Edebiyyat.az » Təqdimat » Rahid Ulusel - Paskal idealı: özünü aldatmadan yaşamaq.

Rahid Ulusel - Paskal idealı: özünü aldatmadan yaşamaq.

Rahid Ulusel  - Paskal idealı: özünü aldatmadan yaşamaq.
Təqdimat
admin
Müəllif:
19:31, 03 iyun 2021
1 495
0
Rahid Ulusel - Paskal idealı: özünü aldatmadan yaşamaq.




 Fransız riyaziyyatçısı və mütəfəkkiri Blez Paskalın ((1623-1662) hələ 16 yaşı olanda konus kəsiklərinə aid yazdığı traktatına Qərb rasionalizminin banisi, böyük filosof Rene Dekart yüksək qiymət vermişdi. 1644-cü ildə isə Paskal ilk hesablama maşınını ixtira etmişdi. O, xüsusilə riyaziyyat elminə bir sıra yeniliklər gətirmiş, hidrostatikanın yaradıcısı olmuşdur. Paskal teoremi, Paskal qanunu da bu mütəfəkkirin adı ilə bağlıdır.

Lakin ömrü boyu gerçəkliyin və əbədiyyətin sirli mahiyyəti üzərində çılğın-gərgin ideya axtarışları, Paskalı varlığındakı uçurumların qırağınadək gətirib çıxartdı.

Bir dəfə Parisdə körpüdən keçərkən Paskalın mindiyi kareta qəzaya uğradı. Atlar Sena çayına yuvarlandılar. Sanki möcüzə nəticəsində qoşqu qayışları qırıldı. Karetanın batmaq təhlükəsi sovuşdu. Bu hadisə Paskalı sarsıtdı. 1654-cü ildən dərin mənəvi böhranlar keçirən Paskal birdəfəlik dinə üz tutdu. Pol-Royalda tənhalığa çəkilib yalnız yazıçılıq fəaliyyətilə məşğul olmağa başladı.

Fəqət Paskal dini ənənəvi qavramda qəbul etmir. Onun özünü, ehkamlarını da sorğu-suala çəkir, “Əsl din böyüklüyü və heçliyi aşkara çıxarmalıdır” – yorumuna gəlir. 

Paskalın ədəbi-fəlsəfi yaradıcılığında mənəviyyat məsələlərinə kosmik miqyaslarda baxılır. İnsan, Paskalın çağdaşları Laroşfuko və digər moralistlərdəki kimi, təkcə cəmiyyət dairəsinin hüdudları ilə qapanmır, o, kainatın yetirməsi kimi dərk olunur: Zaman və Məkan insanın yaşadığı mühitin və onun ömrünün müddəti ilə ölçülmür. «İki cahana sığmayan» insan (Nəsimi) tükənməz sualların girdabında narahat-narahat kosmik həyatını yaşayır. 

Paskalın riyaziyyat və təbiətşünaslıq elmləri ilə baş-başa gələn və nəhayət, din və teologiyadan dolanıb keçən fəlsəfəsi kosmoqonik dünyaduyumunun küncünə dirənir: “Sonsuz fəzanın bu əbədi sükutu məni dəhşətə gətirir…”

Bu idi Paskalın idealı: özünü aldatmadan yaşamaq!..

İki yüzil ötdü… Qərbin irrasionalist cərəyanlarında Paskal vurnuxmalarına oxşar mənəvi-intellektual çabalamalar yenidən zühur etdi, kükrədi…

Düşüncələr 

İnsan nə qədər zəkalıdırsa, münasibətdə olduqlarında bir o qədər özəllik tapır. Ortabab üçün hamı elə bir cürdür.


Danışığını antitezalarla yükləyib, sözlərinə rəhm etməyən adam o şəxsə bənzəyir ki, simmetriya xətrinə divara yalançı pəncərələr qoyur. O, sözlərin dəqiqliyi üzərində deyil, fiqurların sahmanı haqqında düşünür.


Simmetriya ilk baxışdan qavranılır və buna əsaslanır ki, birincisi, onsuz ötüşməyə dəlil yoxdur, ikincisi isə, insan cismi özü simmetrikdir; elə buna görə də biz en simmetriyasına bərk sadiqik, dərinlik və yüksəklik simmetriyasına isə yox. 


