Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİ “MƏNİM ÇƏKİM UYĞUN GƏLMİR YAŞIMA...”

AZAD QARADƏRƏLİ “MƏNİM ÇƏKİM UYĞUN GƏLMİR YAŞIMA...”

AZAD QARADƏRƏLİ      “MƏNİM ÇƏKİM UYĞUN GƏLMİR YAŞIMA...”
Təqdimat
Nicat Heşimzade
Müəllif:
21:12, 14 mart 2019
1 968
0
Ötən ilin payızı bir ayrı payız oldu. O payız mənim həyatımda çox şeylə yadda qaldı. Biri elə bu yazının yazılma səbəbi... ...Türkiyədən qəfil xəbər gəldi: orada çıxmış kitabımın imza gününə çağırılırdım – İstanbul kitab fuarına. (Onlar belə deyirlər.) On gün çəkən kitab sərgisində bir gün tanışlıq üçün, iki gün isə rəsmi imza günündə iştirak etdim. Qaldığım ev Pendikdə, kitab sərgisinin baş tutduğu məkan – TÜYAP isə Bəylikdüzü tərəfdə – şəhərin tam əks istiqamətində idi. Üç saata ora gedib çatırdım, beş saat kitablarımı imzalayır, oxucularla görüşürdüm və yenə geriyə üç saatlıq yol qət edirdim. On bir saatlıq ağır bir proses... Maraqlı olsa da, çox yorulurdum. Gecələr bəzən tək olduğumdan yorğunluğumu nəylə çıxaracağımı düşünür, internetdən qəribsədiyim Azərbaycan musiqisi axtarırdım. Kitab oxumağa isə taqətim olmurdu...



       AZAD QARADƏRƏLİ               

 “MƏNİM ÇƏKİM UYĞUN GƏLMİR YAŞIMA...”

   (Orxan Bahadırsoyun ədəbiyyatdakı yeri və yersizliyi haqqında ağrı-acılı esse)



           Ötən ilin payızı bir ayrı payız oldu. O payız mənim həyatımda çox şeylə yadda qaldı. Biri elə bu yazının yazılma səbəbi...

           ...Türkiyədən qəfil xəbər gəldi: orada çıxmış kitabımın imza gününə çağırılırdım – İstanbul kitab fuarına. (Onlar belə deyirlər.) On gün çəkən kitab sərgisində bir gün tanışlıq üçün, iki gün isə rəsmi imza günündə iştirak etdim. Qaldığım ev Pendikdə, kitab sərgisinin baş tutduğu məkan – TÜYAP isə Bəylikdüzü tərəfdə – şəhərin tam əks istiqamətində idi. Üç saata ora gedib çatırdım, beş saat kitablarımı imzalayır, oxucularla görüşürdüm və yenə geriyə üç saatlıq yol qət edirdim. On bir saatlıq ağır bir proses... Maraqlı olsa da, çox yorulurdum. Gecələr bəzən tək olduğumdan yorğunluğumu nəylə çıxaracağımı düşünür, internetdən qəribsədiyim Azərbaycan musiqisi axtarırdım. Kitab oxumağa isə taqətim olmurdu...

            Belə gecələrin birində internetdə qurdalanarkən əvvəllər də diqqətimi çəkmiş gənc şair Orxan Bahadırsoyun bir şeirinə rast gəldim: indi tamam unutduğum o şeirdə nəsə ayrı bir aura, ayrı bir  aşiyan* vardı. Şeir məni haralarasa apardı, İstanbulda, bu Pendik deyilən yerdəki ruhsuzluğum yoxa çıxdı, özümü tamam gümrah, 30-35 yaşlarında hiss etdim. Oğlumu gözləmədən qalxıb soyuducudan hazır yeməyi çıxartdım, qızdırıb süfrə açdım, yanına İstanbul zeytunu, göyərtisi, limonu, ayranı (burda bizim qatığın yerin heç nə vermir!) və kaşar pendiri qoydum. Bakıdan gətirdiyim araqdan da süzdüm və... 

