Nemət Mətin - Anar Nəbizadənin ilk kitabı haqqında fikirlər... (birinci hissə)
Volter Şekspir haqqında:
“Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın!
Bəh-bəhlə oxuduğunuz xarici müəlliflərin əsərlərini kənara qoyaraq arabir yerli yazıçılarımızı da oxuyun. O zaman görəcəksiniz ki, nə maraqlı romanlar, hekayələr, şeirlər var. Bu yaxında Anar Nəbizadənin "Palçıq vulkanı üstündəki qəsəbə" adlı uzun hekayəsini oxudum. Roman da demək olar. Həcmi qədər çəkisi də var. Əsər yaşayışa uyğun olmayan ərazidə yaşayan kasıb, fağır insanların çəkdiyi əziyyətlərdən, qarşılaşdığı haqsızlıqlardan bəhs edir. Realistik üslubda qələmə alınan əsərdə əsas obrazdan tutmuş, epizodik qəhrəmana qədər hər bir kəs həyatdan götürülmüş insanlardır və onların xarakteri, davranışı gəmi tək təxəyyül ümmanında üzərək yeni limanlara doğru can atıb...
Hadisələr Tarantinonun filmlərini xatırladır. Sanki Tarantino Sovxozda kirayə ev tutaraq bir xeyli müddət yaşayıb və insanları müşahidə edərək film çəkmək qərarına gəlib. Onun filmlərindəki müsbət obrazlar kimi yazıçı Anarın da müsbət obrazları ədalətsizliklə, alçaldılma, təhqir olunma, haqsızlıqla qarşılaşdığına görə nifrət hissi vulkan kimi partlayır və bütün mənfi obrazlardan qisas alır.
Lakin film ədəbiyyat deyil. Rejissor Tarantino da yazıçı Anar deyil. Ədəbiyyat daha dərin mətləblərə toxuna bilir.
Əsər düşünürəm ki, kölgədə qaldı. Çünki az sayda nəşr olunmuşdu. Lazım olacaq dərəcədə reklam olunması üçün çox sayda çap olunası kitabdır.
Əsərin zəif nöqtələri də var. Qadın-kişi münasibətləri üzərindən tez-tələsik keçidlər etmə cəhdi, sonluğun necə bitəcəyini gizli saxlamamaq və vaxtından əvvəl oxucuya ipucu verilməsi kimi nüansları qeyd etməliyəm.
Müəllifin romana münasibəti maraqlıdır. Kitabın sevindirən tərəfləri dilin zəngin və axıcı olmasıdır. Bunlardan başqa Anarın geniş dünyagörüşünün hadisələrə yansımasıdır. Uğurlu müqayisə məqamları və dialoqların təbiiliyinin qorunması zövq verir. Düşünürəm ki, yazıçı növbəti əsərində daha uğurlu olacaq.