Elmlərin gərəksizliyi. 
Hərgah mən mənəvi əsasların nə olduğunu bilmirəmsə, ətraf aləmdən bəhs edən elm ömrün sıxıntılı çağlarında mənə heç bir təsəlli verməz. Bax, o mənəvi əsaslar zahiri aləmin predmetləri haqqındakı elmdən bixəbər olanda da bir təskinlik gətirər. 


Hər dəfə biz nəsnələrə təkcə başqa tərəflərdən deyil, həm də başqa gözlərlə baxırıq. Buna görə də elə zənn edirik ki, onlar dəyişiliblər. 


Hərgah insan Allah üçün yaradılmayıbsa, onda nə üçün yalnız Allahla vəhdətdə xoşbəxt olur. Yox, əgər insan Allah üçün yaradılıbsa, bəs onda nə üçün Onun ziddinə gedir?!


Fikirlər.
Eyni bir fikir onu ifadə edən sözlərdən asılı olaraq dəyişir. Fikirlər sözlərdən özünün mənasını alır, fəqət onlara bu mənanı vermir.  


Mənim düşüncəmcə, Sezar dünyanın fəthi kimi bir əyləncə üçün çox qoca idi. Bu, Avqusta, yaxud İsgəndərə yaraşırdı: onlar cavan idilər, cavanları isə ram etmək çətindir: deməli, Sezar daha yetkin ağıl nümayiş etdirməliydi.


Ədalət və Güc bir araya gətirilməlidir: yəni elə etməli ki, ədalətin gücü, gücün ədaləti olsun.


İnsan, şübhəsiz, düşünmək üçün yaradılıb: onun bütün özəlliyi, həyatının başlıca amalı bundadır. Əsas borcu da – ləyaqətlə düşünməyindədir. Buna da o, özü, yaradıcısı, sonu haqqında düşüncələrilə başlamalıdır. 
Fəqət insanlar nə haqda düşünür? Rəqs eləmək, çalğı çalmaq, mahnı oxumaq, şer yazmaq, əylənmək… döyüşmək, kral tacına sahib olmaq haqqında. Heç bircə an da fikirləşmirlər ki, axı, nədir kral olmaq, insan olmaq.


Biz əsl həyatımızla, əsl mahiyyətimizlə bəsinmirik, – bizə lazımdır ki, başqalarının nəzərində nəsə təsəvvür edilən bir obrazımız yaradılsın, biz belə də görünməyə can atırıq. Gücümüzə heyfsilənmədən, əsl “mən”imizin ziyanına bu təsəvvür olunan “mən”i daim bəzəyir, nazlayıb bəsləyirik. Əgər bizə alicənablıq, təmkin, inamı qorumaq bacarığı xasdırsa, bütün dünyaya bu məziyyətlər barədə car çəkir və uydurduğumuz “mən”i yaraşığa mindirmək üçün əsilliklərimizdən də üz döndərməyə hazır oluruq. Biz hətta cəsur görünmək naminə, məmnuniyyətlə qorxaq da olardıq. “Mən”imizin puçluğunun şəksiz nişanəsi bundadır ki, o nə özü, nə də uydurulmuş özünəoxşarla qane olur və özü ilə oxşarını tez-tez dəyişik salır. Fəqət ləyaqətini saxlamaqdan ötrü ölməyinə razı olmayan kimsə yaramazdır. 


Bəziləri sülh həyatından, digərləri isə müharibədən üstün tutur ölümü. Adamlar həyatı necə güclü və təbii şəkildə sevsələr də, hər cür etiqaddan ötrü onu qurban verməyə hazırdırlar – Ferox gens, nullam esse vitam, sine armis rati (Tit Liviy: «Azğın toplumlar üçün davasız həyat yoxdur»).  


Bütün insan faniliyini sonadək dərk etmək üçün gərək sevginin səbəb və nəticələrini özünə aydınlaşdırasan. Onun səbəbi – “bilinməz nədir?” (Kornel), nəticəsi isə dəhşətlidir. Bu “bilinməyən”, xırda şey – yeri-göyü titrədir, hökmdarları, orduları, bütün dünyanı hərəkət etdirir.
Kleopatranın burnu azacıq gödək olsaydı, yer üzü də başqa cür olacaqdı.
 

