Edebiyyat.az » Təqdimat » Ceylan Mumoğlu - Morq çiçəkləri (kitab təhlili)

Ceylan Mumoğlu - Morq çiçəkləri (kitab təhlili)

Ceylan Mumoğlu - Morq çiçəkləri (kitab təhlili)
Təqdimat
nemət
Müəllif:
21:31, 11 noyabr 2019
1 985
0
Ceylan Mumoğlu - Morq çiçəkləri (kitab təhlili)


 Yaxınlarda Kulis.az saytının təqdim etdiyi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova ilə yazıçı Şərif Ağayarın video-söhbətini izlədim. Söhbətin səmərəliliyindən faydalandığım bir ayrı məsələ oldu. Ancaq diqqətimi filoloqumuzun oxuduğu bir çox çağdaş əsərlər içərisindən seçib fərqləndirdiyi romanlar çəkdi. Onlardan biri də Azad Qaradərilinin "Morq çiçəkləri" romanı idi. Həmin gün maraq məni aldı götürdü. Dedim, əlim Vətənə çatmasa da, romanı tapıb oxuyacağam. Elə müəllifin əsərinin bir yerində yazıldığı kimi, "...bu dünyanın adamları o dünyadakılardan bir addım irəlidədirlər. Nə təhər? Day burda qəzet-zad oxuyan yoxdur. Adamların hərəsinin əlində bir ayfon var və gündə internetdədirlər". Nə başınızı ağrıdım, romanı ədəbiyyat saytlarından birindən tapdım və hissə-hissə oxudum.
Morq çiçəkləri...
Əsərin magik-realizm havasını daha ilk sətirlərdən hiss edirəm.
"Qəbir gülləri...
Hə, bax, bunu da sonradan biləcəm ki, o adına  nərgiz dediyimiz güllərdən həqiqətən meyit qoxusu gəlirdi, qəbir qoxusu gəlirdi. Onlar nərgiz yox, qəbir gülləri idi. Yaxud da, ölülərin nərgizi..."
Beynimin əsərləri qarşılaşdırmaq xüsusiyyətini əvvəlki yazılarımda qeyd etmişəm. Bu dəfə Xuan Rulfonun "Pedro Paramo" əsəri oyandı hafizəmin qeyd olunan hanısa guşəsində. Orda da ölülər dünyası, "Morq çiçəkləri"ndə də... Hər iki romanda qəhrəmanların yolçuluğu hardasa bənzərdir.
"Pedro Paramo" nun baş qəhrəmanı Xuan Presiado anası ölüm ayağında ona atasını tapmağı tapşırır. Xuan anasının dediyi yerə gedir, lakin o yerdə artıq heç kəs sağ deyil, hər kəs ölüdür. Xuan Presiado özü də fərqində olmadan ölür və ölülərlə söhbət edir, darıxır, kabuslar görür, səslər eşidir və nəticə olaraq atası Pedro Paramonun həqiqi kimliyini öyrənmiş olur.
"Morq çiçəkləri"ndə isə baş qəhrəman jurnalist Süleymanın keçmişdə morq olmuş hansısa şəhərin binasına yerləşmiş qaçqınların həyatından yazmaq üçün getməsinə, kilinik ölüm yaşamasına və morqda, morqun həyətində ölülərin və dirilərin nə əməldən çıxdıqlarını müşahidə edərək nəql etməsinə şahid oluruq.  
Əsər boyu oxucu arqo kəlmələr, söyüşlər, neqativ hislər yaşadan söhbətlərə də rastlaya bilər, amma bu, bütövlükdə romanın üzərinə zərrə qədər də kölgə salmır. Əksinə, müəllif bir yerdə obrazın dili ilə bu atmosferi sanki yumşaltmaqdadır:  "-Arqo kəlmə işlətmə, sən axı xalq yazıçısısan! Bunlara fikir vermə! Bu dil Kremlin Qurultaylar sarayında gurlayanda, bunların hələ rüşeymi də yoxuydu... Biz bu dildə romanlar yaradanda..."
Romanın demək olar, bütün obrazları maraqlı işlənib. Oxucu mütaliə boyu hər birinin sonrakı taleyinin necə olacağını maraq edir. Mənimçün əsərdə ən diqqət çəkən məqamlardan biri obrazların bu dünyada etdiyi əməllərə görə o biri dünyada aldıqları mükafat/cəza məqamlarının işlənməsi idi. Azad Qaradərilinin yaradıcılığı ilə ilk tanışlığım olsa da, yazıçının dünyagörüşü və ədəbi təcrübəsinə heyran qalmamaq mümkün deyil. Yazılarından birində bir fikrə rast gəldim: "Yazı tərcümeyi-haldır, yazarın ruh halıdır. L.Tolstoyun "İvan İliçin ölümü”nü oxuyanda sümüklərim sızıldamış, ölümü hiss etmişdim". Heyrətləndim. Beş il əvvəl həmin əsəri oxuduğumda mən də eyni hissi yaşamışdım. Bu haqda yazımda təəssüratımı da qeyd etmişəm. Klinik ölüm... Ədəbi əsərlərdə bu mövzunu işləmək heç də asan məsələ deyil. Həmin ruhu hiss etdirmək, bədii mətni oxucuya metafizik boyda daddırmaq usta yazıçıların işidir. Düşünürəm, "Morq çiçəkləri"nin müəllifi də bu işin öhdəsindən məharətlə gəlib.
Sıfır rəqəmləriylə başlayan və sıfır rəqəmləriylə bitən bu maraqlı roman mütləq nəşr olunmalıdır. Hətta başqa dillərə də çevrilməlidir. Dünyaya çıxış edən bənzər romanlardan heç bir əskikliyi yoxdur.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)