Murad Muradov - Mən necə bağdan çıxım...

Təqdimat

Tədbir şair-tərcüməçi , Divanlar Xəmsəsi adlandırılan beş “Divan” və qırxa yaxın kitabın müəllifi, şərqşünas-alim , tarix elmləri doktoru, professor Şahin Fazilin qarşıdan gələn səksən illik yubileyi ilə əlaqədar olaraq düzənlənmişdi .Etiraf edim ki, Şahin Fazilin qubalı olduğunu bilsəm də yaradıcılığı ilə yaxından tanış deyildim və buna görə özümü qınadım da.
Nə gizlədim, tədbir başlamazdan əvvəl iştirakçılar arasında ən çox diqqətimi çəkən, orta boylu, çox sadə geyimli, eyni zamanda baxımlı, səliqə-sahmanlı əsil azərbaycan ağsaqqalı- Şahin Fazil oldu...
Nəhayət,maraqla gözlədiyimiz tədbiri istedadlı şairimiz Ramiz Qusarçaylı açıq elan etdi. O, Şahin bəyin uzun illər boyu apardığı zəngin elmi-tədqiqat işlərindən, tərcümələrindən, dolğun bədii yaradıcılığından söhbət açdı, Azərbaycan şərqşünaslığına, tarixinə verdiyi töhfələrdən, ötən əsrin 50-ci illərindən başlayaraq dövrü mətbuatda müntəzəm çap olunan əsərlərindən bəhs etdi. Maraqlı çıxışı əsnasında Ramiz müəllimin vurğuladığı bir detal məndə şok effekti yaratdı. Bu barədə sonra...
Şahin Fazilin özünə məxsus saç düzümü, bənzərsiz saqqal forması ilk baxışdan mötəbər, müdrik azərbaycanlı obrazı yaradır . Bu, danılmazdı. Mənə elə gəldi ki, elə 50-60 il əvvəl də o, bu obrazda olub, dəyişməyib, səksəninə, doxsanına, yüzünə də bu cür müdrik, nurani simalı ağsaqqal kimi qədəm qoyacaq!

2
Mən Şahin Fazilin yaradıcılığından danışmayacam. İstəyən insan internet vasitəsi ilə onun həyat və yaradıcılığı barədə tutumlu, dolğun məlumatlar ala bilər və bu yazdıqlarımın gerçəkliyinə şübhə etməz.
Qayıdaq yuxarıda qeyd etdiyim, Ramiz bəyin məndə, bəlkə də iştirakçıların çoxunda şok effekti yaradan həmin detala.
El şənliklərində, televiziya kanallarında eşitdiyimiz, dinləyib sevdiyimiz bir mahnı-hamımızın xalq mahnısı kimi tanıdığımız “Bağiban” mahnısı, sən demə hörmətli həmyerlimiz Şahin Fazilin sözlərinə bəstələnibmiş. Sevimli müğənnimiz, rəhmətlik Məmmədbağır Bağırzadənin bəstəsi illərdi ürəklərə yol tapıb, onlarla müğənni tərəfindən indi də sevgiylə oxunur, minlərlə kaset, disk satılıb, amma sözlərin müəllifinin adı çox az qeyd olunur. Bu , məni bir qubalı kimi həm sevindirdi , həm də heyfsləndirdi . Axı necə ola bilərdi ki, illərdi xalq mahnısı kimi dinlədiyimiz, ürəkləri riqqətə gətirən mahnının müəllifi kimlərinsə etinasızlığından , bəlkə də qısqanclığından unudulsun? Bəlkə də bu, Şahin müəllimin ucalığından, təvəzökarlığından irəli gəlib, “bunun müəllifi mənəm!” deməyib?!

Mənfur qonşularımız hər gün bir xalq, bəstəkar mahnımızı özününküləşdirdiyi bir zamanda buna imkan vermək ürək sızladır. “Anonim”, çox vaxt da “xalq mahnısı” adıyla.
Mən Şahin Fazil yaradıcılığı ilə tanış olmadıqım üçün özümü qınadım. Və Şahin müəllim mənə daha da doğmalaşmağa başladı.
Bağiban, ay bağiban, bağə nigarım gəlir?
Mən necə bağdan çıxım, indicə yarım gəlir...
Şahin Fazil cənnətə döndərdiyi məkanda, bağ-baxçasında səbirsizliklə yarının yolunu gözləyən insanın keçirdiyi həyəcanlı təlaşı, yarına olan sevgisini çox möhtəşəm tərənnüm edib. Allah rəhmət etsin, Məmmədbağır Bağırzadə isə ecazkar səsi ilə bu şeirə bir başqa zənginlik qatıb. Bir diqqət edin:
Bəslədiyin güllərə, göz ucu da baxmaram,
İnsafın olsun sənin, gör necə varım gəlir...

3
Sevgilisinin gəlişindən riqqətə gələn bağbanın, hətta, illərlə sevə-sevə bəslədiyi, qulluq etdiyi gül-çiçək də gözündə deyil. Təkcə istədiyi sevgilisinin gəlməsidi. O gələrsə, bağ da bir başqa gözəlləşər. Mən Şahin Fazilin sevgisinin dərinliyini, əzəmətini tərənnüm etmək üçün çətinlik çəkirəm.
Sonda onu demək istərəm ki, yaşamaq yaratmaq eşqiylə yanıb alışan bu insan işıq içində nurdu. Ondan yazmaq belə insana bir ayrı hüzur verir. Mən də gördüklərimdən təsirlənib bu mətndə öz hislərimi tərənnüm etməyə çalışdım.
İnsanlara sağlığında, yanımızda olarkən qiymət verməliyik, onun sənətini dəyərləndirməliyik. Bunu bacarsaq, hərə layiq olduğu yerdə görünəcək.

Sizi vaxtında , dəyərincə tanımayan gəncliyi bağışla, ustad !
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə

Fərid Muradzadə - Fədai

Nəcəf Əsgərzadə - Taleyin əsiri və Tarixin savaşçısı olan insanların ölkəsində

Seyid Hüseyn - Həzin bir xatirə

AZAD QARADƏRƏLİ - KAŞQARLININ GÖZ YAŞLARI (hekayə)