Gözünüzün önünə qandallanmış adamlar gətirin. Hamısı da ölümə məhkum. Hər gün də hamının gözü qabağında kimi isə öldürürlər. O birilər də anlayır ki, onların da bəxtinə bu yazılıb. Bir-birinə baxa-baxa, qüssə və ümidsizlik içində öz növbələrini gözləyirlər. Budur insan mövcudluğunun mənzərəsi. 


Heç nə ağılla onun özünə inanmazlığı qədər razılığa gələ bilməz. 


Xalq müdrikliyi. 
Şıq geyinən – boş adam deyil: O, bütün dünyaya göstərir ki, onun üzərində çoxları işləyib, saçını-birçəyini, yaxalığını, qaytanını, baftasını, nə bilim nəyini… dəlləyi və qulluqçusu düzəldib. Bu – təkcə hoqqabazlıq, bəzəmə-düzəmə deyil, həm də ona işarədir ki, görün, bunun nə qədər əli var! Şıq geyinən – güclü adamdır.  


Platon və Aristotel bizə ibarəçi hərfgüdənlər təsiri bağışlayır. Əslində isə, onlar mötəbər adam idilər və hamı kimi dostları ilə zarafat etməyi də sevirdilər. Onlar əsərlərini – biri “Qanunlar”ı, o biri isə “Siyasət”i – oynaya-oynaya, əylənə-əylənə yazıblar. Çünki onlar əsər yazmağı müdriklikdən, ciddilikdən daha aşağı məşğuliyyət sayıblar. Əsl müdriklik isə sadə və sakitcə yaşamağı bacarmaqdan ibarət olub. Onlar siyasi yazılara sanki dəlixanada nizam-intizam yaratmağa çalışırmış kimi girişiblər. Ona görə belə ediblər ki, bilirdilər: müraciət etdikləri dəlilər özlərini hökmdar və imperator sayır. Dəlilərin dəliliyini ağrısız soyutmaq üçün onların qandıqları səviyyədə dayanırdılar.  


Düşünən qamış.
Mötəbərliyimiz – torpaqlara yiyələnməyimizdə, fatehliyimizdə deyil, düşünə bildiklərimizin kökünə varmaq bacarığımızdadır. Dünyaları tutsam da, zəngin olmayacağam, çünki Kainat öz genişliyi ilə məni əhatə edir və udur, mən isə idrakımla Kainatı çulğamaq qüdrətindəyəm. 


Adamlar özlərini günahkar sayan möminlərə və mömin sayan günahkarlara bölür.


Korşalmış ağıllar cürbəcür kor adətlər səbəbindən meydana gəlir. O Həqiqətin zühur etməsi gərək ki, insanı özünü aldatmaqdan dayandırsın.


İnsan elə yaradılıb ki, həmişə irəli gedə bilməz, – o gah qabağa gedir, gah da geri dönür. Qızdırmalı gah üşüdüb titrədir, gah da od tutub yanır. Soyuq da hərarət kimi qızdırmadandır. 
İnsan qondarmalarının yolu da yüzillər boyunca belə olub. Xeyir-şər də belə olub. Plerumque gratae principibus vices – “Dəyişmələr dünya güclülərinin istəyincədir.”


İnsan nə mələkdir, nə bir canlı. Onun bədbəxtliyi bundadır ki, mələyə oxşamağa çalışdıqca, dilsiz-ağızsız canlıya çevrilir.


Bizim davranışlarımızın bütün qaranlığını ləyaqətdən uzaqlığımızdan başqa nə sübut edə bilər?!


Hərgah özünü dərk etməyə səy göstərmədən yaşayan kəsin korluğu dəhşətlidirsə, Allaha iman gətirib şər içində yaşayan kəsin korluğu ondan da dəhşətlidir. 


İnsan bilmir ki, bu dünyada özünü kimlərin cərgəsinə qoşsun. O duyur ki, yanılıb, mehvərindən oynayıb. İndi də keçilməz zülmət və bitməz təlaş içində qovrula-qovrula nə qədər axtarsa da, geriyə yol tapmır... 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)