib dedi: “Övladım, sənə nə oldu?
MesserŞapeleto cavab verdi:”Vay mənim halıma, bir günahım da qalıb, onu heç vaxt etiraf etməmişəm.  Deməyə elə utanıram ki!  Hər dəfə yadıma düşəndə indi gördüyünüz kimi  göz yaşlarımı saxlaya bilmirəm, çox yaxşı da bilirəm ki, ona görə Tanrı mənə heç vaxt rəhm etməyəcək.
Onda müqəddəs ata  dedi: “Kifayətdir övladım, bu nədir belə danışırsan? Əgər bütün insanların indiyə qədər eləmiş olduğu və bu dünya durana qədər edəcəkləri günahlar tək bir nəfərdə olsaydı və o da sənin kimi peşman olub, etiraf etsəydi, Tanrının mərhəməti və insanlara olan yanğısı o qədərdi ki,  həmin adamı səmimi  etirafına görə sərbəstcə əfv edərdi. Ona görə də qorxma, sözünü de:
Onda dayanmadan göz yaşları axıdan messerŞapeleto dedi: “Əfsuslar olsun müqəddəs ata, günahım çox böyükdür və  inanmıram ki, sizin dualarınızın  köməkliyi olmasa, Tanrı məni bağışlasın”.
Rahib dedi:”Söylə,qorxma, söz verirəm ki,səninçün Tanrıya  dua edəcəyəm”.
Ancaq, MesserŞapeleto ağlayır, heç nə danışmır, rahib isə onu elə hey dilə tuturdu; axırı messerŞapeleto bir xeyli göz yaşları axıdıb rahibin ürəyini üzdükdən sonra dərindən ah çəkib dedi:“Atacan, indi ki, mənimçün Tanrıya dua edəcəyinizə söz verirsiniz, onda sizə deyərəm. Bilin ki, uşaq vaxtı mən bir dəfə anamı söymüşəm“, - deyə o, bunu söyləyib yenidən hönkür-hönkür göz yaşları axıtmağa başladı.
Rahib dedi: “Eh, övladım, sən bunu böyük günahmı sayırsan? Adamlarsəhərdən axşama qədər Tanrıya  küfr söyləyirlər, Tanrı isə onları tövbə etdiklərinə görəmənmuniyyətlə bağışlayır; sənsə  inanmırsan ki, o, bunu səninçün keçəcək? Ağlama, özünü toxtaq tut, sən ki, belə peşmançılıq çəkirsən, inan ki, sən onu çarmıxa çəkənlərdən biri olsaydın belə, o səni əfv edərdi”.
Onda messerŞapeleto dedi: “Vay mənim halıma, müqəddəs ata, siz nə danışırsız? Mənim əziz anam məni doqquz ay gecə-gündüz bətnində gəzdirib, yüz dəfə, bəlkə ondan da çox qucağında əzizləyib! Onu söyməklə böyük günah işlətmişəm, bu çox böyük həqarətdirr. Siz mənimçün Tanrıya dua etməsəniz, bu günah mənə bağışlanmayacaq...”
Rahib görəndə ki, messerŞapeletonun daha deməyə sözü qalmadı, onun bütün günahlarından keçdi, xeyr-dua verib, müqəddəs kimi qəbul etdi, çünki tamamilə əmin idi ki, messerŞapeletonun bütün söylədikləri doğrudur. Axı, kim ölüm ayağında olan bir insanın bu cür danışdığını görəndə ona inanmazdı?
Nəhayət, bütün bunlardan sonra rahib ona dedi: “MesserŞapeleto, Tanrının1 köməkliyi ilə tez bir zamanda şəfa taparsız. Ancaq birdən işdir, Tanrı sizin xeyr-dua görmüş, onun qarşısında dayanmağa hazır olan ruhunuzu öz dərgahında görməyi lütf etsəydi,nəşinizin bizim kilsədə torpağa tapşırılmasına razılıq verərdinizmi?”