            Özümə yaxşı gəlmişdim. Nəzakət Məmmədovanın “Üz qoyma üzüm üstə” mahnısını dinləyə-dinləyə yaxşıca yatdım da...

            Səhər Ankaraya uçmalıydım.  Uçdum. Ulusal kanalın Ankara bürosunda müsahibə verdim. Sonra qələm dostlarım Ahmet Yıldız və Cəlal İlhanla görüşüb axşam təyyarə ilə geri döndüm. 

            Səhər ilk işim böyük Çingiz Aytmatovun Maltəpədəki heykəlini ziyarət etmək olacaqdı. Amma mənim bir illətim var axı: o nəsnəyə ki, tutuldum, onu sona çatdırmalıyam. İnternetdə qaldığım yerdən davam edirəm: Orxan Bahadırsoyun şeirlərini axtarıram və təxminən 3-4 saatlıq axtarış və oxudan sonra bilgisayarımın   “ƏDƏBİ QEYDLƏR” pəncərəsinə bunları yazıram:

            

              “Azacıq ağrıyırdı
               sinəmin sən tərəfi...


          Orxan Bahadırsoy adlı bir gəncin misralarıdır. Haçansa qeyd etmişəm notbukumun YADDAŞ guşəsinə. Neçə vaxtdır izləyirdim yazılarını. Hətta "Yazı"ya da şeir göndərməsini istəməmişdim. Açığı onun şeirlərində nəyinsə çatmadığını - bəlkə artıq olduğunu - düşünürdüm. Cemal Süreyya deməmişmiydi "Şeirin fazlasından öldü Edib Cansevər" - o misalı...Yəni mənə oxucu kimi aydın idi bu şair - apaydın. Amma yazar kimi qaranlıq yerlər vardı. Bu səhər bir müsahibəsini oxudum və İstanbulun bu yaşıl təpəsində - Pendikdə o buludlar çəkildi - adamı yüz yaşlı qoca kimi danışdıran sənət eşqi imiş. O ədəbiyyatla, şeirlə sevgiliymiş.Və... Qalanı qalsın Bakıya qayıdandan sonra yazmaq istədiyim esseyə. Bu misralarla bitirək hələ bu qeyri-müəyyən qeydlərli:

                 Gecə Ay da tutuldu,
                  gecəni gördünmü sən?
                  Evimə kölgə düşdü,
                  elə bildim, dönmüsən!




            Bir şakərim var: məftun olduğum mahnıdan, yaxud şeirdən ən, ən çox məftun olduğum misraları bütün gün boyu dilimin ucunda vird edərəm. O günlər vird yerinə söylədiyim bunlar idi:


            Köməyə gəlmədi ki

            Çağırdığım tanrılar.

            Könlümdən ruhumacan

            Yıxıldı bu ağrılar...

                                                

                                                                    ***


            Dedim axı, mənimki tutqudur. Bir sözə, bir misraya, bir cümləyə vuruluram və o vurğunluq o qədər sürür ki, daha yenisi gəlir. Və yeni daha yeninin yanında özünü pis hiss etməsin deyə müvəqqəti arxivə qoyuram...

            O tutqu ki, səni yorğunluğun, üzgünlüyün, əzginliyin və hələ ümidsizliyin, naçarlığın əlindən ala bilir, niyə ona tapınmayasan?! Ustad Folkner necə gözəl demiş: “...bizim hamımızın qarşısında insan qəlbini xilas etmək, ayğırları, donuzları yaxud öküzləri axtaladıqları kimi onu axtalamalarına imkan verməmək, hələ vaxt var ikən və insan deyilən məxluqda insanlıq hələ yox olmamışkən fərdiliyi simasızlaşmaqdan xilas etmək vəzifəsi durur. Axı insanlığı yazıçıdan, şairdən, sənətkardan savayı kim xilas edə bilər, onlardan çox kim insanlığın itirilməsindən qorxmalıdı?! Zira insanlıq yaradıcılığın qaynar qanıdı.”