Buna messerŞapeleto belə cavab verdi: “Bəli, cənab, özgə bir yeri heç arzulamazdım da, çünki mənə söz vermisiniz ki, Tanrıya dua edəcəksiniz, bir də ki, mən həmişə sizin ordenə xüsusi rəğbət bəsləmişəm. Ona görə də xahiş edirəm  kilsənizə qayıdan kimi sərəncam verəsiniz müqəddəs İsanın hər səhər mehrabdan təqdis etdiyiniz ən pak vücudunu mənə göstərsinlər, çünki buna layiq olmasam da, istərdim sizin icazənizlə paklaşma ayini icra olunsun, nəhayət,  axırıncı və müqəddəs yağ sürtmə ayinindən sonra, günahkar kimi yaşamışamsa da,  heç olmasa xristian kimi ölüm.
Müqəddəs ata dedi ki, onun sözlərindən çox məmnundur, niyyətini bəyənir və sərəncam verəcək ki, lazım olan hər şeyi dərhal gətirsinlər. Elə də oldu.
MesserŞapeletonun onları aldadacağından ehtiyat edən qardaşlar otaqları ayıran arakəsmənin arxasında gizlənmişdilər. Oradan söhbətə qulaq asıb, messerŞapeletonun rahibə dediklərinə çox asanlıqla başa düşürdülər. Bəzən, onun rahibə söylədiyi etirafları eşidəndə gülməkdən özlərini güclə saxlayır, öz aralarında bir-birinə deyirdilər: “İlahi,bu necə adamdır?! Nə qocalıq, nə xəstəlik, nə onu haqlamaqda olan ölüm qorxusu, nə də hansısa bir neçə saatdan sonra divanı qarşısında duracağı Tanrı xofu onun günahkar varlığına nə təsir edə, nə də yaşadığı kimi ölmək arzusundan çəkindirə bilir”. Ancaq, eşidəndə ki, onu kilsədə basdırmağa söz verirlər, daha yerdə qalan barədə narahat olmadılar.
Bir az keçmiş messerŞapeletopaklaşdı, halı lap xarablaşanda yağ sürtmə ayinini icra etdilər, bir qədər sonra isə o, günahlarını etiraf etdiyi elə həmin günün axşamı canını tapşırdı. Qardaşlar mərhumun öz pulu hesabına layiqli yas mərasiminə hazırlıq gördülər, adət üzrə gecə yanında qalmaq, səhər isə dəfnində iştirak etmək üçün tələb olunan  rahibləri çağırtdırmaqdan ötrü adam göndərib, lazım olan hər şeyi təşkil etdilər.
MesserŞapeletonun etiraf etdiyi müqəddəs ata onun keçindiyini eşidəndə baş keşişlə razılığa gəli, kilsə zəngləri ilə rahibləri yığdı, messerŞapeletonun etiraflarına görə müqəddəs olduğunu elan etdi və Tanrının onun ruhuyla bir çox möcüzələr göstərəcəyinə ümid bəslədiyini bildirib, onları meyidi lazımi hörmət və ehtiramla kilsəyə qəbul etməyə inandırdı. Baş keşiş və sadəlövh rahiblər bununla razılaşdılar. Axşamçağı hamı messerŞapeletonun cənazəsi qoyulan evə yollandı, başı üstündə uzun, təntənəli dualar oxudular, səhər isə hamısı mantiya və xirqələrdə, əllərində İncil və xaç, dini mahnılar oxuya-oxuya tabutun ardınca düşərək, demək olar ki, bütün şəhər əhlinin, kişi və qadınların müşayəti ilə, onu böyük ehtiram və təntənə ilə kilsəyə apardılar. Tabutu gətirib kilsədə qoyandan sonra,  etiraf etdiyi müqəddəs ata kürsüyə qalxıb onun həyatından və pəhrizlərindən, bakirəliyindən və sadəliyindən, günahsızlığından və müqəddəsliyindən möcüzələr söyləməyə başladı. Bütün  bunlarla yanaşı messerŞapeletonun göz yaşları axıdaraq ən ağır günah kimi nəyi etiraf etdiyini, Tanrı tərəfindən bağışlanacağına onu güclə necə inandırdığını danışdı. Sonra üzünü onu dinləyənlərə tutub məzəmmətlə dedi: “Siz lənətə gəlmişlər isə, ayağınıza dolaşan  hər saman çöpü üstündə Tanrını, müqəddəs Məryəmi, bütün cənnət əhlini söyürsünüz”.