            Bakıya dönən kimi bu gənc şairi daha dərindən araşdıracağıma söz verirəm. 

            Heyhat... Bakıda məni bir yığın iş gözləyir: “Renessans həsrəti - 2” nin təqdimatı, “Kuma-manıç çökəkliyi” romanımın Güney Azərbaycanda əski əlifba ilə çap olunacaq variantı üçün anlaşılmayan yerlərə ətək yazıları – izahlar yazmaq, yarımçıq saxladığım “Ucubuluq” romanına qayıtmaq, qaralama halında olan bir çox hekayəni yenidən işləmək, martda tamam olacaq 65 yaşıma görə bəzi işləri yoluna qoymaq, müsahibə istəyənlərə  cavab vermək, bu yarımyubiley üçün  dostlarla xudmani bir məclis qurmaq, toyalara, yaslara getmək, bəzi dostların kitablarının təqdimatında iştirak etmək, bəzi gənc yazarların haqqında yazmaq istədiyim esseləri yazıb çapa vermək... Ay aman! Onlardan biri də Orxan Bahadırsoy olmalıydı axı...

            Elə bu çalıx-balığın içindəykən internet xəbər verir ki, bəs, Orxan Bahadırsoyun kitabının təqdimatı olacaq. Bəs bu xəbər mənimçün göydəndüşmə olmazmı? Amma tədbir Oda (indi ADO olub) teatrındadır və bu yeni teatra cəmi bir dəfə getmişəm, onların da fəaliyyətindən iki esse yazmışam, di gəl ki, indi yerlərini dəyişiblər... Axı bu gözəlim hakimiyyət Bakını sökür, sökdükcə də bizi sanki keçmişimizdən ayırır. Nə yazıqlar ki, Bakı bakılıqdan çıxıb Dubaya, Əbu-Dabiyə oxşar bir məkana çevrilir... 

            Nəysə bu Dubay Bakısını ələk-vələk edib ADO teatrının yerləşdiyi məkanı tapıram. Keçmiş Respublika sarayının qonşuluğunda yerləşən bu müstəqil teatrın binası ekzotik bir təsir bağışladı mənə. İtələsən, uçacaq!..

            İşıqlar ala-qaranlıq idi. Teatrdan çox mistik bir məkanın – ruhların cəm olduğu qədim dərviş təkkələrinin qoxusun aldım  burda...

            İyirmiyə yaxın gəncin cəm olduğu yerdə şairin şıq bir geyimdə qəfil gəlişi ilə görüş-təqdimat başlayır. (Deyim ki, onun geyimi də, səhnəyə gəlişi də şairdən çox aktyor duruşunu xatırlatdı mənə - hətta 19-cu yüzil zadəganlarının reveransı da deyə bilərdim bu jestə).  Özümü bir az naqolay hiss edirəm. Bu uşaqlar hamısı oğlum-qızım yaşdadır. Məni görüb narahat olmasınlar deyə bir az daldaya çəkilmişəm. Guya bura bir az gözdən iraqdır. İki aktyorun oxuduğu şeirlər salonu ovsunlayır. (Tural Əhmədi xüsusi qeyd etməliyəm. Bu gəncin oynaması üçün xüsusi pyeslər yazardım, rollar yaradardım, təki mənim onda duyduğum aktyor plastikasını, səs tembrini digərləri də duya bilsin deyə! Nə yazıqlar ki, bizdə teatrlar bir qrup həlləm-qəlləm qələmçilərin istismarındadır...) Bir neçə adam da danışır və qəfil mənə söz verilir. Aparıcı şair özüdür və “düzü onun gəlişini gözləmirdim” deyib məni təqdim edir. Axı heç mən də danışmalı olacağımı gözləmirdim. Amma bizlərin hər zaman ehtiyat variantı olmalıdır. Və gecə barlarındakı hündür təkadamlıq oturacağa qalxıb başlayıram...

            “Ədəbiyyat yeganə sahədir ki, təkcə ədəbiyyat yox, incəsənətin bütün növləri, burada adamın olmadan yaza, yarada bilərsən. Yəni burada dayday kara gəlmir. Şərqdə, Azərbaycanda buna cəhdlər ola bilir: kitabın çıxar, sənin zəif yazılarını müvəqqəti olaraq göylərə qaldırarlar, pyeslərin səhnəyə qoyular və sair. Amma bu ədəbiyyat deyil axı. Bu elə o daydayın ömrü qədərdir. 

             Bizim hər əsrdə yüzlərcə şairimiz olub. Amma onlardan 3-5-i qalıb, ya yox. Bu gün də belədir nə yazıqlar ki. Məsələn, baş nazirin müavini, rektor, deputat, hətta zavod direktoru  yazarlarımız var ki, kitabları çıxır, sonra onları xaricdə məhdud sayda çap da etdirirlər, guya xaricdə məşhur olurlar. Hətta və hətta adları guya Nobel ödülünə təqdim olunanların siyahısında da yer alır. Amma bu o deyil! Bizdə rus demişkən “öz xoduyla” xaricdə çap olunan bir əsər varsa, müəllifi hələ də bəlli olmayan (yazmışam, yenə yazıram: məncə, bu, Y.V.Çəmənzəminlidir) “Əli və Nino” romanıdır,  zamanında Bodenştetin günahı üzündən Avropada, Rusiyada  məşhur olan Vazehdir, bir də dünyanı 800 il gəzən Nizami. Və bu günlərin xaricdə çap olunan yazıçısı Ə.Əylislidir. O da məlum səbəbə görə.

            Mən bu gənc dostumuz Orxan Bahadırsoyun şeirlərini oxuyub valeh olmuşdum. Hətta onun hecada yazmasını, qafiyənin çəmbərində qalmasını özünə yazdığım məktubda tənqid də etmişdim. O da yazmışdı ki, düzü, bu barədə düşünməmişəm, çünki mənə belə rahatdır. Yəni aramızda belə polemika olmuşdu.  Amma onun pyesinin Almaniyada yer tutmasını biləndə (bu almanlar özlərinə  çox məftundurlar və hələm-hələm yazını qıbul etməzlər) qərara gəldim ki, onu mütəmadi izləyim. Bax, bu gün məni bura gətirən o izləmənin yekunudur.

            Mən Orxandan xahiş etmişdim ki, şeirlərini bizim “Yazı”ya göndərsin. Göndərmədi. Amma mənim ona, onun şeirlərinə olan marağım azalmadı ki, artdı. Bax, gör  necə deyir, təxminən belədir: “Çıxıb gedərəm  bayquşlara qalarsan.” Nizamidəki “xaraba” ilə Orxandakı “xarabanın” assosasiyasını aparmaq  olar da, olmaz da. Amma burda böyük bir metafora var. 

            Ədəbiyyat bir qədər at yarışına bənzəyir. Cıdıra! Kimi o atlara pul qoyur, kimi atın üstündəkinə - jokeyə, çapara azarkeşlik edir, kimi də elə haya düşüb cıdıra tamaşaya gəlir. Yazıçı bax, o cıdırdakı atdır!

            Öndə gedən o cıdır atına o biri atlar həsəd aparır! Bu gözəldir! Həsəd hər zaman inkişafa səbəb olur. Amma bir də var, paxıllıq. Həsədi ayaqlayıb, “bu məni ötə bilər ha” qorxusu. Bax, bu ədəbiyyatın düşmənidir. Nə yazıqlar ki, bu bizdə daha çoxdur.

            Bizim zamanımızda ədəbiyyatda böyük pullar vardı. O qonorarları bəzən bir ailədən çıxan 3-4 yazıçı alırdı və bizi ora buraxmırdılar. Amma biz dişimizlə, dırnağımızla o baryerləri dağıtdıq,  bizə gərək olan böyük ədiblərin köməyi ilə o “şlaqbaumu” aşa bildik (Mən şəxsən böyük ədbimiz Sabir Əhmədliyə borcluyam bu baxımdan).