 Müqəddəs ata  bundan əlavə  onun xeyirxahlığı və paklığı barədə bir çox başqa şeylər də söylədi: tez bir zamanda kənd əhlini tamamilə inama gətirdiyi nitqi ilə onlara elə xilaskar fikirlər təlqin etdi ki, ibadət sona yetən kimi dəhşətli basa-bas düşdü, hamı mərhumun əllərini və ayaqlarını öpməyə, əynindəki paltarlarını söküb cırmağa başladı: əlinə balaca parça qırığı keçən özünü xoşbəxt bilirdi. Məcbur oldular cənazəni  düz bir gün kilsədə saxlasınlar ki, hamı ona baş çəkib, baxa bilsin. Nəhayət, gecədən keçmiş böyük ehtiramla mərmər qəbirdə dəfn etdilər. Ertəsi gün adamlar yavaş-yavaş sərdabəyə tərəf  axışmağa başladı, hamı şam yandırır, dua oxuyur, qəbrinin başında and içir, tövbə edir, vədə üzrə mum surətləri asırdılar. Müqəddəsliyinin sorağı o dərəcədə yayılmışdı ki, demək olar bir nəfər də tapmazdın ki, başına bir iş gələndə ona yox, ayrı bir müqəddəsə pənah gətirəydi. Onu “müqəddəs Şapeleto” adlandırdılar və  bu günə qədər elə o cür də çağırırlar; iddia da edirlər ki, ona inamla pənah gətirənlərə Tanrı özü onun ruhuyla bir çox möcüzələr göstərir və hər gün də göstərməkdə davam edir.
PratolumesserÇepparello belə yaşamış, belə ölmüş və artıq, bildiyiniz kimi, beləcə də müqəddəsləşmişdi. Mən onun Tanrı qarşısında əbədi müqəddəsliyə qovuşmaq ehtimalını inkar etmək istəməzdim, çünki o cinayətkar və əxlaqsız bir həyat yaşasa da, ölməzdən öncə günahlarını elə etiraf etmişdi ki, ola bilsin Tanrı rəhm edib onu öz dərgahına qəbul etmişdir; ancaq, bu sirrdir və dərk edə biləcəyimiz qədər düşündükdə, deyə bilərəm ki, o cənnətə düşməkdənsə, iblisin caynaqlarında cəhənnəm əzablarına məhkum olunmalıdır. Belə olduqda isə, Tanrı bizə özünün böyük iltifatını lütv etmiş olur, çünki biz onun mərhəmət vasitəçisi kimi dost bilərək, düşmənini seçdikdə belə o, səhvlərimizi deyil, pak niyyətimızı nəzərə alaraq, dualarımıza biganə qalmır, sanki biz onun mərhəmət vasitəçisi kimi həqiqi bir müqəddəsi seçmişik. Ona görə də, bu günkü bədbəxtçiliklər içərisindəki bu şən cəmiyyətimizdə bizi öz mərhəməti ilə sağ-salamat hifz etsin deyə, adı xatirinə bura toplaşdığımız o uca varlığı mədh edib, şəninə alğışlar söyləyərək,bizi eşidəcəyinə tam əminliklə, özümüzü onun ali iradəsinə təslim edək.
Burada söyləyici susdu. 

İtalyan dilindən tərcümə edən:
Cəmşid Cəmşidov
Mənbə: Avanqard.net
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)