            Orxan haqqında çoxdan yazmaq istəyirdim, amma alınmırdı. Niyə? Çünki Orxanın şeirlərində bir sirr, sehr var və mən o sehrə, sirrə daxil ola bilmirdim. Qəriblikdə, Vətəndən uzaqda olanda o sehri, sirri çözə bildim və duydum ki, o mətnlər mənə çox doğmadır, çox yaxındır. 

            Burada çıxış edəcəyimi bilmirdim. Hazırlıqsız yaxalandım. Amma demək istəyirəm: Orxan sən çox şairsən, həddindən çox şairsən. İnanıram ki, bu əsrdə qalası o 3-5-lərdən biri mütləq sən olacaqsan.”

            Təxminən, 12-13 dəqiqəlik çıxışdan bunları seçdim bu yazı üçün. O videonu dinləyənlər deyər ki, daha çox seçmək, bəlkə də hamısını vermək olardı, zira o çıxış ora üçün idi və çıxışla yazının fərqini anlayanlar bilir ki, bu qədər bəs edər.

                                                           

                                                          ***               


            Orxan Bahadırsoyun şeirlərini bilsəm də, nəsrindən tam xəbərsiz idim. Onun sözügedən təqdimatdakı “Kimsəsizlər sığınacağı” kitabından bir neçə nəsr nümunəsi də oxuyandan sonra bu qənaətə gəldim: ədəbiyyatımıza tam yeni bir estetikalı yazar gəlmişdir. Hətta o lap çoxdan varmış. Sadəcə içimizdəki həsədə qarışmış o qaramat mərət bizim onu görməyimizə mane olub. Şairin özü də duyur bunu nə yazıqlar ki:

            

            Hərdən elə olur ki...

            Bütün xoşbəxtliklərə

            Pəncərədən baxıram.

            Döyülməyən qapımın

            Sükutundan qorxuram...


            Qarşılayın: bu bahar da görməsəniz, bir azdan əliniz heç çatmayacaq dərəcədə ucalmağa doğru gedən bir ədəbiyyat adamı var həndəvərinizdə. Yaşına-başına baxmayın: torpağı sanı yaşasın, N.A.Dobrolyubov yaşındadır! Hə, hə! O disrəyi ilə, dişi, dırnağı ilə özünə yol açanlardandır. Mən bu yazını yazdım ki, sən bunu biləsən. (Əslində, nə sənə, nə mənə ehtiyacı yox.) Özü necə deyib?


            Yolsuz, cığırsız da mən

            Gedərəm, dərd eləmə.

            Min yaxşı yol taparam,

            döşəyərəm önümə.



S.A (Söz Ardı)

1.Bağışla, böyük ustad! Bu dəfə, sağlıq olsun, İstanbula ilk gəlişimdə Maltəpəyə gələcək, abidənə tər güllər düzəcəyəm. Baş tutmayan o “görüşümüzü” yeni ədəbiyyat naminə təxirə salmalı olmuşdum.

2.Məni özümə qaytaran, könlümü atlandıran o mistik şeiri bu esseni bitirəndə xatırladım və düşündüm ki, sizə də gərək olar. “Yaxşı yol” adlanan həmin şeirdəndir bu misralar:


            Mənim şəkim uyğun gəlmir yaşıma,

            Hansı yara sağalmır ki?

            Qaşıma!..

            ...Hər bir ömrün çürümək var sonunda!

            Sən istədin xoşbəxt olum?

            Olum da!

            Əvvəl-axır gələcəyəm, rahat ol!

            Məndən əvvəl sən gedirsən?

            Yaxşı yol!

            


                                                                                                

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Aşiyan – alınma sözdür, yurd, yuva, sığınacaq, daldalanacaq anlamındadır. Burada “sığınacaq” mənasında işlənmişdir. Şairin kitabının adıyla da səsləşir. (Müəllifin qeydi)



12.03.2019



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)